Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-526/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi “Riad-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4-11)- ***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. Ərizəçi “Riad-İ” Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçiyə məxsus ünvan 2 ünvanında yerləşən, *************** saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin bərpa edilməsi və mübahisə predmeti olan borca görə qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək cavabdeh tərəfindən ərizəçidən tələb edilən aktlar əsasında hesablanmış 234333,70 manat məbləğində pulun *************** nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. ünvan 2 ünvanında yerləşən, ərizəçiyə məxsus qeyri-yaşayış sahəsi (kərpic sexi) müqavilə əsasında *************** saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. Ərizəçiyə 2024-cü ilin mart ayından 2026-cı ilin iyun ayınadək 7 akt əsasında ümumilikdə 150556,60 manat məbləğində sayğac göstəricisindən əlavə borc hesablanmışdır. Belə ki, ##.##.2024-cü il tarixli **-**/**** saylı akt əsasında 13428,36 manat, ##.##.2024-cü il tarixli **-**/**** saylı akta əsasən 21653,72 manat, ##.##.2024-cü il tarixli **-**/**** saylı akta əsasən 24184,16 manat, ##.##.2024-cü il tarixli **-**/**** saylı akta əsasən 19868,20 manat, ##.##.2027-cü il tarixinə tərtib edilmiş **-**/**** saylı akta əsasən 3964,40 manat, ##.##.2026-cı il tarixli ******* saylı akta əsasən 49731,84 manat və ##.##.2026-cı il tarixli ******* saylı akta əsasən 17725,92 manat, ümumilikdə isə 150556,60 manat borc hesablanmışdır. Bundan başqa cavabdeh ərizəçi təbii qazdan istifadə etmədiyi halda 83777,10 manat əsassız sərfiyyat borcu yazmışdır. Belə ki, abonent saldosundan da göründüyü kimi, 2025-ci il ərzində ərizəçi fəaliyyət göstərməmişdir, lakin cavabdeh təşkilat buna baxmayaraq, borc hesablamışdır. Sex istifadə edilmədiyi halda, necə ola bilər ki qaz sayğacı sərfiyyat qeyd etsin. Bu hal heç bir məntiqə sığmır. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirilmişdir ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirmiş, lakin artıq uzun müddət keçmişdir və cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı aydın olmuşdur. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsə idi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən, 2024-cü ilin mart ayından avqust ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 234333,70 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturunun və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi, qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin müsbət nəticə əldə edilməmişdir. Eyni zamanda cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, “Riad-İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus *************** saylı abonent kodu üzrə qaz təchizatının bərpa edilməsi, 234333,7 manat borca görə təbii qazın verilişinin dayandırılmasının Cavabdeh İB-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təbii qazın verilməsinin dayandırılmasının ağır nəticələrə gətirib çıxarması, həmçinin digər öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaradacağı ehtimalı mövcud olduğundan ərizə təmin edilməli, “Riad- İ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus *************** saylı abonent kodu üzrə qaz təchizatı bərpa edilməli, 234333,7 manat borca görə təbii qazın verilişinin dayandırılması Cavabdeh İB-yə qadağan edilməlidir.
5. Həmin qərardaddan cavabdeh Cavabdeh İstehsalat Birliyi şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadının ləğv olunması və ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi istifadə etdiyi qazın pulunu ödəməmək üçün dəfələrlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qərardad qəbul edilməsinə nail olmaqla ödəniş etməkdən yayınır. Məsələn, ##.##.2025-ci il tarixli e-2-2(113)- ****/**** saylı, ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı işlər. Bütün bu məhkəmə proseslərində ərizəçi iddia qaldırsa da, məhkəməyə gəlməmişdir. Çünki əsas məqsəd qazın pulunu ödəməmək üçün əldə olunan müvəqqəti təminat tədbiridir. Ərizəçi hər dəfə müxtəlif məbləğləri mübahisələndirməklə qanunun və məhkəmənin humanist mövqeyindən suiistifadə etməkdə davam edir. Ərizəçi məhkəmədə şikayət etmək hüququndan sui-istifadə etməklə mədəni surətdə dövlət əmlakını talayır. Hər dəfə məhkəmə proseslərinə gəlməməklə işin baxılmamış saxlanılması və süni surətdə məhkəmə proseslərinin uzadılmasına şərait yaradır. Ərizəçinin hal-hazırda 255307,78 manat istifadə etdiyi qaza görə debitor borcu vardır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4- **)-***/**** saylı qərardadı ilə ərizəçinin tələbi qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 011403400500037) təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 234333,70 manat borcla əlaqədar təbii qazın verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin ərizəçinin tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qərardad qəbul edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə mötəbər olmayan sübutlara istinad edərək əsassız və düzgün olmayan qərardad qəbul etmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi müraciət ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş, əsassız və formal iddiası əsasında müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları, eləcə də işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında tələbin təmin edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
10. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericlikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.
11. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olub-olmamasını müəyyən edir.
12. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, ## ######## 2021-ci il tarixinə ərizəçinin 86901,99 manat qalıq borcu müəyyən edilmişdir. Abonent saldosundan görünür ki, 2017-ci ilin may ayından ##.##.2026-cı il tarixinədək aktlar üzrə ərizəçiyə 276761,2 manat borc hesablanmışdır. Həmin dövr ərzində debitor borclarda daxil olmaqla istehlakçı tərəfindən 1625090,88 manat ödəniş aparılmış, son borc məbləği isə 234333,70 manat təşkil edir. Hazırda ərizəçi tərəfindən son borc məbləği mübahisələndirilmişdir.
13. Sərfiyyat göstəricilərinin əvvəlki aktiv mövsümlərlə müqayisəsi göstərir ki, mübahisəli dövrdə qeydə alınmış göstəricilər əvvəlki illərin eyni mövsüm göstəricilərindən prinsipial şəkildə fərqlənmir, lakin uzun müddətli fasilədən sonra birdən-birə yüksək həcmdə istehlakın qeydə alınması mübahisənin texniki xarakter daşıya bilməsi ehtimalını istisna etmir.
14. Eyni zamanda, ərizəçi tərəfindən hesablanmış məbləğin əhəmiyyətli hissəsinin ödənilməsi və mübahisə yarandıqdan sonra qaz istifadəsinin dayandırılması iddianın aşkar şəkildə əsassız və ya sırf ödənişdən yayınmaq məqsədi ilə qaldırılmadığını göstərir.
15. Müvəqqəti təminat tədbirinə dair məsələyə baxarkən məhkəmə borcun düzgün hesablanıb-hesablanmamasına hüquqi qiymət verməsə də, təqdim olunmuş sənədlər və sərfiyyat dinamikası nəzərə alınmaqla iddia tələbi zahirən əsassız və suiistifadə xarakterli hesab edilə bilməz.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, MPM-in 157.5.2-ci maddəsində nəzərdə tutulmuş ilkin əsaslılıq meyarı mövcuddur.
17. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün digər meyar isə bu tədbirin görülməsinin zəruriliyi və təcililiyidir. Yəni, məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
18. Mübahisəli obyekt istixana olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi qeyri-yaşayış sahəsidir. Sexin fəaliyyəti fasiləsiz istilik rejimi, sabit temperatur şəraiti, enerji təminatının davamlılığını tələb edir.
19. Kərpic sexinə təbii qazın verilməsinin dayandırılması istehsal prosesinin dayanmasına, məhsul itkisinə və bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mümkünsüzlüyünə səbəb ola bilər.
20. Qazın verilməsinin dayandırılması nəticəsində yarana biləcək zərərin həcmi və xarakteri nəzərə alınmaqla, sonradan qəbul ediləcək qətnamə ilə həmin zərərin tam kompensasiyası praktik baxımdan qeyri-effektiv ola bilər. Belə hallarda sonradan qətnamənin qəbul edilməsi ərizəçinin faktiki hüquq vəziyyətini əvvəlki vəziyyətə qaytarmaya bilər.
21. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan real və əhəmiyyətli risk mövcuddur.
22. Kollegiya tərəflərin maraqlarının müqayisəli şəkildə qiymətləndirilməsini də zəruri hesab edir. Qaz təchizatının dayandırılması ərizəçi üçün istehsal fəaliyyətinin dayanması, iqtisadi itkilər, potensial geri dönməz nəticələr yarada bilər. Cavabdeh üçün isə müvəqqəti təminat tədbirinin tətbiqi yalnız mübahisəli məbləğin ödənilməsinin müəyyən müddətə təxirə salınması riskini doğurur.
23. Mübahisəli məbləğ pul tələbi xarakteri daşıdığından və gələcəkdə iddia rədd ediləcəyi təqdirdə onun məhkəmə qaydasında və ya digər formada tutulması mümkün olduğundan cavabdehin hüquqlarına müdaxilə müvəqqəti və kompensasiya oluna bilən xarakter daşıyır.
24. Bu baxımdan tətbiq edilən tədbir tərəflərin maraqları arasında balansı pozmur və MPM-in 157.6-cı maddəsinin tələblərinə uyğundur.
25. Kollegiya ayrıca vurğulayır ki, müvəqqəti təminat tədbirinin tətbiqi borcun mövcudluğu və ya olmaması barədə qabaqcadan hüquqi qiymət verilməsi demək deyil və tərəflər arasında əsas mübahisənin mahiyyəti üzrə həllini əvəz etmir (MPM 157.7).
26. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan iddianın ilkin əsaslılığı, real zərər riski, proporsionallıq meyarlarını düzgün qiymətləndirmişdir. Cavabdehin şikayətində göstərilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
27. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.