Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-591/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (Ərizəçi MMC) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-yə məxsus aşağıda qeyd edilən -1. OPEL COMBO C VAN YÜK markalı **JC*** nömrə nişanlı; 2. JAC PİCK UP T8 MİNİK markalı **YR*** nömrə nişanlı; 3. BMWİX1 M SPORT MİNİK markalı **YQ*** nömrə nişanlı nəqliyyat vasitələri - daşınar əmlakların üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Daha sonra ərizəçinin nümayəndəsi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəllər tətbiq edilmiş müvəqqəti təminat tədbiri yeni tədbirin tətbiqini istisna etmir. Müvəqqəti təminat tədbirlərinin məqsədi gələcək məhkəmə qərarının icrasını təmin etməkdir. Əgər əvvəl seçilmiş tədbir bu məqsədə faktiki nail olmursa və ya onun kifayət edib-etmədiyi məlum deyilsə, məhkəmə başqa təminat tədbirinin tətbiqini də qiymətləndirməlidir. Qanunvericilik bir neçə təminat tədbirinin eyni vaxtda və ya ardıcıl tətbiqini qadağan etmir, əsas şərt onların mütənasib olmasıdır. Məhkəmə sübutetmə yükünü ərizəçinin üzərinə düzgün qoymamışdır. Məhkəmə ərizəçidən cavabdehin bank hesabında pul vəsaitinin olmamasını və ya qərardadın icra edilməməsini sübut etməsini tələb etmişdir. Halbuki bank hesablarının vəziyyəti barədə məlumatlar bank sirri təşkil edir və ərizəçinin həmin məlumatları əldə etmək imkanı yoxdur. Qərardadın icra vəziyyəti barədə məlumat isə icra orqanlarında olur. Buna görə də ərizəçinin bu faktları sübut edə bilməməsi onun ərizəsinin rədd edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə əvvəlki təminat tədbirinin faktiki effektivliyini araşdırmamışdır. Qərardadda yalnız əvvəlki həbs qərarının mövcudluğu göstərilmiş, lakin həmin qərarın icra olunub-olunmaması, cavabdehin hesabında həqiqətən iddia məbləğini təmin edəcək qədər vəsaitin olub-olmamasımüəyyən edilməmişdir. Bu hallar araşdırılmadan yalnız əvvəlki qərardadın mövcudluğuna istinad edilməsi kifayət qədər hüquqi əsas hesab edilə bilməz. Nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırmır. Ərizəçi nəqliyyat vasitələrinin müsadirəsini və ya istifadəsinin qadağan edilməsini deyil, yalnız onların özgəninkiləşdirilməsinin qarşısının alınmasını xahiş etmişdir. Belə təminat tədbiri cavabdehin mülkiyyət hüququnu tam məhdudlaşdırmır, yalnız əmlakın üçüncü şəxslərə keçirilməsinin qarşısını alır və gələcək məhkəmə qərarının icrasını təmin etməyə xidmət edir. Məhkəmə “lüzumsuz məhdudlaşdırma” nəticəsini əsaslandırmamışdır. Qərardadda cavabdehin hansı hüququnun, hansı səbəbdən və hansı həcmdə pozulacağı göstərilməmişdir. Məhkəmə yalnız ehtimal xarakterli mülahizə ilə kifayətlənmişdir. Halbuki məhkəmə tətbiq ediləcək tədbirin zəruriliyini və mütənasibliyini konkret faktlar əsasında qiymətləndirməli idi. İddiaçının hüquqlarının qorunması prinsipi nəzərə alınmamışdır. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsas məqsədi gələcək məhkəmə qərarının icrasının mümkünsüz və ya xeyli çətinləşməsinin qarşısını almaqdır. Cavabdehin nəqliyyat vasitələrini özgəninkiləşdirməsi ehtimalı mövcud olduqda, həmin əmlakın üzərinə həbs qoyulmaması gələcəkdə məhkəmə qətnaməsinin icrasını faktiki olaraq mümkünsüz edə bilər. Məhkəmə alternativ təminat tədbirinin zəruriliyini qiymətləndirməmişdir. Əgər bank hesabındakı vəsaitin mövcudluğu və kifayətliliyi təsdiq edilməmişdirsə, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması əlavə təminat tədbiri kimi tətbiq edilə bilərdi. Bu, iddia məbləğinin real təmin edilməsinə xidmət edərdi. Qərardadın əsaslandırılması natamamdır. Məhkəmə ərizəçinin irəli sürdüyü arqumentlərə ayrıca hüquqi qiymət verməmiş, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasının nə üçün qeyri-mütənasib olduğu və mövcud tədbirin nə üçün kifayət etdiyi barədə əsaslandırılmış nəticə göstərməmişdir. Bu isə məhkəmə aktlarının əsaslandırılması tələbinə uyğun hesab edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktiki hallar: Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilənin 4.1-ci bəndi ilə aylıq icarə haqqı 17.700 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına elektron qaimələr əlavə edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hazırkı halda ərizəçi gələcəkdə hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağının və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə nail olmaq üçün müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruri olmasını kifayət qədər əsaslandırmamışdır. Əksinə icraat materiallarına əsasən müəyyən edilir ki, eyni tərəflər arasında olan eyni tələb ilə bağlı Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əvvəllər də müvəqqəti təminat tədbiri barədə ərizələr ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli qərardadları müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizələr təmin edilmiş, Cavabdeh MMC-nın bank hesabında olan pul vəsaitlərinin üzərinə əmək haqları və məcburi dövlət ödənişlərinin ödənilməsinə məhdudiyyət qoyulmadan müvafiq olaraq 55845,74 və 37637,08 manat (cəmi 93482,82 manat) həcmində həbs qoyulmuşdur. Kollegiya həmçinin onu da nəzərə alır ki, ərizəçi ərizəsində və şikayətində əvvəllər tətbiq edilmiş müvəqqəti təminat tədbirinin MPM-nin 157.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün kifayət etməməsinə, yeni bir tədbirin tətbiqinə zərurət olmasına dəlalət edən konkret hallara istinad etməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırkı halda tələb edilən pul vəsaitinin məbləği həcmində cavabdehin bank hesabı üzərinə artıq həbs qoyulduğundan və bununla da iddia tələbi faktiki olaraq təminat altına alındığından, hər hansı əlavə zərurət olmadan cavabdehə məxsus nəqliyyat vasitələrinin üzərinə də həbs qoyulması cavabdehin mülkiyyət hüquqlarının lüzumsuz şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, gələcəkdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə zərurət mövcud deyildir. Nəqliyyat vasitələri üzərinə həbs qoyulmasının cavabdehin hüquqlarını məhdudlaşdırmayacağı barədə arqumentə dair göstərilir ki, əmlak üzərində həbs qoyulması cavabdehin mülkiyyətində olan əmlakları üzərində sərəncam vermək hüququ məhdudlaşdırır və belə məhdudiyyət yalnız zəruri və mütənasib olduğu hallarda tətbiq oluna bilər. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, gələcəkdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə zərurət mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-16(3-6)-591/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-591/2026
14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver