Məhkəmə qərarları › İş №e-16(3-6)-521/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-521/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-521/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e- **(*-**)-***/**** nömrəli qərardadından Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:

1. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 məxsus 12 daşınmaz əmlak, 3 nəqliyyat vasitəsi və təsisçisi olduğu 12 hüquqi şəxsdəki payların, cavabdeh X2 məxsus 1 daşınmaz əmlak və təsisçisi olduğu 4 hüquqi şəxsdəki payların, habelə cavabdeh cavabdeh4 MMC-yə məxsus 4 daşınmaz əmlak və payçısı olduğu 1 hüquqi şəxsdəki payın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh4 MMC ilə Ərizəçi ASC arasında ##.##.2019-cu il tarixdə "Baş Kredit Müqaviləsi" bağlanmış, sonrakı əlavə razılaşmalarla kredit limiti 16 500 000 məbləğinə qədər artırılmışdır. Müqavilələr üzrə borcalanların banka olan ümumi borcu 10 168 961,67 manat və 8 993,57 ABŞ dolları (ümumilikdə 10 184 250,73 manat) təşkil edir. Borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin rəyi ilə 5 592 012,50 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, 5 494 adda elektronika və məişət avadanlığı 9 562 377 manat dəyərində girov götürülmüşdür. Lakin girov predmetlərinin hazırkı mövcudluğu, vəziyyəti və dəyəri barədə məlumat yoxdur. Elektronika mallarının köhnəlməsi, satılması və dəyər itirməsi ehtimalı yüksək olduğundan həmin əmlakların borcun təminatı üçün kifayət etməyəcəyi ehtimal olunur. Bundan əlavə, cavabdehlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların, habelə hüquqi şəxslərdə iştirak paylarının özgəninkiləşdirilməsi riski mövcuddur. Bu səbəbdən gələcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi və iddiaçının hüquqlarının qorunması məqsədilə cavabdehlərin əmlaklarına və hüquqi şəxslərdəki paylarına həbs qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi zəruridir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh cavabdeh3 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin və Mercedes C220 CDI markalı **-EM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” markalı 10-HE695 dövlət qeydiyyat nişanlı, “Hyundai SantaFe” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, cavabdeh cavabdeh4 MMC-yə məxsus ünvan 1 43 ünvanda yerləşən iki qeyri-yaşayış obyektinin, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 270,5 m2 ümumi sahəsi olan qeyri-yaşayış binasının, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, 93,1 m2 ümumi sahəsi olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi 10 162 916,82 manat və 8 993,57 ABŞ dolları məbləğində borcun tutulmasına dair olmuşdur. "xxxx" MMCnin rəyi ilə ipoteka predmetinin bazar dəyəri 5 592 000 manat müəyyən edilmişdir. Bu məbləğ borcun yalnız bir hissəsini təmin etdiyindən, qalan 4 570 916,82 manat və 8 993,57 ABŞ dolları məbləğində borcun təminatsız qalması və gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi və ya mümkünsüzləşməsi riski mövcuddur. Lakin, cavabdehlərə məxsus bir sıra daşınmaz əmlaklar digər şəxslərin, o cümlədən bankların xeyrinə ipoteka ilə yüklüdür. Həmin əmlaklara həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi üçüncü şəxslərin hüquqlarını poza biləcəyindən, müvəqqəti təminat tədbiri yalnız ipoteka ilə yüklü olmayan daşınmaz əmlaklara və nəqliyyat vasitələrinə tətbiq edilməlidir. Hüquqi şəxslərdəki paylara həbs qoyulması tələbi üzrə isə məhkəmə hesab etmişdir ki, cavabdehlərin həmin şirkətlərdə təsisçi və ya pay sahibi olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, ərizə bu hissədə əsassızdır.

5. Həmin qərardaddan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, qərardadın ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini və ərizənin həmin hissədə də təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi ipoteka saxlayan şəxslərin həmin əmlaka dair üstün hüquqlarını məhdudlaşdırmır. Lakin, ipoteka ilə təmin edilmiş öhdəliklər icra edildikdən və ya ipoteka saxlayanın tələbi əmlakın satılması hesabına ödənildikdən sonra satışdan artıq vəsaitin qalması mümkündür və həmin halda ərizəçinin tələbinin bu əmlak hesabına təmin edilməsi ehtimalı istisna edilmir. Həmçinin, məhkəmə hüquqi şəxslərdə cavabdehlərin paylarının mövcudluğunu təsdiq edən sübutların təqdim edilmədiyini qeyd etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin ##.##.2026-cı il tarixli məktubu ilə cavabdehlərin təsisçisi olduqları hüquqi şəxslər və onların VÖEN-ləri göstərilmişdir. Məhkəmə həmin rəsmi sübutu nəzərə almamış və bu hissədə düzgün nəticəyə gəlməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət qismən təmin edilərək, ##.##.2026-cı il tarixli qərardad qismən – “hüquqi şəxslərdə olan payların üzərinə həbs qoyulmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş və həmin hissədə ərizə təmin edilmişdir. Yeni qərardadla əlavə olaraq aşağıdakı hüquqi şəxslərdə cavabdehlərə məxsus olan təsis paylarının üzərinə həbs qoyulmuşdur: 7.1. Cavabdeh cavabdeh1 payçısı (təsisçisi) olduğu hüquqi şəxslər: - "X4 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********). 7.2. Cavabdeh cavabdeh3 payçısı (təsisçisi) olduğu hüquqi şəxslər: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********); - "xxxx" Firması (VÖEN: **********); - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********). 7.3. Cavabdeh cavabdeh4 MMC-nin payçısı (təsisçisi) olduğu hüquqi şəxs: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********). Ipoteka ilə yüklü edilmiş digər daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

10. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti cavabdehlərin payçısı (təsisçisi) olduqları hüquqi şəxslərdəki payları üzərinə həbs qoyulması hissəsində təmin etmiş, ipoteka ilə yüklü daşınmaz əmlaklara münasibətdə isə təmin etməmiş və işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan, hazırkı apellyasiya baxışının predmetini şikayətin ipoteka ilə yüklü daşınmaz əmlaklar üzərində də təminat tədbirinin tətbiq edilməsinin zəruriliyinə dair dəlillərinin əsaslı olub-olmamasının yoxlanılması təşkil edir.

11. Şikayətin dəlilləri ondan ibarətdir ki, ipoteka predmeti olan daşınmaz əmlaklar üzərində özgəninkiləşdirmənin qadağan edilməsi ipoteka saxlayanın üstün hüquqlarını məhdudlaşdırmır və ipoteka ilə təmin edilmiş öhdəliklər icra edildikdən və ya ipoteka saxlayanın tələbi təmin olunduqdan sonra satışdan artıq vəsait qalacağı halda ərizəçinin tələbinin həmin əmlak hesabına təmin edilməsi mümkündür.

12. MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə görə isə, müvəqqəti təminat tədbirləri 157.2-ci maddədə göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu baxımdan, təminat tədbirinin seçilməsi zamanı iddiaçının ehtimal olunan hüquqlarının səmərəli müdafiəsi ilə cavabdehin əmlak hüquqlarına müdaxilənin zəruri həddi arasında tarazlıq qorunmalıdır.

13. Iş materiallarından görünür ki, iddiaçı əsas tələb üzrə cavabdehlərdən ümumilikdə 10 184 250,73 manat məbləğində borcun tutulmasını tələb etmiş, öhdəliyin təminatı qismində ipoteka ilə yüklü olan qeyri-yaşayış sahəsinin bazar dəyəri isə "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən 5 592 012,50 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin halları nəzərə alaraq, ipoteka predmeti olan əmlakın qiymətləndirilmiş dəyəri nəzərə alındıqdan sonra tələbin qalan hissəsinin mümkün icrasının təmin edilməsi məqsədilə cavabdehlərə məxsus olan üç nəqliyyat vasitəsinin, dörd daşınmaz əmlakın və on yeddi hüquqi şəxsdə olan təsis paylarının özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri tətbiq etmişdir.

14. Birinci instansiya məhkəməsi təminat tədbirinin həcmini müəyyən edərkən iddia tələbinin məbləğini, ipoteka predmeti olan əmlakın qiymətləndirilmiş dəyərini və tələbin təmin edilməmiş hissəsinin mümkün icrasının təmin olunması zərurətini nəzərə almışdır.

15. Kollegiya hesab edir ki, tətbiq edilmiş təminat tədbirləri hazırkı mərhələdə MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olunması baxımından kifayət edən və iddia tələbi ilə mütənasib xarakter daşıyır. Ərizəçi isə mövcud təminat tədbirlərinin gələcək məhkəmə aktının icrasının təmin edilməsi üçün kifayət etmədiyini və əlavə olaraq ipoteka ilə yüklü daşınmaz əmlaklar üzərində də təminat tədbirinin tətbiq edilməsinin zəruri olduğunu təsdiq edən kifayət qədər əsaslar təqdim etməmişdir.

16. Kollegiya eyni zamanda qeyd edir ki, qanunvericilik ipoteka ilə yüklü daşınmaz əmlaklar barəsində müvəqqəti təminat tədbirlərinin tətbiqini istisna etmir. Lakin bu hal özlüyündə belə əmlaklar üzərində hər bir halda təminat tədbirinin tətbiq edilməsini tələb etmir. Belə tədbirin tətbiqinin zəruriliyi hər bir iş üzrə konkret halların qiymətləndirilməsi nəticəsində müəyyən edilməli, seçilmiş təminat tədbirinin həcmi qarşıya qoyulmuş məqsədə nail olmaq üçün zəruri olan həddi aşmamalıdır.

17. Hazırkı iş üzrə tətbiq edilmiş təminat tədbirlərinin həcmi nəzərə alındıqda, əlavə olaraq ipoteka ilə yüklü daşınmaz əmlaklar üzərinə də qadağa qoyulmasının MPM-in 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olunması üçün zəruri olduğu müəyyən edilmir. Əks yanaşma isə MPM-in 157.6-cı maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə uyğun olmayaraq cavabdehin hüquqlarının zərurət olmadan daha geniş həcmdə məhdudlaşdırılması ilə nəticələnə bilər.

18. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə məsələni iş üzrə mövcud ilkin sübutlar əsasında düzgün qiymətləndirmiş, tətbiq etdiyi təminat tədbirlərinin həcmini iddia tələbi ilə mütənasib müəyyən etmişdir. Şikayətin dəlilləri isə mübahisələndirilən hissədə qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

19. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar