Məhkəmə qərarları › İş №e-16(3-6)-574/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-574/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-574/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərazi yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyinə görə icraata qəbuldan imtinaya dair Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin icraata qəbulunun mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin üzərinə həbs qoyulmaqla onun özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim X11) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır.

3. Ərizəçi həmin qərardaddan şikayət vermişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Ərizəçi qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m olan 6 otaqlı bağ evinin və 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə verilməsi, həmçinin 6000 manat əldən çıxmış gəlirin və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin daşınmaz əmlakın Cavabdeh satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilə ərizəçinin həqiqi iradəsini əks etdirməmiş, etibarnamə üzrə səlahiyyətlərdən sui-istifadə edilməklə bağlanmışdır. Müqavilə AR-İ ****** saylı etibarnamə əsasında X3 tərəfindən imzalanmışdır. Eyni zamanda, alıcı Cavabdeh X3 yaxın qohumu - kürəkəni olduğu, daşınmaz əmlakı faktiki olaraq görmədiyi, onun xüsusiyyətləri barədə məlumatlı olmadığı göstərilmişdir. Bundan əlavə mübahisəli əmlakın real bazar dəyərinin müqavilədə göstərilən 200000 manat məbləğindən dəfələrlə yüksək olmasına baxmayaraq, əqdin əhəmiyyətli dərəcədə aşağı məbləğə rəsmiləşdirilməsi müqavilənin formal xarakter daşıdığını, tərəflərin həqiqi iradəsini əks etdirmədiyini və etibarnamədən sui-istifadə edilməklə bağlandığını təsdiq edən hallar kimi göstərilmişdir. Hazırda mübahisəli daşınmaz əmlak cavabdehin adına dövlət qeydiyyatına alındığından, onun üçüncü şəxslərə özgəninkiləşdirilməsi təhlükəsinin mövcud olduğu bildirilmişdir. Bu səbəbdən, o, mtt barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakimlər X1 (məruzəçi hakim), X2 və X4) Abşeron Rayon Məhkəməsinin **(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət baxılması üçün “ərazi aidiyyəti üzrə” Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş 16(3-6) ***/**** saylı iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

8. Belə ki, qeyd edilən işin materiallarından məlum olur ki, ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi – mtt barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehin adına qeydə alınmış bağ evinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməmişdir.

10. Ərizəçi həmin qərardaddan şikayət vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmiş, həmin Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə isə şikayətə baxılması “ərazi aidiyyəti üzrə” Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Apellyasiya məhkəməsinin təşkili və olduğu yer Məhkəmə- Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə- Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

13. Həmin Qanunun 65-ci maddəsinə əsasən Apellyasiya məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

14. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 3-cü bəndinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinə daxildir: 3.1. Abşeron Rayon Məhkəməsi.

15. Göründüyü kimi, qüvvədə olan normativ aktlara əsasən Abşeron Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmələrin fəaliyyətini tənzimləyən normativ aktlarda məhkəmələrə, o cümlədən də apellyasiya instansiya məhkəmələrinə ərazi yurisdiksiyasının dəyişdirilməsi səlahiyyəti verilməmişdir.

17. Müstəsna olaraq MPM-in 45.6-cı maddəsində nəzərdə tutlmuşdur ki, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.

18. Beləliklə də müəyyən olunur ki, işlərə baxılması zamanı ərazi yurisdiksiyasının dəyişdirilməsi müstəsna hal olaraq fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə və həm də ancaq birinci instansiya məhkəmələrinə münasibətdə və müstəsna olaraq da yalnız Ali Məhkəmə tərəfindən həyata keçirilə bilər.

19. Bundan başqa, müəyyən olunur ki, hazırkı ərizəyə və ondan verilmiş şikayətə baxılması ilə bağlı nə rayon məhkəməsində işə baxan hakimə, nə də apellyasiya icraatı zamanı məhkəmə tərkibinə etiraz verilməmişdir. Hətta belə etirazın olması halında da, bu, məhkəmələrin qanunla müəyyən olunmuş apellyasiya instansiyası üzrə ərazi yurisdiksiyasının dəyişdirilməsinə əsas vermir.

20. MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

21. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: - 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; - 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; - 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; - 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; - 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; - 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.

22. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.

23. Azərbaycan Respublikasının Konstitusiyasının məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsini müəyyən edən 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

24. Məhkəmə qeyd edir ki, istinad olunan normativ aktların imperativ tələbləri baxımından Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsi yolverilməzdir.

25. Yuxarıda da qeyd edildiyi kimi, Abşeron Rayon Məhkəməsi Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Demək ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin məhkəmə aktlarını yoxlamaq səlahiyyətinə malik deyildir.

26. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

27. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüqu normasına müraciət edir.

28. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı işin icraata qəbulundan imtina edilməli, iş materialları ərazi yurisdiksiyası üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

29. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

30. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * №-li Qərarını, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin icraata qəbulundan (qanunvericiliklə müəyyən olunmuş ərazi yurisdiksiyasının dəyişdirilməsinin yolverilməz olması səbəbindən) imtina edilsin və ərazi yurisdiksiyası üzrə səlahiyyətli olan Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, hazırda qüvvədə olan prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar