Məhkəmə qərarları › İş №e-16(3-6)-522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-522/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-522/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi “X1” şirkətinin Azərbaycan Respublikasındakı filialının müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi “X1” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:

1. Ərizəçi “X1” şirkətinin Azərbaycan Respublikasındakı filialı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh “xxxx” ASC-də olan AZ**AIIB******L************* nömrəli və “xxxx” ASC-də olan AZ**BRES******************** nömrəli bank hesabları, həmçinin Azərbaycan Respublikasında mövcud digər bank hesablarında olan pul vəsaitlərinin üzərinə 130 203,46 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi cavabdehə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, cavabdeh Cavabdeh 129 783,46 manat və ödənilmiş 420 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh “Orlov Hamam və Villa” layihəsi üzrə fasad işlərini yerinə yetirməli olmuşdur. Ərizəçinin hesablamalarına görə, müqavilə üzrə görülmüş işlərin dəyəri 190 993,78 manat, müqavilədən kənar görülmüş işlərin dəyəri 75 483 manat təşkil etdiyi halda, cavabdehə ümumilikdə 307 682,72 manat ödənilmiş, nəticədə ona 129 783,46 manat artıq vəsait ödənilmişdir. Texniki baxış zamanı görülmüş işlərdə işçilik qüsurları, texniki standartlara uyğun olmayan montaj, materialların zədələnməsi, natamam yerinə yetirilmiş və yenidən görülməsi zəruri olan işlər, habelə iş qrafikinin pozulması və əlavə xərclər müəyyən edilmiş, həmin hallar fotoşəkillərlə təsdiq edilmişdir. Qüsurlu işlərin sökülməsi və yenidən yerinə yetirilməsi, materialların alınması, iş proqramının gecikməsi və digər əlavə xərclər nəticəsində şirkətə 88 577,52 manat zərər dəymiş, bundan əlavə, cavabdehin görülmüş işlərin həcmini şişirdilmiş göstərməsi səbəbindən 44 945,94 manat artıq ödəniş edilmişdir. Həmin hallarla bağlı tərtib edilmiş sənədlər cavabdehə təqdim edilsə də, o, onların qəbulunu təsdiq edən sənədi imzalamaqdan imtina etmişdir. Borcun böyük məbləğdə olduğunu və gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin olunmasının zəruriliyini əsas gətirərək, cavabdehin bank hesablarına iddia tələbi həddində həbs qoyulması xahiş edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2025-ci il tarixli podrat müqaviləsi bağlanmış, cavabdeh fasad işlərini yerinə yetirməyi öhdəsinə götürmüş, sonradan isə tərəflər arasında mübahisə yaranmışdır. Cavabdeh ərizəçidən borcun və zərərin ödənilməsini, ərizəçi isə qarşılıqlı iddia ilə cavabdehdən pul və dövlət rüsumunun tutulmasını tələb etmişdir. MPM-in 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddianın kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar mövcud olmalıdır. Hazırkı halda isə ərizəçinin istinad etdiyi qüsurlu və natamam işlərə dair aktların birtərəfli qaydada tərtib edilməsi, habelə cavabdehin də ərizəçiyə qarşı pul tələbi ilə məhkəməyə müraciət etməsi qarşılıqlı iddianın ilkin əsaslı hesab edilməsinə imkan vermədiyindən, təqdim olunmuş sübutlar təminat tədbirinin tətbiqi üçün yetərli hesab edilməmişdir.

5. Həmin qərardaddan ərizəçi “X1” şirkətinin Azərbaycan Respublikasındakı filialı şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə kifayət qədər sübutlar əlavə edilmiş, qüsurlu işlər yerində müəyyən edilərək fotoşəkillərlə təsdiq edilmiş və aktlaşdırılmışdır. Cavabdehin həmin sənədləri imzalamaması onların sübut əhəmiyyətini aradan qaldırmır. Iddia tələbləri üzrə araşdırma və zərurət olduqda ekspertiza nəticəsində həqiqi hallar müəyyən ediləcəkdir. Bundan başqa, cavabdehin ərizəsi əsasında şirkətin hesablarına həbs qoyulduğu halda, hazırkı ərizənin təmin edilməməsi ədalətsiz hesab edilmişdir. Mübahisənin predmeti görülmüş işlər və pul tələbidir, iddianın əsaslı olub-olmaması isə yalnız işə mahiyyəti üzrə baxıldıqdan sonra müəyyən edilə bilər. Məhkəmə isə qərardadında əsas iddianın mahiyyəti üzrə əvvəlcədən mövqe bildirməklə qanunun tələblərini pozmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

10. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.

11. Bununla yanaşı, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız iddia tələbinin ilkin əsaslandırılması kifayət etmir. Belə tədbirin görülməməsi gələcək məhkəmə aktının icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya qeyri-mümkün edə biləcək halların da mövcudluğu müəyyən edilməlidir. Bu risk yalnız ehtimallara deyil, konkret hallara və onları təsdiq edən ilkin sübutlara əsaslanmalıdır.

12. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini cavabdehin podrat işlərini qüsurlu yerinə yetirməsi, müqavilədə nəzərdə tutulmayan işlərə görə ödəniş alması, görülmüş işlərin həcmini şişirtməsi və bunun nəticəsində artıq ödənişə və zərərə səbəb olması ilə əsaslandırmışdır. Bu halların təsdiqi üçün podrat müqaviləsi, elektron qaiməfakturalar, ödəniş sənədləri, birtərəfli qaydada tərtib edilmiş aktlar, fotoşəkillər və daxili hesablamalar təqdim edilmişdir.

13. Kollegiya qeyd edir ki, təqdim olunmuş sübutlar tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu və müəyyən ödənişlərin həyata keçirildiyini təsdiq etsə də, həmin sənədlər cavabdehin işləri həqiqətən qüsurlu yerinə yetirməsi, müqavilədən kənar işlərin görülməsi, artıq ödəniş alınması və ərizəçinin iddia etdiyi məbləğdə zərərin yaranması barədə müvəqqəti təminat mərhələsində tələb olunan ilkin əsaslandırılmış nəticəyə gəlmək üçün kifayət etmir.

14. Belə ki, ərizəçinin istinad etdiyi qüsurlara və artıq ödənişə dair aktlar yalnız onun özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktlarda göstərilən halların düzgünlüyünü təsdiq edən müstəqil texniki rəy, ekspert rəyi, tərəflərin birgə imzaladığı təhviltəslim sənədləri və ya digər obyektiv xarakterli sübutlar təqdim edilməmişdir.

15. Kollegiya nəzərə alır ki, birtərəfli qaydada tərtib edilmiş aktlar və ərizəçinin daxili hesablamaları mübahisəli halların mövcudluğunu təsdiq edən sənədlər kimi qiymətləndirilə bilsə də, hazırkı mərhələdə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulan iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübut standartını təmin etmir. Belə ki, həmin sənədlər yalnız bir tərəfin mövqeyini əks etdirir və göstərilən halların düzgünlüyü digər obyektiv sübutlarla təsdiq olunmur.

16. Bununla yanaşı, ərizəçinin istinad etdiyi qüsurların mövcudluğu, onların cavabdehin fəaliyyətindən irəli gəlib-gəlməməsi, müqavilədən kənar işlərin görülübgörülməməsi, görülmüş işlərin həqiqi həcmi, artıq ödənişin və zərərin olub-olmaması əsas iddianın predmetini təşkil edən hallardır. Bu məsələlərin müəyyən edilməsi tərəflərin təqdim edəcəyi bütün sübutların məcmu halında qiymətləndirilməsini, zərurət olduqda isə xüsusi bilik tələb edən məsələlər üzrə ekspertiza keçirilməsini tələb edir. Həmin halların müvəqqəti təminat mərhələsində qəti müəyyən edilməsi isə əsas mübahisəyə qabaqcadan hüquqi qiymət verilməsi ilə nəticələnə bilər ki, bu da müvəqqəti təminat institutunun mahiyyətinə uyğun deyildir.

17. Digər tərəfdən, ərizəçi gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşəcəyini və ya qeyri-mümkün olacağını göstərən konkret hallara da istinad etməmişdir. Cavabdehin əmlakını özgəninkiləşdirməsi, aktivlərini gizlətməsi, öhdəliklərin icrasından yayınması və ya gələcək icranı təhlükə altına alan digər hallar barədə hər hansı ilkin sübut təqdim edilməmişdir. Təkcə iddia məbləğinin yüksək olması MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş riskin mövcudluğu üçün kifayət hesab edilə bilməz.

18. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi “X1” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar