Məhkəmə qərarları › İş №e-16(3-6)-594/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-594/2026

21.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-594/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, **(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi MMC-nin nümayəndəsi MMC-nin adından cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “xxxx” iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC, onunla cavabdeh Azəri Tarix arasında bağlanmış “Lizinq müqaviləsinə” əsasən lizinq predmeti olan və xaricdə istehsal edilən “Changan Q07” markalı avtomobilin dəyərini ödəyərək avtomobili almış, Azərbaycan Respublikasına gətirmiş, avtomobilin gətirilməsinə və rəsmiləşdirlməsinə xərc çəkmiş, lakin cavabdeh Azər Tarixi və avtomobilin hazırkı sahibi olan cavabdeh cavabdeh2 həmin xərci MMC-yə ödəmirlər. Buna görə də MMC, cavabdehlərə qarşı “xxxx” iddia irəli sürmək məcburiyyətində qalmışdır. MMC-nin nümayəndəsi eyni zamanda “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iddiaya dair mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək lizinq predmeti olan avtomobilin üzərinə həbs qoyulması, avtomobilin özgəninkiləşdirilməsinin və istifadəsinin cavabdehlərə və başqalarına qadağan edilməsi, avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, MMC tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi ehtimalı yoxdur. İddia tələbi ən azından qismən təmin ediləcək. İddia tələbi tam və ya qismən təmin edilərsə, cavabdehlər qətnamənin icrasının çətinləşdirilməsi məqsədi ilə avtomobili hər hansı bir qaydada özgəninkiləşdirə bilərlər. Odur ki, bunun qarşısı alınmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər avtomobildən istifadə edilərsə, avtomobil amortizasiya uğraya bilər və bunun nəticəsində avtomobilin qiyməti aşağı düşə bilər. Buna görə də, avtomobil ilə bağlı müvəqqəti təminat tədbiri görülməlidir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, MMC-nin cavabdehlərə qarşı irəli sürdüyü “xxxx” iddiasına dair mülki iş üzrə qəbul edilə biləcək, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “Changan Q07” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsini, ərizənin qalan hissədə təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizədən görünür ki, mülki işin başlanmasına əsas iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “xxxx” iddiadır. İddianın gələcəkdə rədd olunması ehtimalı olduğu kimi, təmin edilməsi ehtimalı da istisna edilmir. İddia təmin edilərsə və bu barədə qətnamə qüvvəyə minib, icraya yönəldilərsə, pulun tutulması cavabdehlərə məxsus əmlaklara, o cümlədən həmin avtomobilə yönəldilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri avtomobilin hazırki mülkiyyətçisinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, qeyd edilən mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər həmin avtomobil barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir avtomobilin özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Bu kimi tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Cavabdeh cavabdeh2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin olunduğu hissədə ləğv edilməsini və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin avtomobil cavabdeh cavabdeh2 mülkiyyətindədir, o, iddiaçı MMC-nin istinad etdiyi ##.##.2025-ci il tarixli müqavilənin tərəfi olmamış, həmin müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmişdir. Müqavilə MMC ilə Tarix Azəri arasında bağlanmışdır. Avtomobilin Azərbaycan Respublikasına 2025-ci ilin sonunadək gətirilməsi nəzərdə tutulsa da, avtomobil ölkəyə faktiki olaraq ##.##.2026-cı il tarixdə daxil olmuş, bunun nəticəsində müqavilənin tərəfi olan Tarix Azəri avtomobilin gömrük rəsmiləşdirilməsi üçün əlavə 6.580 manat ödəmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, avtomobil ilə bağlı texniki sənədlərin hazırlanmasına 1.000 manat, yeni açarın əldə edil məsinə 500 manat və sürətli çatdırılmaya 300 ABŞ dolları məbləğində xərc çəkilmişdir. Lakin Rayon Məhkəməsi göstərilənləri nəzərə almamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı MMC avtomobilin özgəninkiləşdirilməsi təhlükəsinin real olduğunu və müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcək məhkəmə aktının icrasının mümkün olmayacağını və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən sübut təqdim etməmişdir. Lakin Rayon Məhkəməsi bunu da nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə həmin tədbir tətbiq edilmədən MPMin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır (maddə 157.5.).Bu baxımdan müvəqqəti təminat tədbiri iddia tələbinin əvvəlcədən təmin edilməsinə və ya tərəflərdən birinə mübahisə predmeti üzərində əlavə üstünlük verilməsinə xidmət etməməlidir. Müvəqqəti təminat tədbiri ərizəçinin mənafeyinin qorunması ilə yanaşı cavabdehin və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinə qeyri-mütənasib müdaxiləyə yol verməməlidir (maddə 157.6.). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7). Müvəqqəti təminat tədbiri kimi, digər tədbirlərlə yanaşı, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək mümkündür (maddə 158.1.). Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsində əsas məqsəd mübahisə predmetinin və mövcud hüquqi vəziyyətin yekun məhkəmə aktı qəbul edilənədək qorunmasını təmin etməkdən ibarətdir. Həmin institut tərəflərdən birinə sübut toplamaq, mübahisə predmetindən faktiki istifadə etmək və ya digər tərəfin qanuni istifadəsində olan əmlaka müdaxilə etmək hüququ vermir. Hazırkı iş üzrə müəyyən edilir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-nin görülməsini tələb etdiyi tədbirlərin hamısını deyil, yalnız avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsini zəruri hesab etmiş, avtomobilin üzərinə həbs qoyulması, ondan istifadənin qadağan edilməsi və avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə tələbləri təmin etməmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin seçdiyi həmin tədbir mübahisəli avtomobilin hüquqi vəziyyətinin əsas mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dəyişməsinin qarşısını almağa yönəlməklə yanaşı, cavabdeh tərəfin avtomobilə sahiblik və ondan istifadə imkanından məhrum etmir. Bu səbəbdən tətbiq edilmiş tədbir iddiaçının hüquqlarının müvəqqəti qorunması məqsədinə uyğun olmaqla, qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olan tədbir kimi qiymətləndirilə bilməz. Məhkəmə şikayətçinin ##.##.2025-ci il tarixli müqavilənin tərəfi olmaması və avtomobilin onun mülkiyyətində olması barədə dəlillərini qərardadın ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı mərhələdə mübahisə cavabdeh2 əsas iddia üzrə maddi-hüquqi məsuliyyətinin qəti müəyyən edilməsinə deyil, *(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud vəziyyətin qorunmasına aiddir. İş materiallarından müəyyən edilir ki, pul tələbinin yaranmasına əsas olduğu göstərilən ##.##.2025-ci il tarixli müqavilə məhz həmin avtomobilin alınması və ölkədə idxalı ilə bağlı olmuş, həmin avtomobil, **-OL-*** dövlət qeydiyyat nişanı ilə cavabdeh2 adına rəsmiləşdirilmişdir. Buna görə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ilə əsas mübahisə arasında əlaqə mövcuddur. cavabdeh2 avtomobilin mülkiyyətçisi olması isə, əksinə, özgəninkiləşdirməyə qoyulmuş qadağanın mövcud vəziyyətin qorunması baxımından əhəmiyyətini aradan qaldırmır. Avtomobil onun adına dövlət qeydiyyatına alındığından, yekun məhkəmə aktı qəbul edilənədək üçüncü şəxsə özgəninkiləşdirilməsi hüquqi baxımdan mümkündür. Belə özgəninkiləşdirmə baş verdiyi halda avtomobilin hüquqi vəziyyəti dəyişəcək və iddiaçının tələb etdiyi hüquqi müdafiənin həyata keçirilməsi əhəmiyyətli dərəcədə çətinləşə bilər. Bununla yanaşı, Rayon Məhkəməsi iddiaçının ərizəsini tam təmin etməyərək avtomobilin üzərinə həbs qoyulması, istifadəsinin qadağan edilməsi və cərimə meydançasına yerləşdirilməsi kimi daha ağır məhdudiyyətləri tətbiq etməmiş, yalnız onun özgəninkiləşdirilməsini qadağan etmişdir. Nəticədə cavabdeh2 avtomobilə sahiblik və ondan istifadə imkanını saxlamış, yalnız əsas mübahisəyə baxılan müddətdə avtomobil üzərində sərəncam hüququ məhdudlaşdırılmışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, tətbiq edilmiş tədbir MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə uyğun və həmin Məcəllənin 157.6-cı maddəsi baxımından mütənasibdir. Şikayətçinin iddiaçı MMC ilə Tarix Azəri arasında bağlanmış müqavilənin tərəfi olmaması və həmin müqavilədən irəli gələn borca görə məsuliyyət daşımaması barədə dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, həmin hal hazırkı mərhələdə əsas iddianın mahiyyəti üzrə həll edilməli olan məsələdir. Müvəqqəti təminat tədbiri barədə qərardad müvəqqəti xarakter daşıdığından, onun tətbiqi cavabdeh2 iddiaçı qarşısında 11.600 ABŞ dolları məbləğində öhdəliyinin mövcudluğunun müəyyən edilməsi kimi qiymətləndirilə bilməz. Şikayətçinin avtomobilin gec idxal edilməsi nəticəsində Tarix Azəri tərəfindən 6.580 manat əlavə gömrük rüsumunun, habelə 1.000 manat texniki sənədlərə, 500 manat yeni açara və 300 ABŞ dolları sürətli çatdırılmaya xərc çəkilməsi barədə dəlilləri də tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qanuniliyini aradan qaldırmır. Həmin hallar tərəflərin əsas mübahisə üzrə qarşılıqlı tələb və etirazlarının qiymətləndirilməsinə aid olmaqla, avtomobilin yekun məhkəmə aktınadək özgəninkiləşdirilməsinin qadağan edilməsinin zəruriliyini istisna etmir. Şikayətçinin tətbiq edilmiş tədbirin avtomobilin dəyəri ilə iddia tələbinin məbləği arasında fərqə görə qeyri-mütənasib olması barədə dəlili də əsaslı deyildir. Belə ki, ## #### 2026-cı il tarixli qərardadla avtomobil üzərinə həbs qoyulmamış, avtomobildən istifadə qadağan edilməmiş və avtomobil cərimə meydançasına yerləşdirilməmişdir. Yalnız avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Buna görə də avtomobilin dəyərinin iddia tələbinin məbləğindən yüksək olması özlüyündə tətbiq edilmiş tədbirin qeyri-mütənasib olması nəticəsinə gəlməyə əsas vermir. Əksinə, Rayon Məhkəməsi ərizədə tələb olunan daha məhdudlaşdırıcı tədbirləri tətbiq etməyərək, yalnız avtomobilin hüquqi vəziyyətinin dəyişməsinin qarşısını alan tədbiri seçməklə iddiaçının mənafeyi ilə cavabdeh2 mülkiyyət hüququ arasında ağlabatan tarazlığı təmin etmişdir. Bu yanaşma MPM-in 157.6-cı maddəsində nəzərdə tutulmuş mütənasiblik tələbinə uyğundur. Şikayətçinin iddiaçının avtomobilin özgəninkiləşdirilməsi təhlükəsinin real olduğunu təsdiq edən sübut təqdim etməməsi barədə dəlilinə gəldikdə, Məhkəmə həmin dəlili də əsaslı hesab etmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixli müqavilənin predmeti olmuş avtomobil ##.##.2026-cı il tarixdə gömrük rəsmiləşdirilməsindən keçirildikdən sonra müqavilənin tərəfi olmayan cavabdeh2 adına rəsmiləşdirilmiş, Tarix Azəri isə həmin avtomobildən etibarnamə əsasında istifadə etməyə davam etmişdir. Məhz avtomobilin mübahisə yarandıqdan sonra müqavilənin tərəfi olmayan şəxsin adına rəsmiləşdirilməsi mövcud hüquqi vəziyyətin sonradan yenidən dəyişdirilməsi imkanının real olduğunu göstərən hal kimi nəzərə alına bilər. Bu baxımdan, avtomobilin yekun məhkəmə aktı qəbul edilənədək başqa şəxsin adına özgəninkiləşdirilməsi əsas mübahisə ilə əlaqəli olan əmlakın hüquqi vəziyyətini yenidən dəyişdirə və iddiaçının hüquqlarının müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Buna görə də Məhkəmə MPM-in 157.2 və 157.5.1-ci maddələrində nəzərdə tutulmuş məqsəd baxımından avtomobilin mövcud hüquqi vəziyyətinin qorunmasını zəruri hesab edir. Eyni zamanda, şikayətçinin MPM-in 77.1-ci maddəsinə istinad etməsi fərqli nəticəyə gəlməyə əsas vermir. Müvəqqəti təminat tədbiri haqqında məsələyə baxılarkən əsas iddia üzrə bütün halların tam sübut edilməsi tələb olunmur; MPM-in 157.5.2-ci maddəsinin mənasına görə, bu mərhələdə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu qiymətləndirilir. Hazırkı işdə ## ####### 2025-ci il tarixli müqavilənin məhz həmin avtomobilin alınması və idxalına aid olması, iddiaçının avtomobilə görə 11.600 ABŞ dolları məbləğində vəsait ödədiyini bildirməsi və avtomobilin sonradan cavabdeh2 adına rəsmiləşdirilməsi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinin qiymətləndirilməsi üçün əhəmiyyətli ilkin hallardır. Odur ki, şikayətçinin qeyd olunan dəlilləri Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəni təkzib etmir. Şikayətçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilərkən dövlət rüsumunun düzgün məbləğdə ödənilməməsi barədə dəlilinə gəldikdə, Məhkəmə həmin dəlili də barəsində şikayət verilmiş qərardadın ləğvi üçün əsas hesab etmir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh cavabdeh2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar