Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-570/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Ərizəçi (iddiaçı) X1 və cavabdeh1 MMMC-yə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə aid olan rəsmi sənədlərin, cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin balansında olan daşınar və daşınmaz əmlakların, binanın ümumi istifadəsində olan avadanlıqların (liftlər, su nasosu və su çənləri, elektrik paylayıcı şitlər və kabellər, işıq transformatoru, işıq generatoru, yanğın təhlükəsizliyi avadanlıqları (odu qabaqlayan şəxsi vasitələr, yanğın su kranları və şlanq sistemləri, yanğın siqnalizasiya sistemi, avtomatik yanğınsöndürmə sistemləri, təxliyyə və xəbərdarlıq sistemləri, yanğından mühafizə ləvazimatları, əlavə avadanlıqlar), zibil boruları və konteynerlər, binanın havalandırma sistemi (qurğu və kanallar daxil olmaqla)) işlək və saz vəziyyətdə X1 tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sözügedən mülki iş hazırda e-2(005)-185/2026 sayısı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
3. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edərək, icraatda olan mülki iş üzrə qətnamə qanuni qüvvəsini alana qədər X1 cavabdeh1 MMMC-yə aid olan möhür və ştampın alınaraq müvəqqəti olaraq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə Ərizəçi ərizəsinin təmin edilməsi, e-*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, X1 cavabdeh1 MMMCyə aid olan möhür və ştampın alınaraq müvəqqəti olaraq Ərizəçi verilməsi qərara alınmışdır.
5. Həmin qərardaddan X1 şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.
6. Məhkəmənin # #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, ##.##.2026cı il tarixli qərardadın ləğv olunması, Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.7-ci, 158-ci, 159-cu maddələrinə istinadla belə əsaslandırmışdır ki, cavabdeh1 MMMC-nin idarə heyətinin sədrinin və üzvlərinin seçilməsi ilə bağlı tərəflərin arasında mübahisə vardır, həmin mübahisənin bütün hallarının müvəqqəti təminat tədbiri çərçivəsində araşdırılması qeyri-mümkün olmaqla yanaşı, bu iddia icraatında baxılan mübahisənin predmetidir.
8. Həmin qərardaddan Ərizəçi verdiyi şikayət məhkəmənin # #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh1 MMMC-nin idarə heyəti sədrinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, MMMC-nin mülkiyyətçiləri tərəfindən ünvan 1 ünvanında yeni idarə heyəti üzvlərinin təyin edilməsi barədə ##.##.2026-cı il tarixdə iclas keçirilmiş, mənzil mülkiyyətçilərinin ümumi iştirakçılarının 51%-dən çox olan səs çoxluğu ilə sədr Ərizəçi təyin edilmişdir. Hazırda cavabdeh1 MMMC-nin idarə olunmasına maneə yaratmamaq, şəffaflığın təmin edilməsi üçün cavabdeh1 MMMC-yə aid olan sənədlər (şəhadətnamə, nizamnamə, reyestrdən çıxarış, möhür, ştamp və digər rəsmi sənədlərin), cavabdeh1 MMMC-nin balansında olan daşınar və daşınmaz əmlakların, binanın ümumi istifadəsində olan avadanlıqların (liftlər, su nasosu və su çənləri, elektrik paylayıcı şitlər və kabellər, işıq transformatoru, işıq generatoru, yanğınsöndürmə avadanlıqları, zibil boruları və konteynerlər, binanın havalandırma sistemi(qurğu və kanallar daxil olmaqla)) saz vəziyyətdə yeni təyin edilmiş sədr Ərizəçi təhvil verilməsi, cavabdeh1 MMMC-nin balansında olan ümumi istifadədə olan qeyri-yaşayış sahələrinin köhnə vəziyyətinə qaytarılması, cavabdeh1 MMMC-yə aid olan ofisin boşaldılması və həmin ofisdən istifadəyə maneələrin aradan qaldırılması barədə vətəndaş X1 müraciət edilmişdir. Hazırda vətəndaş X1 cavabdeh1 MMMC-yə aid olan rəsmi sənədləri, möhür və ştampı vermir. Bununla bağlı Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş, mülki iş sizin icraatdadır. Məhkəməyə X1 tərəfindən təqdim edilən ümumi yığıncağın qərarına nəzər saldıqda görürük ki, həmin qərara imza edən sahə mülkiyyətçiləri məhkəməyə təqdim etdiyi qərara da imza etmişlər. Həmin sahə mülkiyyətçilərindən soruşanda “Siz niyə iki qərara imza etmisiz?” Sahə mülkiyyətçisi cavabında X1 “Binanın ümumi problemi ilə bağlı olan məsələdir ona görə imza etməlisiz” sözünü demişdir. Həmin sahə mülkiyyətçiləri öz ərizələrində yeni seçilmiş sədr Ərizəçi seçilməsini istəyirlər. Binanın kommunal xidmətlərinin yığımına nəzarət edilməsi, binanın digər inzibati orqanlar və hüquq mühafizə orqanlarına müxtəlif müraciətlərinin həyata keçirilməsini təmin etmək üçün cavabdeh1 MMMC-yə məxsus möhür və ştampın müvəqqəti olaraq yeni seçilmiş sədr Ərizəçi verilməsi mübahisəsiz haldır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat, Reyestre Baş İdarəsinə müxtəlif müraciətlər və şikayətlər edilərək X1 tərəfindən keçirilmiş iclas üzrə qərarın əsassız olmasını və bununla bağlı bina sakinlərinin əsaslı şikayətləri qəbul edilmişdir. Qərardaddan şikayət ərizəsinə əlavə olunan, bina sakini X2 ərizəsinə baxdıqda görürük ki, ##.##.2026-cı il tarixli qərarla maliyyə təftiş komissiyasının üzvü seçilmişdir. Halbuki, sakinin həmin qərardan məlumatı olmamış, heç bir sənədə imza atmamışdır. Məhkəmə qeyd edir ki, təqdim edilən ərizə mahiyyət üzrə məhkəmə araşdırması tələb edir. Binanın kommunal xidmətlərinin idarə edilməsi, ödənişlərin yığılması, aidiyyatı üzrə xərclərin müəyyən edilməsi, müəyyən idarələr, təşikatlarla müqavilə bağlanaraq, xidmətlərin daha səmərəli həyata keçirilməsi, vergi, dsmf ödənişlərinin təsdiq edilməsi, audit təşkil edilməsi (qanunda hər il auditin təşkil edilməsi nəzərə alınmışdır), binanın abadlaşdırılması üçün müəyyən şəraitin yaradılması barədə digər şirkətlərlə müqavilələrin bağlanması üçün möhür və ştamp mütləq lazımdır. Bina sakinləri binanın keçmiş sədri X1 ilə mübahisə yekunlaşana qədər qeyd edilənlərin icra olunmamasını nə qədər gözləyə bilərlər?! Mənzil mülkiyyətçilərinin kommunal xidmətlərinin idarə edilməsi nə üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tənzimlənməlidir?! Bu günkü gündə binanın kommunal xidmətllərinin idarə edilməsi hansı formada həyata keçirilməlidir?!.
Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
12. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
16. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
17. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
18. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
21. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
22. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
23. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir.
24. İşin hallarından görünür ki, iddiaçı (Ərizəçi) ##.##.2026-cı il tarixdə cavabdeh1 MMMCnin ümumi yığıncağının keçirildiyini və həmin ümumi yığıncağın qərarı ilə özünün MMMC-nin yeni sədri seçildiyini irəli sürür; ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış MMMC-nin 2 il müddətinə sədr seçilmiş əvvəlki sədri Amil Təhməzovun irəli sürdüyü arqumentə görə isə, ##.##.2026-cı il tarixdə ümumi yığıncaq baş tutmadığı üçün iclas ##.##.2026-cı il tarixinə təxirə salınmış, həmin tarixdə 78 nəfər mülkiyyətçinin iştirakı ilə keçirilən iclasda X3 MMMC-nin sədri seçilmiş və onunla təhvil-təslim prosesi, o cümlədən möhürün təhvili icra edilmişdir.
25. Beləliklə görünən odur ki, cavabdeh1 MMMC-nin İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi məsələsi ilə bağlı mübahisə yaranmışdır və tərəflərin hər ikisi müxtəlif sənədlərə istinad edirlər; həmin mübahisənin müvəqqəti təminat tədbiri institutunun tətbiqi vasitəsilə həll olunması isə həm prosessual baxımdan qeyri-mümkündür, həm də mübahisənin mahiyyəti üzrə vaxtından əvvəl həll olunmasına və müvafiq subyektlərin qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər.
26. Başqa sözlə, ərizəçi tərəfindən məhkəməyə müxtəlif sənədlər təqdim olunsa da, həmin sənədlər hazırkı mərhələdə iddia tələbinin kifayət qədər əsaslılığı nəticəsinə gəlməyə imkan vermir.
27. Kollegiyanın qənaətinə görə, təqdim olunan sənədlərin mötəbərliliyi tam aydınlaşdırılmadan (sorğular verilməklə, izahatlar alınmaqla, ekspertiza keçirilməklə və s. yollarla) düzgün nəticəyə gəlinə bilməz – hazırkı icraat çərçivəsində isə bu mümkün deyildir.
28. Həmçinin qeyd olunmalıdır ki, ərizəçinin iddia tələbi üzrə qəbul olunacaq qətnamənin (iddia tələbinin təmin olunacağı təqdirdə) icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar da məhkəməyə təqdim olunmamışdır.
29. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizənin təmin edilməməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün əsas ola bilməz.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə 08 iyun 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Azad İmanov
Səadət Səlimova