Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-557/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4- **)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri olaraq maraqlı şəxs Maraqlı şəxs MMC-yə məxsus 13305,23 (on üç min üç yüz beş manat iyirmi üç qəpik) manat həcmində əmlaklara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində müəyyən edilmiş ardıcıllıqla həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında ## ###### 2024-cü il tarixli 29/02 alğı-satqı müqaviləsi mövcuddur. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmiş və Ərizəçi MMC-yə 13305,23 manat borcu qalmışdır. Bununla bağlı dəfələrlə cavabdehlə əlaqə saxlanılmış müxtəlif vədlərlə borcu ödəyəcəklərini bildirsələr də, ödəniş olmamışdır. Hazırkı məqamda 13305,23 manat tələb həcmində Maraqlı şəxs MMC-nin bank hesablarına, qiymətli kağızlarına, bank hesablarında olan pul vəsaitlərinə, daşınar və daşınmaz əmlak obyektlərinə, habelə digər əmlaklarına iddia tələbi həcmində həbs qoyulmalıdır. Qeyd edilən əmlakların üzərinə həbs qoyulması gələcəkdə iddia tələbinin icrasını təmin etməyə yönələcəkdir. Həmçinin Məhkəmənin nəzərinə çatdırırıq ki, qaldırılacaq iddianın əsaslı olacağı tərəfindən təqdim edilmiş ## ###### 2024-cü il tarixli 29/02 alğı-satqı müqaviləsi, təhvil təslim aktları və elektron qaiməfakturalar iddia tələbimizin qanuni və əsaslı olmasına dəlalət edir. Belə olan halda müvəqqəti təminat tədbirinin görülməsi qaçılmazdır. Bundan əlavə Müvəqqəti təminat tədbirləri görülməsi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq zərurətindən irəli gəlir. Ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi, cavabdehin tələbin yönəldilə biləcəyi əmlakın özgəninkiləşdirməsi, gizlədilməsi və ya özgəninkiləşdirəcəyi, məhv edəcəyi ilə və ya cavabdehin öz əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ola bilər. İddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün əsaslar vardır. Belə olan halda həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş və ya özgəninkiləşdirilməsi qadağan edilmiş əmlaklara yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Hazırkı mübahisənin predmetini nəzərə alaraq hesab edirik ki, müvəqqəti təminat tədbiri olaraq Maraqlı şəxs MMC-yə məxsus 13305,23 manat həcmində əmlaklara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 158.3-cü maddəsində müəyyən edilmiş ardıcıllıqla həbs qoyulmalıdır. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Fərid Hətəmzadə) ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə ərizəni rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, **/** nömrəli müqavilə üzrə Maraqlı şəxs MMC-nin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi qeyd edilsə də, sübut kimi təqdim edilmiş qaimələrin (akt) təhvil aldı hissəsində icra edilmiş imzanın kimə məxsus olmasını (ad və soyadı qeyd edilmədiyindən), eləcə də imza etmiş şəxsin Maraqlı şəxs MMC-yə bağlılığını (vəzifəsi) aydınlaşdırmaq mümkün olmamışdır. Qeyd edilən qərarardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özü də ərizəçi və maraqlı şəxs arasında baş tutmuş təhvil-təslim aktlarını qəbul etsə də, sadəcə qəbul edən tərəf qismində imza edən şəxsin adı və soyadı, eləcə də vəzifəsi göstərilmədiyindən MTT barədə ərizəni təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə kökündən yanlışdır. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından aydın olur ki, tərəflər arasında bir dəfə yox dəfələrlə malların təhvil təsliminə dair aktlar tərtib edilmiş və səlahiyyətli şəxslər tərəfindən təsdiq edilmişdir. Aktlara diqqət yetirdikdə müxtəlif vaxtlarda 2024-cü ilin mart ayında ayrı-ayrı günlərdə, habelə 2024-cü ilin iyun, iyul və sentyabr aylarında həmin aylarda da ayrı-ayrı günlərdə dəfələrlə təhvil təslimlər tərəflər arasında baş tutmuşdur. Tərəflər qeyd edilən qayda da bir dəfə yox dəfələrlə eyni praktikanı təkrarlamaqla aktlar imzalamaqla, işgüzar münasibətlər formalaşdırmışlar. Bundan əlavə qeyd edilən təhvil təslim aktları əsasında maraqlı şəxs "xxxx” MMC-yə eyni qayda da vergi məqsədləri üçün elektron qaimə-fakturalar göndərilmiş və qarşı tərəf də göndərilmiş elektron qaimə-fakturaları portal üzərindən qəbul etmişdir və elektron portal üzərindən elektron qaimə-fakturaların geri qaytarılmaması həmin malların qəbul edilməsi və təqdim edilməsi ilə nəticələnir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən MTT barədə ərizəyə düzgün hüquqi qiymət verilməmiş və işin faktiki hallarına tam diqqət yetirilsəydi, qeyd etdilən xüsusatlar nəzərə alınardı. Odur ki, Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəyə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəyə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, müvəqqəti təminat tədbirləri həmin subyektiv hüququn real bərpası deməkdir. İş materiallarından müəyyən olunur ki, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında ## ###### 2024-cü il tarixli **/** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ərizəçi müxtəlif məhsulları alıcıya təhvil verməyi, alıcı isə onları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi müqavilə üzrə ödənilməmiş borcun 13.305,23 manat təşkil etdiyini bildirərək həmin məbləğ həddində maraqlı şəxsə məxsus əmlak üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsasən onunla təmin etməmişdir ki, təqdim olunmuş təhvil-təslim sənədlərində malları qəbul edən şəxsin adı, soyadı və vəzifəsi göstərilmədiyindən həmin şəxsin Maraqlı şəxs MMC ilə bağlılığını müəyyən etmək mümkün deyil və buna görə iddianın ilkin əsaslılığı təsdiq olunmur. Məhkəmə kollegiyası həmin yanaşma ilə razılaşmır. MPM-in 157.2 və 157.5-ci maddələrinin mahiyyətindən irəli gəlir ki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən məhkəmədən gələcək iddianın mahiyyəti üzrə əsaslılığını yekun şəkildə müəyyən etmək tələb olunmur. Bu mərhələdə tələb olunan, bir tərəfdən, iddia tələbinin kifayət qədər ilkin əsaslılığını göstərən sübutların mövcudluğu, digər tərəfdən isə tədbirin görülməməsinin ərizəçinin hüquqlarının gələcək müdafiəsini mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin edə bilməsi ehtimalıdır. Müvəqqəti təminat tədbiri mübahisənin qabaqcadan mahiyyəti üzrə həll etmir. Əks yanaşma MPM-in 157.7-ci maddəsində təsbit edilmiş müvəqqəti təminat tədbirinin müvəqqəti xarakter daşıması prinsipi ilə uzlaşmazdı. Birinci instansiya məhkəməsi özü də qərardadında bu hüquqi meyarları göstərmişdir. Bu baxımdan malları təhvil alan şəxsin səlahiyyətlərinin yekun şəkildə müəyyən edilməsi, imzanın konkret şəxsə məxsusluğunun təsdiqi və malların cavabdeh tərəfindən qəbul edilməsinin tam sübut olunması artıq mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırıla biləcək məsələlərdir. Həmin halların bu mərhələdə tam aydınlaşdırılmaması özlüyündə iddianın ilkin əsaslılığını istisna etmir. Halbuki iş materiallarında yalnız həmin aktlar deyil, həmçinin tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə mövcuddur. Bundan əlavə, şikayətdə göstərilir ki, malların təhvil-təslimi birdəfəlik xarakter daşımamış, 2024-cü ilin mart, iyun, iyul və sentyabr aylarında müxtəlif tarixlərdə dəfələrlə həyata keçirilmişdir. Ərizəçi bunu tərəflər arasında eyni qaydada davamlı kommersiya münasibətlərinin mövcud olması ilə əsaslandırır. Belə olan halda ayrı-ayrı təhvil-təslim aktlarında malları qəbul etmiş şəxsin adı və vəzifəsinin göstərilməməsi həmin sənədlərin digər sübutlarla birlikdə ilkin sübut kimi qiymətləndirilməsini avtomatik olaraq istisna etmir. Başqa sözlə, hazırkı mərhələdə məsələ hər bir aktın cavabdehin borcunu mübahisəsiz şəkildə sübut edib-etməməsi deyil, müqavilə və onun icrasına dair ardıcıl sənədlər birlikdə götürüldükdə gələcək iddianın ilkin əsaslılığını göstərib-göstərməməsidir. Digər tərəfdən, ərizəçi tələb etdiyi təminat tədbirini gələcək qətnamənin icrasının təmin edilməsi zərurəti ilə əsaslandırmış, cavabdehin öhdəliyi uzun müddət icra etmədiyini göstərmişdir. Ərizədə cavabdehə məxsus əmlakın özgəninkiləşdirilməsi və ya əmlak həcminin azaldılması nəticəsində gələcək qətnamənin icrasının çətinləşə biləcəyi də göstərilmişdir. Tələb olunan tədbir 13.305,23 manat məbləğlə məhdudlaşdırıldığından, tədbirin həcmi ilə təmin olunması tələb edilən hüquq arasında ağlabatan mütənasiblik də mövcuddur. Buna görə kollegiya hesab edir ki, mövcud vəziyyətin qorunması və gələcəkdə qəbul edilə biləcək məhkəmə aktının real icrasının təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş məqsədə uyğundur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində araşdırmanın həddini düzgün müəyyən etməmiş, təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirməmiş, təhvil-təslim aktlarında imza etmiş şəxsin identifikasiya edilməməsinə həlledici əhəmiyyət verməklə MPM-in 157.5-ci maddəsində nəzərdə tutulmuş “iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar” meyarını faktiki olaraq iddianın tam sübut olunması standartı ilə əvəz etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehə məxsus bank hesablarında olan pul vəsaitlərinin üzərinə 13.305,23 manat məbləğində (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Azərbaycan Respublikasındakı bank hesablarında olan 13.305,23 (on üç min üç yüz beş manat, iyirmi üç qəpik) manat həcmində pul vəsaitinin üzərinə (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulsun. Qərardad dərhal icra edilsin. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər saxlanılır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-557/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-557/2026
07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver