Məhkəmə qərarları › İş №e-16(3-6)-530/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-530/2026

06.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-530/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, QƏRARA ALDI: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4A, mənzil 45 (Yeni qaydalarla: AZ 1072, ünvan 2 ) ünvanında yerləşən "X1 Azərbaycan" QSC-nin mülkiyyət hüquqları rəsmiləşdirilmiş mübahisəli əmlakın özgəninkiləşdirilməsinin cavabdeh- “X1 Azərbaycan” QSC-yə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X3 ##.##.2001-ci il tarixində nikaha daxil olmuş, ## #### 2013-cü il tarixində birgə nikah dövründə ünvan 1 45 ünvanında ümumi sahəsi 248.6 kv.m yaşayış sahəsi 131,7 kv.m, yardımçı sahə 116,9 kv.m olan 11-ci mərtəbədə yerləşən 5 otaqlı mənzil üzrə ******* nömrəli, ##.##.2013-cü il tarixli çıxarışla X3 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır. Müvəkkilinə indi müəyyən olmuşdur ki, X3 ##.##.2013-cü il tarixində Ipoteka müqaviləsi bağlayaraq, qeyd olunan əmlakı “X1 Azərbaycan” QSC-dən götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü etmiş, daha sonra tutma kreditin təminatı kimi ipoteka predmetinə yönəldilmiş və Ipoteka saxlayan - “X1 Azərbaycan” QSC tərəfindən mübahisəli əmlak əldə olunaraq, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış əldə edilmişdir. Bildirirlə ki, mübahisəli əmlak müvəkkilinin razılığı və məlumatı olmadan X3 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Ərizəçi ümumiyyətlə bu hallar barədə məlumatlı olmamış, yalnız sonradan bu faktları öyrənmiş və hazırda məhkəməyə müraciət edərək müvafiq əqdin etibarsız hesab edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)- ***/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, iddianın təmin edilməsi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə ərizəyə baxarkən tələb olunan təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə bağlılığını və ona mütənasib olub- olmadığını araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halları düzgün qiymətləndirməmişdir. Belə ki, ”Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarı”nda qeyd olunmuşdur ki, Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcələnin 225.6-cı maddəsinə əsasən heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur. Qərarda qeyd edilir ki, Mülki Məcələnin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir. Göründüyü kimi, Ali Məhkəmənin ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən, ərarvaddan biri digərinin razılığı olmadan daşınmaz əmlakı özgəninkiləşdirdikdə, həmin əqd etibarsız hesab olunsa belə, sonradan əmlakı əldə etmiş şəxslə digər şəxslər arasında bağlanmış əqdlər etibarlı hesab olunacaqdır. Çünki həmin şəxs daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına etibar edərək əmlakı əldə etdiyi üçün vicdanlı alıcı hesab olunacaqdır. Hazırkı iş üzrə də mübahisəli əmlakın özgəninkiləşdirilməsi halında, onu əldə edən şəxsin vicdanlı əldə edən hesab olunması ehtimalı mövcuddur ki, bu da gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə, hətta qeyri-mümkün edə bilər. Digər tərəfdən, məhkəmənin cavabdehin əmlakı özgəninkiləşdirmək niyyətinə dair əsaslı sübutların olmaması barədə nəticəsi də əsassızdır. Çünki cavabdeh hazırda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyatda olduğundan, əmlakı istənilən vaxt üçüncü şəxsin adına özgəninkiləşdirə bilər. Əmlak üzərində hər hansı məhdudiyyət tədbiri tətbiq edilmədiyi halda, ərizəçinin bu özgəninkiləşdirmədən hətta vaxtında xəbər tutması da mümkün olmaya bilər. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdeh bank fəaliyyətini həyata keçirən hüquqi şəxsdir . Bankın balansında olan daşınmaz əmlakın uzun müddət özgəninkiləşdirilmədən saxlanılması iqtisadi baxımdan ağlabatan hesab oluna bilməz. Əksinə, bank fəaliyyətinin mahiyyəti tələb edir ki, aktivlər mümkün qədər likvid vəsaitlərə çevrilsin, kreditləşmə, və digər bank əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə olunsun. Bu səbəbdən, mübahisəli əmlakın özgəninkiləşdirilməsi ehtimalı real və yüksək olmaqla, ərizənin tətbiq edilməməsi gələcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, mübahisəli əmlak üzərində müvəqqəti təminat tədbirinin tətbiqi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi baxımından zəruri və əsaslıdır. Buna görə, məhkəmənin qərardadının ləğv edilməsini və mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- **)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı (Ərizəçi) ərinin onun razılığı olmadan bağladığı ipoteka əqdinin etibarsızlığını və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılmasını tələb edir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, mübahisəli əmlak bank tərəfindən mülkiyyətə götürülüb və bankın adına çıxarış mövcuddur. MPM-nin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157-ci maddəsinin mənasına görə müvəqqəti təminat tədbiri o halda həyata keçirilir ki, iddia ilə müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ərizəçi mübahisəli əmlakın gələcəkdə özgəninkiləşdirilə biləcəyini bildirsə də, cavabdeh tərəfindən həmin əmlakın satılması, üçüncü şəxslərə təklif olunması, hərraca çıxarılması və ya digər formada özgəninkiləşdirilməsi istiqamətində hər hansı hazırlıq işlərinin aparıldığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Şikayətdə ərizəçi qeyd edir ki, bank əmlakı 3-cü şəxsə satsa, həmin şəxs vicdanlı əldə edən olacaq və qətnamənin icrası imkansızlaşacaq. Şikayətin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar