Məhkəmə qərarları › İş №e-16(3-6)-580/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-580/2026

18.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-580/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Səfərov İntiqam Nuru oğlunun ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, uşaqla ünsiyyətdə olmaq hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Səfərov İntiqam Nuru oğlunun ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Cavabdeh Müşviq qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Səfərov İntiqam Nuru oğlu ilə Cavabdeh Müşviq qızı ##.##.2023-cü il tarixdə nikaha daxil olmuş, nikahlarından ##.##.2024-cü il tarixdə İnci adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Səfərov İntiqam Nuru oğlu (iddiaçı) Cavabdeh Müşviq qızına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, nikahlarının pozulması və uşaqla ünsiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Həmin iddia ərizəsi üzrə mülki iş hazırda e-2(5-94)-3264/2026 sayısı ilə məhkəmənin icraatındadır.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edərək, Cavabdeh iştirakı olmadan övladı - ##.##.2024-cü il təvəllüdlü Səfərli İnci İntiqam qızı ilə hər həftənin bazar günləri saat 13:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, nikahın pozulması, uşaqla ünsiyyət tələbinə dair iddia qaldırmışdır və hazırda övladı ilə görüşmək məqsədi ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə vermək məcburiyyətində qalmışdır.

6. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması qərara alınmışdır.

7. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.7-ci, 158.2-ci maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-cı il tarixli qərarına istinadla belə əsaslandırmışdır ki, valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının qarşısını almaq, atanın övladı ilə münasibətinə şərait yaratmaq məqsədilə ərizə təmin olunmalıdır.

8. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə 2 yaşlı uşağın gündəlik yuxu və qidalanma rejimini, atasına emosional bağlılıq səviyyəsini, eləcə də anasız 4 saat başqa mühitdə qalmasının onda yaradacağı psixoloji travmanı və atanın təkbaşına körpəyə qulluq etmək imkanlarını tam araşdırmadan əsassız qərardad qəbul etmişdir.

Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

12. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

16. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

17. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

18. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

21. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli 8- */**** nömrəli qərarı

22. 7.1-ci bənd, II abzas. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-cı il tarixli, */**** nömrəli qərarı

23. 2.8-ci bənd. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir.

Apellyasiya baxışının həddi

24. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

25. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

26. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

27. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur; çünkü məhkəmənin görülməsinə qərar verdiyi təminat tədbiri, ərizəçi ilə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almağa xidmət etməkdədir.

29. Kollegiya onu da qeyd edir ki, uşağın yaşının az olması ərizəçinin bir ata kimi uşağı ilə ünsiyyətdə olmaq hüquqlarına xələl gətirməməlidir. Digər tərəfdən cavabdeh şikayətində ümumi mülahizələrdən istifadə etmiş, uşağın ata ilə ünsiyyətdə olmasının onun həyatına, təlimtərbiyəsinə mənfi təsirlərinə dair konkret dəlillər göstərməmişdir.

30. Nəzərə alınmalıdır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X2rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar