Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-551/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları 1.
2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2024 tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq 1 000 manat icarə haqqı ilə cavabdehə icarəyə verilmişdir. Cavabdeh tərəfindən 4 aylıq icarə haqqı ödənilmədiyindən 4 000 manat borc yaranmışdır. Borcun ödənilməsi və müqavilənin ləğvi ilə bağlı ##.##.2026-cı il tarixdə “Whatsapp” vasitəsilə bildiriş göndərilmiş, obyektə baxış keçirilməsi, əmlakın siyahıya alınması və obyektin boşaldılması tələb edilmişdir. Mülki Məcəllənin 698-ci maddəsinə əsasən, icarəyə verənin icarə obyektində yerləşən icarəçiyə məxsus əmlak üzərində girov hüququ vardır. Bu hüququn təmin edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə obyektə daxil olmaq istədikdə cavabdehin direktoru tərəfindən nalayiq ifadələr işlədilmiş, zorakılıq hərəkətləri göstərilmiş və özünü və ya ərizəçini öldürəcəyi ilə hədələnmişdir. Obyektə daxil olmağa və nəzarət etməyə imkan yaradılmır. Obyektdə partlayış və yanğın təhlükəsi yarada biləcək avadanlıqlar mövcuddur və cavabdehin direktorunun qeyri-adekvat davranışları ictimai təhlükə yaradır. Girov hüququnun həyata keçirilməsi cəhdi binaya yanğın və ya partlayış nəticəsində zərər dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə, cavabdehin direktoru icarə obyektini yaşayış sahəsinə çevirmiş və orada yaşamaqla icarə müqaviləsinin şərtlərini pozmuşdur.
3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin cavabdehə qarşı “icarə müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatında deyildir. Ərizəçinin yalnız əsaslandırılmamış müraciəti əsasında müvəqqəti təminat tədbiri tətbiq edilə bilməz. Ərizəçi ərizəyə yalnız ##.##.2024-cü il tarixli icarə müqaviləsini və icarə obyekti üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışı əlavə etmiş, lakin istinad etdiyi digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin, mülki məhkəmə icraatında hüquqların müdafiəsi əsasən iddia icraatı qaydasında həyata keçirilir və müvəqqəti təminat tədbirləri tərəflər üçün yekun hüquqi nəticə yaratmır, yalnız mövcud hüquq münasibətlərinə müvəqqəti təsir göstərir. Lakin ərizəçi cavabdehin icarə obyektindən çıxarılması, obyekt üzərində hüquqların bərpası və cavabdehə məxsus əmlak üzərində girov hüququnun təmin edilməsi kimi mahiyyət etibarilə iddia tələblərini müvəqqəti təminat tədbiri vasitəsilə həll etməyə çalışmışdır.
5. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçinin iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etmədiyi qənaətinə gəlmişdir. Lakin ərizəçi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli icarə müqaviləsi və daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu, ərizəçinin hüquqlarını və cavabdehin obyektdən istifadə etdiyini ilkin olaraq təsdiq edir. Qanunvericilik təminat tədbirinin tətbiqi üçün iddianın tam sübut edilməsini deyil, ilkin əsaslılığını tələb edir. Məhkəmə isə təminat tədbiri mərhələsində faktiki olaraq iddianın mahiyyəti üzrə tam sübut standartı tətbiq etmişdir. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 698-ci maddəsindən irəli gələn icarəyə verənin qanuni girov hüququna hüquqi qiymət verməmişdir. Halbuki, ərizəçinin məqsədi əsas iddia tələblərini əvvəlcədən təmin etmək deyil, cavabdehin əmlakı üzərində mövcud girov hüququnun qorunması və gələcək məhkəmə qərarının icrasının təmin edilməsindən ibarət olmuşdur. Məhkəmə girov hüququnun yaranması, həmin hüququn itirilməsi riski və əmlakın obyektdən çıxarılmasının mümkün nəticələrini araşdırmamışdır. Həmçinin, məhkəmə müvəqqəti təminat tədbirinin zəruriliyini, risk amilini və tədbirin mütənasibliyini qiymətləndirməmiş, daha yüngül tədbirlərin (əmlakın siyahıya alınması, çıxarılmasının və ya sərəncam verilməsinin qadağan edilməsi və s.) tətbiqi imkanını araşdırmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri, yaxud hərəkətsizliyi nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının, təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. Iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə bir aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri 158.1.1. cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması; 158.1.2. cavabdehə müəyyən hərəkətləri etməyin qadağan edilməsi; 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini tətbiq edə bilər. Məhkəmə bir neçə müvəqqəti təminat tədbirini birlikdə tətbiq edə bilər. 158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 698. Kirayəyə verənin girov hüququ 698.1. Hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir. 698.2. Torpaq sahəsindən və ya otaqlardan əşyaların aparılması kirayəyə verənin girov hüququnu ləğv edir, amma əşyaların kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldığı hallar istisna təşkil edir. Əgər əşyalar kirayəçinin müəssisəsinin hüquqa uyğun işi çərçivəsində və ya adi yaşayış şəraiti çərçivəsində aparılmışdırsa və ya qalan əşyalar kirayəyə verənin təmin edilməsi üçün aşkar yetərlidirsə, kirayəyə verən əşyaların aparılması barədə şikayət verə bilməz.
Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Məhkəmə kollegiyasının mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə, müvəqqəti təminat tədbiri tərəflər arasında yaranmış mübahisənin mahiyyəti üzrə həllinə deyil, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının gələcəkdə qorunmasının, təmin və ya bərpa edilməsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısının alınmasına xidmət edir.
12. Belə tədbirin tətbiqi üçün ərizəçi həm gələcək iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları, həm də tədbir görülmədiyi halda hüququnun müdafiəsini çətinləşdirəcək real təhlükənin mövcudluğunu əsaslandırmalıdır. Tələb edilən tədbir, həmçinin, qorunması istənilən hüquqa və mövcud riskə mütənasib olmalıdır.
13. Göstərilən şərtlər qarşılıqlı əlaqədə qiymətləndirilməli və onların hər biri iş materialları ilə ilkin olaraq təsdiq edilməlidir. Ərizəçinin müəyyən hüquq münasibətinin iştirakçısı olması və gələcəkdə iddia qaldırmaq imkanının mövcudluğu özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqini zəruri etmir.
14. Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin əsas iddia verilməzdən əvvəl təqdim edilməsinə yol verir. Bununla belə, bu qayda ərizəçini gələcək iddiasının predmetini və faktiki əsaslarını kifayət qədər müəyyən etmək, habelə Məcəllənin 157.5-ci maddəsində nəzərdə tutulan halları ilkin sübutlarla əsaslandırmaq vəzifəsindən azad etmir.
15. Mübahisələndirilən qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi ərizəni yalnız əsas iddianın məhkəmənin icraatında olmamasına görə deyil, həm də ərizədə göstərilən halların ilkin sübutlarla təsdiqlənməməsi və tələb edilən tədbirlərin mahiyyət etibarilə əsas mübahisənin nəticəsinə yönəlməsi səbəbindən rədd etmişdir.
16. Buna görə qərardadda əsas iddianın məhkəmənin icraatında olmamasının qeyd edilməsi ərizənin rədd edilməsinin digər hüquqi və faktiki əsaslarından ayrılıqda qiymətləndirilə bilməz.
17. Ərizəçinin təqdim etdiyi ##.##.2024-cü il tarixli icarə müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərəflər arasında icarə münasibətinin mövcudluğunu, habelə ərizəçinin icarə obyektinin mülkiyyətçisi və icarəyə verən olduğunu ilkin olaraq təsdiq edir.
18. Lakin həmin sənədlər qarşı tərəfin dörd aylıq icarə haqqını ödəmədiyini, 4 000 manat məbləğində borcun yarandığını, müqavilənin ləğvi üçün hüquqi əsasların mövcudluğunu və müqaviləyə xitam verilməsinə dair iradə ifadəsinin qarşı tərəfə lazımi qaydada çatdırıldığını təsdiq etmir.
19. Ərizəçi tərəfindən borcun yaranmasını göstərən hesablaşma sənədləri, ödənişlərin aparılmadığını təsdiq edən məlumatlar, tərəflərin borcla bağlı yazışmaları və ya qarşı tərəfin borcu etiraf etməsini göstərən hər hansı material təqdim olunmamışdır.
20. Buna görə yalnız icarə müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın təqdim edilməsi gələcəkdə qaldırılması nəzərdə tutulan pul və müqaviləyə xitam tələblərinin ilkin əsaslılığını təsdiq etmək üçün kifayət deyil.
21. Ərizəçinin Mülki Məcəllənin 698-ci maddəsinə istinadı da müvəqqəti təminat tədbirinin tətbiqi üçün ayrıca və qeyd-şərtsiz əsas yaratmır.
22. Həmin maddədə nəzərdə tutulmuş girov hüququ kirayə hüquq münasibətindən irəli gələn tələbləri təmin edən, yalnız kirayəçiyə məxsus və icarə obyektində yerləşən əşyaları əhatə edən qanuni təminat vasitəsidir.
23. Buna görə həmin hüququn qorunması barədə tələbə baxılarkən icarə obyektində qarşı tərəfə məxsus hansı əşyaların yerləşdiyi, onların qanuni girovun predmetinə daxil olub-olmadığı, girov hüququ ilə təmin edilən tələbin mövcudluğu və həcmi, eləcə də həmin əşyaların obyektdən çıxarılması nəticəsində girov hüququnun itirilməsi təhlükəsinin real olub-olmadığı müəyyən edilə bilməlidir.
24. Hazırkı iş materiallarında icarə obyektində qarşı tərəfə məxsus əşyaların mövcudluğu, onların növü, təyinatı, təxmini dəyəri və girov hüququnun şamil edilə biləcəyi əmlak olması barədə hər hansı ilkin məlumat yoxdur.
25. Ərizəçi ümumi şəkildə obyektdə avadanlıqların olduğunu bildirsə də, həmin avadanlıqların qarşı tərəfə məxsusluğunu və Mülki Məcəllənin 698-ci maddəsində nəzərdə tutulan girov hüququnun predmetini təşkil etdiyini göstərən sübutlar təqdim etməmişdir.
26. Iş materiallarında qarşı tərəfin həmin əşyaları obyektdən çıxardığını, çıxarmağa hazırlaşdığını, başqa şəxsə verdiyini, özgəninkiləşdirdiyini və ya girov hüququnun həyata keçirilməsini başqa üsulla mümkünsüzləşdirdiyini göstərən hər hansı hal da müəyyən edilmir.
27. Ərizəçinin icarə obyektinə daxil olmasına imkan verilməməsi özlüyündə əşyaların obyektdən çıxarılması və ya girov hüququnun itirilməsi barədə real təhlükəni təsdiq etmir.
28. Icarəyə verənin mülkiyyətçi olması ona qüvvədə olan icarə münasibəti dövründə icarəçinin istifadəsində olan obyektə istədiyi vaxt və birtərəfli qaydada daxil olmaq hüququ vermir. Ərizəçi müqavilədən və ya qanundan irəli gələn konkret yoxlama və daxilolma səlahiyyətini, habelə həmin səlahiyyətin həyata keçirilməsi üçün əvvəlcədən tələb olunan şərtlərə əməl etdiyini göstərməmişdir.
29. Bu baxımdan qarşı tərəfin ərizəçini obyektə buraxmaması faktı, özü-özlüyündə, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan hüquqi riskin mövcudluğu kimi qiymətləndirilə bilməz.
30. Ərizədə cavabdehə məxsus əmlak üzərində girov hüququnun “təmin edilməsi” xahiş olunsa da, tətbiq edilməsi istənilən konkret prosessual tədbirin məzmunu müəyyən edilməmişdir.
31. Şikayətdə əmlakın siyahıya alınması, onun obyektdən çıxarılmasının və ya barəsində sərəncam verilməsinin qadağan edilməsi kimi tədbirlərin mümkünlüyünün araşdırılmadığı göstərilmişdir.
32. Lakin məhkəmənin ərizəçinin tələb etdiyi tədbirdən daha yüngül tədbir seçmək səlahiyyətinin olması həmin tədbirin tətbiqi üçün tələb olunan faktiki əsasların və ilkin sübutların mövcudluğu şərtini aradan qaldırmır.
33. Məhkəmə ərizəçinin əvəzinə təminat tədbirinin predmetini müəyyən etmək, onun tətbiq ediləcəyi əmlakı aydınlaşdırmaq və mövcudluğu sübut edilməmiş riskə uyğun tədbir formalaşdırmaq vəzifəsi daşımır.
34. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 158.4-cü maddəsinə əsasən, cavabdehin əmlakının siyahıya alınması iddia tələbi həddində aparılmalıdır. Ərizədə göstərilən 4 000 manat məbləğində tələb ilə qarşı tərəfə məxsus olduğu bildirilən, lakin tərkibi və dəyəri müəyyən edilməyən bütün əmlaka məhdudiyyət qoyulması arasında mütənasibliyin mövcudluğunu qiymətləndirmək mümkün deyil.
35. Ərizəçinin obyektdə yanğın və partlayış təhlükəsi yaradan avadanlıqların olması və qeyri-yaşayış sahəsindən yaşayış məqsədilə istifadə edilməsi barədə bildirdikləri də yalnız onun izahatından ibarətdir.
36. Həmin halların obyektə, binaya və ya üçüncü şəxslərə real və yaxın təhlükə yaratdığı, yaxud onların tələb edilən müvəqqəti təminat tədbirləri ilə aradan qaldırıla biləcəyi iş materiallarından müəyyən olunmur.
37. Ümumi və ehtimal xarakterli təhlükə barədə mülahizələr qarşı tərəfin sahiblik və istifadə hüquqlarına ciddi müdaxilə edən tədbirlərin tətbiqi üçün kifayət hesab edilə bilməz.
38. Ərizəçinin qarşı tərəfin icarə obyektindən çıxarılması barədə tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin tədbir mövcud vəziyyətin qorunmasına deyil, onun əsaslı şəkildə dəyişdirilməsinə yönəlmişdir.
39. Qarşı tərəfin obyektdən çıxarılması gələcəkdə verilməsi nəzərdə tutulan icarə münasibətlərinə xitam verilməsi və obyektin qaytarılması haqqında iddia üzrə tələb edilən nəticənin məhkəmə mübahisəsi mahiyyəti üzrə araşdırılmadan əldə olunmasına səbəb olardı.
40. Ərizəçinin “icarə obyekti üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə tələbi də ayrıca müvəqqəti təminat tədbirinin predmeti kimi hüquqi müəyyənliyə malik deyil.
41. Icarə müqaviləsinin bağlanması nəticəsində ərizəçinin obyekt üzərində mülkiyyət hüququ qarşı tərəfə keçməmiş və həmin hüquqa xitam verilməmişdir. Ərizəçinin əldə etmək istədiyi nəticə faktiki olaraq obyektin ona qaytarılmasından və qarşı tərəfin istifadə hüququna xitam verilməsindən ibarətdir.
42. Belə nəticənin müvəqqəti təminat tədbiri qaydasında əldə olunması əsas mübahisənin mahiyyəti üzrə qabaqcadan həll edilməsi ilə nəticələnər və Mülki Prosessual Məcəllənin 157.6 və 157.7-ci maddələrinin tələblərinə uyğun olmazdı.
43. Beləliklə, təqdim edilmiş materiallar gələcək iddia tələblərinin kifayət qədər əsaslılığına, qanuni girov hüququnun predmetinin mövcudluğuna, həmin hüququn itirilməsi barədə real təhlükəyə və tələb edilən tədbirlərin mütənasibliyinə dair ilkin nəticəyə gəlməyə imkan vermir.
44. Şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir.
45. Buna görə şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.