Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-553/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbiri haqqında ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. Ərizəçi Ərizəçi ASC ilə cavabdeh cavabdeh4 MMC arasında ##.##.2023-cü il tarixli GL**** nömrəli kredit limiti müqaviləsi çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli K**** saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, ərizəçi 500000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu illik 12 faiz dərəcəsi ilə müqavilədə göstərilən şərtlərlə cavabdeh cavabdeh4 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini ərizəçiyə ##.##.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh cavabdeh1 MMC ##.##.2023-cü il tarixli Z**** nömrəli, cavabdeh cavabdeh3 ##.##.2023-cü il tarixli Z**** nömrəli, cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixli Z**** nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh cavabdeh4 MMC kredit məbləğini təşkil edən 500000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini ərizəçiyə tam qaytarmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4xxxx“xxxx” ASC-də olan AZ**UBAZ**************AZN*** saylı bank hesabının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
4. Həmin qərardaddan ərizəçinin nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərin əmlaklarının məhkəmə qətnaməsində müəyyən edilmiş qiymətləri sabit dəyər deyil və icra mərhələsində həyata keçiriləcək hərrac proseslərindən asılıdır. Yəni cari qiymətlər ilə müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsi tam əsassızdır. Məhkəmə girov və ipoteka predmetlərinin qiymətinin gələcəkdə icra mərhələsində düşmə ehtimalını nəzərə almadan düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 62.8-ci maddəsinə əsasən, ilk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmlakların məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış dəyəri sabit məbləğ olmamaqla, 35%-dək azala bilər. Bu da, iddiaçının tələbinin gələcəkdə təmin edilməsi ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Cavabdehlər hazırda banka olan ödənişlərini icra etmirlər. Bu isə borc məbləğinin çox olması və cavabdehin hazırkı maliyyə vəziyyəti qeyd edilən borc məbləğinin geri qaytarılması ilə bağlı əsaslı şübhələr doğurur. Bununla əlaqədar olaraq borcluların bank qarşısında olan öhdəliklərinin qəsdən yayınmaq üçün müstəqil dövriyyə həyata keçirdiyi bank hesabları ərizəçi tərəfindən aşkarlanmışdır. Belə ki, borclu tərəfindən qeyd olunan banklarda olan hesablardan Ərizəçi ASC-də olan hesablarına müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər həyata keçirilməsi məlum olmuşdur. Cavabdehin “xxxx” ASC-də hesabı aşkarlanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi borc məbləğləri ipoteka və girov müqavilələri üzrə yüklü edilmiş əmlakların dəyəri ilə əhatə edildiyi üçün borclulara məxsus digər əmlakların özgəninkiləşdirilməsi ilə bağlı ərizənin təmin edilməsinə məhkəmə lüzum görmür. Lakin məhkəmə kreditorun mənafelərini nəzərə almamışdır. Belə ki, borcun məbləğinin əhəmiyyətli həcmdə olması, borclunun maliyyə vəziyyəti, habelə mübahisə üzrə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin vaxtında və tam həcmdə icrasının təmin edilməsinin zəruriliyi nəzərə alındıqda aşkar edilmiş bank hesablarında olan pul vəsaitləri üzərinə həbs qoyulması üçün kifayət qədər əsaslar mövcuddur. Qeyd olunan hesablar üzrə pul vəsaitlərinin sərbəst şəkildə istifadə olunması, digər hesablara köçürülməsi və ya sərəncamdan çıxarılması gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya mümkünsüz edə bilər. Məhkəmə qərarının gələcəkdə icra olunmaması, yekunda qətnamənin mahiyyətini heçə endirir, qətnamə üzrə tələblər “xəyali hüquqa” çevrilir. Bundan başqa, bank hesablarına həbs qoyulması tələb həcmində icra olunan təminat tədbiri olduğundan, bu borclunun əlavə məhdudiyyətlərlə üzləşməsinə gətirib çıxara bilməz. Bu baxımdan mütənasiblik prinsipi də məhkəmənin qeyd etdiyinin əksinə olaraq, ərizəçi tərəfindən gözlənilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya baxışı
7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. - 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. - 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 264.0.5-ci maddəsinə görə ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. - 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı:
Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Qanunun mənasına görə, müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticə deyil, gələcəkdə hüquqların qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsi təhlükəsinin qarşısını almağa yönəlmiş qabaqlayıcı prosessual vasitədir. Buna görə məhkəmə həm iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları, həm də tədbir görülmədikdə real müdafiənin təhlükə altına düşəcəyini göstərən konkret halları ayrıca qiymətləndirməlidir. MPM-in 157.7-ci maddəsinə uyğun olaraq bu tədbir işin mahiyyəti üzrə qabaqcadan həll və ya iddianın əsaslılığı barədə prezumpsiya yaratmır.
12. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
13. MPM-in 157.5.1 və 157.5.2-ci maddələrindəki meyarlar birlikdə qiymətləndirilməlidir. Əsas tələb üzrə iddianı qismən təmin edən birinci instansiya qətnaməsi ilkin əsaslılıq meyarını dəstəkləsə də, bu, təminat tədbirinin avtomatik tətbiqinə səbəb olmur. Ərizəçi konkret tədbir görülmədikdə gələcək icranın mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini, habelə tədbirin zəruri və mütənasib olduğunu ayrıca əsaslandırmalıdır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən K**** saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 50360,80 manat əsas borc, 2902,64 manat cərimə borcu olmaqla cəmi 53263,44 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın aşağıdakı əmlaklara yönəldilməsi, eyni zamanda ilkin satış qiymətlərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi: cavabdeh4 MMC-nin mülkiyyətində olan ***-FB-*** dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC” markalı, buraxılış ili 2007-ci il, mühərrik nömrəsi 26854075 olan sarı rəngli tırtıllı ekskavator – bazar dəyəri 120000 manat müəyyən edilməklə, cavabdeh4 MMC-nin mülkiyyətində olan 110-FB547 dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC-8” markalı, buraxılış ili 2008-ci il, mühərrik nömrəsi 26857603 olan sarı rəngli tırtıllı ekskavator – bazar dəyəri 124000 manat müəyyən edilməklə, girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 309,79 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ərizəçi Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2023-cü il tarixli K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə 50360,8 manat əsas borc, 2902,64 manat cərimə məbləği olmaqla ümumilikdə 53263,44 manat məbləğində pulun cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh4xxxxolan ***-FB-*** dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC” markalı, buraxılış ili 2007-ci il tarixli, mühərrik nömrəsi 26854075 olan sarı rəngli tırtıllı ekskavatora ilkin satış qiyməti 87300 manat müəyyən edilməklə, 110-FB547 dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC-8” markalı, buraxılış ili 2008-ci il tarixli, mühərrik nömrəsi 26857603 olan sarı rəngli tırtıllı ekskavatora ilkin satış qiyməti 91000 manat müəyyən edilməklə yönəldilməsi, cavabdeh4xxxxolan ***-FB-*** dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC” markalı, buraxılış ili 2007-ci il tarixli, mühərrik nömrəsi 26854075 olan sarı rəngli tırtıllı ekskavator, 110-FB547 dövlət qeydiyyat nişanlı, “Komatsu PC 350LC-8” markalı, buraxılış ili 2008-ci il tarixli, mühərrik nömrəsi 26857603 olan sarı rəngli tırtıllı ekskavatorun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ##.##.2023-cü il tarixli K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə ümumilikdə 53263,44 manat pulun ödənilməsinə yönəldilməsi, girov predmetlərinin satışından əldə olunan vəsait ##.##.2023-cü il tarixli K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə ümumilikdə 53263,44 manat pulun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 309,79 manat, ekspertiza xərcinin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Ərizəçi Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Adıçəkilən qətnamə qanuni qüvvəyə minməmişdir.
16. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib
17. və həddindən artıq yükə məruz qalmamalıdırlar.
18. Hazırda pul tələbi 53.263,44 manatdır. ##.##.2026-cı il tarixli qətnamə ilə tutmanın yönəldildiyi iki girov predmetinin ilkin satış qiymətləri cəmi 178.300 manat müəyyən edilmişdir. Şikayətdə göstərilən ən əlverişsiz ehtimal - qiymətin 35 faiz azalaraq 65 faiz həddində realizə olunması qəbul edilsə belə, ümumi məbləğ 115.895 manat təşkil edir ki, bu da tələb məbləğindən 62.631,56 manat artıqdır. Buna görə hərracda qiymətin azalmasının mümkünlüyü mövcud təminatın kifayət etməyəcəyinə dair konkret və real təhlükəni özüözlüyündə təsdiq etmir.
19. Bundan əlavə, həmin qətnamədə girov predmetlərinin satışından əldə olunan vəsait kifayət etmədikdə qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulması nəzərdə tutulmuşdur. Ərizəçi girov predmetlərinin özgəninkiləşdirilməsi və ya dəyərinin əhəmiyyətli azalması, başqa tələblərlə yüklənməsi, cavabdehin müflisləşməsi, yaxud hesabdakı vəsaitlərin icradan yayınmaq məqsədilə çıxarılması barədə konkret sübut təqdim etməmişdir. “xxxx” ASC-də hesabın mövcudluğu və oradan Ərizəçi ASC-dəki hesablara ödənişlərin aparılması hesab üzrə dövriyyəni göstərir, lakin əlavə hallar olmadan öhdəlikdən qəsdən yayınmanı sübut etmir. Buna görə əlavə olaraq bank hesabındakı pul vəsaitlərinə həbs qoyulması MPM-in 157.5.1-ci maddəsi baxımından zəruriliyi sübut edilməyən və 157.6-cı maddə baxımından lüzumsuz əlavə məhdudiyyət yarada bilən tədbirdir.
20. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yaratmır. Ona görə də, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilə bilən qərardadları məhdud şəkildə sadalanmışdır. Müvəqqəti təminat tədbirinin tətbiqindən imtina barədə birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayət üzrə qəbul edilən hazırkı qərardad həmin siyahıya daxil olmadığından ondan kassasiya şikayəti verilə bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.