Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-519/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, X2nun müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi publik hüquqi şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları
1. X2 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ona məxsus və ümumi dəyəri 11 298 manat olan əşyaların: 2 ədəd Komtel markalı istilik peçinin (isidicinin, 4 ədəd kondisionerin (LG, Samsung, Beko, Mitsubishi markalı), 1 ədəd zal üçün 24 şamlı lüstranın, 2 ədəd pəncərə komplektinin, 31 metr havalandırma borusunun, 3 ədəd havalandırma mühərrikinin, 1 ədəd mətbəx üçün havalandırma zontunun, 2 ədəd televizorun (Toshiba və LG markalı), 1 ədəd 3,5 metr uzunluğunda bar masasının, sanitar qovşaq və mətbəx üçün 3 ədəd qapı komplektinin, 4 ədəd divar üçün dinamik və kalonkanın, 2 ədəd sanitar qovşaq üçün unitazın, 2 ədəd sanitar qovşaq üçün moyka komplektinin, 4 ədəd divar lampasının (naçnikin), 10 ədəd taxta çöl güldanının, 1 ədəd Nokia markalı internet modeminin, 4 metr x 4 metr ölçüdə teras üçün tentin, 8 m2 dekorativ taxtanın, 1 ədəd dekorativ divar güzgüsünün, 4 m2 dekorativ güllərin və 2 ədəd portret şəklinin siyahıya alınması və həmin əşyaların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin ərizəçiyə qarşı 35 278,65 manat icarə haqqı borcu və 49 869,43 manat cərimə borcu olmaqla, ümumilikdə 85 148,08 manat məbləğində pulun tutulması tələbinə dair iş məhkəmənin icraatındadır. Həmin iş üzrə ərizəçi tərəfindən qarşılıqlı iddia ərizəsi verilərək, icarə obyektində olan və ərizəçiyə məxsus mebel və avadanlığın dəyəri olan 11 298 manat, konstruksiyanın dəyəri olan 26 300 manat, həmçinin maddi zərərin əvəzi və əldən çıxmış fayda olaraq ümumilikdə 97 598 manat məbləğində pulun cavabdehdən tutulması xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi verildikdən sonra ## #### 2026 və ## #### 2026-cı il tarixlərində cavabdeh ərizəçiyə məxsus 2 ədəd kondisioner və 1 ədəd soyuducunu icarə obyektindən çıxarmışdır. Odur ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi və ya mümkünsüzləşməsi ehtimalı nəzərə alınaraq, ərizəçiyə məxsus ümumi dəyəri 11 298 manat təşkil edən əşyaların siyahıya alınması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, xxxx, Səftər Quliyev 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan və ümumi dəyəri 11 298 manat olan əşyaların siyahıya alınmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mərhələdə qarşılıqlı iddia tələbinin açıq-aşkar əsassız olduğu müəyyən edilmir. Ərizəçi qarşılıqlı iddia üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsində yerləşən mebel və avadanlıqların ona məxsus olduğunu, həmin əşyaların bir hissəsinin cavabdeh tərəfindən obyektdən çıxarıldığını və qalan əşyaların özgəninkiləşdirilməsi təhlükəsinin mövcud olduğunu bildirir. Qeyd olunan hallar işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olsa da, hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət edən əsas yaradır. Tələb olunan tədbir qarşılıqlı iddia tələbi ilə əlaqəli, müvəqqəti xarakterli və tərəflərin hüquq və qanuni mənafeləri arasında tarazlığı pozmayan tədbirdir. Mübahisə predmeti olan əşyaların özgəninkiləşdirilməsi gələcək məhkəmə aktının icrasını çətinləşdirə və ya mümkünsüz edə biləcəyindən, həmin əşyaların siyahıya alınması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi MPM-in tələblərinə uyğun olaraq zəruri və mütənasib hesab edilir.
5. Həmin qərardaddan cavabdeh “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi publik hüquqi şəxs şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirini kifayət qədər sübutlar olmadan tətbiq etmişdir. Belə ki, iş materiallarında mübahisəli əşyaların ərizəçiyə məxsusluğunu, cavabdehə təhvil verildiyini, mövcudluğunu və dəyərini təsdiq edən təhvil-təslim aktı, inventar siyahısı, ödəniş sənədləri, qiymətləndirmə rəyi və digər fərdiləşdirici sübutlar yoxdur. Iki kondisionerin obyektdən çıxarılması faktı bütün əşyalar üzrə özgəninkiləşdirmə təhlükəsini təsdiq etmir, soyuducu isə qadağa tətbiq edilən əşyalar siyahısına daxil edilməmişdir. Məhkəmə yalnız qarşılıqlı iddianın ilkin əsaslılığına qiymət vermiş, lakin tədbirin tətbiqi üçün zəruri olan real riski və gələcək məhkəmə aktının icrasının çətinləşəcəyi ehtimalını araşdırmamış, cavabdehin əmlakı gizlətməsi, özgəninkiləşdirməsi və ya icradan yayınması barədə hər hansı sübut müəyyən etməmişdir. Bundan başqa, qarşılıqlı iddia əşyaların qaytarılmasına deyil, onların dəyərinin tutulmasına yönəldiyindən tətbiq edilmiş təminat tədbiri ilə iddia tələbi arasında zəruri əlaqə mövcud deyildir. Həmçinin, məhkəmə hər bir əşya üzrə riski və tədbirin zəruriliyini ayrıca qiymətləndirməmiş, müqavilə şərtlərini, cavabdehin qanuni mənafelərini, eləcə də tətbiq olunan tədbirin müəyyənliyini və mütənasibliyini nəzərə almamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ... 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. MPM-in 157.2, 157.5 və 157.6-cı maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmalı, tədbirin tətbiq edilməməsi ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirməli, tətbiq edilən tədbir isə qarşıya qoyulan məqsədə mütənasib olmalıdır.
12. Müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə iş üzrə sübutların tam və qəti qiymətləndirilməsini aparmır və mübahisəni mahiyyəti üzrə həll etmir. Bu mərhələdə iddia tələbinin ilkin əsaslılığı və mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının çətinləşməsi ehtimalı qiymətləndirilir.
13. Iş materiallarından görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixli dövlət əmlakının icarəsinə dair müqavilə bağlanmış, ərizəçi həmin obyektdə sahibkarlıq fəaliyyəti göstərmiş və obyektdə qaldığını bildirdiyi əşyaların dəyərinin cavabdehdən tutulması barədə qarşılıqlı iddia vermişdir.
14. Işdə olan icarə müqaviləsi, ödəniş sənədləri, fotoşəkillər, habelə cavabdeh qurumun əməkdaşının imzası ilə təsdiq edilmiş ##.##.2023-cü il tarixli buraxılış fakturası ərizədə göstərilən əşyaların icarə obyektinə gətirildiyini və qarşılıqlı iddia tələbinin hazırkı mərhələdə kifayət qədər əsasalndırıldığını müəyyən etməyə imkan verir.
15. Cavabdeh şikayətində əşyaların ərizəçiyə məxsusluğunu, hazırda obyektdə olmasını və dəyərini təsdiq edən kifayət qədər sübutların təqdim edilmədiyini, iki kondisionerin obyektdən çıxarılmasının bütün əşyalar üzrə özgəninkiləşdirmə təhlükəsini təsdiq etmədiyini, həmçinin qarşılıqlı iddianın pul tələbinə aid olması səbəbindən tətbiq edilmiş tədbirlə iddia tələbi arasında əlaqənin olmadığını bildirmişdir.
16. Kollegiya qeyd edir ki, əşyaların ərizəçiyə məxsusluğu, onların dəqiq tərkibi, fərdi əlamətləri və dəyəri ilə bağlı hallara işə mahiyyəti üzrə baxılarkən təqdim olunmuş sübutların tam və hərtərəfli araşdırılması əsasında hüquqi qiymət veriləcəkdir. Həmin halların hazırkı mərhələdə tam sübuta yetirilməməsi özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini istisna etmir.
17. Bununla yanaşı, müvəqqəti təminat tədbirinin tətbiqi zamanı mövcud vəziyyətin dəyişməsi təhlükəsi və bunun gələcəkdə qəbul edilə biləcək qətnaməyə mümkün təsiri də nəzərə alınmalıdır.
18. Iş materiallarına əsasən, qarşılıqlı iddia verildikdən sonra – 14 və ## #### 2026-cı il tarixlərində ərizəçiyə məxsus olduğu bildirilən iki kondisioner və bir soyuducu icarə obyektindən çıxarılmışdır. Mübahisə yarandıqdan sonra əşyaların bir hissəsinin obyektdən çıxarılması qalan əşyaların da yerinin və faktiki vəziyyətinin dəyişdirilməsi təhlükəsinin real olduğunu göstərir.
19. Ərizəçinin həmin obyektdə fəaliyyətini dayandırması, əşyaların isə cavabdehin faktiki nəzarətində olan sahədə qalması nəzərə alındıqda, onların obyektdən çıxarılması, üçüncü şəxslərə verilməsi və ya özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Belə bir hal əşyaların mövcudluğunun, tərkibinin və faktiki vəziyyətinin sonradan müəyyən edilməsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
20. Qarşılıqlı iddia əşyaların dəyərinin tutulmasına yönəlsə də, həmin əşyaların faktiki mövcudluğu və vəziyyəti tələb olunan məbləğin əsaslılığının müəyyən edilməsi üçün əhəmiyyət daşıyır. Buna görə əşyaların mövcud vəziyyətinin qorunmasına yönəlmiş tədbirlə qarşılıqlı iddia tələbi arasında zəruri əlaqə mövcuddur.
21. Birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir cavabdehin bütün əmlakına deyil, yalnız ərizədə göstərilən və ümumi dəyəri 11 298 manat olduğu bildirilən konkret əşyalara aiddir. Tədbir həmin əşyaların siyahıya alınması və özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə məhdudlaşır, müvəqqəti xarakter daşıyır və cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmir.
22. Şikayətdə iki kondisionerin obyektdən çıxarılmasının bütün əşyalar üzrə təhlükəni təsdiq etmədiyi göstərilsə də, əşyaların eyni obyektdə və eyni şəxsin faktiki nəzarətində olması nəzərə alındıqda, onların bir hissəsinin çıxarılması qalan əşyalar üzrə də mövcud vəziyyətin dəyişdirilməsi riskinin qiymətləndirilməsi üçün kifayət edən haldır.
23. Soyuducunun təminat tədbirinin tətbiq edildiyi əşyaların siyahısına daxil edilməməsi də qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Həmin əşyanın obyektdən çıxarılması digər əşyalarla bağlı riskin mövcudluğunu göstərən fakt kimi nəzərə alınmışdır.
24. Beləliklə, iş üzrə təqdim edilmiş ilkin sübutlar, qarşılıqlı iddia verildikdən sonra əşyaların bir hissəsinin obyektdən çıxarılması və qalan əşyaların cavabdehin faktiki nəzarətində olması müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir. Tətbiq edilmiş tədbir qarşılıqlı iddia tələbi ilə əlaqəli, müvəqqəti və qarşıya qoyulan məqsədə mütənasibdir.
25. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
26. Hazırkı qərardad MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar sırasında nəzərdə tutulmadığından qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi publik hüquqi şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.