Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-542/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, təminat tədbirinin irəli sürülən iddia ilə bağlılığı, mütənasiblik prinsipi, mülkiyyət hüququnun məhdudlaşdırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. ünvan 2 ünvanında yerləşən yaşayış evi ##.##.1995-ci il tarixdə X4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bununla bağlı ona Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müvafiq qeydiyyat vəsiqəsi verilmişdir.
2. X2 “atalığın etiraf olunması” barədə ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, ##.##.1999-cu il təvəllüdlü X2 atasının X3 olması müəyyən edilmişdir.
3. ünvan 2 ünvanında yerləşən yaşayış evində hazırda Salamov (Paşayev) Abdulla Rövşən oğlu öz ailə üzvləri ilə birlikdə yaşayırlar.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
4. Ərizəçi (ərizəçi) müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh və ailə üzvlərinin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə daxil olmasının, giriş və çıxışının, həmin yaşayış sahəsində qalmasının, kilidləri dəyişdirməsinin, təmir-tikinti və ya digər dəyişikliklər aparmasının, əşyaları həmin sahəyə daşımasının və ya oradan çıxarmasının, habelə üçüncü şəxsləri həmin yaşayış sahəsinə buraxmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
5. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ##.##.1995-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyətindədir. Cavabdeh həmin yaşayış sahəsinə hər hansı hüquq müəyyənedici sənəd, müqavilə, məhkəmə qərarı və ya onun razılığı olmadan ailə üzvləri ilə birlikdə, qapının kilidini sındıraraq zorla daxil olmuşdur. Cavabdeh öz hərəkətlərini onunla əsaslandırır ki, guya X1nun oğlu olduğuna görə həmin yaşayış sahəsində yaşamaq hüququ vardır. Cavabdeh X1nun nikahdankənar oğludur, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ## ###### 1999-cu il təvəllüdlü X2 atasının X3 olması faktı müəyyən edilmişdir. Lakin həmin qətnamə ilə Cavabdeh mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət, istifadə, sahiblik və ya yaşayış hüququ tanınmamışdır. Rövşən Salamovdan miras qalmış nəqliyyat vasitələri üzərində qanun üzrə vərəsəlik hüququnun əldə edilməsi ilə bağlı hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında mübahisə vardır. Lakin həmin mübahisənin də mahiyyətində hər hansı daşınmaz əmlakla bağlı tələb mövcud deyildir. X1 heç bir daşınmaz əmlaka sahib olmamış, bacısının, yəni onun (Ərizəçi) razılığı ilə müvəqqəti olaraq ünvan 4 ünvanında yaşamışdır. Yaşayış sahəsi üzərində hüquq ona məxsusdur və bu hal qeydiyyat sənədi ilə təsdiq olunur. Cavabdeh hazırda heç bir hüquqi əsas olmadan, qapının kilidini sındırmaqla və faktiki zor tətbiq etməklə mənzilə daxil olmuşdur. Bu hal onun mülkiyyət hüququna, əmlakdan sərbəst istifadə və sahiblik imkanına birbaşa müdaxilədir. O, “mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsindən istifadə və sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Lakin iddia ərizəsi təqdim edilib iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək əmlakın faktiki vəziyyətinin qorunması zərurəti yaranmışdır. Hazırkı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etməkdə məqsəd işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək mübahisəli yaşayış sahəsinin faktiki vəziyyətinin qorunması, mülkiyyətində olan əmlaka ziyan vurulmasının, kilidlərin dəyişdirilməsinin, yaşayış sahəsində təmir-tikinti və ya digər dəyişikliklərin aparılmasının, əşyaların daşınmasının və gələcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə biləcək halların qarşısının alınmasıdır. Cavabdeh artıq qapının kilidini sındıraraq ailə üzvləri ilə birlikdə həmin sahəyə daxil olması və heç bir hüquqi əsası olmadan evdə yaşamaq hüququ olduğunu iddia etməsi göstərir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda əmlakın faktiki vəziyyəti dəyişə, evə və içərisində olan əmlaka ziyan vurula, üçüncü şəxslər həmin sahəyə buraxıla, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrası isə xeyli çətinləşə bilər. Cavabdeh hazırkı hərəkətlərinin heç bir hüquqi əsasının olmadığı özünə də məlum olmaqla, ondan pul tələb etməkdə, yaşayış sahəsinə zorla daxil olaraq təzyiqlər göstərməkdədir. Cavabdeh X1nun oğlu olması faktı onun mübahisəli yaşayış sahəsinə daxil olmaq, orada qalmaq və ya ərizəçinin mülkiyyət hüququnu məhdudlaşdırmaq hüququ yaratmır. Cavabdeh vərəsəlik qaydasında da mübahisəli ev üzərində hər hansı hüquq əldə etməmişdir, əldə etməsi də mümkün deyildir. Belə ki, mübahisəli ev X1nun mülkiyyətində olmamışdır. Buna görə də həmin əmlak mərhumun miras kütləsinə daxil olmayan əmlakdır və Cavabdeh həmin evlə bağlı vərəsəlik hüququndan danışmaq mümkün deyildir. Bu səbəblə müvəqqəti təminat tədbirinin tətbiqi zəruri, əsaslı və iddia tələbinə mütənasibdir. Tədbirin tətbiq edilməməsi onun mülkiyyət hüququnun pozulmasının davam etməsinə, əmlakın vəziyyətinin dəyişdirilməsinə və gələcək məhkəmə müdafiəsinin səmərəsiz qalmasına səbəb ola bilər.
6. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmuş, məhkəməyə iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni ##.##.2026-cı il tarixinədək Cavabdeh və onun ailə üzvlərinə Ərizəçi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə daxil olmağın və orada yaşamağın, yaşayış sahəsində təmir-tikinti işləri və ya digər dəyişikliklər aparmağın, kilidləri dəyişdirməyin, əşyalarını həmin yaşayış sahəsinə daşımağın və ya oradan çıxarmağın, habelə üçüncü şəxsləri həmin yaşayış sahəsinə buraxmağın qadağan edilməsi qərara alınmışdır.
7. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.2-ci, 157.4-cü, 157.6-cı, 157.7-ci, 158.1-ci, 158.2-ci, 158.3-cü, 158.4-cü maddələrinə istinadla belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ərizəçinin xüsusi mülkiyyətindədir, ərizəçi “mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsindən istifadə və sahiblik hüququna yaradılmış maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Müvəqqəti təminat tədbirinin əsas məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
8. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayət belə əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirləri MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Ərizəçi tərəfindən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırda müvəqqəti təmin tədbirinin tətbiq edilməsi onun hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnir. Belə ki, qərardadın nəticəsi iddia tələbinin yekununa bərabərdir. Ərizəçi iddia tələbini irəli sürmüşdür və iddia ərizəsində qoyduğu tələblər təmin olunacağı, yekun məhkəmə aktı qüvvəsini aldığı təqdirdə o, həmin evdən çıxarıla bilər. Ərizəçinin onun yaşadığı **A saylı evə heç bir hüququ yoxdur və onun oradan çıxarılmasına dair müvəqqəti təminat tətbiri görülə bilməz. İşin faktiki halları ondan ibarətdir ki, atası X3 ##.##.2024-cü il tarixində dünyasını dəyişmiş, vəfat etdiyi günədək adında bir neçə əmlaklar olmuş və həmin miras əmlaklarla bağlı əmiləri və bibiləri ilə aralarında müxtəlif məhkəmə mübahisələri vardır. Belə ki, onlar hüquqdan sui-istifadə edərək mərhum atasından qalmış miras əmlakları mənimsəməyə çalışmışlar. Hətta, onlar onun yasda olmağından istifadə edərək öz adlarına vərəsəlik şəhadətnaməsi əldə etmişlər, lakin tərəfindən həmin şəhadətnamə məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Hazırkı iş üzrə ərizəçi onun bibisidir. O və ailə üzvləri atası dünyasını dəyişdikdən sonra ona qarşı qərəzli mövqe tutmuş və bunun tək səbəbi "əsassız varlanma” niyyəti olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, 22d ünvanının ümumiyyətlə onlarla əlaqəsi yoxdur. Belə ki, iş materiallarında olan ##.##.1995-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ərizəçinin mülkiyyət hüququ 1-ci Alatava ünvanında yerləşən "22D" saylı mənzilə olmuşdur. Lakin təqdim etdiyi fotoşəkillərdən aydın görünür ki, ərizəçinin mübahisələndirdiyi əmlakla onun atasından miras qalmış əmlak, yəni onun yaşadığı əmlak fərqli əmlaklardır. Belə ki, onun atasından miras qalmış əmlak Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında yerləşən **A saylı ev olmuşdur. Ərizəçi "22D" ünvanında yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsini ##.##.1995-ci il tarixində almışdır, onların yaşadığı evi isə mərhum atası X5 2020-ci ildə almışdır. Həmin vaxt evin sənədlərində problemlər olduğundan evə dair çıxarış düzəldə bilməmiş, yalnız 2021-ci ildə evdə təmir-tikinti işləri bitdikdən sonra evin kommunal xəttlərini öz adına keçirmişdir. Atası vəfat etdikdən sonra o, işıq və qaz sayğaclarını öz adına keçirmək üçün müraciət etmiş, 2025-ci ilin dekabr ayında həmin sayğacları öz adına keçirmişdir. “Azəriqaz" İB-dən verilən ##.##.2025-ci il tarixli “Qazın alqı-satqısı müqaviləsi”nə də nəzər yetirdikdə görünür ki, 1-ci Alatava ünvanında yerləşən 22A ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı ##.##.2021-ci il tarixində quraşdırılmışdır. Göründüyü kimi, ərizəçinin müvəqqəti təminat tədbirinə dair ərizəsi əsassız olmaqla bərabər ərizəçi həm də məhkəməyə yalan məlumatlar vermişdir.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu
13. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
15. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
17. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.
18. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
19. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
20. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
21. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
22. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
23. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.
24. Maddə 164.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.
25. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
27. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
28. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
29. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın.
30. Yuxarıda qeyd olunduğu kimi, ünvan 2 ünvanında yerləşən yaşayış evi X4 mülkiyyətindədir və digər şəxslərin həmin evdə yaşamalarının qanuni əsası mövcud deyildir.
31. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, məhkəməyə, irəli sürəcəyi iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar təqdim etmişdir.
32. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
33. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov