Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-590/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X8 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Əliyev Məhəbbət İsmayıl oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Əliyev Məhəbbət İsmayıl oğlu cavabdeh Əmirov İlkin Səyyub oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmirov İlkin Səyyub oğlunun xüsusi mülkiyyətində olan və 2019-cu ildən iddiaçının icarəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 623,2 kv.m olan qeyriyaşayış binasında iddiaçı tərəfindən aparılmış əsaslı təmir xərcləri və yaxşılaşdırmaların əvəzi olaraq 650.000 (altı yüz əlli min) manat məbləğində pulun cavabdeh Əmirov İlkin Səyyub oğlundan tutularaq iddiaçı Əliyev Məhəbbət İsmayıl oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Əliyev Məhəbbət İsmayıl oğlu müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binasında yerləşən cavabdeh Əmirov İlkin Səyyub oğluna məxsus olan ümumi sahəsi 446,6 kv.m olan qeyriyaşayış binasının iddiaçı tərəfindən edilmiş təmir və yaxşılaşdırma işlərinin o cümlədən ayrıla bilməyən avadanlıqların aşınmaya və amortizasiyaya məruz qalmasının qarşısının alınması məqsədilə 3-cü şəxslərə icarəyə verilməsinə dair hərəkətlərin edilməsi cavabehə və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Hazırda iddiaçı Əliyev Məhəbbət İsmayıl oğlu nümayəndəsi (vəkili) vasitəsilə həmin qərardaddan şikayət edərək Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Qiymətləndiricilər Palatasından M-***-TEM/**** saylı, 06iyul.2026-cı il tarixli rəyi ##.##.2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. Həmin rəyin məzmunu ilə tanış olduqda məlum olmuşdur ki, qiymətləndirici tərəfindən sözügedən ünvanda qeyri-yaşayış binasında təmirin dəyəri ümumi olaraq 376 657 manat və ayrıla bilməyən yaxşılaşdırmaların dəyəri isə 93 657 AZN təşkil etmişdir. Yəni cəmi məbləğ 470 314 AZN dəyərində mülkdə də Əliyev Məhəbbət İsmayıl oğlunun pul vəsaiti kimi yatır hazırda bu məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğdir, çünki, iddiaçı 30 illik (2019-2049-cu il müddətədək) müddət üçün nəzərdə tutulmu müddətə qoymuşdu o investisiya məbləğini və bu gün iddiaçının kapitalı cavabdehə məxsus obyektə yatırılmışdır. Halbuki, bu məbləğ iddiaçının mülkiyyətidir. Bina cavabdehin olsa da içərisindəki təmir və yaxşılaşdırma iddiaçınındır. Məhz iddiaçının əməyi və vəsaiti hesabına bu günləri cavabdehin qeyri-yaşayış sahəsi ümumiyyətlə ondan fayda götürməyə imkan verəcək vəziyyətə çatmışdır. X3 əməyi və vəsaiti hesabına başa gələn sahənin hazırki məhkəmə mübahisəsi bitənədək cavabdeh tərəfindən 3-cü şəxslərə icarəyə verilməsini qanuni və ədalətli hesab etmir. Hazırki ərizə ilə məhkəmə müraciət edərək məhkəmədən xahiş olunur ki, iş üzrə yeni bir halın- mimimal dəyəri 470 314 AZN olan sərmayənin sözügedən mübahisəli obyektə yatırılmasını nəzərə alaraq, həmin sahədən digər 3-cü şəxslərin yararlanmasını düzgün hesab etmir. Çünki, əgər hazırda cavabdeh oranı digər şəxslərə icarəyə vermiş olarsa mümkün böyük ehtimal vardır ki, həmin yaxşılaşdırmalar müəyyən aşınmalara məruz qalacaqdır və gələcəkdə hazırki mübahisə predmeti apellyasiya və digər yuxarı instansiya məhkəmələrinin qərarlarına əsasən təkrar qiymətləndirmə predmeti olarsa, artıq aparılacaq qiymətləndirmə aşınmış qiymətlər üzərində olacaqdir, necə ki, 650 000 AZN hazırda 470 314 səviyyəsinə düşmüşdür. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5, 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Əvvəla qeyd edilməlidir ki, müvəqqəti təminat tədbiri iddia ərizəsinin və ya gələcəkdə irəli sürüləcək tələbin əsaslılığına dair ilkin sübutların mövcudluğu baxımından mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi gələcəkdə ərizəçinin hüquqlarının qorunmasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Göründüyü kimi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar əlavə edilərək, kifayət qədər əsaslandırılmaqla təqdim edilməli olan müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini), o cümlədən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində əsas məqsəd iddia təmin edildiyi təqdirdə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdan ibarətdir. Hazırkı iş üzrə iddia tələbi cavabdehdən 650.000 manat məbləğində pul vəsaitinin tutulmasına dair olduğundan, iddiaçının xahiş etdiyi müvəqqəti təminat tədbiri – cavabdehə məxsus qeyri-yaşayış sahəsinin üçüncü şəxslərə icarəyə verilməsinin qadağan edilməsi ilə mümkün qətnamənin icrasının təmin edilməsi arasında birbaşa hüquqi əlaqə müəyyən edilmir. Belə ki, göstərilən qadağanın tətbiqi iddia təmin edildiyi halda pul tələbinin icrasını təmin etmir, onun icrasını asanlaşdırmır və gələcəkdə icranın mümkünlüyünə təsir göstərmir. Cavabdehin daşınmaz əmlakı üçüncü şəxslərə icarəyə verməsi həmin əmlak üzərində mülkiyyət hüququnun başqasına keçməsinə səbəb olmur və gələcəkdə qəbul edilə biləcək pul tələbinə dair qətnamənin "İcra haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada icrasına maneə yaratmır. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqini əsasən qeyri-yaşayış sahəsində aparılmış təmir və yaxşılaşdırmaların üçüncü şəxslər tərəfindən istifadə nəticəsində aşınmaya və amortizasiyaya məruz qala bilməsi, bunun isə gələcəkdə həmin işlərin dəyərinin müəyyən edilməsinə təsir göstərə biləcəyi ilə əsaslandırmışdır. Lakin iş materiallarından görünür ki, məhkəmənin təyin etdiyi qiymətləndirmə artıq keçirilmiş, tədqiqat aparılaraq müvafiq şəkillər, qeydlər aparılmışdır. Yəni iddiaçının hüquqi marağı olan mövcud vəziyyətin qorunub saxlanması ilə bağlı hüquqlarının təmin edilməsini aradan qaldıran hal, hazırki vəziyyətdə yoxdur. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Əliyev Məhəbbət İsmayıl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-590/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-590/2026
19.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver