Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-569/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh nümayəndəsi-vəkili İsmayılov Ruslan İsmayıl oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi nümayəndəsi-vəkili vəkil2 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və digər şəxslərə, birgə nikah dövründə dünyaya gəlmiş övladları ##.##.2014-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 anası Ərizəçi ilə məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək ünsiyyətdə olmasına dair maneələrin yaradılması qadağan edilmiş və Ərizəçi hər həftənin altıncı günü 14.00-dan bazar günü 18.00-a kimi cavabdehin iştirakı olmadan yaşadığı ərazidə görüşləri təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhərində “Səadət Sarayı” ##.##.2013-ci ildə **** nömrəli akt qeydi ilə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan ##.##.2014-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdeh Cavabdeh uşaqları ilə ünsiyyət hüququna mane olur. O, hal-hazırda nikahın pozulması və uşaqların atadan alınıb ananın himayəsinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarına və valideynlərin övladları ilə ünsiyyətdə olmaq hüququ vardır. Göründüyü kimi, Cavabdeh hərəkətləri ilə onun ana kimi konstitusion hüquqlarını pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-93) ***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi hər həftənin bazar günü saat 11.00-dan 17.00-dək ana ilə övladı ##.##.2014cü il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə sərbəst şəkildə görüşməsinə maraqlı şəxs Cavabdeh tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan maraqlı şəxs Cavabdeh nümayəndəsi-vəkili İsmayılov Ruslan İsmayıl oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizəçi ilə birgə nikahlarından anadan olmuş uşaqların öz anası ilə heç bir vaxt və məkan məhdudiyyəti olmadan görüşməsinə indiyədək etiraz etməmişdir və bu gün də etiraz etməməklə heç bir məhdudiyyət yaratmır. Əksinə cavabdeh daim ailə münasibətlərinin qorunub saxlanılması, eləcə də uşaqların anaları ilə ünsiyyətdə olması üçün əlindən gələni etməkdə davam edir. Göründüyü kimi, ailə münasibətlərinə faktiki olaraq xitam verilməsindən sonra tərəflərin birgə nikahlarından olmuş X1 və X2 öz könüllü razılıqları ilə atalarının yanında qalmağı birmənalı şəkildə üstün tutmuşdurlar. Buna baxmayaraq həmin müddət ərzində ərizəçi bir dəfə də olsun uşaqların maddi-məişət şəraiti, təhsili və digər ehtiyacları ilə maraqlanmamış, bununla da uşaqları ana qayğısından məhrum etmişdir. Cavabdeh tərəfindən texnoloji imkanlardan istifadə edilməklə uşaqların anası ilə ünsiyyəti təşkil edilsə də, ərizəçi ünsiyyət müddətində ancaq uşaqlara psixoloji təzyiq göstərməklə məşğul olmuşdur. Açıq aşkar görünür ki, ərizəçinin müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə ilə müraciət etməsinin yeganə səbəbi də qeyd edilən psixoloji təzyiqləri davam etdirmək istəyidir. Ümumiyyətlə hər iki uşaq, xüsusən də 2014-cü il təvəllüdlü X1 uzun illər ərzində anası tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmışdır. Cavabdeh ərizəçinin bu cür hərəkətlərindən uzun illər sonra, böyük qızının öz “Xatirə dəftərində”ki qeydləri ilə tanış olduqdan sonra xəbərdar olmuşdur. Dəftərdəki qeydlərdən görünür ki, Humay Əkbərzadə ilə anasının münasibətlərində ciddi problemlər olmuş, ana tərəfindən övladına qarşı onun ən xırda səhvlərinə görə kobud münasibət göstərilmişdir. Humay Əkbərzadənin “Xatirə dəftərindəki“ süfrəyə ləkə saldığına görə saçından tutdu dartı...”, “elə bil ögey qızıdır...” kimi qeydləri uşaqlarla ərizəçi arasında normal valideyn-övlad münasibətlərinin olmamağından xəbər verir. Məhz bu səbəbdəndir ki, uşaqlar anaları ilə birmənalı şəkildə görüşmək istəmir. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsi müvəqqəti təminat tədbiri ilə bağlı qərardad qəbul edərkən ən azından uşaqların ərizəçi ilə görüşündə cavabdehin passiv iştirakını təmin edə bilərdi. Çünki qeyd edildiyi kimi uşaqların öz anaları ilə ünsiyyət hüququ vacib olsa da, onların təhlükəsizliyi daha vacibdir. Ərizəçi öz ərizəsində müvəqqəti təminat tədbirinin tətbiqinin əsaslılığını Ali Məhkəmənin Plenumunun ## ####### 2011-ci il tarixli */**** №-li Qərarı ilə əlaqələndirsə də, həmin Qərarda uşaqla ünsiyyət hüququnun təmin olunması üçün digər vacib şərtlər də nəzərdə tutulmuşdur. Məsələn, həmin qərarın 2.2-ci bəndində qeyd edilir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Bundan başqa Qərarın 2.6-cı bəndində göstərilir ki, məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Odur ki, Binəqədi Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ilk növbədə Ali Məhkəmənin sözügedən Plenum Qərarında qeyd olunan halların nəzərə alınmaması baxımından əsassız hesab edilir. Nəticə etibarilə ailə münasibətlərinin onsuz da kəskin olduğu bir dövrdə müvəqqəti təminat tədbiri barədə qərardadda ərizəçiyə verilmiş uşaqlarla görüş hüququ xəyali hüquqdur. Yəni o hüquq hazırda əlçatan deyil. Onsuz da o qərardadın icrası qeyrimümkündür. Tərəflərin hər ikisi görüşü arzulasa da, uşaqların bunu istəməməsi səbəbindən qərardad icra olunmamış qalacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Fəhmin Hacıyev Azərbaycana qarşı ##.##.2006-cı il tarixli” işində məhkəmə xəyali hüquqla bağlı qeyd etmişdir ki, “məhkəmə xatırladır ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli olan hüquqları müdafiə etmək niyyətini daşıyır”. Bu baxımdan da hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin qərardadı ərizəçi üçün yalnız xəyali hüquq təmin etdiyindən ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e *(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək qüvvədə olmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri barədə qərardad işi mahiyyəti üzrə həll etmir və hazırda ərizə ilə təmin olunan hissə icra olunmaqla məhkəmə hesab etmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağa xidmət etmək üçün kifayət edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli Qərarı” ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynin (hazırki halda ərizəçinin) borcu, bu borcun yerinə yetirilməsi üçün isə uşaqlarla ünsiyyət saxlamaq valideynin (ərizəçinin) hüququdur. Bu borcun yerinə yetirilməsi və hüququn həyata keçirilməsi üçün uşaqlardan ayrı yaşayan iddiaçıya müəyyən vaxt tələb olunur ki, bu vaxt ərzində bu vəzifələri həyata keçirmək mümkün olsun. Məhkəmə Kollegiyası nəzərə alır ki, hazırda müvəqqəti təminat tədbiri əsasında uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxs onların anasıdır. Uşaqların hərtərəfli, tam dəyərli şəxsiyyət kimi formalaşması, fiziki, psixi və əxlaqi inkişafı üçün ana qayğısı və tərbiyəsinə də ehtiyacları vardır. Əksini təsdiq edən mötəbər sübutlar mövcud olmadan anası ilə ünsiyyət özü özlüyündə uşaqların hər hansı mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, ərizəçinin uşaqlarla ünsiyyətinə dair uşaqlara hər hansı mənfi təsir göstərə biləcəyi də öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası həmçinin uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə qeyd edir ki, bu zaman ilk növbədə uşaqların mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqlardan ayrı yaşayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Bu mənada Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olmuşdur və birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizəyə baxılması müddətinə dair qanunvericiliklə müəyyən edilmiş tələbi, hazırkı mərhələdə hər hansı əlavə araşdırmanın aparılmasının, həmçinin ərizədə qeyd edilən ünsiyyət vaxtının azyaşlı uşaqların münafeyinə cavab verib-verməməsinin müəyyən edilməsinin prosessual baxımdan mümkünsüzlüyünü və uşaqların yaşını, yuxu və qidalanma rejimini nəzərə alaraq düzgün olaraq yuxarıda göstərilən nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası həmçinin şikayətin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı aylarla çəkə bilər. Bu müddət ərzində ananın uşaqlarla ünsiyyətinin tam kəsilməsi uşaqlarla ana arasındakı emosional bağların bərpaolunmaz dərəcədə qırılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, müvəqqəti təminat tədbirinin tətbiqi ərizəçinin hüquqlarının pozulmasının qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, maraqlı şəxs öz şikayətində işə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olan məsələləri (uşaqların anaya bağlılığı, tərbiyəsi, xatirə dəftəri, psixoloji təzyiq iddiaları) ön plana çəkir. Lakin müvəqqəti təminat tədbiri iddianın mahiyyəti üzrə baxılması bitənədək uşaqların və ananın pozulmaqda olan hüquqlarını təcili müdafiə etmək üçün tətbiq olunur. Həmçinin qeyd edilməlidir ki, maraqlı şəxsin əsaslandığı azyaşlı uşaqların "Xatirə dəftəri"ndəki qeydlər, müvəqqəti təminat mərhələsində ananı uşaqlarla görüşdən məhrum etmək üçün hüquqi sübut rolunu oynaya bilməz. Belə ki, məhkəmə sübutları məcmu halında qiymətləndirir. Uşağın dəftərə yazdığı subyektiv/emosional qeydlər müvafiq işin digər halları ilə təsdiqlənmədiyi müddətdə anaya "şiddət göstərən" deyilməsinə əsas vermir. Bununla yanaşı Məhkəmə Kollegiyası nəzərə alır ki, münaqişəli ailələrdə uşaqların digər valideynlə görüşmək istəməməsi çox vaxt yanında qaldıqları valideynin (atanın) psixoloji təsiri və ya uşaqların neytrallığını qorumaq düşüncəsi ilə bağlı olur. Məhz bu səbəbdən məhkəmə atanın passiv və ya aktiv müdaxiləsi olmadan sərbəst görüş (həftədə cəmi 1 gün, 6 saat) müəyyən etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının tələblərini (uşaqların yaşını, rejimini, yuxu saatlarını) nəzərə aldığı üçün ananın tələbini tam deyil, qismən təmin etmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbiri barədə qərardadı mübahisələndirilən hissədə tamamilə qanuni, əsaslı və mütənasibdir. Məhkəmə ananın 2 günlük gecələmə ilə görüş tələbini uşaqların rejimini və yaşını nəzərə alaraq həftədə 1 günə (6 saatlıq sərbəst ünsiyyətə) endirmiş, beləliklə uşaqların üstün mənafelərini qorumuşdur. Göründüyü kimi Məhkəmə tərəflərin maraqlarını və uşaqların yaşlarını nəzərə alaraq mövqeyi balanslı və ədalətli olmuşdur. Maraqlı şəxsin mövqeyi uşaqları anadan təcrid etməyə yönəldiyi halda, məhkəmənin qərarı uşaqların hər iki valideynini tanıması hüququnu təmin edir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs Cavabdeh nümayəndəsi-vəkili İsmayılov Ruslan İsmayıl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-569/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-569/2026
17.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver