Məhkəmə qərarları › İş №e-16(3-6)-534/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-534/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-534/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızı tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqların müdafiəsi, müayinə və müalicəsinin kəsilmədən davam etdirilməsi məqsədilə ərizəçi uşaqlar X3 və X1 ilə ünsiyyət sərbəst qaydada, heç bir maneçilik törədilmədən uşağın xalası Ərizəçi iştirakı ilə həyata keçirilməsi, görüş yerinin tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməsi, əgər belə bir razılıq görüş vaxtında müəyyən edilə bilməzsə, icra məmurunun müəyyən etdiyi məkanda keçirilməsi, uşaqlar X3 və X1 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi; azyaşlılar X3 və X1 müalicəsinin davamlılığını təmin etmək üçün onların cavabdeh cavabdeh1 və cavabdeh2 tərəfindən Bakı şəhərindən uzaqlaşdırılmasının (rayona aparılması) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edib. Ərizədə göstərilib ki, Ərizəçi ##.##.2026-cı ildə dünyasını dəyişmiş Aygün Əyyubovanın bacısı, Məmmədli Miray və Məmmədli Yasminin xalasıdır. Bacısının vəfatından sonra bacısının uşaqları atası cavabdeh1 himayəsində qalsalar da, hazırda faktiki olaraq ata nənələrinin yanında Tovuz rayonunda Əlimərdanlı kəndində yaşayırlar. Cavabdehlər tərəfindən onun bacısının uşaqları ilə görüşməyinə və onlarla ünsiyyət qurmağına ciddi maneələr törədilir. Cavabdeh cavabdeh1 hərbiçi olduğu üçün uşaqlara daimi baxa bilmir, bacısının uşaqlarına baxan ata nənəsi isə onların müalicəsinə laqeyd yanaşır. Yaxın günlərdə cavabdeh cavabdeh1 qarşı uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia qaldırmaq niyyətindədir. Lakin uşaqların hazırkı sağlamlıq durumu və onların müalicə prosesinə törədilən ciddi maneələr iddia qaldırılanadək təxirəsalınmaz məhkəmə müdafiəsini zəruri edir. Azyaşlı uşaqlar analarının vəfatınadək Bakı şəhərində intensiv psixiatr və neyroloqoped nəzarəti altında müalicə alırdılar. Bütün müalicə xərclərinin tərəfindən qarşılanmağını öz öhdəsinə götürür. Müalicə və hazırlıq prosesi aşağıdakı mütəxəssislər tərəfindən müəyyən edilmiş ciddi qrafik üzrə həyata keçirilir: Anya həkim (Neyroloqoped): Bakı şəhəri, “Almaz park” ünvanında, həftənin İ və V günləri, saat 08:45-11:00 (Tel: +*** ** *** ** **). 2. Tamara həkim (Neyroloqoped): Bakı şəhəri, “Renesans Residence” ünvanında, həftənin II və IV günləri, saat 09:45-10:45 (Tel: +*** ** *** ** **). 3. Türkan müəllimə (Məktəbəqədər hazırlıq): ünvan 1 ünvanında, həftənin VI və VII günləri, saat 12:00-13:00 (Tel: +*** ** *** ** **). Zərurət olarsa həmin ünvanlara müvafiq məhkəmə sorğusu göndərilə bilər. Müvafiq vəkil sorğusu göndərilsə də, bunun üçün məhkəmə sorğusunun göndərilməsinin zəruriliyi bildirilmişdir. Cavabdehlər - uşaqların atası cavabdeh1 və faktiki uşaqlara baxan ata nənəsi cavabdeh2 ixtisasca pedaqoq olmasına baxmayaraq uşaqların müalicəsinə və tədrisinə nəinki biganə yanaşır, həm də buna süni maneələr törədirlər. Onlar uşaqları müayinə və müalicə üçün həkimlərə, eləcə də hazırlıq dərslərinə aparmırlar. Daha ciddi təhlükə isə ondan ibarətdir ki, ## #### 2026-cı il tarixindən cavabdehlər onları Bakıdan uzaqlaşdıraraq yaşadıqları Tovuz rayonu Əlimərdanlı kəndinə aparıblar. Müalicə mərkəzlərinin və mütəxəssis nəzarətinin olmadığı ucqar rayona aparılma uşaqların intensiv müalicəsinin kəsilməsi və sağlamlıqlarının bərpaolunmaz dərəcədə pisləşməsi deməkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) ərizənin qismən təmin edilərək ərizəçi Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-cü il təvəllüdlü X3 ilə ayın birinci və üçüncü həftəsinin bazar günü saat 12:00-dan 14:00-a qədər görüş vaxtının müəyyən edilməsi; ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində ayın birinci və üçüncü həftəsinin bazar günü saat 12:00-da X2 və ya cavabdeh2 İbrahim qızı tərəfindən Ərizəçi, həmin gün saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilməsi; uşaqların ərizəçi ilə ünsiyyətinə yaradılan maneələrin cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızına qadağan edilməsi; qərardadın dərhal icra edilməsi; qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi; qərardadın ## ###### 2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməsi; qalan hissədə ərizə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızı ayrı-ayrılıqda şikayətlər verərək ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiq barədə ərizənin rədd edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayətləri təmin etməmə barədə qənaətində göstərib ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı qismən ləğv olunmuş, ərizəçi İbrahimova Rövşanə Məmməd qızının ərizəsi qismən təmin edilmiş, ərizəçi İbrahimova Rövşanə Məmməd qızına nəvələri ##.##.2022-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-dan saat 16:00-dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-da X2 və ya cavabdeh2 İbrahim qızı tərəfindən İbrahimova Rövşanə Məmməd qızına, həmin gün saat 16:00-da isə eyni ünvanda İbrahimova Rövşanə Məmməd qızı tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilmələri qərara alınmışdır. Məhkəmə şikayətlərdə qeyd olunanlarla bağlı və onlara əlavə edilmiş sənədlərlə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Nizami Hüseynovun cinayət işinin rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarından görünür ki, əmlak xarakterli mübahisənin bacılar arasında deyil, ərizəçi Ərizəçi ilə anası İbrahimova Rövşanə Məmməd qızı arasında olduğu görünür. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırda baxdığı məsələ isə iddiaçının mərhum bacısının uşaqları ilə olan ünsiyyət tələbidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmənin icraatında iddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızına qarşı bacısının övladları ilə ünsiyyət hüququnun və görüş vaxtının müəyyən edilməsi tələbinə dair *(*-***)-****/**** saylı mülki iş var və həmin iş üzrə məhkəmə hazırlıq iclası ##.##.2026-cı il, saat 09:50-yə təyin olunmuşdur. Həmçinin məhkəmə onu da qeyd edir ki, bacılar Ərizəçi və X4 uşaqlarla görüş vaxtı minimal həddə - hər həftə deyil, ayda iki dəfə iki saat olmaqla təyin edilmişdir. Digər hallar isə məhkəmə araşdırması ilə müəyyən edilməli olan hallardır. Belə olan halda məhkəmə icraatda iddia tələblərinin də olmasını nəzərə alaraq hesab edir ki, şikayətdə qeyd edilənlərin qərardadın ləğvi üçün əsas deyildir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Valideyni ilə yanaşı, digər qohumları ilə də ünsiyyətdə olmaq uşağın fiziki, psixi və mənəvi inkişafı üçün əhəmiyyətli amil olmaqla bərabər, həm də qanunla qorunan və təsbit edilən hüququdur. Uşağın yanında qalan valideyn isə fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən uşağın qohumları ilə də görüşməsinə maneə yaratmamalıdır. Bir sözlə, keçmiş olsa da qohumlar arasında olan şəxsi münasibətlər uşaqla qohumları arasındakı münasibətləri zədələməməlidir. Çünki bu qəbildən olan mübahisələri həll edərkən məhkəmənin mühüm tutduğu amil uşağın mənafeyidir. Uşağın xalası ilə ünsiyyəti isə uşaq yanında qalan atanın hər hansı hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmur. İşdən bəlli olur ki, ərizəçi olan xala mərhum bacısının uşaqlarından ayrı yaşayır və məhkəmənin ərizəçinin anası və bacısına müəyyən etdiyi müddətdə də görüş təyin etməsi bu ərizənin rədd edilməsinə əsas ola bilməzdi. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Qeyd olunan normanın məzmunundan bəlli olur ki, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı 1 ay müddətinə qəbul etmişdi və ## ###### 2026-cı il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Yəni, qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilmişdir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Demək ki, müvəqqəti təminat tədbirinin tətbiq edildiyi qərardad müddəti baxımından qüvvədən düşüb. Bu cür vəziyyətdə artıq qüvvədə olmayan qərardada görə şikayətin dəlillərinin yoxlanılmasına da zərurət qalmır. Apellyasiya məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa da və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, mütləq ki, onun məqsədlərinə uyğun olmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar