Məhkəmə qərarları › İş №e-16(3-6)-520/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-520/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-520/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. ##.##.2024-cü il tarixli qaz paylayıcısı və sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinə əsasən, paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (ərizəçini) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində ərizəçiyə məxsus qeyri-yaşayış sahəsində mövcud olan qaz sayğacına baxış keçirilmiş, bu barədə Y**** nömrəli protokol tərtib edilmişdir.

3. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli, ******* saylı aktda qeyd edilir: “Azərbaycan Metrologiya Institutunun Y**** nömrəli protokoluna əsasən korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 39342 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır”.

4. Cavabdeh tərəfindən ərizəçiyə məxsus qeyri-yaşayış sahəsində mövcud olan qaz sayğacına əsasən aylıq qaz sərfi göstəricilərinə dair aktlar tərtib olunaraq ərizəçiyə göndərilmiş, ərizəçi tərəfindən müəyyən ödənişlər həyata keçirilmişdir.

5. Yaranmış debitor borcun ödənilməsinə dair cavabdeh tərəfindən ərizəçiyə ##.##.2026-cı il tarixdə bildiriş (xəbərdarlıq) göndərilmiş, bildirişdə ##.##.2026-cı il tarixə ərizəçinin 20716,02 manat borcu yarandığını, həmin borcun 12824,08 manat məbləğinin ##.##.2026-cı il tarixədək ödənilməli olduğu, borcun ##.##.2026-cı il tarixədək ödənilməyəcəyi təqdirdə müəssisənin qaz təminatının xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh Istehsalat Birliyinin sahibkarlıq sahəsində yoxlamalara dair qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona məxsus ******** saylı qaz sayğacına hesabladığı qanunsuz və əsassız 12 824,08 manat məbləğində borcun silinməsi, ##.##.2026-cı il tarixli müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizə üçün ödənilmiş 13,25 manat məbləğində dövlət rüsumunun, ##.##.2026-cı il tarixli iddia ərizəsinə görə ödənilmiş 128,50 manat məbləğində dövlət rüsumunun Cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (iş № e-2-2(4-11)- 4065/2026).

7. Həmçinin, ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyinin qanunsuz əməlləri barədə yekun məhkəmə aktı çıxarılanadək ərizəçiyə məxsus ******** saylı qaz sayğacına hesablanmış 12824,08 manat borcun ödənilməməsinə görə qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, müvəqqəti təminat tədbiri 1 ay müddətinə tətbiq edilmiş və qüvvədən düşəcəyi tarix ##.##.2026-ci il müəyyən edilmişdir.

9. ##.##.2026-cı il tarixdə ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək ******** saylı qaz sayğacına hesablanmış 12824,08 manat borcun ödənilməməsinə görə qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir.

11. ##.##.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC Cavabdeh Istehsalat Birliyinin kompyüter bazasında istehlakçı kimi qeydiyyatdadır. AGIS abonent bazasında iddiaçı Ərizəçi MMC-nin adına qeydiyyata alınmış G-400 markalı ******** saylı qaz sayğacı quraşdırılmışdır. Ərizəçi MMC-yə məxsus ünvana quraşdırılmış G-400 markalı qaz sayğacı şəbəkədən açılaraq Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması haqqında Y**** №-li protokol tərtib edilmiş və protokolda sayğacda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş mexaniki hissədən keçən 391239 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Bu barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli, № ******* saylı Akt tərtib edilmişdir. Bununda müqabilində Ərizəçi MMC-nin ümumilikdə 12824,08 manat məbləğində dəyəri ödənilməmiş borc yaranmışdır. Ərizəçi MMC hüquqi şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət birbaşa hüquqi şəxsin üzərinə qoyulmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Ərizəçi Ərizəçi MMC şikayətə etiraz verərək, şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC cavabdehin hesabladığı 12824,08 manat məbləği qəbul etmir və həmin hesablamanın qanuni, əsaslı və düzgün aparılmadığını bildirir. Məbləğin əsaslı olub-olmaması hazırda Bakı Kommersiya Məhkəməsində araşdırılır. Iş üzrə yekun məhkəmə aktı qəbul edilmədiyindən cavabdehin həmin məbləği müəyyən edilmiş və ödənilməli borc kimi təqdim etməsi hüquqi baxımdan əsassızdır. Şikayətdə cavabdehin özünün tərtib etdiyi akt və protokollara istinad edilməsi həmin sənədlərdə göstərilən halların mübahisəsiz sübut edildiyi anlamına gəlmir. Bu sənədlər işə mahiyyəti üzrə baxılarkən digər sübutlarla birlikdə mübahisənin aparıldığı məhkəmə tərəfindən qiymətləndirilməlidir. Cavabdeh şikayətində əsasən sayğacın korrektorunun sönməsini, müəyyən qaz həcminin elektron hissədə qeydə alınmamasını və hüquqi şəxsin sayğacın işlək vəziyyətinə görə məsuliyyət daşımasını göstərir. Bu hallar müvəqqəti təminat tədbirinin deyil, əsas iddianın predmetidir. Həmin məsələlər üzrə yekun nəticə yalnız sübutlar tam araşdırıldıqdan sonra qəbul edilə bilər. Müvəqqəti təminat tədbiri barədə qərardad işin mahiyyətini əvvəlcədən həll etmir və iddiaçının mövqeyinin avtomatik olaraq əsaslı hesab olunması demək deyil. Qərardadın məqsədi mübahisə həll edilənədək mövcud vəziyyəti qorumaqdır. Cavabdeh tərəfindən iddiaçıya ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli “Debitor borcun ödənilməsi haqqında” bildirişlər göndərilmiş və mübahisəli məbləğ ödənilmədiyi halda qaz təchizatının dayandırılacağı bildirilmişdir. Beləliklə, qaz təchizatının dayandırılması ehtimalı nəzəri və ehtimal edilən təhlükə deyil, cavabdehin rəsmi bildirişləri ilə təsdiqlənən real və bilavasitə təhlükədir. Iddiaçı mehmanxana fəaliyyəti ilə məşğuldur. Mehmanxana obyektinə qaz təchizatının dayandırılması: mehmanxana fəaliyyətinin tam və ya qismən dayanmasına; qonaqlara göstərilən xidmətlərin pozulmasına; mövcud sifarişlərin və müqavilə öhdəliklərinin icra edilməməsinə; yerli və xarici qonaqların haqlı narazılığına; işçilərin fəaliyyətinin məhdudlaşmasına; işgüzar nüfuza və sahibkarlıq fəaliyyətinə zərər vurulmasına səbəb ola bilər. Qaz təchizatı dayandırıldıqdan sonra əsas iddianın gələcəkdə təmin edilməsi hotelin fəaliyyətinin dayanması, müştərilərin itirilməsi və işgüzar nüfuza vurulan zərərin tam aradan qaldırılmasını təmin etməyəcəkdir. Bu isə iddiaçının hüquqlarının sonradan bərpa edilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcəkdir. Birinci instansiya məhkəməsi məhz bu təhlükəni nəzərə alaraq mövcud vəziyyətin qorunması məqsədilə müvəqqəti təminat tədbiri tətbiq etmiş və düzgün nəticəyə gəlmişdir. Şikayətdə isə qaz təchizatının dayandırılması təhlükəsinin aradan qalxdığını, cavabdehin göndərdiyi bildirişlərin qüvvədən düşdüyünü və ya qazın dayandırılmasının iddiaçı üçün ciddi nəticələr yaratmayacağını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. - 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. - 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edə bilər və qərardadda onun qüvvədən düşəcəyi tarix göstərilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. - 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə ərizədə həm müvəqqəti təminat tədbiri tətbiq edilmədən 157.2-ci maddədə nəzərdə tutulan məqsədlərə nail olmağın mümkün olmadığı, həm də iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. - 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri 157.2-ci maddədə göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. - 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.2-ci maddəyə görə zəruri hallarda digər müvəqqəti təminat tədbirləri də tətbiq oluna bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı: Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Məhkəmənin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri mübahisənin mahiyyətini qabaqcadan həll edən vasitə deyil. Bu mərhələdə məhkəmə iddianın yekun əsaslılığını müəyyən etmir; yalnız təqdim olunmuş ilkin materiallar əsasında tələb ilə istənilən tədbir arasında əlaqəni, hüququn sonradan qorunmasının real şəkildə çətinləşməsi riskini və seçilmiş tədbirin mütənasibliyini qiymətləndirir. Tədbirin tətbiqi üçün Mülki Prosessual Məcəllənin 157.5.1 və 157.5.2-ci maddələrində nəzərdə tutulan şərtlər birlikdə mövcud olmalıdır.

20. Bu baxımdan, ərizəçi bir tərəfdən əsas iddianın ilkin əsaslılığına dəlalət edən materialları, digər tərəfdən isə mübahisə həll edilənədək mövcud vəziyyət dəyişərsə hüquqlarının sonradan bərpasının mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən konkret halları ortaya qoymalıdır. Təkcə tərəflər arasında mübahisənin mövcudluğu müvəqqəti təminat tədbiri üçün kifayət deyil; tədbirin tətbiq edilməməsi ilə yarana biləcək risk real və iddia predmeti ilə birbaşa əlaqəli olmalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

22. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır.

23. Iş materiallarından görünür ki, Cavabdeh Istehsalat Birliyi ilə Ərizəçi MMC arasında ##.##.2024-cü il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh ##.##.2025-ci il tarixdə ərizəçiyə məxsus qeyri-yaşayış sahəsindəki qaz sayğacına baxış keçirmiş, Y**** nömrəli protokol və ##.##.2025-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Həmin aktda korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 39342 m³ qazın elektron hissədə qeydə alınmadığı göstərilmiş və bunun əsasında ərizəçiyə 12824,08 manat məbləğində əlavə borc hesablanmışdır. Bununla yanaşı, cavabdehin şikayətində qeydə alınmamış qaz həcmi 391239 m³ kimi göstərilmişdir. Bu rəqəmlər arasındakı ziddiyyət, habelə aktın, protokolun və aparılmış hesablamanın qanuniliyi əsas iddia üzrə sübutlar tam araşdırılmaqla qiymətləndirilməli olan hallardır və müvəqqəti təminat mərhələsində həmin məsələlər üzrə yekun nəticəyə gəlmək yolverilməzdir.

24. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulan prosessual ardıcıllığa riayət edilmişdir: iddia verilməzdən əvvəl ##.##.2026-cı il tarixli qərardadla tədbir bir ay müddətinə tətbiq edilmiş, bu müddət bitənədək - ##.##.2026-cı il tarixdə əsas iddia məhkəməyə verilmiş, ##.##.2026-cı il tarixdə isə tədbirin iş üzrə yekun məhkəmə aktınadək tətbiqi barədə vəsatət təqdim olunmuş və məsələ ##.##.2026-cı il tarixdə yenidən həll edilmişdir. Kollegiya hesab edir ki, ərizəçi 157.5.1-ci maddədə nəzərdə tutulan zərurət meyarını da əsaslandırmışdır. Belə ki, cavabdehin ##.##.2026-cı il tarixli rəsmi bildirişində mübahisəli 12824,08 manat ödənilmədiyi halda qaz təchizatının dayandırılacağı açıq şəkildə göstərilmişdir. Buna görə qazın dayandırılması təhlükəsi ehtimal xarakterli deyil, cavabdehin öz hərəkətləri ilə konkretləşdirilmiş real təhlükədir.

25. Iddia tələbinin ilkin əsaslılığına dair 157.5.2-ci maddənin meyarı baxımından da tərəflər arasında müqavilə münasibətinin, mübahisəli akt və protokolun, həmin sənədlər əsasında əlavə borcun hesablanmasının və bu borcun silinməsi barədə əsas iddianın mövcudluğu ilkin qiymətləndirmə üçün kifayət edir. Bu nəticə borcun əsassız olduğunu qabaqcadan müəyyən etmir. Digər tərəfdən, ərizəçinin mehmanxana fəaliyyəti ilə məşğul olması nəzərə alındıqda qaz təchizatının kəsilməsi onun cari təsərrüfat fəaliyyətinin dayanmasına və ya ciddi şəkildə pozulmasına səbəb ola bilər və sonradan iddianın təmin edilməsi həmin nəticələri tam aradan qaldırmaya bilər. Tətbiq edilmiş qadağa yalnız hazırkı mübahisənin predmeti olan 12824,08 manat məbləğin ödənilməməsinə görə qaz təchizatının dayandırılmasına aiddir; cavabdehin başqa qanuni əsaslarla və ya sonradan yaranan, hazırkı mübahisənin predmeti olmayan öhdəliklərlə bağlı səlahiyyətlərini məhdudlaşdırmır. Buna görə tədbir iddia predmeti ilə birbaşa bağlı, zəruri və Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsi baxımından mütənasibdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yaratmır. Ona görə də, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsi qərardadlarının dairəsi müəyyən edilmişdir. Müvəqqəti təminat tədbiri barədə birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət üzrə apellyasiya instansiyasının qəbul etdiyi hazırkı qərardad həmin siyahıya daxil olmadığından ondan kassasiya şikayəti verilə bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar