Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-593/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasına xitam verilməsi vəzifəsinin cavabdeh icra şöbəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılmasına dair qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizə rədd edilmişdir. Ərizəçi Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** saylı qərardadından şikayət verərək sözügedən qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət Azərbaycan Respublikası MPM-ə * saylı Əlavədə apellyasiya şikayəti (qərardadlardan şikayət) üçün nəzərdə tutulmuş formada və məzmunda göndərilmədiyindən və bununla yanaşı şikayət ərizəsi elektron imza ilə imzalanmadığından geri qaytarılmışdır. Hazırda ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətinin baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın əsaslandırıcı hissəsində məhkəmə iki əsasa istinad etmişdir: 1.Şikayətin apellyasiya şikayəti (qərardadlardan şikayət) üçün nəzərdə tutulmuş formada və məzmunda verilməməsi (MPM-ə * saylı Əlavə); 2.Şikayətin gücləndirilmiş elektron imza və ya sertifikatlaşdırılmış elektron imza vasitəsi ilə imzalanmaması. Qərardadın mətnindən göründüyü kimi, məhkəmə şikayətin “EMİS”-də yaradılmış elektron kabinet vasitəsilə, yəni qanunla tələb olunan rəsmi kanaldan istifadə etməklə göndərildiyini özü də təsdiq etmişdir (qərardadın 13-cü bəndi). Bununla belə, məhkəmə ərizəçiyə aşkar edilmiş qüsurların aradan qaldırılması üçün hər hansı müddət və ya imkan vermədən, şikayəti birbaşa və tam həcmdə geri qaytarmışdır. Hesab edir ki, qərardad hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" ## ###### 2016-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur; bu təminat həmçinin müxtəlif instansiyalarda şikayətin baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını əhatə edir. Hazırkı işdə ərizəçi qanunla tələb olunan rəsmi kanaldan (EMİS-də yaradılmış elektron kabinet) istifadə etməklə, MPM-in 10-1.3-cü maddəsinin əsas tələbinə əməl edərək şikayətini vaxtında təqdim etmişdir. Yalnız texniki xarakterli, aradan qaldırılması mümkün olan bir qüsura (gücləndirilmiş elektron imzanın olmaması) görə şikayətin bütövlükdə və heç bir islah imkanı verilmədən geri qaytarılması, ərizəçini Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququndan faktiki olaraq məhrum etmişdir. Bu, birinci instansiya məhkəməsinin prosessual qaydalara "dəqiq riayət olunması" tələbini formal şəkildə deyil, hüququn mahiyyətini əzən üsulla tətbiq etməsi deməkdir. Aradan qaldırıla bilən texniki qüsura görə şikayətin bütövlükdə geri qaytarılması, ərizəçini əslində məhkəməyə müraciət etmək hüququndan imtinaya (icbari şəkildə) sövq etmişdir, halbuki qanun belə imtinanı etibarsız sayır. Məhkəmə, qüsurun aradan qaldırılması üçün ərizəçiyə müddət verməklə onun Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində təsbit olunmuş hüququnu təmin edə bilərdi, lakin bunu etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" ## #### 2018-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mülki prosessual normaların tətbiqi zamanı mütənasiblik prinsipinə riayət olunmalı, tətbiq edilən tədbir və sanksiyalar iş üzrə həqiqi vəziyyətə və nəticələrin ağırlığına uyğun olmalıdır. Hazırkı işdə şikayətin predmeti məhz təxirəsalınmaz xarakter daşıyan, ərizəçinin yaşayış sahəsindən çıxarılmasının qarşısını almağa yönəlmiş müvəqqəti təminat tədbiri məsələsi olmuşdur. Bu şəraitdə, aradan qaldırıla bilən texniki qüsura görə şikayətin mütləq qaydada və dərhal geri qaytarılması, ərizəçini son nəticədə 10 günlük müddətin keçməsi səbəbindən hüquqi müdafiə vasitəsindən tamamilə məhrum etmək riski daşıyır ki, bu da mütənasiblik prinsipinin kobud şəkildə pozulmasıdır. Məhkəmə əvvəla ərizəçinin gücləndirilmiş elektron imza və ya sertifikatlaşdırılmış elektron imza vasitəsindən istifadə imkanının mövcud olub-olmadığını, bu qüsurun texniki səbəbdən (məsələn, müvafiq imza vasitəsinin əldə edilməsi ilə bağlı çətinliklər) yaranıb-yaranmadığını araşdırmamışdır. Bundan başqa məhkəmə şikayətin predmetini təşkil edən müvəqqəti təminat tədbiri məsələsinin ərizəçinin yaşayış sahəsindən çıxarılması ilə bağlı təxirəsalınmaz xarakterini, habelə şikayətin dərhal geri qaytarılmasının ərizəçi üçün hansı geri dönməz nəticələr yarada biləcəyini (10 günlük müddətin keçməsi və hüquqi müdafiə vasitəsinin itirilməsi riski) qiymətləndirməmişdir. Daha sonra məhkəmə, ərizəçinin şikayəti rəsmi elektron kabinet vasitəsilə göndərməsi faktının, onun prosessual qaydalara əməl etmək niyyətini əks etdirən sübut kimi qiymətləndirilib qiymətləndirilməyəcəyini, bunun isə formaya dair qüsurun aradan qaldırılması üçün müddət verilməsini əsaslandırıb-əsaslandırmadığını araşdırmamışdır. Məhkəmənin bu mühüm halları araşdırmaması nəticəsində, Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tətbiqi imkanları hərtərəfli qiymətləndirilmədən, formal əsasla ərizəçinin məhkəmə müdafiəsi hüququ məhdudlaşdırılmışdır. Məhkəmə yalnız formal-texniki əsasa (elektron imza ilə imzalanmamasına) istinad edərək nəticəyə gəlmişdir. Lakin işin faktiki halları ərizəçinin şikayətini qanunla tələb olunan rəsmi kanaldan (EMİS-də yaradılmış elektron kabinet) istifadə etməklə, vaxtında təqdim etməsi, habelə mübahisənin əsl mahiyyətinin ərizəçinin yaşayış sahəsindən çıxarılmasının qarşısının alınmasına yönəlmiş təxirəsalınmaz müdafiə tələbi olmasına əhəmiyyət verməmişdir. Qərardadda göstərilən əsasla şikayətin tam və mütləq qaydada geri qaytarılması ilə işin faktiki halları ərizəçinin vicdanlı davranışı və müdafiə olunan hüququn xarakteri arasında ziddiyyət mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Bundan başqa, Azərbaycan Respublikasının 2021-ci il # #### tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırda isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-93) ***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin apellyasiya şikayəti (qərardadlardan şikayət) üçün nəzərdə tutulmuş formada və məzmunda verilmədiyi, bundan başqa elektron imza ilə də imzalanmadığı müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.2 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə Hüquq Şurasının ## #### 2025-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimatın 118-ci bəndinə əsasən, EMİS-in istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən verilmiş qərardaddan şikayət “Elektron Məhkəmə” informasiya sistemində (“EMİS”-də) yaradılmış elektron kabinet vasitəsilə verilsə də, lakin ərizəçi tərəfindən həmin şikayət gücləşdirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilərək imzalanmamış, sadəcə olaraq şikayət skan edilərək elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, məhkəmə qərardadlarından verilən şikayətlər yalnız elektron qaydada (elektron kabinet vasitəsilə) və müəyyən edilmiş formada verildiyi, eləcə də elektron imza ilə imzalandığı halda birinci instansiya məhkəmələri tərəfindən baxıla və ya baxılması üçün apellyasiya məhkəməsinə göndərilə bilər, əks halda qanunvericiliklə müəyyən edilmiş formada verilmədiyi üçün geri qaytarılacaqdır. Ərizəçi tərəfindən şikayət Azərbaycan Respublikası MPM-ə * saylı Əlavədə apellyasiya şikayəti (qərardadlardan şikayət) üçün nəzərdə tutulmuş formada və məzmunda göndərilməmiş, bununla yanaşı şikayət ərizəsi elektron imza ilə imzalanmamışdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ərizəçi tərəfindən sözügedən qərardaddan verilmiş şikayət qanunla müəyyən edilmiş formada verilmədiyindən, eləcə də elektron imza vasitəsilə imzalanmadığından şikayət geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək onu geri qaytarması qanunun birbaşa tələbindən irəli gəlmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, ərizəçinin şikayətin “EMİS”-də yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməsinə istinad etməsi də həmin nəticəni dəyişmir. Belə ki, elektron kabinetdən istifadə etməklə prosessual sənədin məhkəməyə göndərilməsi ilə həmin sənədin qanunla tələb olunan qaydada imzalanması ayrı-ayrı prosessual tələblərdir. Sənədin elektron kabinet vasitəsilə məhkəməyə daxil (pdf forması) olması onun avtomatik olaraq prosessual qanunvericiliyin bütün tələblərinə cavab verməsi anlamına gəlmir. Ərizəçinin “şikayətin elektron kabinet vasitəsilə təqdim edilməsinin onun prosessual qaydalara əməl etmək niyyətini göstərməsi” barədə dəlili də hüquqi əhəmiyyət daşımır. Prosessual hüquq və vəzifələrin həyata keçirilməsi yalnız şəxsin niyyətindən deyil, qanunla müəyyən edilmiş konkret prosessual hərəkətlərin lazımi qaydada yerinə yetirilməsindən asılıdır. Şikayətin vaxtında təqdim edilməsi prosessual müddətə riayət olunmasını göstərsə də, bu hal şikayətin forma və imza tələblərinə cavab verməməsi qüsurunu aradan qaldırmır. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, ərizəçinin qüsurun texniki xarakter daşıması və aradan qaldırıla bilməsi barədə dəlili də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində nəzərdə tutulan hal məhz şikayətin müəyyən edilmiş formada verilməməsi və ya imzalanmaması ilə bağlı olduqda, qanunverici belə qüsurun mövcudluğunu şikayətin geri qaytarılması üçün müstəqil prosessual əsas kimi müəyyən etmişdir. Bu səbəbdən məhkəmənin qanunda nəzərdə tutulmuş prosessual nəticəni tətbiq etməsi ərizəçinin məhkəmə müdafiəsi hüququnun mahiyyətini pozan hal kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəməyə müraciət etmək hüququ mütləq və prosessual formalardan azad hüquq deyildir. Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilən məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi qanunla müəyyən edilmiş prosessual qaydalara riayət edilməsini də ehtiva edir. Şəxs prosessual hüququndan istifadə edərkən qanunla müəyyən edilmiş forma, məzmun, imza və təqdimetmə tələblərinə əməl etməlidir. Ərizəçinin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə edilmiş məhkəmə müdafiəsi hüququ və mütənasiblik prinsipi də prosessual qanunun imperativ tələblərinin nəzərə alınmamasına əsas vermir. Məhkəmə müdafiəsi hüququnun təmin edilməsi prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə həyata keçirilir. Əks yanaşma apellyasiya qaydasında verilmiş şikayətlər üçün müəyyən edilmiş forma və imza tələblərinin faktiki olaraq əhəmiyyətsizləşdirilməsinə gətirib çıxara bilər. Ərizəçinin məhkəmənin ona aşkar edilmiş qüsurların aradan qaldırılması üçün müddət verməli olması barədə mövqeyi də əsassızdır. Çünki hazırkı halda söhbət şikayətin Mülki Prosessual Məcəlləsinin * saylı əlavəsində müəyyən edilmiş forma və məzmun tələblərinə cavab verməməsindən və lazımi elektron imza ilə imzalanmamasından gedir. Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsi belə halda şikayətin geri qaytarılmasını birbaşa nəzərdə tutur. Deməli, birinci instansiya məhkəməsinin qanunda nəzərdə tutulmayan əlavə mərhələ yaratmaqla ərizəçiyə ayrıca müddət verməsi tələb olunmur. Eyni zamanda, ərizəçinin şikayətin predmetinin müvəqqəti təminat tədbiri və yaşayış sahəsindən çıxarılmanın qarşısının alınması ilə əlaqədar olması barədə dəlili də şikayətin prosessual tələblərə uyğunluğunun qiymətləndirilməsinə təsir etmir. İşin mahiyyətinin təxirəsalınmaz xarakter daşıması prosessual sənədin qanunda müəyyən edilmiş qaydada tərtib edilməsi və imzalanması öhdəliyini aradan qaldırmır. Əksinə, prosessual müddətlərin və şikayət vermə qaydasının qanunla müəyyən edilməsi məhkəmə icraatının nizamlı və səmərəli həyata keçirilməsini təmin edən vasitələrdən biridir. Ərizəçinin 10 günlük müddətin keçməsi nəticəsində hüquqi müdafiə vasitəsini itirmək riskinə dair mülahizələri də birinci instansiya məhkəməsinin qərardadının qanunsuzluğu üçün əsas ola bilməz. Belə risk ərizəçinin özünün qanunun tələblərinə uyğun şikayət təqdim etməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Şəxsin prosessual müddətdən istifadə etmək imkanının mövcudluğu həmin müddət ərzində təqdim etdiyi hər bir sənədin, onun forma və imza tələblərinə cavab verməsindən asılı olmayaraq, qəbul edilməli olması demək deyildir. Bundan başqa, məhkəmənin ərizəçinin gücləndirilmiş və ya sertifikatlaşdırılmış elektron imza əldə etmək imkanının olub-olmamasını, bu imzanın olmamasının hansı texniki səbəbdən yaranmasını ayrıca araşdırmalı olması barədə dəlil də əsassızdır. Prosessual sənədin qanunda nəzərdə tutulmuş qaydada imzalanmasını təmin etmək həmin sənədi təqdim edən şəxsin prosessual vəzifəsidir. Məhkəmənin şəxsin elektron imza əldə etmək imkanlarını ayrıca araşdırması və ya onun əvəzinə bu prosessual tələbin yerinə yetirilməsini təmin etməsi məhkəmənin vəzifələrinə aid edilə bilməz. Beləliklə, ərizəçi şikayəti elektron kabinet vasitəsilə vaxtında göndərməklə yalnız onun məhkəməyə təqdim edilməsi faktını təmin etmiş, lakin həmin şikayətin qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə uyğunluğu, eləcə də lazımi elektron imza ilə təsdiqlənməsi üzrə prosessual tələblərə əməl etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin vəzifəsi prosessual qanunvericiliyin tələblərini aradan qaldırmaq və ya şəxsin əvəzinə prosessual hərəkətləri yerinə yetirmək deyil, həmin tələblərin icrasını təmin etməkdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qüsurlar Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində birbaşa nəzərdə tutulan hallara uyğun olduğundan, şikayətin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Bu baxımdan, ərizəçinin Konstitusiyanın 60-cı maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə müdafiəsi hüququ və mütənasiblik prinsipi ilə bağlı hüquqi mövqelərinə istinad etməsi birinci instansiya məhkəməsinin qanunun imperativ prosessual tələbinə uyğun qəbul etdiyi qərardadın ləğvi üçün əsas yaratmır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-593/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-593/2026
31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver