Məhkəmə qərarları › İş №e-16(3-6)-535/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-535/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-535/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı cavabdeh2 cavabdeh Ərizəçi qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ərizəçi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında (yeni ünvan qaydalarına görə: AZ1007, ünvan 2 m1) yerləşən mənzilin üzərində onun ½ hissədə pay hüququnun müəyyən edilməsi, həmin mənzildən istifadə hüququnun saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması,aliment və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Ərizəçi ilə qarşılıqlı cavabdeh cavabdeh2 arasında bağlanmış ## #### 2011-ci il tarixli, AZ-1 № ****** nömrəli nikahın pozulmasına, birgə nikahdan doğulmuş X1- ##.##.2012-ci il təvəllüdlü, X2-##.##.2015-ci il təvəllüdlü uşaqların ananın yanında saxlanılmasına, hər iki uşağın saxlanılması üçün hər ay minimum yaşayış həddinin 0,71 misli həcmində qarşılıqlı cavabdehdən aliment tutularaq ona ödənilməsinə, qarşılıqlı cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında AR DIN-nin Baş Dövlət Yol Polis Idarəsində bağlanmış “KIO- Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə ##.##.2025-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsi ilə bağlı cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə, birgə nikah dövründə əldə edilmiş ##.##.2021-cil tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında, ##.##.2021-ci il tarixli 2221007041 dövlət qeydiyyat nömrəli Lənkəran rayonu, RVO kəndində yerləşən ü/s 132 kv. m olan fərdi yaşayış evi üzərində mənim 4/3 hissədə payının müəyyən edilməsi və qarşılıqlı cavabdeh cavabdeh2 Amil oğlu tərəfindən həmin mənzildən sahiblik, istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneçiliklərin aradan qaldırılmasına, “KIO-Sorento” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində onun ½ hissədə payının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

3. Eyni zamanda Ərizəçi (bundan sonra ərizəçi) müvəqqəti təminat tədbirinə dair ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “KIO- Sorento” markalı ( **-XH-*** ) hazırda **-TR*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özkəninkiləşdirilməsinin cavabdehlər cavabdeh1 və AR DIN Baş Dövlət Yol Polis Idarəsinə qadağan edilməsinə dair müvəqqəti təmin tədbirinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “KIO Sorento” markalı, **-TR-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdeh1 və digər şəxslərə qadağan edilmişdir.

5. Maraqlı şəxs cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsi və avtomobilin özgəninkiləşdiriməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirinin tətbiqi ehtimallara deyil, real, konkret və obyektiv əsaslarla təsdiq edilmiş icra riskinə söykənməlidir. Hazırkı iş üzrə isə rayon məhkəməsi belə riskin mövcudluğunu təsdiq edən hər hansı sübut müəyyən etməmişdir. Ərizəçi tərəfindən avtomobilin yenidən özgəninkiləşdirilməsinin planlaşdırıldığını, bunun gələcək məhkəmə aktının icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini göstərən heç bir mötəbər sübut təqdim edilməmişdir. Rayon məhkəməsi də qərardadda belə riskin nədən ibarət olduğunu əsaslandırmamış, yalnız ehtimal xarakterli mülahizələrə əsaslanaraq mtt tətbiq etmişdir. Halbuki, müvəqqəti təminat tədbiri yalnız ehtimallara əsaslana bilməz. Bundan əlavə, MPM-in 157.5.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar mövcud olmalıdır. Hazırkı işdə qarşılıqlı iddiaçı yalnız avtomobilin nikah dövründə əldə edildiyini və sonradan özgəninkiləşdirildiyini göstərməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin müqavilənin etibarsızlığını təsdiq edən, onun saxta xarakter daşıdığını, yaxud tərəflərin həqiqi iradəsini əks etdirmədiyini göstərən hər hansı ilkin sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, nəqliyyat vasitəsi əvəzli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, satış qiyməti tam ödənilmiş, avtomobil faktiki olaraq alıcıya təhvil verilmiş və dövlət qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. O, avtomobili əldə etdiyi zaman satıcı ilə onun keçmiş həyat yoldaşı arasında ailə mübahisəsinin mövcudluğunu bilməmiş, bilməli də olmamışdır və vicdanlı əldə edən şəxs kimi çıxış etmişdir. Belə olan halda, yalnız qarşılıqlı iddianın mövcudluğu iddia tələbinin kifayət qədər əsaslı olması barədə nəticəyə gəlmək üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, müvəqqəti təminat tədbiri qarşıya qoyulmuş məqsədlə mütənasib olmalı və şəxslərin hüquqlarını zəruri olandan artıq məhdudlaşdırmamalıdır. Hazırkı halda tətbiq edilmiş qadağa mübahisənin tərəfi olmayan, nəqliyyat vasitəsini əvəzli müqavilə əsasında əldə etmiş vicdanlı üçüncü şəxsin mülkiyyət hüququnun həyata keçirilməsini qeyri-müəyyən müddətə məhdudlaşdırır.

7. Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, hazırkı halda şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

12. Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

13. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə əsasən müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək olar.

16. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən - Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

18. Nəzərə almaq lazımdır ki, MPM-in hazırda qüvvədə olan 157.2-ci maddəsinin dispozitiv şərtləri, 2021-ci ilin ## #######ınadək qüvvədə olmuş həmin normanın şərtlərindən köklü şəkildə fərqlidir.

19. Belə ki, əvvəlki normada iddianın təmin edilməsinin (hazırda müvəqqəti təminat tədbirləri) məqsədinin - gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etməklə bağlı olduğu xüsusi qeyd edilməklə, həmin tədbir məhz qətnamənin icrası ilə əlaqələndirilmiş, başqa sözlə desək, qətnamənin icrası ilə məhdudlaşdırılmışdır.

20. Hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir (maddə 157.2.).

21. Göründüyü kimi, hazırda qüvvədə olan müvəqqəti təminat tədbirinin tətbiqində güdülən məqsəd gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmini ilə məhdudlaşmayıb, həm də qətnamənin qəbulunadək mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin bu yanaşması təsadüfi olmayıb, olduqca əsaslı və məntiqlidir. Mübahisəsizdir ki, məhz belə yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətini tam dolğun və səmərəli əhatə edir.

22. Müqayisə üçün qeyd edilməlidir ki, MPM-in qəbulundan sonra, yəni ##.##.2009-cu ildə qəbul olunmuş Inzibati Prosessual Məcəllənin eyni məsələləri tənzimləyən və “məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri” adlı VII fəslində də (IPM- 40-44-cü maddələr) qanunverici aydın şəkildə oxşar tənzimləmə ilə ərizəçinin hüquqlarının qorunmasına yönələn və qəbul ediləcək məhkəmə aktlarının icrasına bağlı olmayan müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini nəzərdə tutmuşdur.

23. Belə ki, Inzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

24. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

25. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.

26. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.

27. Göründüyü kimi, MPM-nin müvəqqəti təminat tədbirinə dair məsələləri tənzimləyən XIII fəslinin ##.##.2021-ci il tarixli Qanunla yeni redaksiyada verilməsi məhz əvvəlki normalardakı boşluqları və natamamlıqları doldurmaq, eləcə də həmin institutun mahiyyətinə uyğun olaraq məhkəmə müdafiəsinə ehtiyacı olan şəxslərin hüquqlarının daha dolğun və səmərəli şəkildə qorunmasını təmin etmək məqsədindən irəli gəlmişdir. Bu məsələyə hər hansı əks yanaşma ədalət mühakiməsinin effektivliyi və səmərəliliyi kimi fundamental prinsiplərə zidd olacaqdır.

28. Belə ki, mtt ərizəsinin təminindən imtina edilməsi iddianın uğurluğu halında ona gətirib çıxaracaqdır ki, ərizəçi birgə nikah dövründə alınmış avtomobilin satılmasına dair bağlanmış əqd və ya əqdləri ayrıca mübahisələndirmək məcburiyyətində qalacaqdır ki, bu da onun üçün izafi vaxt və əlavə məhkəmə xərclərinə məruz qalması ilə yanaşı, həm də həmin əqdlərin tərəfi olan üçüncü şəxslərin də yeni məhkəmə mübahisələrinə cəlb edilməsini qaçılmaz edəcəkdir. Bu həm də (onsuz da iş yükü çox olan) məhkəmələrin iş yükünün artmasına təsir edəcəkdir.

29. Şərh edilənlərdən də aydın olur ki, hazırkı halda mtt ərizəsinin təmin edilməməsi və ərizəçini yeni məhkəmə mübahisələrinə məcbur buraxmaq nəinki MPM-in 157.2-ci maddəsinin tələbləri baxımından ərizəçinin hüquqlarının qorunmasını təmin etmir, heç effektiv və səmərəli vasitə də sayıla bilməz, heç mütənasib də deyildir, əksinə, ərizəçinin üzərinə həddən ziyadə və lüzumsuz əlavə yük qoyulmasına, eləcə də yeni məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır.

30. Məhkəmə maraqlı şəxs cavabdeh1 dəlillərinə münasibətdə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırkı müvəqqəti təminat tədbiri kimi əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi müvəqqəti xarakter daşıyır və işin qabaqcadan həll edilməsi hesab edilə bilməz.

31. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, rayon məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni təmin etməsi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almağa yönəlmişdir, odur ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

33. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

34. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar