Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-527/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4-11)- ***/**** nömrəli ## #### 2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. Ərizəçi ərizəçi1 müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən *************** saylı abonent kodu olan ərizəçiyə məxsus qeyri-yaşayış sahəsinə mübahisələndirilən məbləğin ödənilməməsinə görə təbii qazın verilməsinin dayandırılmasının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək ərizəçi1 aktlar əsasında hesablanmış 12869,32 manat borcun *************** nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən ərizəçiyə məxsus qeyriyaşayış sahəsi (“Abşeron Marina” restoranı) müqavilə əsasında *************** saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2026-cı ilin mart ayında qaz sayğacı çıxarılaraq cavabdeh tərəfindən götürülmüşdür. Bu məsələnin araşdırılması zamanı məlum olmuşdur ki, cavabdeh daha öncədən qanunvericiliyin tələblərinə zidd şəkildə aktlara əsasən əlavə borclar hesablamışdır. Belə ki, sonradan məlum olduğu kimi, 2022-ci ilin may ayından bu günədək ümumilikdə 49 akt əsasında 12869,32 manat əsassız borc hesablanmışdır. Sözügedən aktlarla bağlı cavabdehə müraciət edildikdə bildirilmişdir ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Halbuki tərtib edilmiş aktlar barədə ümumiyyətlə məlumat verilməmişdir. Hər ay təqdim edilən hesab-fakturalarda hesablanmış borcun akt əsasında deyil, məhz sayğac göstəriciləri əsasında hesablandığı qeyd edilmişdir. Bu səbəbdən də hesablanan borcun aktlar əsasında hesablanmasından məlumatsız olunmuşdur. Hazırda borc tam ödənilmədiyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Dəniz kənarında yerləşən restoran yay mövsümü ilə əlaqədar tam fəaliyyət göstərir, lakin təbii qaz olmadığı təqdirdə fəaliyyəti tamamən dayanacaqdır. Göründüyü kimi, cavabdeh öz inhisarçı mövqeyindən sui-istifadə edərək borcu ödətdirməyə çalışır. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı göstərilməlidir ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsə idi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən, tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “əmsal” dediyi rəqəmin və ümumiyyətlə, bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi, cavabdeh özlərinin müəyyən etdiyi və tam qanunsuz tərzdə ümumilikdə 12869,32 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh özü bildiyi kimi, qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə sahibkarın müflisləşməsinə səbəb olur. Qazlaşdırılmış qeyri-yaşayış sahəsinin təyinatından (dəniz kənarında yerləşən restoran) bəlli olur ki, təbii qaz olmadan fəaliyyətin davam etdirilməsi qeyri-mümkündür.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, ərizəçi1 məxsus *************** saylı abonent kodu üzrə 12869,32 manat borca görə təbii qazın verilişinin dayandırılması Cavabdeh İB-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, ərizəçinin 12869,32 manat borcu mübahisələndirdiyi nəzərə alındığında həmin borcun gələcəkdə təsdiq olunması və ya silinməsi anına qədər ərizəçinin hüquqlarının və sahibkarlıq fəaliyyətindən irəli gələn qanuni mənafelərinin müdafiəsi təcili qaydada təmin edilməlidir.
5. Həmin qərardaddan cavabdeh Cavabdeh İstehsalat Birliyi şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadının ləğv olunması və ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi istifadə etdiyi qazın pulunu ödəməmək üçün dəfələrlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qəraradad qəbul edilməsinə nail olmaqla ödəniş etməkdən yayınır. Məsələn, e-*-*(*-**)-****/**** nömrəli iş. Ərizəçi məhkəmədə şikayət etmək hüququndan sui-istifadə etməklə mədəni surətdə dövlət əmlakını talayır. Hər dəfə məhkəmə proseslərinə gəlməməklə işin baxılmamış saxlanılması və süni surətdə məhkəmə proseslərinin uzadılmasına şərait yaradır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizəçinin tələbi qismən təmin edilərək Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsinə (abonent kodu: 011403901100001) təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 12896,32 manat borcla əlaqədar təbii qazın verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin ərizəçinin tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qərardad qəbul edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə mötəbər olmayan sübutlara istinad edərək əsassız və düzgün olmayan qərardad qəbul etmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərininvə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi müraciət ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş, əsassız və formal iddiası əsasında müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsi təqdim olunmuş sübutları, eləcə də işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında tələbin təmin edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
10. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericlikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır.
11. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olub-olmamasını müəyyən edir.
12. İş materiallarına əlavə edilmiş Abonent saldosundan görünür ki, 2012-ci ilin noyabr ayından ##.##.2026-cı il tarixinədək aktlar üzrə ərizəçiyə 14063,87 manat borc hesablanmışdır. Həmin dövr ərzində debitor borclarda daxil olmaqla istehlakçı tərəfindən 121143,04 manat ödəniş aparılmış, son borc məbləği isə 11858,15 manat təşkil edir. Hazırda ərizəçi tərəfindən son borc məbləği mübahisələndirilmişdir.
13. Sərfiyyat göstəricilərinin əvvəlki aktiv mövsümlərlə müqayisəsi göstərir ki, mübahisəli dövrdə qeydə alınmış göstəricilər əvvəlki illərin eyni mövsüm göstəricilərindən prinsipial şəkildə fərqlənmir, lakin uzun müddətli fasilədən sonra birdən-birə yüksək həcmdə istehlakın qeydə alınması mübahisənin texniki xarakter daşıya bilməsi ehtimalını istisna etmir.
14. Eyni zamanda, ərizəçi tərəfindən hesablanmış məbləğin əhəmiyyətli hissəsinin ödənilməsi və mübahisə yarandıqdan sonra qaz istifadəsinin dayandırılması iddianın aşkar şəkildə əsassız və ya sırf ödənişdən yayınmaq məqsədi ilə qaldırılmadığını göstərir.
15. Müvəqqəti təminat tədbirinə dair məsələyə baxarkən məhkəmə borcun düzgün hesablanıb-hesablanmamasına hüquqi qiymət verməsə də, təqdim olunmuş sənədlər və sərfiyyat dinamikası nəzərə alınmaqla iddia tələbi zahirən əsassız və suiistifadə xarakterli hesab edilə bilməz.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, MPM-in 157.5.2-ci maddəsində nəzərdə tutulmuş ilkin əsaslılıq meyarı mövcuddur.
17. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün digər meyar isə bu tədbirin görülməsinin zəruriliyi və təcililiyidir. Yəni, məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
18. Mübahisəli obyekt dəniz kənarında yerləşən restoran olmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi qeyri-yaşayış sahəsidir. Restoranın hazırki mövsümi fəaliyyəti fasiləsiz istilik rejimi, sabit temperatur şəraiti, enerji təminatının davamlılığını tələb edir.
19. Yay mövsümündə restorana təbii qazın verilməsinin dayandırılması onun fəaliyyətinin dayanmasına, məhsul itkisinə və bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mümkünsüzlüyünə səbəb ola bilər.
20. Qazın verilməsinin dayandırılması nəticəsində yarana biləcək zərərin həcmi və xarakteri nəzərə alınmaqla, sonradan qəbul ediləcək qətnamə ilə həmin zərərin tam kompensasiyası praktik baxımdan qeyri-effektiv ola bilər. Belə hallarda sonradan qətnamənin qəbul edilməsi ərizəçinin faktiki hüquq vəziyyətini əvvəlki vəziyyətə qaytarmaya bilər.
21. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan real və əhəmiyyətli risk mövcuddur.
22. Kollegiya tərəflərin maraqlarının müqayisəli şəkildə qiymətləndirilməsini də zəruri hesab edir. Qaz təchizatının dayandırılması ərizəçi üçün istehsal fəaliyyətinin dayanması, iqtisadi itkilər, potensial geri dönməz nəticələr yarada bilər. Cavabdeh üçün isə müvəqqəti təminat tədbirinin tətbiqi yalnız mübahisəli məbləğin ödənilməsinin müəyyən müddətə təxirə salınması riskini doğurur.
23. Mübahisəli məbləğ pul tələbi xarakteri daşıdığından və gələcəkdə iddia rədd ediləcəyi təqdirdə onun məhkəmə qaydasında və ya digər formada tutulması mümkün olduğundan cavabdehin hüquqlarına müdaxilə müvəqqəti və kompensasiya oluna bilən xarakter daşıyır.
24. Bu baxımdan tətbiq edilən tədbir tərəflərin maraqları arasında balansı pozmur və MPM-in 157.6-cı maddəsinin tələblərinə uyğundur.
25. Kollegiya ayrıca vurğulayır ki, müvəqqəti təminat tədbirinin tətbiqi borcun mövcudluğu və ya olmaması barədə qabaqcadan hüquqi qiymət verilməsi demək deyil və tərəflər arasında əsas mübahisənin mahiyyəti üzrə həllini əvəz etmir (MPM 157.7).
26. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan iddianın ilkin əsaslılığı, real zərər riski, proporsionallıq meyarlarını düzgün qiymətləndirmişdir. Cavabdehin şikayətində göstərilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
27. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.