Məhkəmə qərarları › İş №e-16(3-6)-598/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-598/2026

25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-598/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, təminat tədbirinin irəli sürülən iddia ilə bağlılığı, iddia tələbinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar, mütənasiblik prinsipi, mülkiyyət hüququnun məhdudlaşdırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi Ərizəçi mülkiyyətindədir, onun mülkiyyət hüququ ##.##.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Ərizəçi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən qanunsuz istifadəsinə xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılması, vəkilə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Həmin iddia ərizəsi üzrə mülki iş e-2(5-101)-3478/2026 sayısı ilə məhkəmənin icraatındadır.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktları

4. İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə də təqdim edərək, iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evində ona məxsus iki mərtəbəli uşaq yatağının, çarpayının, paltar şkafının (2 ədəd), künc divanının, divanın, kreslonun, servantın, qədimi komodun, şkafın (kiçik ölçülü), stulun (12 ədəd), televizorun (“Samsung Lcd” 32 düym), soyuducunun, qabyuyanın, paltaryuyanın, paltarqurudanın, tozsoranın, qab-qacaqın, paltarların və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evinin satılmasının, özgəninkiləşdirilməsinin, həmin evlə bağlı hər hansı digər sərəncamverici hərəkətlərin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı (ərizəçi) ərizəsini onunla əsaslandırılmışdır ki, ##.##.2016-cı il tarixində "xxxx” ASC-də girov qoyulmuş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında satın almış, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli ##.##.2016-cı il tarixli çıxarış əldə etmiş, çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yaranmışdır. “Azəriqaz Layihə İnşaat” QSC ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasına dair 11.l0.2018-ci il tarixli müqavilə, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” ##.##.2019-cu il tarixli müqavilə bağlanmışdır və eləcə də həmin kommunal xidmətlərin aylıq ödənişləri tərəfindən ödənilmişdir. Sözügedən fərdi yaşayış evində fasilələrlə yaşamış, ##.##.2026-cı il tarixində “Azəriqaz” əməkdaşı ona zəng edərək həmin ünvanda şübhəli vəziyyət yarandığını bildirdikdən sonra evə getmiş, məlum olmuşdur ki, fərdi yaşayış evinin darvazasının qıfılı Cavabdeh tərəfindən sındırılaraq dəyişdirilmişdir. Cavabdeh bildirmişdir ki, sözgedən mənzil rəsmi çıxarış əsasında onun mülkiyyətindədir. Çıxarışa vizual baxan zaman daşınmaz əmlakın ünvanı kimi ünvan 2 yazıldığını görmüşdür. Cavabdehdən dəfələrlə qanunsuz olaraq istifadə etdiyi mübahisəli evdən çıxmasını tələb etsə də o, hərəkətsizlik göstərməklə mübahisəli evdə qanunsuz və əsassız olaraq yaşamaqda davam etmişdir. Belə olan halda cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Sözügedən fərdi yaşayış evində 2016-cı il tarixindən etibarən fasiləli şəkildə yaşamışdır, satın aldığı evə köçən zaman evə müxtəlif məişət təyinatlı və şəxsi əşyalar gətirmişdir; Məişət təyinatlı əşyalar: İkimərtəbəli uşaq yatağı, çarpayı, paltar şkafı - 2 ədəd, künc divanı, divan, kreslo, servant, qədimi komod (iddiaçının deməsinə görə bir əsrdən artıq yaşı var), şkaf-kiçik ölçülü, stul - 12 ədəd, televizor – “Samsung Lcd 32” düym, soyuducu, qabyuyan, paltaryuyan, paltarqurudan, tozsoran, qab-qacaq. Şəxsi əşyalar, onun ailə üzvlərinə aid paltar. ##.##.2026-cı il tarixdə evində baş verən şübhəli vəziyyətin nədən ibarət olduğunu bilmək üçün evə baş çəkmiş, həmin vaxt qonşulardan öyrənmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli ##.##.2016-cı il tarixli çıxarış əsasında üzərində mülkiyyət hüquqları tanınmış fərdi yaşayış evi satışa çıxarılmış, həmin vaxt özünü real satıcı qismində göstərməklə mübahisəli evə getmiş, evin həyətinə daxil olan zaman məlum olmuşdur ki, həyət darvazasının qıfılı dəyişdirilmişdir, həmçinin onun mübahisəli evdə yaşayan zaman istifadə etdiyi televizoru yerində yoxdur. Bu əsas düşünməyə ehtimal verir ki, televizor kimi digər əşyalar cavabdeh tərəfindən qanunsuz istifadə edilir, hətta bəlkə də onlar üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Ona məxsus “Samsung Lcd” (12 düym) markalı televizorun yerləşdirdiyi evdə olmamağı və cavabdehin həmin əşya üzərində sərəncamverici hərəkətlər icra etməyi müxtəlif faktlarla öz təsdiqini tapmışdır. İlk növbədə ##.##.2026-cı il tarixində evə alıcı kimi daxil olduqda aparmış olduğu video çəkilişə baxdıqda məlum olur ki, sözügedən televizor evdə yoxdur, ikinci bir fakt isə cavabdehlə özünün nümayəndəsi (vəkili) kimi ##.##.2026-cı il tarixində baş tutmuş telefon danışığı olmuşdur. Həmin telefon danışığında cavabdeh "televizoru mən götürmüşəm, mən camaat zad tanımıram” şəklində etirafedici cümlə işlətmişdir. Həmin fərdi yaşayış evində qiyməti yüksək olan məişət əşyaları, eləcə də yaşı bir əsrdən çox qiymətli əntiq əşyaları olmuşdur, cavabdehin ona məxsus olmayan əşyalar üzərində bu cür sərəncamverici hərəkətlər icra etməyi elə digər əşyaların üzərində də eyni qaydada sərəncamverici hərəkətlər icra etməyini istisna etmir. Mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli ##.##.2016-cı il tarixli çıxarış əsasında tanınmışdır və çıxarışdakı ev ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.molan fərdi yaşayış evi olmuşdur.

6. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması, e-*(*-***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evində ərizəçiyə məxsus iki mərtəbəli uşaq yatağının, çarpayının, paltar şkafının (2 ədəd), künc divanının, divanın, kreslonun, servantın, qədimi komodun, şkafın (kiçik ölçülü), stulun (12 ədəd), televizorun (“Samsung Lcd 32” düym), soyuducunun, qabyuyanın, paltaryuyanın, paltarqurudanın, tozsoranın, qab-qacağın, paltarların özgəninkiləşdirilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə rədd olunması qərara alınmışdır.

7. Məhkəmə, ərizənin qismən təmin olunmaması ilə bağlı gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.3-cü, 157.7-ci, 158.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli qərarına istinadla belə əsaslandırmışdır ki, Cavabdeh evin mülkiyyətçisi olmadığından həmin evi sata və həmin evə hər hansı digər formada sərəncam verə bilməz, evin mülkiyyətçisi ərizəçi Ərizəçi olduğundan həmin evin satılması və digər şəxslərin adına özgəninkiləşdirilməsi və evlə bağlı digər sərəncamverici hərəkətlərin edilməsi hüququ da ərizəçiyə məxsusdur; əgər digər şəxslər etibarnamə (yəni təmsilçilik səlahiyyəti) olmadan mülkiyyətçilərə məxsus əmlaka sərəncam verə bilsələrdi, o zaman daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınmasına hər hansı zərurət qalmazdı.

8. Həmin qərardaddan Ərizəçiin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qəraradadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayət ərizənin məzmunun uyğun əsaslandırılmış, qərardadın ləğv edilməsi və ərizənin tam təmin olunması xahiş edilmişdir. Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu

13. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

15. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

16. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

17. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.

18. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.

19. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

20. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

21. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

22. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

23. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

24. Maddə 164.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.

25. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

26. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

28. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

29. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvafiq tədbir tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsini istəyən şəxslə digər şəxslərin mənafeləri arasında ədalətli balans yaradılsın və heç kimin mənafeyi bərpaolunmaz şəkildə pozulmasın.

30. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi Ərizəçi mülkiyyətindədir və digər şəxslərin həmin evdə yaşamalarının qanuni əsası mövcud deyildir.

31. Ərizəçinin ərizəsinin məzmunundan və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o, məhkəməyə, irəli sürdüyü iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət edən sübutlar təqdim etmişdir.

32. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

33. Lakin işdən görünür ki, məhkəmə nə şərh olunan meyarları, nə də ərizəçinin dəlillərini ümumiyyətlə araşdırmamış, mübahisəsi gedən evin özünə məxsus olduğunu iddia etməklə onu zəbt edən Cavabdeh “evin mülkiyyətçisi olmadığı səbəbilə həmin evi sata və evə hər hansı digər formada sərəncam verə bilməyəcəyi” əsaslandırması ilə, gələcəkdə mübahisənin dairəsinin daha da genişlənməsinə şərait yaratmışdır.

34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad qismən ərizənin təmin olunmadığı hissədə - ləğv olunaraq ərizənin həmin hissədə də təmin olunması barədə yeni qərardad qəbul edilməli, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evinin satılması, özgəninkiləşdirilməsi, həmin evlə bağlı hər hansı digər sərəncamverici hərəkətlər Cavabdeh və üçüncü şəxslərə qadağan olunmalıdır.

35. Belə yanaşma həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan müvəqqəti təminat tədbiri institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı iş üzrə ## #### 2026cı il tarixli qərardadı ərizənin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evinin satılması, özgəninkiləşdirilməsi, həmin evlə bağlı hər hansı digər sərəncamverici hərəkətlər Cavabdeh və üçüncü şəxslərə qadağan edilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar