Məhkəmə qərarları › İş №e-16(3-6)-558/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-558/2026

05.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-558/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları

1. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 1,2132 ha və 0,5505 ha torpaq sahələrinin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi əsasında borcalana 100.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ##.##.2026-cı il tarixinə 71.947,90 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəlik icra olunmadığından, bank borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iddia üzrə iş məhkəmənin icraatına qəbul edilmişdir. Aparılmış araşdırma zamanı zamin cavabdeh2 mülkiyyətində qeyd olunan torpaq sahələrinin olduğu müəyyən edilmişdir. Ərizəçinin fikrincə, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsinin və ya qeyri-mümkün olmasının qarşısının alınması üçün həmin əmlaklara münasibətdə müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh cavabdeh2 mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 1,2132 ha və 0,5505 ha torpaq sahələrinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş, ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən bank qarşısında 71.947,90 manat məbləğində borcu yaranmışdır. Iddia tələbinin xarakteri, gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi ehtimalı, ərizədə göstərilən hallar və təqdim olunmuş ilkin sübutlar nəzərə alındıqda cavabdehə məxsus torpaq sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi mütənasib və zəruri müvəqqəti təminat tədbiridir.

Şikayət və onun dəlilləri

5. Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək, qərardadın müvəqqəti təminat tədbirinin “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək” tətbiq edilməsinə dair hissədə ləğv olunmasını və tədbirin iş üzrə qəbul ediləcək məhkəmə aktı tam icra olunanadək qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.6, 162.3 və 162.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə aktının qanuni qüvvəyə minməsi onun dərhal və tam icra edilməsi anlamına gəlmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra da icra prosesi müəyyən müddət davam edə bilər və həmin müddətdə cavabdehin əmlakını özgəninkiləşdirməsi gələcək məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.

7. Ərizəçinin fikrincə, Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə tətbiq edilmiş müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Buna görə birinci instansiya məhkəməsinin tədbirin qüvvədə qalmasını yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi anı ilə məhdudlaşdırması müvəqqəti təminat tədbiri institutunun məqsədinə və qanunun imperativ tələbinə uyğun deyildir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 162. Müvəqqəti təminat tədbirinin ləğv olunması ... 162.3. Iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 162.4. Iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır.

11. Birinci instansiya məhkəməsinin qərardadı ilə ərizə təmin edilmiş və cavabdehə məxsus torpaq sahələrinin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Ərizəçi şikayətində həmin təminat tədbirinin növünü, həcmini və ya tətbiq edildiyi əmlakları deyil, yalnız tədbirin qüvvədə qalmasının “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək” müddəti ilə məhdudlaşdırılmasını mübahisələndirmişdir.

12. Ilkin ərizədə torpaq sahələrinin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsinin qadağan edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsinin qərardadında yalnız həmin torpaq sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi göstərilmişdir. Ərizəçi qərardadın bu hissəsini şikayətində mübahisələndirmədiyindən həmin məsələ hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.

13. Müvəqqəti təminat tədbiri mübahisənin mahiyyəti üzrə nəticənin əvvəlcədən müəyyən edilməsinə deyil, işə baxıldığı müddətdə mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının və gələcək məhkəmə aktının səmərəli icrasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi halların qarşısının alınmasına xidmət edir. Bu tədbirin müvəqqəti xarakter daşıması onun tətbiqi zamanı mütləq qaydada vahid təqvim müddətinin müəyyən edilməsini tələb etmir. Tədbirin qüvvədə qalmasının son həddi qanunda nəzərdə tutulan hallardan və iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının nəticəsindən asılıdır.

14. Mülki Prosessual Məcəllənin 162.3 və 162.4-cü maddələri müvəqqəti təminat tədbirinin qüvvədə qalma müddətini iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının nəticəsindən asılı olaraq fərqli qaydada müəyyən edir. Iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə tədbir məhkəmə aktı qanuni qüvvəyə minənədək saxlanılır. Iddia təmin edildikdə isə tədbir məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.

15. Beləliklə, qanun müvəqqəti təminat tədbirinin qüvvədə qalmasının son həddini tədbirin tətbiq edildiyi anda bütün mümkün nəticələr üçün vahid qaydada müəyyən etmir. Əksinə, tədbirin sonrakı hüquqi taleyini iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının nəticəsi ilə əlaqələndirir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin qüvvədə qalmasını əvvəlcədən və bütün mümkün nəticələr üçün “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək” müddəti ilə məhdudlaşdırmaqla Mülki Prosessual Məcəllənin 162.3 və 162.4cü maddələrində

16. nəzərdə tutulan fərqli hüquqi rejimləri nəzərə almamışdır.

17. Iddianın təmin ediləcəyi halda birinci instansiya məhkəməsinin qərardadında göstərilən müddət müvəqqəti təminat tədbirinin məhkəmə aktının icrasına qədər qüvvədə qalmasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinin tətbiqinə mane ola və tədbirin qüvvəsinin məhkəmə aktının icrasından əvvəl başa çatdığı barədə hüquqi qeyri-müəyyənlik yarada bilər.

18. Kollegiya birinci instansiya məhkəməsinin işin nəticəsinin əvvəlcədən məlum olmaması səbəbindən tədbirin yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək tətbiq edilməli olması barədə mövqeyini də əsaslı hesab etmir. Işin nəticəsinin əvvəlcədən məlum olmaması tədbirin qüvvədə qalma müddətinin mümkün nəticələrdən yalnız birinə uyğun müəyyən edilməsinə əsas vermir. Əksinə, məhz işin nəticəsinin əvvəlcədən məlum olmaması səbəbindən tədbirin tətbiqi barədə qərardadda onun qüvvədə qalması üçün bütün mümkün nəticələri əhatə etməyən vahid son müddət göstərilməməli, tədbirin sonrakı qüvvədə qalması qanunun müəyyən etdiyi rejimə uyğun həll edilməlidir.

19. Bununla yanaşı, ərizəçinin müvəqqəti təminat tədbirinin hazırkı mərhələdə şərtsiz olaraq iş üzrə qəbul ediləcək məhkəmə aktı tam icra olunanadək tətbiq edilməsi barədə tələbi də bütövlükdə təmin edilə bilməz. Belə müddət yalnız iddianın təmin edilməsi halında Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsindən irəli gəlir. Iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə isə tədbirin qüvvədə qalması Məcəllənin 162.3-cü maddəsi ilə müəyyən edilir. Qərardadda müvəqqəti təminat tədbirinin qətnamənin icra olunduğu vaxtadək qüvvədə qalmasının müəyyən edilməsi birinci instansiya məhkəməsinin yol verdiyi prosessual səhvin başqa formada təkrarlanması olardı.

20. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında müvəqqəti təminat tədbirinin qüvvədə qalmasının “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək” müddəti ilə məhdudlaşdırılması qanunun tələblərinə uyğun hesab edilə bilməz. Qərardad həmin hissədə ləğv edilməli, müvəqqəti təminat tədbiri ayrıca son müddət göstərilmədən tətbiq olunmalı, onun qüvvədə qalmasının sonrakı hüquqi taleyi isə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının nəticəsindən asılı olaraq Mülki Prosessual Məcəllənin 162.3 və 162.4-cü maddələrinə əsasən müəyyən edilməlidir.

21. Beləliklə, şikayət müvəqqəti təminat tədbirinin qüvvədə qalmasının yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi anı ilə məhdudlaşdırılmasının qanunsuzluğu barədə hissədə əsaslı, tədbirin hazırkı mərhələdə şərtsiz olaraq məhkəmə aktı tam icra olunanadək tətbiq edilməsinin ayrıca müəyyən edilməsi barədə hissədə isə əsassızdır.

22. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsi barədə ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı müvəqqəti təminat tədbirinin qüvvədə qalmasının “e-*-*(*-**)-****/**** saylı kommersiya işi üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəyə minənədək” müddəti ilə məhdudlaşdırıldığı hissədə ləğv edilsin. Şikayət müvəqqəti təminat tədbirinin iş üzrə qəbul ediləcək məhkəmə aktı tam icra olunanadək tətbiq edilməsinin ayrıca müəyyən edilməsi tələbinə dair hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar