Məhkəmə qərarları › İş №e-16(3-6)-552/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-552/2026

07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-552/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4- **)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:

1. Ərizəçi ƏrizəçiAçıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh1 QSC-yə ## #### 2026-cı il tarixli bildiriş əsasında ərizəçiyə məxsus ünvan 1 ünvanında yerləşən 0,28527 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 301,9 kv.m ümumi sahədən ibarət əmlaka tutmanın yönəldilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi, E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsi və ## #### 2026-cı il tarixli bildiriş əsasında notariat orqanına icra qeydinin aparılması üçün müraciət etməyin qadağan edilməsi, notariat orqanlarına E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsi və ## #### 2026-cı il tarixli bildiriş əsasında adıçəkilən əmlaklar barəsində icra qeydinin aparılmasının qadağan edilməsi, icra qurumlarına E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsi, həmin müqavilə üzrə verilə biləcək icra qeydi və ## #### 2026-cı il tarixli bildiriş əsasında adıçəkilən əmlaklara tutmanın yönəldilməsi, həbs qoyulması, qiymətləndirilməsi, hərraca çıxarılması və ya satışı üzrə hər hansı icra hərəkəti aparılmasının qadağan edilməsi, hərrac təşkilatlarına E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsi və ## #### 2026-cı il tarixli bildiriş əsasında adıçəkilən əmlakların hərraca çıxarılması, satışı, satış elanı verilməsi və ya satış nəticələrinin rəsmiləşdirilməsinin qadağan edilməsi, daşınmaz əmlakın dövlət reyestri orqanına iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsi, ## #### 2026cı il tarixli bildiriş, həmin bildiriş əsasında verilə biləcək icra qeydi və ya hərrac sənədləri əsasında yuxarıda göstərilən daşınmaz əmlak barəsində mülkiyyət hüququnun keçməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, hərrac satışı və ya özgəninkiləşdirilməsi ilə bağlı hər hansı qeydiyyat hərəkətinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın dərhal icra edilmək üçün aidiyyəti orqanlara göndərilməsi və qərardadın təsdiq edilmiş surətinin ərizəçiyə təqdim edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən cavabdehlər cavabdeh1 QSC və cavabdeh2 MMC-yə qarşı ## #### 2026-cı il tarixli bildirişin etibarsız hesab edilməsi, E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka yüklülüyünün dövlət reyestrindən silinməsi və ## ####### 2023-cü il tarixli E-36/19- **** nömrəli sazişdən irəli gələn öhdəliklərin ərizəçiyə məxsus ipoteka predmeti hesabına təmin edilmiş öhdəlik sayılmaması barədə iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Mübahisənin predmeti ərizəçiyə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,28527 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 301,9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə üzərində cavabdeh1 QSC-nin xeyrinə qeydə alınmış ipoteka yüklülüyüdür. cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildiriş məktubu ilə ərizəçiyə müraciət edərək bildirmişdir ki, guya cavabdeh1 QSC ilə cavabdeh2 MMC arasında bağlanmış E-**/** saylı ## ###### 2019-cu il tarixli öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş E-**/**-**** saylı ## ####### 2023-cü il tarixli saziş üzrə 1 788 844 manat borc yaranmışdır və həmin borc ödənilmədiyi halda ərizəçiyə məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacaqdır. Halbuki ərizəçi ## ####### 2023-cü il tarixli E- **/**-**** nömrəli sazişin tərəfi olmamış, həmin sazişi imzalamamış, həmin saziş üzrə 2 436 000 manat məbləğində, 21,8 faiz komissiya ilə və 74 ay müddətinə nəzərdə tutulmuş öhdəliklərin özünə məxsus daşınmaz əmlakla təmin edilməsinə razılıq verməmişdir. Ərizəçinin səhmdarlarının ümumi yığıncağının ## ###### 2019-cu il tarixli qərarı ilə yalnız 12 aydan artıq olmayan müddətə, cəmi 1 400 000 manatdan artıq olmayan faizsiz borcun təminatı üçün ipoteka verilməsinə razılıq verilmişdir. E-021 №- li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndində təminat altına alınan tələb limiti 1 120 000 manat, 4.3cü bəndində isə müqavilənin 6 ay müddətinə bağlandığı göstərilmişdir. Buna baxmayaraq, cavabdeh1 QSC 2019-cu il ipotekasının hüdudlarından kənara çıxaraq 2023-cü il sazişindən yaranan, məbləği, müddəti və ödəniş yükü tamamilə fərqli olan borcu ərizəçiyə məxsus daşınmaz əmlak hesabına təmin edilmiş borc kimi təqdim edir və ipoteka predmetinə tutmanın yönəldiləcəyini bildirir. Hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi ərizəçi üçün ağır və sonradan aradan qaldırılması çətin olan nəticələrə səbəb ola bilər. Belə ki, cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildiriş əsasında aşağıdakı hərəkətləri həyata keçirə bilər: 1. ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunu başlada bilər; 2. notariat orqanına müraciət edərək icra qeydinin aparılmasını tələb edə bilər; 3. icra qeydini icra orqanına təqdim edə bilər; 4. ipoteka predmetinin hərracda satışına başlamağa cəhd edə bilər; 5. daşınmaz əmlakın dövlət reyestrində mübahisəli yüklülük əsasında sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına nail ola bilər; 6. ərizəçinin mülkiyyət hüququnun faktiki itirilməsi və ya ciddi məhdudlaşdırılması ilə nəticələnən hüquqi vəziyyət yarada bilər. Əgər bu hərəkətlər həyata keçirilərsə, iddia təmin edildiyi halda belə gələcək məhkəmə qətnaməsinin icrası çətinləşəcək və ya mümkünsüz olacaqdır. Çünki ipoteka predmeti hərraca çıxarıldıqdan, üçüncü şəxslərə satıldıqdan və ya onun barəsində yeni reyestr qeydiyyatları aparıldıqdan sonra ərizəçinin pozulmuş mülkiyyət hüquqlarının bərpası əlavə məhkəmə mübahisələri, yeni tərəflərin cəlb edilməsi və əmlakın geri qaytarılması kimi mürəkkəb hüquqi nəticələr doğuracaqdır. Müvəqqəti təminat tədbirinin tətbiqi iddianı mahiyyəti üzrə əvvəlcədən həll etmir. Əksinə, yalnız mübahisə yekun məhkəmə aktı ilə həll edilənədək mövcud vəziyyətin qorunmasına, ipoteka predmetinin mübahisəli bildiriş əsasında hərraca çıxarılmasının və özgəninkiləşdirilməsinin qarşısının alınmasına xidmət edir. Ərizəçi tərəfindən tələb olunan müvəqqəti təminat tədbirləri iddia tələblərinə tam uyğundur və mütənasibdir. İddia ərizəsində mübahisələndirilən əsas sənəd cavabdeh1 QSC-nin ## #### 2026-cı il tarixli bildirişidir. Həmin bildirişdə ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Buna görə də tələb olunan müvəqqəti təminat tədbiri məhz həmin bildiriş əsasında tutmanın yönəldilməsi, icra qeydi alınması, hərrac və reyestr hərəkətlərinin aparılmasının müvəqqəti qadağan edilməsinə yönəlmişdir. Ərizəçi cavabdehlərin bütün fəaliyyətinin dayandırılmasını, onların bank hesablarına həbs qoyulmasını və ya mübahisə predmeti ilə əlaqəsi olmayan əmlak hüquqlarının məhdudlaşdırılmasını xahiş etmir. Tələb olunan tədbirlər yalnız mübahisəli ipoteka predmeti və yalnız ## #### 2026-cı il tarixli bildiriş əsasında mümkün tutma proseduru ilə məhdudlaşır. Bu baxımdan, tələb olunan tədbirlər: 1. iddia tələbləri ilə birbaşa əlaqəlidir; 2. mübahisənin predmetini qorumağa yönəlib; 3. cavabdehlərin hüquqlarını lüzumsuz məhdudlaşdırmır; 4. iş mahiyyəti üzrə həll edilənədək status-kvonu qoruyur; 5. gələcək məhkəmə qətnaməsinin real icrasını təmin edir; 6. ərizəçinin mülkiyyət hüququna qanunsuz müdaxilənin qarşısını alır. Hazırkı işdə cavabdeh cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildiriş əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamaq niyyətində olduğunu açıq şəkildə bildirmişdir. Bu isə mübahisə predmeti olan daşınmaz əmlakın hüquqi statusunun dəyişdirilməsi, hərraca çıxarılması və ya özgəninkiləşdirilməsi riskini yaradır. Bu səbəbdən, cavabdeh1 QSC-yə, notariat orqanlarına, icra qurumlarına, hərrac təşkilatına və daşınmaz əmlakın dövlət reyestri orqanına mübahisəli bildiriş əsasında hər hansı icra, hərrac və qeydiyyat hərəkəti aparılmasının qadağan edilməsi qanuni, zəruri və mütənasib tədbirdir. ## #### 2026-cı il tarixli bildirişdə borcun 21 gün müddətində ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Bu müddətin keçməsi və ya keçmək üzrə olması nəzərə alındıqda, cavabdeh1 QSC hər an notariat orqanına, icra qurumuna və ya hərrac təşkilatına müraciət edə bilər. Bu səbəbdən ərizəyə təxirə salınmadan, ayrıca icraat qaydasında baxılması və müvəqqəti təminat tədbiri barədə qərardadın dərhal icra edilmək üçün aidiyyəti orqanlara göndərilməsi zəruridir.

3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Belə ki, mülki məhkəmə icraatındakı əsas prinsip ondan ibarətdir ki, ərizəçilər öz hüquqlarının iddia icraatı qaydasında qorumalıdırlar, çünki müvəqqəti təminat tədbirləri şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir edir.

5. Ərizəçi ASC qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi özü açıq şəkildə qəbul etmişdir ki, Ərizəçi ASC ## #### 2026-cı il tarixli bildirişi qanunla müəyyən edilmiş 21 günlük müddət daxilində məhkəmədə mübahisələndirmişdir. Məhkəmə həmçinin qəbul etmişdir ki, belə olan halda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsi ipoteka və notariat qanunvericiliyinə əsasən mümkün deyildir. Lakin məhkəmə həmin nəticədən “icra qeydinin qadağan edilməsinə ehtiyac yoxdur” qənaətinə gəlmişdir. Bu yanaşma mahiyyətcə ziddiyyətlidir. Əgər məhkəmə qəbul edirsə ki, icra qeydi qanunla mümkün deyil, o halda bu hüquqi vəziyyətin faktiki olaraq təmin edilməsi, notariat orqanlarının, icra qurumlarının, hərrac təşkilatlarının və reyestr orqanının həmin mübahisəli sənədlər əsasında hərəkət etməsinin qarşısının alınması müvəqqəti təminat tədbirinin tətbiqini daha da zəruri edir. Müvəqqəti təminat tədbiri qanunun formal olaraq mövcud olan qadağasını təkrarlamaq üçün deyil, həmin qadağanın pozulması nəticəsində ərizəçinin hüquqlarının real təhlükə altına düşməsinin qarşısını almaq üçün tətbiq edilir. Məhkəmə isə, əksinə, qanunun qadağanını ərizəçinin müdafiə vasitəsinə çevirmək əvəzinə, ərizəçinin müdafiəsiz qalması üçün əsas kimi istifadə etmişdir. cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildirişdə açıq şəkildə bildirmişdir ki, borc ödənilmədiyi halda, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacaqdır. Bu, ehtimal və ya fərziyyə deyil, cavabdehin yazılı və rəsmi formada ifadə etdiyi niyyətdir. İpoteka predmetinə tutmanın yönəldilməsi proseduru öz mahiyyətinə görə notarial icra qeydi, icra icraatı, qiymətləndirmə, hərrac və dövlət reyestrində qeydiyyat dəyişiklikləri ilə nəticələnə bilən ardıcıl hüquqi mexanizmdir. Bu mexanizm işə düşərsə, əmlakın statusu dəyişə, üçüncü şəxslərin hüquqları yarana, mübahisəli daşınmaz əmlak hərraca çıxarıla və ya satıla bilər. Belə halda gələcəkdə iddia təmin edilsə belə, Ərizəçi ASC-nin pozulmuş hüquqlarının bərpası son dərəcə çətinləşəcək, əlavə məhkəmə mübahisələri, üçüncü şəxslərin cəlb edilməsi, qeydiyyatların ləğvi və əmlakın geri qaytarılması kimi mürəkkəb hüquqi nəticələr yaranacaqdır. MPM-in 157.2-ci maddəsinin məqsədi məhz belə halların qarşısını almaqdır. Müvəqqəti təminat tədbiri yalnız zərər artıq baş verdikdən sonra deyil, hüquqların qorunması və bərpası əhəmiyyətli dərəcədə çətinləşməmişdən əvvəl tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi bu real təhlükəni düzgün qiymətləndirməmişdir. Ərizəçi ASC-nin ərizəsi yalnız notariat icra qeydinin qadağan edilməsindən ibarət deyildi. Ərizədə cavabdeh1 QSC-yə, notariat orqanlarına, icra qurumlarına, hərrac təşkilatlarına və daşınmaz əmlakın dövlət reyestri orqanına yönəlmiş bir neçə ayrı müvəqqəti təminat tədbiri tələb edilmişdir. Lakin məhkəmə faktiki olaraq yalnız icra qeydinin aparılması məsələsini təhlil etmiş, ərizənin qalan hissəsi barədə isə sadəcə “təcili ehtiyac mövcud deyildir” kimi ümumi və əsaslandırılmamış cümlə ilə kifayətlənmişdir. Məhkəmə aşağıdakı məsələləri ayrıca qiymətləndirməmişdir: 1. cavabdeh1 QSC-nin tutmanın yönəldilməsi proseduruna başlamaq niyyətini; 2. cavabdehin notariat orqanına müraciət etməsi riskini; 3. notarial icra qeydinin, qanunsuz da olsa, aparılması ehtimalını; 4. icra qurumlarında icra icraatının başlanılması riskini; 5. mübahisəli əmlaka həbs qoyulması riskini; 6. qiymətləndirmə və hərrac prosedurlarının başlanılması ehtimalını; 7. hərrac nəticəsində üçüncü şəxslərin hüquqlarının yaranması riskini; 8. daşınmaz əmlakın dövlət reyestrində hüquqi nəticə doğuran qeydiyyat hərəkətlərinin aparılması riskini; 9. gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi ehtimalını. Beləliklə, qərardad ərizənin bütün tələblərini tam, hərtərəfli və əsaslandırılmış şəkildə araşdırmadan qəbul edilmişdir. MPM-in 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Hazırkı iş üzrə belə ilkin sübutlar mövcuddur və məhkəməyə təqdim edilmişdir. Birincisi, E-*** №-li ## ###### 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndində təminat altına alınan tələb limiti 1 120 000 manat müəyyən edilmişdir. İkincisi, həmin müqavilənin 4.3-cü bəndində müqavilənin 6 ay müddətinə bağlandığı göstərilmişdir. Üçüncüsü, Ərizəçi ASC səhmdarlarının ## ###### 2019-cu il tarixli ümumi yığıncaq qərarında yalnız 12 aydan artıq olmayan müddətə, 1 400 000 manatdan artıq olmayan faizsiz borcun təminatı üçün ipoteka verilməsinə razılıq verilmişdir. Dördüncüsü, cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildirişdə artıq 2019-cu il şərtlərinə deyil, ərizəçinin xəbəri olmadan bağlanılan ## ####### 2023-cü il tarixli E-**/**-**** nömrəli sazişdən irəli gələn 1 788 844 manatlıq borca istinad edir. Beşincisi, həmin 2023-cü il sazişi üzrə öhdəliklər 2 436 000 manat məbləğində, 21,8 faiz komissiya ilə və 74 ay müddətinə nəzərdə tutulmuşdur. Altıncısı, Ərizəçi ASC həmin 2023-cü il sazişinin tərəfi olmamış, həmin sazişi imzalamamış və həmin saziş üzrə öhdəliklərin özünə məxsus daşınmaz əmlakla təmin edilməsinə razılıq verməmişdir. Bu hallar iddia tələbinin ilkin əsaslılığına dair kifayət qədər ciddi sübutların mövcud olduğunu göstərir. Birinci instansiya məhkəməsi bu sübutların hüquqi əhəmiyyətini qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tələb olunan müvəqqəti təminat tədbirləri iddianın mahiyyəti üzrə əvvəlcədən həll edilməsi demək deyil. Ərizəçi ASC cavabdehlərin bank hesablarına həbs qoyulmasını, onların fəaliyyətinin dayandırılmasını, əmlaklarının bloklanmasını və ya mübahisə predmeti ilə bağlı olmayan hüquqlarının məhdudlaşdırılmasını xahiş etməmişdir. Tələb olunan tədbirlər yalnız aşağıdakılarla məhdudlaşır: 1. konkret E-*** №-li ipoteka müqaviləsi; 2. konkret ## #### 2026-cı il tarixli bildiriş; 3. konkret ipoteka predmeti; 4. konkret tutma, icra, hərrac və qeydiyyat hərəkətləri; 5. yalnız iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək olan müddət. Belə tədbirlər cavabdehlərin hüquqlarını lüzumsuz məhdudlaşdırmır, yalnız statuskvonu qoruyur və gələcək məhkəmə qətnaməsinin real icrasını təmin edir. MPM-in 157-ci maddəsinin mahiyyətinə görə müvəqqəti təminat tədbiri iddia tələbi ilə əlaqəli, zəruri və mütənasib olmalıdır. Hazırkı işdə tələb olunan tədbirlər tam mütənasibdir. Çünki Ərizəçi ASC yalnız mübahisəli bildiriş əsasında, mübahisəli ipoteka predmeti üzrə və yalnız məhkəmə mübahisəsi başa çatanadək hüquqi nəticə doğuran hərəkətlərin dayandırılmasını xahiş etmişdir. Bu tədbirlər tətbiq edilərsə, cavabdehlər heç bir real hüquqdan məhrum olmurlar. Onlar əsas iş üzrə öz mövqelərini müdafiə etmək, sübut təqdim etmək, iddiaya etiraz vermək və məhkəmə aktından şikayət etmək hüquqlarını saxlayırlar. Əksinə, müvəqqəti təminat tədbiri tətbiq edilməzsə, Ərizəçi ASC-nin mülkiyyət hüququ, məhkəmə müdafiəsi hüququ və gələcək məhkəmə qətnaməsinin icrası real təhlükə altında qalır. Beləliklə, tədbirin tətbiq edilməməsinin Ərizəçi ASC üçün doğuracağı zərər, tədbirin tətbiqinin cavabdehlər üçün doğura biləcəyi hər hansı müvəqqəti məhdudiyyətdən qat-qat ağırdır. Məhkəmə müdafiəsi hüququ yalnız iddia ərizəsinin qəbul edilməsi ilə məhdudlaşmır. Məhkəmə müdafiəsi effektiv olmalı, gələcək məhkəmə aktının real icrasını təmin etməlidir. Əgər mübahisəli əmlak məhkəmə baxışı davam etdiyi müddətdə icra qeydi, icra hərəkətləri, hərrac və ya reyestr qeydiyyatı nəticəsində üçüncü şəxslərə keçərsə, gələcəkdə iddia təmin olunsa belə, məhkəmə müdafiəsi formal xarakter daşıyacaqdır. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi hazırkı işdə yalnız mümkün deyil, zəruridir. Birinci instansiya məhkəməsi isə ərizəçinin hüquqlarının sonradan bərpasının necə təmin ediləcəyini, əmlak satılacağı halda gələcək qətnamənin necə icra olunacağını və üçüncü şəxslərin hüquqları yarandığı halda hansı hüquqi nəticələrin baş verəcəyini qiymətləndirməmişdir. Bu da qərardadın əsaslandırılmamış olduğunu göstərir. Birinci instansiya məhkəməsinin əsas hüquqi səhvi ondan ibarətdir ki, məhkəmə “icra qeydi qanunla mümkün deyil” nəticəsini “müvəqqəti təminat tədbirinə ehtiyac yoxdur” kimi qiymətləndirmişdir. Halbuki düzgün hüquqi nəticə əksinə olmalı idi: 1. tutmanın yönəldilməsi barədə bildiriş 21 günlük müddətdə məhkəmədə mübahisələndirilib; 2. bu səbəbdən icra qeydi qanunla mümkün deyil; 3. deməli, həmin qanuni vəziyyətin pozulmaması üçün notariat, icra, hərrac və reyestr orqanları qarşısında müvəqqəti qadağalar müəyyən edilməlidir; 4. belə qadağalar yalnız status-kvonu qoruyur və mübahisə başa çatanadək əmlakın hüquqi taleyinin dəyişməsinin qarşısını alır. Birinci instansiya məhkəməsi bu sadə hüquqi məntiqi düzgün tətbiq etməyərək ərizəçinin müdafiəsiz qalması üçün əsas kimi istifadə etmişdir. Məhkəmə müdafiəsi hüququ yalnız iddia ərizəsinin qəbul edilməsi ilə məhdudlaşmır. Məhkəmə müdafiəsi effektiv olmalı, gələcək məhkəmə aktının real icrasını təmin etməlidir. Əgər mübahisəli əmlak məhkəmə baxışı davam etdiyi müddətdə icra qeydi, icra hərəkətləri, hərrac və ya reyestr qeydiyyatı nəticəsində üçüncü şəxslərə keçərsə, gələcəkdə iddia təmin olunsa belə, məhkəmə müdafiəsi formal xarakter daşıyacaqdır. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi hazırkı işdə yalnız mümkün deyil, zəruridir. Birinci instansiya məhkəməsi isə ərizəçinin hüquqlarının sonradan bərpasının necə təmin ediləcəyini, əmlak satılacağı halda gələcək qətnamənin necə icra olunacağını və üçüncü şəxslərin hüquqları yarandığı halda hansı hüquqi nəticələrin baş verəcəyini qiymətləndirməmişdir. Bu da qərardadın əsaslandırılmamış olduğunu göstərir. Məhkəmə qərardadda Ərizəçi ASC-nin ## #### 2026cı il tarixli bildirişi aldıqdan sonra 21 gün ərzində — ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Lakin məhkəmə bildirişin ərizəçi tərəfindən faktiki olaraq hansı tarixdə alındığını, 21 təqvim günlük müddətin hansı tarixdə başlandığını və hansı tarixdə bitdiyini dəqiq müəyyən etməmişdir. Bu hal iş üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki müvəqqəti təminat tədbirinin təcili tətbiqinə ehtiyac məhz 21 günlük müddətin bitməsi və həmin müddətdən sonra cavabdeh1 QSC-nin tutmanın yönəldilməsi proseduruna başlaya bilməsi ehtimalı ilə bağlı idi. Məhkəmə bu tarixləri dəqiq müəyyən etmədən “təcili ehtiyac yoxdur” nəticəsinə gəlmişdir ki, bu da əsassızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilər. HəminQanunun 38.1-ci maddəsinə görə isə yalnız bu müddətdə məhkəməyə şikayət edilmədikdə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi mümkündür. Hazırkı işdə Ərizəçi ASC bildirişi aldıqdan sonra 19-cu təqvim günü məhkəməyə müraciət etmişdir. Deməli, ## #### 2026-cı il tarixli bildiriş əsasında icra qeydi aparılması qanunla mümkün deyildir. Məhkəmə bu hüquqi nəticəni qərardadda qeyd etsə də, onun praktiki və prosessual əhəmiyyətini düzgün qiymətləndirməmişdir. Əgər icra qeydinin verilməsi qanunla mümkün deyildirsə, bu hal müvəqqəti təminat tədbirinin tətbiqini istisna etməli deyil, əksinə, həmin qanuni vəziyyətin qorunması üçün müvəqqəti qadağaların tətbiqini zəruri etməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 21 günlük müddətdə məhkəməyə müraciət edildiyinə görə icra qeydinin verilməsi mümkün deyil və buna görə də icra qeydinin verilməsinin qadağan edilməsinə ehtiyac yoxdur. Bu nəticə faktiki halların natamam araşdırılmasına əsaslanır. Məhkəmə aydınlaşdırmamışdır ki: 1. notariat orqanları Bakı Kommersiya Məhkəməsində bu işin mövcudluğundan xəbərdardırmı; 2. cavabdeh1 QSC-nin notariat orqanına müraciət etməsi ehtimalı mövcuddurmu; 3. belə müraciət edildiyi halda notariat orqanı iddianın 21 günlük müddətdə verildiyini biləcəkmi; 4. icra qeydi qanunsuz olsa belə, onun faktiki olaraq verilməsi ehtimalı tam istisna edilirmi; 5. qanunsuz icra qeydi verildiyi halda onun icra qurumlarına təqdim edilməsi və əmlak üzrə hüquqi nəticələr yaratması mümkündürmü. Məhkəmə bu halları aydınlaşdırmadan icra qeydi riskinin olmadığını hesab etmişdir. cavabdeh1 QSC ## #### 2026-cı il tarixli bildirişdə açıq şəkildə bildirmişdir ki, borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacaqdır. Bu, mücərrəd ehtimal deyil, cavabdehin yazılı formada ifadə etdiyi konkret niyyətdir. Məhkəmə aşağıdakı halları araşdırmamışdır: 1. cavabdeh1 QSC artıq notariat orqanına müraciət edibmi; 2. cavabdeh1 QSC 21 günlük müddət bitdikdən sonra icra qeydi alınması üçün hərəkətə keçə bilərmi; 3. cavabdeh1 QSC icra qeydi, hərrac, qiymətləndirmə və reyestr hərəkətlərinə başlamaq üçün hər hansı hazırlıq görübgörməyib; 4. cavabdehin bildirişdə göstərdiyi niyyət real təhlükə kimi qiymətləndirilməlidirmi. Bu hallar aydınlaşdırılmadan müvəqqəti təminat tədbirinin tətbiqinə təcili ehtiyac olmadığı nəticəsinə gəlinməsi əsassızdır. Ərizə yalnız notariat icra qeydinin qadağan edilməsinə dair deyildi. Ərizəçi ASC məhkəmədən aşağıdakıların da qadağan edilməsini xahiş etmişdi: 1. cavabdeh1 QSC-nin tutmanın yönəldilməsi ilə bağlı hərəkətlər etməsi; 2. icra qurumlarının icra icraatına başlaması; 3. qiymətləndirmə aparılması; 4. hərraca çıxarılma; 5. satışa hazırlıq hərəkətləri; 6. hərrac nəticələrinin rəsmiləşdirilməsi; 7. daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun keçməsi və digər qeydiyyat hərəkətləri. Məhkəmə isə əsaslandırmanı faktiki olaraq yalnız icra qeydinin mümkün olub-olmaması üzərində qurmuş, digər təminat tədbirlərinin hər biri üzrə ayrıca faktiki və hüquqi qiymətləndirmə aparmamışdır. Bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm olan faktiki halların aydınlaşdırılmadığını göstərir. Mübahisəli ipoteka predmeti Ərizəçi ASC-yə məxsus daşınmaz əmlakdır. Bu əmlaka tutmanın yönəldilməsi, onun hərraca çıxarılması və ya satılması halında üçüncü şəxslərin hüquqları yarana bilər. Belə halda iddia sonradan təmin edilsə belə, qətnamənin icrası əhəmiyyətli dərəcədə çətinləşəcək və ya faktiki olaraq mümkünsüz olacaqdır. Çünki əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması əlavə məhkəmə mübahisələri, reyestr qeydiyyatlarının ləğvi, hərrac nəticələrinin mübahisələndirilməsi və üçüncü şəxslərin prosesə cəlb edilməsi kimi mürəkkəb nəticələr doğuracaqdır. Məhkəmə bu riski ayrıca qiymətləndirməmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, cavabdeh1 QSC-nin istinad etdiyi ## ####### 2023-cü il tarixli saziş:

1. E-*** №-li ipoteka müqaviləsinin predmetinə daxildirmi; 2. həmin saziş üzrə öhdəliklərin ipoteka ilə təmin olunması üçün Ərizəçi ASC-nin ayrıca razılığı olubmu; 3. ipoteka müqaviləsinə notarial qaydada dəyişiklik edilibmi; 4. əlavə dövlət qeydiyyatı aparılıbmı; 5. 2023-cü il sazişi 2019-cu il ipotekasının məbləğ, müddət və faizsiz borc hədlərini aşırmı. Bu hallar müvəqqəti təminat tədbirinin tətbiqi üçün mühüm idi. Çünki əgər bildiriş ipoteka ilə təmin edilməmiş öhdəliyə əsaslanırsa, tutma prosedurunun qarşısı müvəqqəti qaydada dərhal alınmalıdır. Ərizəçi ASC cavabdehlərin bütün fəaliyyətinin dayandırılmasını, onların bank hesablarına həbs qoyulmasını və ya mübahisə predmeti ilə əlaqəsi olmayan hüquqlarının məhdudlaşdırılmasını xahiş etməmişdir. Məhkəmə bu məhdudiyyətlərin cavabdehlərin hüquqlarına qeyri-mütənasib müdaxilə olub-olmadığını araşdırmamış, tələb olunan tədbirlərin yalnız status-kvonu qorumağa yönəldiyini nəzərə almamışdır. Müvəqqəti təminat tədbiri tətbiq edilsə, cavabdeh1 QSC yalnız məhkəmə mübahisəsi yekunlaşanadək tutma prosedurunu həyata keçirə bilməyəcəkdir. Bu, müvəqqəti və məhdud xarakterli məhdudiyyətdir. Əksinə, tədbir tətbiq edilməzsə, Ərizəçi ASC-yə məxsus daşınmaz əmlakın hərraca çıxarılması, satılması və üçüncü şəxslərə keçməsi riski yaranır. Məhkəmə bu iki nəticəni müqayisə etməmiş, hansı zərərin daha ağır və bərpası çətin olduğunu qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi ərizənin qalan hissəsi barədə “hazırda hər hansı təcili ehtiyac mövcud deyildir” ifadəsi ilə kifayətlənmişdir. Lakin məhkəmə göstərməmişdir: 1. niyə ## #### 2026-cı il tarixli bildiriş real təhlükə sayılmır; 2. niyə 21 günlük müddətin bitməsi təcili risk yaratmır; 3. niyə cavabdeh1 QSC-nin tutma proseduruna başlamaq niyyəti nəzərə alınmır; 4. niyə notariat, icra, hərrac və reyestr hərəkətləri ehtimalı aşağı qiymətləndirilir; 5. niyə statuskvonun qorunmasına ehtiyac yoxdur. Bu səbəbdən “təcili ehtiyac yoxdur” nəticəsi faktiki hallar üzərində deyil, formal ehtimal üzərində qurulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən iş üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: 1. bildirişin alınma tarixi və 21 günlük müddətin dəqiq hesablanması; 2. 21 günlük müddətdə məhkəməyə müraciətin tutma proseduruna təsiri; 3. cavabdeh1 QSCnin tutma proseduruna başlamaq üzrə real niyyəti və faktiki hərəkətləri; 4. notariat icra qeydi riskinin faktiki mövcudluğu; 5. icra, hərrac və reyestr hərəkətləri riskinin mövcudluğu; 6. iddia tələbinin ilkin əsaslılığına dair təqdim edilmiş sübutların hüquqi əhəmiyyəti; 7. 2023-cü il sazişinin E-021 ipotekası ilə təmin olunub-olunmaması; 8. mübahisəli əmlakın özgəninkiləşdirilməsi halında gələcək qətnamənin icrasının çətinləşməsi; 9. tələb olunan tədbirlərin iddia predmeti ilə əlaqəsi; 10. tələb olunan tədbirlərin mütənasibliyi; 11. ərizəçinin mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının effektiv qorunması zərurəti. Bu hallar aydınlaşdırılmadan müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilməsi qanunsuz və əsassızdır. Məhkəmə icra qeydinin qanunla mümkün olmadığını özü qəbul edir, lakin həmin qanuni vəziyyətin faktiki qorunması üçün heç bir təminat tədbiri tətbiq etmir. Bu, qərardadın daxili ziddiyyətidir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı həm də ona görə qanunsuz və əsassızdır ki, məhkəmə iş üçün mühüm əhəmiyyət daşıyan bir sıra halları sübut olunmuş kimi qəbul etmiş, lakin həmin halların mövcudluğu iş materialları ilə təsdiq edilməmişdir. Məhkəmə faktiki olaraq aşağıdakı halları sübut edilmiş kimi qəbul etmişdir: 1. icra qeydinin aparılması riskinin mövcud olmadığı; 2. icra qeydinin qanunla mümkün olmamasının ərizəçinin hüquqlarını artıq kifayət qədər qoruduğu;

3. notariat orqanının, icra qurumlarının, hərrac təşkilatlarının və daşınmaz əmlakın dövlət reyestri orqanının mübahisəli sənədlər əsasında hərəkət etməyəcəyi; 4. ərizənin qalan hissəsi üzrə təcili ehtiyacın olmadığı; 5. müvəqqəti təminat tədbiri tətbiq edilmədən də ərizəçinin hüquqlarının qorunmasının və ya bərpasının mümkün olacağı; 6. gələcək məhkəmə aktının icrasının çətinləşməyəcəyi; 7. cavabdeh1 QSC-nin tutmanın yönəldilməsi proseduruna başlamaq niyyətinin real təhlükə yaratmadığı. Lakin bu halların heç biri iş materialları ilə sübut edilməmişdir. Birinci instansiya məhkəməsi qərardadda ərizənin qalan hissəsi barədə “hazırda hər hansı təcili ehtiyac mövcud deyildir” nəticəsinə gəlmişdir. Qanun icra qeydinin verilməsini mümkün saymasa da, müvəqqəti təminat tədbirinin məqsədi məhz belə qanunsuz və ya səhv hüquqi hərəkətin qarşısını əvvəlcədən almaqdır. Məhkəmə isə “qanunla mümkün deyil” nəticəsini “faktiki təhlükə yoxdur” nəticəsi ilə eyniləşdirmişdir. Bu halda “faktiki təhlükə yoxdur” nəticəsi iş materialları ilə sübut olunmamışdır. Məhkəmə icra qeydinin verilməsi riskinin mövcud olmadığını qəbul edərkən faktiki olaraq belə bir ehtimaldan çıxış etmişdir ki, notariat orqanları məhkəməyə müraciət edildiyini və iddianın icraata qəbul olunduğunu biləcəklər. Lakin iş materiallarında Bakı şəhəri * saylı notariat ofisinin və ya hər hansı digər notariat orqanının Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli işi barədə məlumatlandırıldığını təsdiq edən sübut yoxdur. Notariat orqanı məhkəmə işindən xəbərsiz olduğu halda cavabdeh1 QSC-nin təqdim etdiyi sənədlər əsasında icra qeydi aparılması riski real olaraq qalır. Məhkəmə bu riskin olmadığını sübut edən heç bir sənədə istinad etməmişdir. Ərizədə yalnız notariat icra qeydi deyil, həm də icra qurumlarının icra icraatına başlaması, ipoteka predmetinə tutma yönəltməsi, həbs qoyması, qiymətləndirmə və hərrac prosedurlarına başlaması riskləri göstərilmişdir. Məhkəmə bu riskləri rədd etmiş, lakin icra qurumlarının hazırkı məhkəmə mübahisəsindən xəbərdar olduğunu və həmin sənədlər əsasında icra hərəkətləri aparmayacağını təsdiq edən heç bir sübuta istinad etməmişdir. İş materiallarında Nizami Rayon İcra Şöbəsinin, Nərimanov Rayon İcra Şöbəsinin və ya digər aidiyyəti icra qurumlarının bu mübahisə barədə rəsmi məlumatlandırıldığını təsdiq edən sübut yoxdur. Belə olan halda icra hərəkətlərinin başlanılmayacağı barədə məhkəmənin faktiki qənaəti sübut olunmamışdır. Əgər icra qeydi və ya digər icra sənədi qanunsuz da olsa əldə edilərsə, həmin sənəd əsasında üçüncü şəxslərin hüquqları yarana və gələcək məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Məhkəmə bu təhlükənin mövcud olmadığını sübut edən hər hansı fakt müəyyən etməmişdir. Ərizədə daşınmaz əmlakın dövlət reyestri orqanına E-*** №-li ipoteka müqaviləsi, ## #### 2026-cı il tarixli bildiriş, icra qeydi, icra sənədi və ya hərrac sənədləri əsasında mübahisəli daşınmaz əmlak üzrə mülkiyyət hüququnun keçməsi, hərrac satışı və digər hüquqi nəticə doğuran qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi xahiş edilmişdir. Məhkəmə bu tələbi də rədd etmiş, lakin reyestr orqanının belə qeydiyyat hərəkətləri aparmayacağını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Əmlakın reyestrdə başqa şəxsin adına rəsmiləşdirilməsi baş verərsə, iddia sonradan təmin edilsə belə, əvvəlki hüquqi vəziyyətin bərpası mürəkkəbləşəcəkdir. Məhkəmə bu halın baş verməyəcəyini sübuta yetirən heç bir fakt müəyyən etməmişdir. Əksinə, iş materiallarında cavabdeh1 QSC-nin tutma proseduruna başlamaq niyyətini açıq göstərən ## #### 2026-cı il tarixli bildiriş mövcuddur. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri tətbiq etmədən də ərizəçinin hüquqlarının qorunmasının mümkün olacağı nəticəsinə gəlmişdir. Lakin məhkəmə bu nəticəni təsdiq edən heç bir sübut göstərməmişdir. Əksinə, əgər mübahisəli əmlak tutmanın yönəldilməsi, hərrac və reyestr qeydiyyatı nəticəsində üçüncü şəxslərə keçərsə: 1. gələcək qətnamənin icrası əhəmiyyətli dərəcədə çətinləşəcək; 2. yeni məhkəmə mübahisələri yaranacaq; 3. hərrac nəticələrinin ləğvi tələb olunacaq; 4. reyestr qeydiyyatlarının ləğvi məsələsi ortaya çıxacaq; 5. üçüncü şəxslərin hüquqları yaranacaq; 6. əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması faktiki və hüquqi baxımdan çətinləşəcək. Məhkəmə bu nəticələrin baş verməyəcəyini təsdiq edən hər hansı sübut müəyyən etməmişdir. Məhkəmə icra qeydinin qanunla mümkün olmamasını müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirmişdir. Lakin qanunla müəyyən edilmiş qadağanın mövcudluğu həmin qadağanın faktiki olaraq pozulmayacağını sübut etmir. Əgər qanunla qadağanın mövcudluğu müvəqqəti təminat tədbirini istisna etsəydi, MPM-in müvəqqəti təminat tədbirləri institutu praktik əhəmiyyətini itirərdi. Çünki müvəqqəti təminat tədbirləri məhz hüquqi vəziyyətin pozulması, əmlakın özgəninkiləşdirilməsi və gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmənin “icra qeydi qanunla mümkün deyil, buna görə qadağaya ehtiyac yoxdur” nəticəsi sübut olunmuş faktlara deyil, yanlış hüquqi ehtimala əsaslanır. Məhkəmə qərardadda ümumi şəkildə qeyd etmişdir ki, şəxslər hüquqlarını əsasən iddia icraatı qaydasında qorumalıdırlar və müvəqqəti təminat tədbirləri yekun hüquq vermir. Bu ümumi yanaşma hazırkı işin hallarına uyğun tətbiq edilməmişdir. Hazırkı işdə iddia icraatı təkbaşına kifayət etmir, çünki iddia baxılana qədər mübahisəli əmlakın hüquqi vəziyyəti dəyişə bilər. Əmlak hərraca çıxarılsa, satılsa və reyestrdə başqa şəxsin adına rəsmiləşdirilsə, sonradan iddia təmin edilsə belə, Ərizəçi ASC-nin hüquqlarının bərpası əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Deməli, işin halları iddia icraatının müvəqqəti təminat tədbiri olmadan kifayət etmədiyini göstərir. Məhkəmənin bunun əksinə gəldiyi nəticə işin hallarına uyğun deyildir. cavabdeh1 QSC passiv kreditor kimi davranmamışdır. O, artıq Ərizəçi ASC-yə ## #### 2026cı il tarixli bildiriş göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlayacağını bildirmişdir. Bu fakt göstərir ki, cavabdehin niyyəti realdır və mübahisəli əmlakla bağlı hüquqi hərəkətlərin başlanılması təhlükəsi mövcuddur. Məhkəmənin “təcili ehtiyac yoxdur” nəticəsi isə cavabdehin bu faktiki davranışına uyğun gəlmir. Əgər cavabdeh artıq tutmanın yönəldilməsi barədə bildiriş göndəribsə, bu, müvəqqəti təminat tədbiri üçün kifayət qədər real təhlükədir. Məhkəmə həmin təhlükəni nəzərə almadan qərardad qəbul etmişdir. Hazırkı işdə əsas iddia təmin edilərsə, məhkəmə ## #### 2026-cı il tarixli bildirişin etibarsız olduğunu, həmin bildirişin tutma üçün hüquqi nəticə yaratmadığını, ipoteka müqaviləsinə xitam verilməli olduğunu və ya 2023-cü il sazişindən irəli gələn borcun E-021 ipotekası ilə təmin edilmədiyini müəyyən edə bilər. Lakin məhkəmə baxışı davam etdiyi müddətdə əmlaka tutma yönəldilərsə, hərrac keçirilərsə və reyestrdə mülkiyyət hüququ dəyişdirilərsə, gələcək məhkəmə aktının icrası əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Məhkəmənin müvəqqəti təminat tədbirindən imtina etməsi bu real icra zərurətinə uyğun deyil.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12.Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 13.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 14.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

15. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

16. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

17. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

18. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.

19. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

20. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin, həmin Qərarda izah edilmişdir ki, müvəqqəti təminat tədbirləri müstəsna prosessual vasitə olmaqla, onların tətbiqi zərurəti konkret faktlarla əsaslandırılmalı, məhkəmə isə həm iddia tələbinin ilkin əsaslılığını, həm də gələcək məhkəmə aktının icrasına real təhlükənin mövcudluğunu qiymətləndirməlidir. Təminat tədbirinin tətbiqi iddianın mahiyyəti üzrə əvvəlcədən nəticəyə gəlmək kimi qiymətləndirilə bilməz.

23. Yuxarıda sadalanan normalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız tərəflər arasında mübahisənin mövcudluğu, iddianın icraata qəbul edilməsi və ya gələcəkdə ərizəçinin əleyhinə müəyyən hərəkətlərin edilə bilməsi ehtimalı kifayət etmir. Ərizəçi mövcud vəziyyətin dəyişməsi təhlükəsinin real və konkret xarakter daşıdığını, habelə tələb edilən tədbir görülmədiyi halda hüquqlarının sonradan qorunmasının və ya bərpasının mümkünsüz, yaxud əhəmiyyətli dərəcədə çətin olacağını əsaslandırmalıdır.

24. Hazırkı halda ərizəçinin əsaslandırması cavabdeh1 QSC-nin ## #### 2026-cı il tarixli bildirişinə söykənir. Həmin bildirişdə borcun ödənilməyəcəyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Bununla əlaqədar ərizəçi gələcəkdə notariat icra qeydinin aparılması, icra icraatının başlanılması, əmlakın qiymətləndirilməsi və hərraca çıxarılması, habelə son nəticədə üçüncü şəxslərin hüquqlarının yaranması ehtimalını irəli sürür.

25. Lakin kollegiya hesab edir ki, sadalanan hallar müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini təsdiq etmir.

26. İş materiallarından müəyyən olunur ki, ərizəçi ## #### 2026-cı il tarixli bildirişi qanunla müəyyən edilmiş 21 günlük müddət ərzində məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi də məhz həmin halı nəzərə alaraq ipoteka və notariat qanunvericiliyinin tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin aparılmasının mümkün olmadığı nəticəsinə gəlmişdir.

27. Şikayətin əsas dəlillərindən biri bundan ibarətdir ki, icra qeydinin verilməsinin qanunla mümkün olmaması müvəqqəti təminat tədbirinə ehtiyacı aradan qaldırmır, əksinə, həmin hüquqi vəziyyətin faktiki qorunması üçün müvafiq qadağaların tətbiqini zəruri edir.

28. Kollegiya ərizəçinin bu dəlili ilə razılaşmır.

29. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri qanunvericiliyin tələblərinə gələcəkdə əməl edilməməsi ehtimalından sığortalanma vasitəsi deyildir. Qanunvericilik müəyyən hərəkətin həyata keçirilməsini mövcud hüquqi vəziyyətdə istisna etdiyi halda, səlahiyyətli dövlət orqanlarının qanunun tələblərinə əməl etməyəcəkləri barədə konkret faktlara əsaslanan məlumatlar olmadan eyni qadağanın məhkəmə aktı ilə əlavə olaraq müəyyən edilməsi MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş zərurət meyarından irəli gəlmir.

30. Əks yanaşma faktiki olaraq hər bir halda dövlət orqanlarının gələcəkdə qanunvericiliyə zidd hərəkət edə biləcəyi ehtimalının müvəqqəti təminat tədbirinin tətbiqi üçün yetərli sayılması ilə nəticələnərdi. Bu isə müvəqqəti təminat institutunun xarakteri ilə uzlaşmazdı.

31. Şikayətdə həmçinin göstərilir ki, cavabdeh1 QSC tutmanın yönəldilməsi niyyətini artıq rəsmi bildirişlə ifadə etdiyindən təhlükə real xarakter daşıyır.

32. Kollegiya nəzərə alır ki, bildiriş cavabdehin müəyyən hüquqi prosedura başlamaq niyyətini ifadə edə bilər. Lakin niyyətin mövcudluğu ilə MPM-in 157.2-ci maddəsinin tələb etdiyi mənada ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsi eyniləşdirilə bilməz.

33. Hazırkı mərhələdə iş materiallarından mübahisəli əmlakın hərraca çıxarıldığı, onun qiymətləndirilməsi prosedurunun başlandığı, icra icraatının başlanıldığı, əmlakın özgəninkiləşdirilməsi istiqamətində konkret hərəkətlərin həyata keçirildiyi müəyyən olunmur.

34. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.

35. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar