Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-550/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi İmamverdi oğlunun ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından Ərizəçi İmamverdi oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İmamverdi oğlu ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək həmin məhkəmənin icraatında olan e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri Cavabdeh xüsusi notariusu İmanlı Elgün Akif oğlu tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli 8I-1190 Reyestr nömrəli icra qeydi üzrə Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən aparılan icra hərəkətlərinin dayandırılması və icra hərəkətlərinin aparılmasının onlara qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında 2023-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ona müəyyən məbləğdə pul verilmiş, kreditin təminat olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Maliyyə çətinlikləri səbəbilə kredit ödənişlərini gecikdirmiş, lakin bu hal borcun mövcudluğu ilə yanaşı, borcun məbləği və hesablanması ilə bağlı tərəflər arasında hüquqi mübahisənin yaranmasına səbəb olmuşdur. Buna baxmayaraq, bank məhkəməyə müraciət etmədən, notariat qaydasında icra qeydi aparılmasına nail olmuşdur. Belə ki, “xxxx" ASC tərəfindən Bakı şəhəri Cavabdeh təqdim edilmiş sənədlər əsasında ## ###### 2026-cı il tarixli notariat qaydasında icra qeydi aparılmış və həmin icra qeydi üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. Həmin icra qeydindən ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlama qərarını aldıqdan sonra xəbəri olmuşdur. "Notariat haqqında" AR Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən AR Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçun notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdığını təsdiq edən sənəd, borclunun cavab məktubu və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qanunvericiliyin qeyd olunan normasının tələbindən də məlum olduğu kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu təsdiq olunduqdan sonra aparılmalıdır. Həmçinin də, tələbkar icra qeydinin aparılması üçun notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildirişin surəti, onun borcluya çatdığını təsdiq edən sənəd, borclunun cavab məktubu və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Lakin göstərilənlərdən də məlum olur ki, tələbkar tərəfindən tələb olunan borc məbləği mübahisəlidir. Bundan əlavə, tələbkar tərəfindən qanunvericiliyin bildirişlə bağlı tələbi də yerinə yetirilmədən, yəni borcluya bildiriş göndərilmədən icra qeydinin aparılması üçun birbaşa notariat orqanına müraciət olunmuş, notariat ofisləri də qanunsuz olaraq yuxarıda göstərilən icra qeydlərini aparmışdırlar. Qeyd olunan icra qeydi barədə ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlama qərarını aldıqdan sonra xəbəri olub. Odur ki, aparılmış icra qeydi tamamilə qanunsuz olduğu üçün iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin hazırda həmin icra qeydi ilə bağlı Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra hərəkətləri həyata keçirilir və ipoteka predmetlərinin hərraca çıxarılması məqsədilə tədbirlər görülür. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəçi, notariusun icra qeydinin icrasının dayandırılmasını tələb etməkdədir; bu isə o deməkdir ki, onun görülməsini istədiyi təminat tədbiri mahiyyəti etibarilə icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır – hansı ki, icra sənədi üzrə icraatın dayandırılmasının mexanizmi “İcra haqqında” Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılması (əgər bu cür mübahisəyə qanunla yol verilirsə) “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının məcburi əsaslarından biri kimi göstərilsə də, qanunverici, “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydini və ya onun verilməsinə əsas olan tələbi həmin “məcburi”liyin istisnası kimi müəyyənləşdirmişdir. Kollegiya hesab edir ki, “İcra haqqında” Qanunla müəyyənləşdirilən sözügedən istisna, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı hallarda, məhkəmələrin “müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək”, “mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək”, “mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq” kimi müvəqqəti təminat tədbirləri görmək hüququnu məhdudlaşdırmasa da, məsələyə hər bir halda müvəqqəti təminat tədbiri institutunun tətbiqinin mümkünlüyü üçün prosessual əsasların mövcudluğu kontekstindən yanaşılmalıdır. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanun sahəvi akt olmaqla icra məmurunun fəaliyyətini, icra sənədlərinin məcburi icrası qaydalarını və şərtlərini tənzimləyir; mülki prosessual qanunvericiliklə müəyyənləşdirilən müvəqqəti təminat tədbiri institutu isə, ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbir olaraq nəzərdə tutulmuşdur. Lakin belə yanaşma onu tələb edir ki, məhkəmələr, görülməsi tələb olunan sözügedən tədbirlərin MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olub-olmadığına qiymət verməli, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməli, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığını aydınlaşdrılmalıdırlar. Bu kontekstdə qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə birlikdə, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Həmçinin qeyd olunmalıdır ki, müvafiq bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Qanunvericilik onu da tələb edir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## ### 2026-cı il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-16(3-6)-550/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-550/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver