Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-524/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı “xxxx” MMC cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ***/**** saylı, ##.##.2025-ci tarixli işlərin görülməsi və xidmətlərin göstərilməsi müqaviləsinə əsasən 61.991 manat məbləğində əsas borc, 3.099,55 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün çəkilmiş xərc 285,27 manat məbləğində olmaqla, ümumilikdə isə 65.375,82 manat məbləğin iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin, iddiaçı “xxxx” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus bütün növ əmlakının (bank hesablarındakı pul vəsaitləri və s.) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsində göstərilən növbəlilik üzrə cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus əmlakın (pul vəsaitləri, daşınar və daşınmaz əmlak) üzərinə ümumilikdə 61.991 manat həddində həbs qoyulması və bank hesablarındakı vəsait üzərinə həbs qoyularkən əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin nəzərə alınması qərara alınmışdır.
4. ##.##.2026-cı il tarixdə cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı həmin qərardaddan şikayət edərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir.
5. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Eyni zamanda iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunun ərizədə əsaslandırılması əsas tələblərdən biridir. Göstərilmiş maddələrin tələblərinə əsaslanaraq cavabdeh tərəf qeyd edir ki, ərizədə müvəqqəti təminat tədbirləri tətbiq edilmədən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi, eləcə də iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların əsaslandırılmamışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində cavabdehin iddiaçıya 61.991 manat borcunun olmasına dair halı əsaslandırmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. -157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. -157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. -157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən gələcəkdə qəbul ediləcək qətnaməsinin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. -157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. -158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. -158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak üzərinə həbs qanunda müəyyən edilmiş ardıcıllıqla həyata keçirilir və cavabdehin əmlakı yalnız iddia tələbi həddində siyahıya alınır. -440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -443.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə, iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda baxmağa haqlıdır. -450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyəti barədə yazılı razılığa gələ bilərlər.
9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. -1.3-cü maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. -24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. -24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. -24.3-cü maddəsinə əsasən tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
10. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarının: -5.8-ci maddəsinə əsasən mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). -5.9-cu maddəsinə əsasən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. -5.10-cu maddəsinə əsasən tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və tətbiq edilməli prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əsas mübahisənin tərəflərindən biri Türkiyə Respublikasında yaradılmış hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı olduğundan mübahisə xarici elementlidir. Bununla belə, hazırkı şikayətin predmeti əsas müqavilə tələbinin mahiyyəti deyil, həmin tələb üzrə müvəqqəti təminat tədbirinin tətbiqidir. Ona görə də, bir tərəfdən Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyəti və əsas müqavilə münasibətinə tətbiq ediləcək hüquq, digər tərəfdən isə müvəqqəti təminat tədbirinin tətbiqinin prosessual şərtləri fərqləndirilməlidir.
13. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli işlərin görülməsi və xidmətlərin göstərilməsi müqaviləsinin 7-ci maddəsindən görünür ki, müqavilə ilə bağlı meydana gələn mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll edilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir.
14. Beləliklə, tərəflər müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikası məhkəmələrində həll olunmasını və maddi münasibətə Azərbaycan Respublikası hüququnun tətbiqini yazılı şəkildə razılaşdırmışlar. Bu razılaşma “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.3 və 24-cü maddələrinin tələbləri ilə uzlaşır.
15. Eyni zamanda, müvəqqəti təminat tədbirinin tətbiqi prosessual məsələ olduğundan, onun əsasları, növləri, həddi və mütənasibliyi tərəflərin maddi hüquq seçiminə deyil, işə baxan Azərbaycan Respublikası məhkəməsinin prosessual hüququna - Mülki Prosessual Məcəllənin 157-163-cü maddələrinə əsasən müəyyən edilir.
16. Ərizənin mahiyyətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin məqsədi işin mahiyyətini qabaqcadan həll etmək deyil, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin ehtimal olunan hüquqlarının müdafiəsinin və gələcək məhkəmə aktının icrasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdır.
17. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il və ##.##.2023-cü il tarixli qərarlarında formalaşdırılmış hüquqi mövqelərdən də görünür ki, təminat tədbiri üzrə məhkəmə iddia ilə tələb olunan tədbir arasında əlaqəni, tədbirin zəruriliyini və mütənasibliyini yoxlamalı, tədbir görülmədiyi halda mümkün məhkəmə aktının icrasının çətinləşə və ya qeyri-mümkün ola biləcəyinə dair əsasların mövcudluğuna əmin olmalıdır. Buna görə MPM-in 157.5.1 və 157.5.2-ci maddələrində nəzərdə tutulan zərurət və ilkin əsaslılıq meyarları birlikdə qiymətləndirilməlidir.
18. Iddia tələbinin ilkin əsaslılığı meyarına münasibətdə iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə “xxxx” MMC icraçı, cavabdeh isə sifarişçi kimi çıxış etmiş, görüləcək işlərin növü və qiyməti müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırma protokollarında müəyyən edilmişdir.
19. 24 oktyabr, 19 noyabr və ## ###### 2025-ci il tarixli təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən ümumilikdə 159.312,03 manat dəyərində işlər görülmüş və həmin işlər cavabdeh tərəfindən təhvil alınmışdır. Bu aktlara uyğun 159.312,03 manat məbləğində elektron qaimələr də ödəniş üçün cavabdehə təqdim edilmişdir.
20. Iddiaçı həmin müqavilə münasibətindən 61.991 manat əsas borcun qaldığını bildirərək onun tutulmasını tələb etmişdir. Müvəqqəti təminat mərhələsində qalıq borcun dəqiq məbləğinin və tərəflərin qarşılıqlı hesablaşmalarının yekun müəyyən edilməsi tələb olunmur. Müqavilə, qiymət razılaşdırma protokolları, cavabdehin imzaladığı təhvil-təslim aktları və elektron qaimələr birlikdə qiymətləndirildikdə pul tələbinin ilkin baxışdan əsassız olmadığı qənaətinə gəlmək üçün kifayət edən sübut bazası mövcuddur. Birinci instansiya məhkəməsinin həbsin həcmini dəbbə pulu və məhkəmə xərcləri daxil olmaqla bütün tələbə deyil, yalnız 61.991 manat əsas borc həddinə məhdudlaşdırması da nəzərə alınmalıdır.
21. MPM-in 157.5.1-ci maddəsində nəzərdə tutulan zərurət meyarına gəldikdə, kollegiya qeyd edir ki, təminat tədbirinin preventiv xarakteri səbəbindən ərizəçidən əmlakın artıq özgəninkiləşdirildiyini və ya pul vəsaitinin artıq hesabdan çıxarıldığını sübut etməsi tələb oluna bilməz; belə yanaşma tədbirin qabaqlayıcı mahiyyətini aradan qaldırardı. Bununla yanaşı, risk sırf abstrakt ehtimala da əsaslana bilməz. Hazırkı işdə müqavilə üzrə işlərin cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq iddia olunan qalıq məbləğin ödənilməməsi, cavabdehin həmin borcu mübahisələndirməsi və pul vəsaitlərinin sərəncam verilə bilən yüksək dövriyyəli əmlak olması birlikdə qiymətləndirildikdə, gələcək icra üçün mövcud əmlak vəziyyətinin dəyişməsi və icranın əhəmiyyətli dərəcədə çətinləşməsi riski ilkin mərhələdə real hesab edilə bilər.
22. Seçilmiş tədbirlə iddia arasında əlaqə də mövcuddur. MPM-in 158.1.1-ci maddəsi cavabdehə məxsus əmlak üzərinə həbs qoyulmasını müvəqqəti təminat tədbirinin bir növü kimi nəzərdə tutur. Hazırkı iddia pul tələbinə aid olduğundan cavabdehin pul və digər əmlakının yalnız tələb həddində müvəqqəti məhdudlaşdırılması mümkün pul qətnaməsinin icrasını təmin etməyə birbaşa yönəlmişdir.
23. Qərardadda cavabdehin “bütün əmlakı” ifadəsinin işlədilməsi bütün əmlak növlərinin eyni vaxtda və hər birinin ayrıca 61.991 manat həcmində həbs edilməsi kimi başa düşülə bilməz. MPM-in 158.3 və 158.4-cü maddələrinə görə həbs qanunda müəyyən edilmiş növbəliliklə həyata keçirilməli və siyahıya alınan əmlakın ümumi həcmi iddia tələbinin həddini aşmamalıdır. Deməli, icra zamanı 61.991 manat məbləğin təmin edilməsi üçün kifayət edən əmlak müəyyən edildikdən sonra əlavə əmlakın həbs altında saxlanılması yolverilməzdir.
24. Bundan başqa, birinci instansiya məhkəməsi bank hesablarındakı vəsaitə həbs qoyularkən əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin nəzərə alınmasını ayrıca göstərmişdir. Həmin yanaşma təminat tədbirinin cavabdehin cari fəaliyyətinə lüzumsuz və həddindən artıq müdaxiləyə çevrilməsinin qarşısını almağa və MPM-in 157.6-cı maddəsində nəzərdə tutulan mütənasiblik tələbini qorumağa xidmət edir.
25. Əmlakın həbsinin növbəliliyinə münasibətdə MPM-in 158.3-cü maddəsi müvəqqəti təminat tədbiri üçün birbaşa prosessual qaydanı müəyyən edir. “Icra haqqında” Qanunun 58-ci maddəsində hüquqi şəxsin əmlakına münasibətdə nəzərdə tutulan növbəlilik də həmin qərardadın icrası mərhələsində eyni istiqamətdə tətbiq olunur. Bu normaların məqsədi ilk növbədə istehsalda bilavasitə iştirak etməyən və daha likvid əmlaka yönəlməklə borclunun təsərrüfat fəaliyyətinə zəruri olandan artıq müdaxilənin qarşısını almaqdır.
26. Beləliklə, tədbir yalnız 61.991 manat əsas borc həddi ilə məhdudlaşdırılmış, əmlakın həbsinə qanuni növbəlilik tətbiq edilmiş, məcburi ödənişlər nəzərə alınmış və tədbirin müvəqqəti xarakteri saxlanılmışdır. Bu şərtlərlə təminat tədbiri iddia tələbi ilə əlaqəli və ona mütənasibdir; cavabdehin hüquqlarına qoyulan məhdudiyyət ərizəçinin mümkün məhkəmə aktının real icrasına olan marağı ilə müqayisədə lüzumsuz və həddindən artıq hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası bu əsaslarla hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş ilkin əsaslılıq və zərurət meyarlarını, habelə 157.6-cı maddədəki mütənasiblik tələbini işin hazırkı mərhələsi üçün kifayət qədər nəzərə almışdır.
28. Cavabdehin şikayətində irəli sürülən dəlillər əsas borcun mövcudluğu və məbləği barədə mübahisənin mahiyyətinə aid olmaqla, bu mərhələdə yuxarıda göstərilən ilkin sübutları və təminat tədbirinin tətbiqi üçün müəyyən edilmiş prosessual əsasları aradan qaldırmır. Buna görə şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsi qərardadlarının qapalı siyahısı müəyyən edilmişdir. Müvəqqəti təminat tədbiri barədə birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə baxılması nəticəsində qəbul edilən hazırkı qərardad həmin siyahıya daxil olmadığından ondan kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh “X2 Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.