Məhkəmə qərarları › İş №e-16(3-6)-592/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-592/2026

24.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-592/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxsin hər həftənin şənbə və bazar günləri uşaqlarla saat 09:00-dan 16:00-dək olmaqla ünsiyyət qurma qaydasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Hazırda ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 16(5-97)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli qərarında, əsasən 1.1.1.7-ci bənddə Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilmişdir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Hazırda ərizəçi uşaqları ilə atalarının ünsiyyətinə mane olmur, əksinə buna şərait yaradır. Qarşı tərəf, yəni maraqlı şəxs isə uşaqları sakitcə götürüb öz yanına aparmasına baxmayaraq, ünsiyyət hüququndan sui-istifadə edərək uşaqları həftələrlə, aylarla aparır, uşağın gözü qabağında, onun psixologiyasına, inkişafına təsir edəcək mübahisələrdən sonra uşağı geri qaytarır. Bu isə uşaqların anasını, yəni ərizəçini dərindən yaralayır və onun ərizəsi uşaqlarını düşünən ananın dövlətdən yardım istəyidir. Aydın məsələdir ki, heç bir hüquq norması uşaqların mənafeyinin təminindən üstün və ya ona zidd ola bilməz və ya bu formada şərh edilə bilməz. Bu iddianı qaldırmaq maraqlı şəxsin “subyektiv hüququ”na aid olması və ərizəçinin bu hüququ aradan qaldıra bilməməsi barədə mövqe yanlışdır. Belə ki, “uşaqla ünsiyyət”də olmaq atanın subyektiv hüququdur və bu istisnasız belədir. Lakin indiki halda ərizə bu hüququn mövcud olub-olmaması ilə bağlı deyil, uşaqla atanın ünsiyyət qaydası ilə bağlıdır. Yəni burada söhbət ünsiyyət hüququnun mövcud olub-olmamasından deyil, mövcud hüququn realizəsindən gedir ki, bununla bağlı heç şübhəsiz uşağın anasının da hüququ mövcuddur. Məhz bu səbəbdən Ali Məhkəmənin qərarında “yanında uşaq olmayan valideyn” ifadəsindən yox, “arzu edən valideyn” ifadəsindən istifadə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-97)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirinin görülməsində məqsəd tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli, */**** nömrəli Qərarının 2.8-ci bəndində qeyd edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla hesab edir ki, ərizəçinin tələb etdiyi müvəqqəti təminat tədbiri mahiyyət etibarilə azyaşlı uşaqlarla atalarının ünsiyyət hüququnun həyata keçirilməsi qaydasının müəyyən edilməsinə yönəlmişdir. Lakin uşaqlarla ünsiyyət hüququ həmin hüququn daşıyıcısı olan valideynin şəxsi qeyri-əmlak hüququ olub, onun həyata keçirilməsi qaydasının müəyyən edilməsi barədə məhkəmə qaydasında tələb irəli sürmək hüququ məhz həmin hüququn subyektinə məxsusdur. Digər valideyn qarşı tərəfin malik olduğu ünsiyyət hüququnun hansı qaydada həyata keçirilməsinin müəyyən edilməsi barədə onun əvəzinə məhkəməyə müraciət edə bilməz. Belə bir tələb faktiki olaraq digər şəxsin subyektiv hüququnun həyata keçirilməsinə dair iradənin onun əvəzinə ifadə edilməsi mənasını daşıyır. Həmçinin şikayətdə "arzu edən valideyn" ifadəsinə istinad edilməklə ərizəçinin də belə tələblə çıxış etmək hüququnun olduğu göstərilsə də, kollegiya hesab edir ki, həmin ifadə ünsiyyət hüququnun subyekti olan və uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini istəyən valideynə aiddir. Hazırkı halda isə ərizə ilə müraciət edən şəxs uşaqların anası olmaqla, məhz atanın şəxsi qeyri-əmlak hüququnun hansı qaydada həyata keçirilməsinin müəyyən edilməsini xahiş etmişdir. Halbuki, valideynin uşaqla ünsiyyət hüququ şəxsi xarakter daşıyan subyektiv hüquqdur və onun həyata keçirilməsi qaydasının müəyyən olunması barədə tələb irəli sürmək hüququ həmin hüququn daşıyıcısına məxsusdur. Kollegiya hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar