Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-561/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin “müddətin bərpasından imtina edilməsi barədə” ##.##.2026cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadından “xxxx” ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı 1.Iddiaçı “xxxx” ASC cavabdeh Ərizəçi qarşı “kompensasiya ödənilməklə qanunsuz tikilinin sökülməsi barədə” ilk iddia ilə, iddiaçı Ərizəçi isə cavabdeh “xxxx” ASC-yə qarşı “əmlakın əvvəlki vəziyyətə qaytarılması barədə” qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. 2.Ərizəçi həmin iddiaya münasibətdə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verib və Yasamal RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara alınıb. 3.Qərardad “xxxx” ASC-nin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilib. 4.Həmin tarixdən 1 ay 18 gün sonra – ##.##.2026-cı il tarixdə “xxxx” ASC qərardaddan şikayətvermə müddətinin bərpası barədə ərizə verib, eyni zamanda qərardaddan şikayət verib. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılıb ki, məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə qərardad və ya digər sənədlər yüklənsə də, bu barədə hər hansı bildiriş “xxxx” ASC-nin elektron kabinetinə daxil olmamışdır. “xxxx” ASC qərardadın elektron kabinetə yerləşdirilməsindən vaxtında xəbərdar olmadığına görə, şikayətvermə müddətini üzrlü səbəbdən ötürmüşdür. 5.Yasamal RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, müddətin bərpası barədə ərizə rədd edilsin. Qərardad onunla əsaslandırılıb ki, “xxxx” ASC elektron sistemdə problemlər olduğunu və qərardadın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş almadığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. 6.“xxxx” ASC həmin qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin edilsin. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrindən görünür ki, elektron kabineti olan şəxsə məhkəmə sənədinin rəsmi qaydada verilməsi iki hissədən ibarətdir: 1) məhkəmə sənədi şəxsin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməlidir; 2) həmin şəxsə bu barədə, yəni sənədin elektron kabinetə yerləşdirilməsi barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. 8.Həmin hissələrə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Elektron kabinetə yerləşdirmə 9.Bu, hakimin vəzifəsidir. MPM-in 227.4 və 266.3-cü maddələrindən görünür ki, hakimin vəzifəsi məhkəmə aktının elektron kabinetə yerləşdirilməsini təmin etməkdən ibarətdir. Odur ki, məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi ilə prosessual münasibətlərin subyekti kimi hakimin vəzifəsi bitmiş sayılır. Elektron kabinetə yerləşdirmə barədə məlumat çatdırma 10.Bu, hakimin vəzifəsi deyil. MPM-in 135.6-cı maddəsində məlumatın “həmin sistem vasitəsilə” elektron qaydada çatdırılmalı olduğu qeyd edilib, lakin çatdırılmanı təmin etmək üçün hakimin hər hansı hərəkəti etməli olduğu qanvericilikdə müəyyən edilməyib. Odur ki, məlumatın çatdırılmaması hakimin yol verdiyi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Müddətin hesablanması 11.Prosessual müddətlərin axımı məhkəmə sənədinin “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi ilə başlayır. Çünki məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılıb-çatdırılmadığını izləmək üçün hakim müvafiq texniki imkana malik deyil. Bu səbəbdən hakimlər prosessual müddətləri (məhkəmə aktının qanuni qüvvəyə minmə müddətini və s.) məhkəmə sənədinin elektron kabinetə yerləşdirildiyi tarixə görə hesablayır və buna əsaslanaraq iş üzrə növbəti prosessual hərəkətləri (məhkəmə aktının icraya yönəldilməsi və s.) edir. Müddətin bərpası 12.Əgər məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) müvafiq şəxsə çatdırılmayıbsa, nəticədə isə həmin şəxs məhkəmə aktının elektron kabinetə yerləşdirilməsindən məlumatsız olubsa və şikayətvermə müddətini ötürübsə, o, şikayətvermə müddətinin bərpası üçün vəsatətlə məhkəməyə müraciət edə bilər. 13.Hazırkı işdə “xxxx” ASC belə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edib. O, ərizəsində istinad etdiyi halı, yəni müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) ona çatdırılmadığını təsdiq edən sübutu müddətin bərpası barədə ərizəyə əlavə etməsə də, ərizənin rədd edilməsi barədə qərardaddan Yasamal RM-nə verdiyi şikayətə həmin sübutu (elektron kabinetin “Bildirişlər” bölməsinin skrinşotunu) əlavə edib (iş v. 75). Göründüyü kimi, müvafiq sübut Yasamal RM-nə təqdim edilib, buna baxmayaraq, həmin məhkəmə müddətin bərpasından imtina barədə qərardadını ləğv etməkdən imtina edib, şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. 14.Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadın “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsi barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) “xxxx” ASCyə çatdırılmadığına görə, ASC şikayət vermə müddətini üzrlü səbəbdən ötürüb. Ona görə də məhkəmə MPM-in 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, müddətin bəpası barədə ərizənin rədd edilməsinə dair ##.##.2026-cı il tarixli qərardad ləğv edilməli, müddətin bərpası barədə ərizə təmin edilməli, ##.##.2026-cı il tarixli qərardaddan şikayətvermə müddəti bərpa edilməli və ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün iş Yasamal RM-nə göndərilməlidir. 15.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- ***)-***/**** nömrəli qərardadı ləğv olunsun. Müddətin bərpası barədə ərizə təmin olunsun. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadından şikayətvermə müddəti “xxxx” ASC-yə münasibətdə bərpa edilsin və “xxxx” ASC-nin həmin qərardaddan verdiyi şikayətə baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-561/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-561/2026
14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver