Məhkəmə qərarları › İş №e-16(3-6)-523/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-523/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-523/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, X2nun müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları

1. X2 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək “xxxx” şadlıq evi üzərinə həbs qoyulması və cavabdeh təşkilatın əməkdaşlarının şadlıq evinə hər hansı müdaxilə etməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında “xxxx” şadlıq evinin 5 il müddətinə icarəyə verilməsinə dair ##.##.2025-ci il tarixli müqavilə bağlanmışdır. Ərizəçi həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirərək, 1 illik icarə haqqı 180 000 manat təşkil etdiyi halda, cavabdehə ümumilikdə 230 000 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri son dövrlərdə müqavilə şərtlərinə uyğun olaraq icarəyə götürülmüş obyektdən istifadəyə mane olmaqla, müxtəlif orqanlara əsassız müraciətlər etmiş, habelə əməkdaşları vasitəsilə ərizəçinin fəaliyyətinə maneələr yaratmışlar. Cavabdehin qeyd olunan hərəkətləri ilə bağlı məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişməsi ərizəçinin hüquqlarının müdafiəsini və gələcəkdə bərpasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu səbəbdən müvəqqəti təminat tədbiri kimi iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək “xxxx” şadlıq evinin üzərinə həbs qoyulması və cavabdeh təşkilatın əməkdaşlarının həmin obyektə müdaxiləsinin qadağan edilməsi zəruridir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ərizəçinin “xxxx” şadlıq evindən icarəçi kimi hüquqlarını həyata keçirməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan mədaxil qəbzləri, əlyazma iltizam və ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu, iddiaçının “xxxx” şadlıq evindən müqavilə əsasında istifadə etdiyini və cavabdehə 230 000 manat ödəniş etdiyini ilkin olaraq təsdiq edir. Cavabdehin ərizəçinin istifadə hüququna müdaxilə edən hərəkətləri davam etdiyi halda mövcud vəziyyət dəyişə, ərizəçinin hüquqlarının müdafiəsi və gələcək məhkəmə aktının icrası çətinləşə bilər. Buna görə də müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Lakin şadlıq evinin üzərinə həbs qoyulmasına ehtiyac yoxdur, çünki cavabdehin ərizəçinin istifadəsinə müdaxiləsinin qadağan edilməsi müvəqqəti təminat tədbirinin məqsədinə nail olmaq üçün kifayətdir. Əlavə həbs tədbiri cavabdehin mülkiyyət və sahibkarlıq hüquqlarını qeyrimütənasib məhdudlaşdıra bilər.

5. Həmin qərardaddan cavabdeh “xxxx” MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi zamanı həmin tədbirin iddia tələbi ilə eyni mahiyyət daşıması və faktiki olaraq iddianın qabaqcadan təmin edilməsinə gətirib çıxarması məsələsinə hüquqi qiymət verməmişdir. Eləcə də ##.##.2025-ci il tarixli icarə müqaviləsinin, ödənişləri təsdiq edən sənədlərin və digər sübutların hüquqi mahiyyətini, o cümlədən onların həqiqiliyini və mötəbərliyini araşdırmamışdır. Həmçinin, ##.##.2026-cı il tarixli qərarın sonradan ləğv edilməsi, icarə müqaviləsinin hüquqi qüvvəsi, ərizəçinin obyektdən istifadə hüququnun əsasları, habelə vergi, kommunal və digər öhdəliklərlə bağlı yaranmış hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmiş, iddianın ilkin əsaslılığı, sübutların mötəbərliyi və tərəflərin hüquq və qanuni mənafeləri arasında balans məsələlərini lazımi qaydada qiymətləndirməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ... 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə əsas iddia üzrə sübutları mahiyyəti üzrə tam və qəti şəkildə qiymətləndirmir, tərəflərin hüquq və vəzifələrini yekun olaraq müəyyən etmir. Bununla belə, tədbirin tətbiqi yalnız tərəflər arasında mübahisənin mövcud olması ilə əsaslandırıla bilməz. Ərizəçi iddia etdiyi hüququn ağlabatan ehtimalla mövcudluğunu göstərən ilkin sübutlar, habelə tədbir tətbiq edilmədiyi halda həmin hüququn sonradan qorunmasının mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən hallar təqdim etməlidir.

11. Iş materiallarında mövcud olan ilkin sübutlardan tərəflər arasında “xxxx” şadlıq evinin 5 il müddətinə icarəyə verilməsinə dair ##.##.2025-ci il tarixli müqavilənin bağlandığı, müqavilə əsasında ərizəçinin mübahisə predmeti olan obyektdən faktiki istifadə etdiyi və cavabdehə müəyyən məbləğlərdə ödənişlər etdiyi görünür.

12. Cavabdeh də şikayətində ərizəçinin şadlıq evindən istifadəni davam etdirdiyini, həmin obyektdə toy və digər əyləncə proqramları keçirdiyini açıq şəkildə bildirmişdir. Beləliklə, qərardad qəbul edilən vaxt ərizəçinin obyektdən faktiki istifadə etdiyi cavabdehin öz izahatları ilə də təsdiq olunur və bu hal tərəflər arasında mübahisəli deyildir.

13. Cavabdehin ərizəçinin istifadəsini qanunsuz hesab etməsi, icarə haqqının 7 ay ərzində ödənilmədiyini bildirməsi, habelə müqavilənin və ödəniş sənədlərinin hüquqi qüvvəsini mübahisələndirməsi onun ərizəçinin faktiki istifadəsinə qarşı çıxmasını göstərir.

14. Cavabdehin göstərilən etirazları tərəflər arasında əsas mübahisənin mahiyyətinə aid olmaqla, icarə müqaviləsinin etibarlılığı, onun icra vəziyyəti, ödənilmiş 230 000 manat məbləğin hansı dövr üzrə icarə haqqına aid edilməsi, ərizəçinin icarə haqqı üzrə borcunun mövcud olubolmaması və müqavilənin pozulmasına hüquqi əsasların yaranıb-yaranmaması işə mahiyyəti üzrə baxılarkən sübutların tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində həll edilməlidir. Cavabdehin icarə haqqının 7 aydır ödənilməməsi barədə dəlili ərizəçinin iddiasının ilkin əsaslılığını özlüyündə aradan qaldırmır. Belə ki, ərizəçi müqavilə üzrə birillik icarə haqqının 180.000 manat olduğunu və cavabdehə ümumilikdə 230.000 manat ödədiyini bildirir. Ödənişlərin hansı müddətə aid edilməsi, onların qabaqcadan ödəniş hesab olunubolunmaması

15. və müqavilə üzrə cari borcun mövcudluğu müqavilənin şərtləri və tərəflərin təqdim etdikləri sübutlar əsasında əsas işə mahiyyəti üzrə baxılan zaman müəyyən edilməlidir.

16. Müvəqqəti təminat mərhələsində həmin məsələlərin qəti həll edilməsi tələb olunmur. Iş materiallarında mövcud olan müqavilə və obyektin ərizəçinin faktiki istifadəsində olması barədə məlumatlar iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olduğu qənaətinə gəlmək üçün yetərlidir.

17. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh şikayətində ərizəçinin obyektdən istifadəni davam etdirdiyini göstərməklə yanaşı, onun həmin istifadəsinə qarşı olduğunu və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətlər etdiyini də təsdiq etmişdir.

18. Şəxsin hüquq-mühafizə və digər dövlət orqanlarına müraciət etməsi özlüyündə qanunsuz müdaxilə hesab edilə və müvəqqəti təminat tədbiri ilə məhdudlaşdırıla bilməz. Bununla belə, həmin müraciətlərlə yanaşı, cavabdehin və onun əməkdaşlarının ərizəçinin obyektə faktiki girişinə, şadlıq evinin gündəlik fəaliyyətinə, toy və digər tədbirlərin keçirilməsinə birbaşa müdaxilə etməsi mövcud faktiki vəziyyətin birtərəfli qaydada dəyişdirilməsi riski yaradır.

19. Hazırkı halda ərizəçinin qərardad qəbul edilən vaxt obyektdən faktiki istifadə etdiyi və həmin obyektdə sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyən olunur. Buna görə tətbiq edilmiş tədbir ərizəçiyə əvvəllər mövcud olmayan istifadə imkanı vermir, onu artıq itirdiyi obyektə qaytarmır və yeni faktiki vəziyyət yaratmır. Tədbir yalnız məhkəmə araşdırması başa çatanadək qərardad qəbul edilən vaxt mövcud olan faktiki istifadə vəziyyətinin qorunmasına yönəlmişdir.

20. Şadlıq evinin fəaliyyəti əvvəlcədən planlaşdırılan və sifariş edilən toy və digər tədbirlərin keçirilməsi, müştərilər, işçilər və üçüncü şəxslər qarşısında öhdəliklərin icrası, habelə sahibkarlıq fəaliyyətinin fasiləsizliyi ilə bağlıdır. Cavabdehin birtərəfli hərəkətləri nəticəsində həmin fəaliyyətin dayandırılması və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ərizəçinin sonradan iddia tələbi təmin edilsə belə, hüquqlarının əvvəlki vəziyyətdə bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

21. Belə müdaxilə nəticəsində keçirilməmiş tədbirlərin, itirilmiş müştərilərin və pozulmuş kommersiya əlaqələrinin sonradan tam şəkildə bərpası mümkün olmaya bilər. Buna görə də mübahisənin məhkəmə tərəfindən mahiyyəti üzrə həllinədək mövcud istifadə vəziyyətinin qorunması Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan məqsədə uyğundur.

22. Cavabdehin tətbiq edilmiş müvəqqəti təminat tədbirinin iddia tələbi ilə eyni mahiyyət daşıması və əsas iddianın qabaqcadan təmin edilməsinə səbəb olması barədə dəlili də əsaslı hesab edilə bilməz.

23. Əsas iddia tələbi cavabdehin ##.##.2025-ci il tarixli icarə müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində ərizəçinin obyektdən istifadəsinə maneə törətməsinin qadağan olunmasına yönəlmişdir. Tətbiq edilmiş müvəqqəti təminat tədbiri isə yalnız iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qüvvədə olmaqla, məhkəmə araşdırması dövründə mövcud faktiki vəziyyətin qorunmasına xidmət edir.

24. Beləliklə, əsas iddia tələbi ilə müvəqqəti təminat tədbiri qadağan edilən davranışın xarakteri baxımından oxşarlığa malik olsa da, onların qüvvədə olma müddəti, hüquqi nəticəsi və funksional məqsədi eyni deyildir.

25. Əsas iddia üzrə qətnamə qəbul edilərkən tərəflərin hüquq və vəzifələri qəti şəkildə müəyyən ediləcək və cavabdehin icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində ərizəçinin istifadəsinə maneə törətmək hüququnun olub-olmamasına yekun hüquqi qiymət veriləcəkdir. Müvəqqəti təminat tədbiri isə belə yekun qiymətləndirmə aparmadan yalnız məhkəmə araşdırması dövründə faktiki vəziyyətin birtərəfli qaydada dəyişdirilməsinin qarşısını alır.

26. Nəzərə alınmalıdır ki, tətbiq edilmiş tədbir icarə müqaviləsinin etibarlı olduğunu, ərizəçinin ##.##.2030-cu il tarixədək obyektdən istifadə hüququna malik olduğunu və ya onun müqavilə üzrə bütün öhdəliklərini lazımi qaydada icra etdiyini qabaqcadan müəyyən etmir.

27. Cavabdeh müqavilənin pozulduğunu, icarə haqqı üzrə borcun yarandığını və ya ərizəçinin obyektdən istifadə hüququnun aradan qalxdığını hesab etdiyi halda hüquqlarını qanunda və müqavilədə nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə etməklə həyata keçirə bilər. Lakin əsas mübahisənin mövcudluğu və cavabdehin ərizəçinin davranışlarını qanunsuz hesab etməsi mövcud faktiki istifadə vəziyyətinin birtərəfli qaydada dəyişdirilməsinə özlüyündə əsas vermir.

28. Kollegiya müvəqqəti təminat tədbirinin mütənasibliyi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni şadlıq evinin üzərinə həbs qoyulması hissəsində təmin etməmişdir. Daşınmaz əmlak üzərinə həbs qoyulması cavabdehin mülkiyyət hüququnu daha geniş şəkildə məhdudlaşdıra biləcəyi halda, yalnız ərizəçinin faktiki istifadəsinə müdaxilənin qadağan edilməsi qarşıya qoyulan məqsədə nail olmaq üçün daha az məhdudlaşdırıcı vasitədir.

29. Tətbiq edilmiş tədbir cavabdehin mülkiyyət hüququnu aradan qaldırmır, əmlak üzərində sərəncam vermək hüququna ümumi qadağa müəyyən etmir və onun dövlət orqanlarına müraciət etmək hüququnu məhdudlaşdırmır. Tədbir yalnız cavabdehin və onun adından hərəkət edən şəxslərin ərizəçinin qərardad qəbul edilən vaxt mövcud olan faktiki istifadəsini birtərəfli hərəkətlərlə dayandırmasının qarşısını almağa yönəlmişdir.

30. Bu baxımdan birinci instansiya məhkəməsi tətbiq edilən tədbirlə qarşıya qoyulan məqsəd arasında ağlabatan tarazlıq yaratmış, ərizəçinin müvəqqəti müdafiəyə olan marağı ilə cavabdehin mülkiyyət və sahibkarlıq hüquqları arasında balansı gözləmişdir.

31. Cavabdehin ##.##.2025-ci il tarixli müqavilənin və ödəniş sənədlərinin həqiqiliyi, ##.##.2026-cı il tarixli qərarın sonradan ləğv edilməsi, vergi, kommunal və digər öhdəliklərin icrası ilə bağlı irəli sürdüyü dəlillər işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan hallardır.

32. ##.##.2026-cı il tarixli qərarın sonradan ləğv edilməsi həmin sənədin ilkin sübut kimi əhəmiyyətinə təsir edə bilər. Bununla belə, iş materialları ilə icarə müqaviləsinin, ərizəçinin faktiki istifadəsinin və cavabdehin həmin istifadəyə qarşı çıxmasının ayrıca təsdiq olunması nəzərə alındıqda, həmin qərarın ləğvi digər ilkin sübutların məcmusunu aradan qaldırmır və müvəqqəti təminat tədbirinin tətbiqini əsassız etmir.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu, habelə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda mövcud faktiki vəziyyətin cavabdehin birtərəfli hərəkətləri nəticəsində dəyişdirilməsi və iddia ilə qorunmaq istənilən hüquqların sonradan bərpasının əhəmiyyətli dərəcədə çətinləşməsi riskini əsaslandıra bilmişdir.

34. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi tədbir mübahisənin mahiyyətini qabaqcadan həll etmir, əsas iddia üzrə tələb edilən hüquqi müdafiəni bütün icarə müddəti üçün təmin etmir və yalnız iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti xarakter daşıyır.

35. Buna görə də birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi üzrə işdə olan ilkin sübutları və tərəflərin mənafeləri arasındakı balansı düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

36. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar