Məhkəmə qərarları › İş №e-16(3-6)-554/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-554/2026

05.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-554/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh5 və cavabdeh3 tərəfindən üçüncü şəxs1 MTK üzvlərinin Ümumi Yığıncağı adından qəbul edilmiş ##.##.2026-cı il tarixli protokolun və həmin tarixli qərar adlanan sənədin qanuni (etibarlı) olub-olmaması barədə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, həmin sənədin icrasına məhdudiyyət qoyulmasını (tətbiqinin dayandırılmasını), üçüncü şəxs1 MTK-nın kommersiya hüquqi şəxslərin reyestrində məhkəmə mübahisəsinin davam etdiyi müddətdə aparılmış dəyişikliklərin icrasına moratorium qoyulmasını, həmin dəyişiklik əsasında qanuni təmsilçi kimi müəyyən edilmiş cavabdeh cavabdeh3 MTK-nın fəaliyyətində təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin icrasının məhdudlaşdırılmasını, bu səlahiyyətlərin cavabdeh cavabdeh3 və digər şəxslər tərəfindən həyata keçirilməsinin qadağan edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında digər tələblərlə yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs Ərizəçi üçüncü şəxs1 MTK-da təsis paylarının özgəninkiləşdirilməsi ilə bağlı əqdlərin etibarsızlığı barədə tələblərinə də baxılır. Iddia tələbləri ##.##.2023-cü il tarixli “təsis payının alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, Ərizəçi məxsus üçüncü şəxs1 MTK-dakı 32 paydan ibarət 12,8 faiz təsis paylarının qaytarılması və dövlət reyestrində əvvəlki qeydlərin bərpasından ibarətdir. Məhkəmə tərəfindən əvvəlki vəziyyətin qorunması məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilmiş və üçüncü şəxs1 MTK üzvlərinin ##.##.2025-ci il tarixli protokol qərarı əsasında nizamnaməyə ediləcək dəyişikliklərin dövlət qeydiyyatına alınması qadağan edilmişdir. Lakin Ərizəçi məlum olmuşdur ki, həmin təminat tədbirinə baxmayaraq, cavabdeh şəxslər məhkəmə mübahisəsinin davam etdiyi dövrdə formal əsaslarla “xxxx” keçirmiş, ##.##.2026-cı il tarixli protokol və qərar əsasında MTK-nın qanuni təmsilçisi barədə dövlət reyestrində dəyişiklik aparılmasına nail olmuşlar. Bu hərəkətlər MTKnın idarəçiliyinin ələ keçirilməsi, əmlak və vəsaitlərdən istifadə edilməsi, sübutların məhv edilməsi və gələcək məhkəmə aktının icrasının çətinləşdirilməsi riskini yaradır. Həmçinin, iş materiallarından məlum olmuşdur ki, Qaradağ Rayon Polis Idarəsinin Istintaq Şöbəsində cinayət işi başlanılmış və üçüncü şəxs1 MTK-ya məxsus əmlakın qanunsuz əldə edilməsi, mənimsəmə və israfetmə hallarının araşdırılması məqsədilə audit yoxlamasının aparılması üçün mütəxəssislər cəlb edilmişdir. Bununla əlaqədar iddia tələblərinin həcmi artırılaraq, ##.##.2026-cı il tarixli protokol və qərarın qanunsuz (etibarsız) hesab edilməsi, həmin sənədlərin hüquqi nəticələrinin ləğvi barədə tələb də irəli sürülmüşdür. Hesab edilir ki, yekun məhkəmə aktı qəbul edilənədək və həmin qərarın etibarlılığı həll olunanadək mübahisəli protokol və qərarın icrası dayandırılmalı, üçüncü şəxs1 MTK-nın reyestr məlumatlarında aparılmış dəyişikliklərin icrasına məhdudiyyət qoyulmalı, cavabdeh cavabdeh3 qanuni təmsilçi kimi təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin icrası məhdudlaşdırılmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqi MTK-nın əmlakının qorunmasına, iş üzrə obyektiv araşdırmanın təmin edilməsinə və gələcək məhkəmə aktının icrasının mümkünlüyünün saxlanılmasına xidmət edir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin müstəqil tələbləri bir-biri ilə bağlı iki hissədən ibarətdir: əsas tələb – təsis payının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, payın qaytarılması və digər tələblər; törəmə tələb isə ##.##.2026-cı il tarixli xxxx protokolu və qərarının etibarsız hesab edilməsidir. Ərizəçinin tələb etdiyi təminat tədbiri məhz törəmə tələbin təmininə yönəlib. Lakin həmin tələbə hüquqi qiymət yalnız əsas tələb – Ərizəçi təsisçi statusunun bərpası məsələsi həll edildikdən sonra verilə bilər. Əsas iddia tələbi etibarnamədən fərqli məqsədlə istifadə olunması, iradənin ziddinə payın satılması, aldadılma və digər hallarla əsaslandırılır və bunlar yalnız işə mahiyyəti üzrə baxılarkən sübutların araşdırılması nəticəsində müəyyən edilə bilər. Hazırkı mərhələdə həmin hallar MPM-in 157.5-ci maddəsində nəzərdə tutulan ilkin əsaslılıq meyarına cavab vermir. Məhkəmənin qənaətinə görə, əsas tələb üzrə ilkin əsaslılıq müəyyən edilmədən kommersiya hüquqi şəxsinin idarəetmə orqanının rəhbərinin səlahiyyətlərinin məhdudlaşdırılması təminat tədbiri adı altında iddianın faktiki təmin edilməsi və işin mahiyyəti üzrə qabaqcadan həll olunması nəticəsini yaradır. Həmçinin, təminat tədbiri tətbiq edilərkən mütənasiblik prinsipi nəzərə alınmalıdır. cavabdeh3 bütün təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin məhdudlaşdırılması üçüncü şəxs1 MTK-nın gündəlik fəaliyyətinin (bank əməliyyatları, vergi və sosial ödənişlər, əməkhaqqı ödənişləri, müqavilə öhdəlikləri və s.) faktiki dayanmasına səbəb ola bilər. Bu isə hüquqi şəxsin, kreditorların, işçilərin və vicdanlı üçüncü şəxslərin maraqlarına qeyri-mütənasib zərər vura bilər. Ərizəçinin MTK əmlakının mənimsənilməsi və sənədlərin məhv edilməsi təhlükəsinə dair istinad etdiyi cinayət işinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cinayət araşdırması müstəqil prosessual fəaliyyətdir və müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan mülki-prosessual əsasları yaratmır. Cinayət işinin mövcudluğu kommersiya mübahisəsi üzrə hüquqi şəxsin rəhbərinin səlahiyyətlərinin məhdudlaşdırılması üçün kifayət qədər hüquqi əsas hesab edilə bilməz.

5. Həmin qərardaddan ərizəçi Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini, əks təqdirdə şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri mahiyyət etibarilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə göstərilən dəlillərlə eynilik təşkil edir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Müvəqqəti təminat tədbiri mübahisə mahiyyəti üzrə həll olunanadək mövcud hüquqi və faktiki vəziyyətin geri dönməz şəkildə dəyişməsinin qarşısını almağa, gələcək məhkəmə müdafiəsinin səmərəliliyini və qəbul edilə biləcək məhkəmə aktının icrasını təmin etməyə xidmət edən müvəqqəti prosessual vasitədir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçinin istinad etdiyi subyektiv hüququn yekun məhkəmə aktı ilə əvvəlcədən müəyyən edilmiş olması tələb edilmir. MPM- 10. in 157.5.2-ci maddəsinin mənasına görə məhkəmə bu mərhələdə iddianın təmin ediləcəyi barədə qəti nəticəyə gəlmədən, təqdim edilmiş ilkin sübutlar əsasında tələbin hüquqi və faktiki əsaslarının olub-olmadığını qiymətləndirir. Müvəqqəti təminat tədbirinin tətbiqi isə MPM-in 157.7-ci maddəsinə əsasən mübahisənin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

11. Bununla belə, qorunması tələb olunan hüquq bir-biri ilə ardıcıl bağlı olan bir neçə hüquqi və faktiki şərtin mövcudluğundan asılıdırsa, ərizəçi həmin şərtlərin hər birinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməlidir. Belə halda məhkəmə həmin şərtləri onların hüquqi və məntiqi ardıcıllığı üzrə qiymətləndirməlidir. Hüquqi nəticələr silsiləsinin ilkin və əsas həlqəsi kifayət qədər əsaslandırılmadıqda, ondan asılı olan sonrakı tələbin ilkin əsaslılığının ayrıca qiymətləndirilməsi tələb olunan tədbirin tətbiqi barədə nəticəyə təsir göstərə bilməz.

12. Iş materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Ərizəçi ilkin iddia tələbi ##.##.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqdin hüquqi nəticələrinin aradan qaldırılması, üçüncü şəxs1 MTK-da ona məxsus olduğunu bildirdiyi payın qaytarılması və dövlət reyestrində əvvəlki qeydlərin bərpasından ibarətdir. Sonradan o, iddia tələbinin həcmini artıraraq ##.##.2026-cı il tarixli ümumi yığıncağın protokol və qərarının etibarsız hesab edilməsini də tələb etmişdir.

13. Ərizəçinin irəli sürdüyü hüquqi konstruksiyaya görə onun ##.##.2026-cı il tarixli xxxx qərarını mübahisələndirmək hüququ ilk növbədə ##.##.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsindən, həmin əqdin hüquqi nəticələrinin aradan qaldırılmasından və üçüncü şəxs1 MTK-da üzvlük statusunun bərpa edilməsindən asılıdır. Buna görə xxxx qərarının etibarsızlığı barədə tələb əvvəlki tələblərin mümkün hüquqi nəticəsinə bağlı olan törəmə xarakterli tələbdir. Çünki kooperativin ümumi yığıncağının qərarını istənilən şəxs yox, bunun üçün müvafiq subyektiv hüquq malik olan şəxslər, o cümlədən ilk növbədə onun üzvləri mübahisələndirə bilərlər.

14. Tələbin bu cür çoxpilləli hüquqi quruluşa malik olması həmin tələb üzrə müvəqqəti təminat tədbirinin tətbiqini özlüyündə istisna etmir. Ərizəçi əsas tələbin ilkin əsaslılığını, həmin tələbin mümkün hüquqi nəticəsi olaraq üzvlük statusunun bərpa ediləcəyini və bu statusdan irəli gələn korporativ hüquqların mübahisəli xxxx qərarı ilə pozulduğunu ilkin sübutlarla kifayət qədər əsaslandırdığı halda, törəmə tələb üzrə də müvəqqəti müdafiə vasitəsindən istifadə edə bilər.

15. Lakin iş materiallarından görünür ki, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsində ##.##.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsinin hansı maddihüquqi əsasla etibarsız olduğunu, həmin əsasın hansı konkret faktlardan irəli gəldiyini və bunu ilkin olaraq hansı sübutların təsdiq etdiyini göstərməmişdir. Iş materiallarında da həmin əsas tələbin kifayət qədər əsaslılığını ilkin baxışdan müəyyən etməyə imkan verən sübutlara istinad olunmamışdır.

16. Ərizədə göstərilən digər dəlillər və təqdim olunan sənədlər əsasən ##.##.2026-cı il tarixli ümumi yığıncağın çağırılması və keçirilməsi, həmin qərar əsasında MTK-nın idarə olunması və qərardan sonrakı hərəkətlərlə bağlıdır. Həmin materiallar xxxx qərarının qanuniliyi və müvəqqəti müdafiəyə ehtiyac yaradan risklərin qiymətləndirilməsi üçün əhəmiyyət daşıya bilər. Lakin onlar ərizəçinin kooperativdə üzvlük statusunun bərpasına əsas verən ilkin hüquqi həlqəni - ##.##.2023-cü il tarixli müqavilənin etibarsızlığı barədə tələbin kifayət qədər əsaslılığını - əvəz etmir.

17. Beləliklə, ərizəçi hüquqi nəticələr silsiləsinin ilkin və müəyyənedici həlqəsi olan təsis payının alqı-satqısı müqaviləsinin etibarsızlığı və üzvlük statusunun bərpası barədə tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməmişdir. Bu həlqə ilkin qaydada əsaslandırılmadığından, həmin statusdan asılı olan xxxx qərarını mübahisələndirmək hüququnun və bu hüquq üzrə tələb edilən müvəqqəti müdafiənin də kifayət qədər əsasa malik olduğu qəbul edilə bilməz.

18. Bu səbəbdən ##.##.2026-cı il tarixli ümumi yığıncağın çağırılması və keçirilməsi qaydasına riayət olunması, həmin yığıncaqda iştirak edən şəxslərin üzvlük və səs hüquqları, habelə qərarın qəbul edilməsi üçün zəruri səs çoxluğunun mövcudluğu barədə dəlillərin hazırkı müvəqqəti təminat icraatında ayrıca qiymətləndirilməsi hüquqi nəticəyə təsir göstərmir. Həmin məsələlər əsas iddiaya mahiyyəti üzrə baxılarkən bütün sübutların məcmusu əsasında araşdırıla bilər.

19. Kollegiya, həmçinin nəzərə alır ki, ərizəçi mübahisəli xxxx qərarının tətbiqinin dayandırılmasını, dövlət reyestrində dəyişikliklərə moratorium qoyulmasını və qanuni təmsilçinin təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin geniş həcmdə məhdudlaşdırılmasını tələb etmişdir. Ərizəçinin bu tədbirlərlə qorumaq istədiyi üzvlük və korporativ hüquqların mövcudluğunun ilkin şərtini təşkil edən əsas tələb kifayət qədər əsaslandırılmadığı halda, MTK-nın idarəetmə və təsərrüfat fəaliyyətinə müdaxilə edilə bilməz.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizəçinin irəli sürdüyü çoxpilləli hüquqi tələbin ilkin və müəyyənedici həlqəsi üzrə kifayət qədər əsaslılığa dair sübutlar təqdim edilmədiyindən, həmin tələbdən asılı olan korporativ hüquqların qorunması məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə nəticəsi düzgündür və şikayətin dəlilləri həmin nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas yaratmır.

21. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar