Məhkəmə qərarları › İş №e-16(3-6)-601/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-601/2026

20.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-601/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin seçilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ərizəçicavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2023-cü il tarixli “Təmir Quraşdırılma işlərinin həyata keçirilməsi”nə dair müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçı Ərizəçi dəymiş 102.755,10 AZN məbləğində dəymiş zərər məbləğinin, əlavə olaraq ödənmiş 1.500 AZN məbləğinin və 11.000 AZN vəsaitin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı Ərizəçi ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizə ilə məhkəməyə müraciət edərək, qüsurlu görülmüş, yarımçıq qalmış işlərin görülməsi üçün iddiaçı tərəfindən sərf edilmiş əlavə 50.000 AZN həcmində vəsaitin, işçi heyətinə iddiaçı tərəfindən ödənilmiş əlavə 11.000 AZN vəsaitin və sonradan ödənilən 1.500 AZN vəsaitin, dəbbə pulu kimi tərəflərin müqavilə üzrə razılaşdıqları 102.755,10 AZN həcmində ödənişin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı Ərizəçi ödənilməsi (cəmi 165.255), həmçinin məhkəmə xərclərini kimi ödənilmiş 455 AZN həcmində məhkəmə rüsumunun, vəkilə hüquqi yardıma görə ödənilən 320 AZN xidmət haqqının, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 500 AZN mütəxəssis rəyinin və 100 AZN ödənişlərin isə cavabdehə aid edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, cavabdeh Cavabdeh MMC tərəfindən qüsurlu görülmüş, yarımçıq qalan işlərin görülməsi üçün sərf edilmiş 46.040,19 manat məbləğində pul vəsaiti, işçi heyətinə əlavə ödənilmiş 11.000 manat məbləğində pul vəsaiti və 102.755,10 manat məbləğində dəbbə pulu olmaqla cəmi 159.795,29 manat məbləğində pul vəsatınin cavabdeh “xxxx MMC-dən iddiaçı Ərizəçi xeyrinə tutulması, ödənilmiş 449,80 manat dövlət rüsumunun, vəkilə hüquqi yardıma görə ödənilən 300 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən iddiaçı Ərizəçi xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, mütəxəssis rəyinin verilməsi üşün 500 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı öz qanuni qüvvəsini alanadək cavabdeh Cavabdeh MMC-nin aşkar edilmiş bank hesabları üzərinə iddia tələbi həcmində 165.255 AZN həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitinin iddia tələbi həcmində, yəni 165.255 (yüz altmış beş min iki yüz əlli beş) manat məbləğində, əmək haqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları və qanunvericiliklə müəyyən edilmiş digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olmamaq şərti ilə üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh Cavabdeh MMC məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və hesab üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının qismən ləğv edilməsi, müvəqqəti təminat tədbirinə dair ərizənin qismən təmin edilməsi, *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitinin iddia tələbi həcmində, yəni 159.795,29 manat məbləğində, əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları və qanunvericiliklə müəyyən edilmiş digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olmamaq şərti ilə üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, əsas mülki iş üzrə iddia qismən təmin edilmiş, iddia olunan 165.255 manat məbləğindən yalnız 159.795,29 manat hissəsinin tutulması barədə qətnamə qəbul edilmişdir. Deməli, müvəqqəti təminat tədbiri də iddia tələbinin məhz məhkəmə tərəfindən əsaslı hesab edilmiş hissəsinə uyğun müəyyən edilməlidir. Əks yanaşma müvəqqəti təminat tədbirinin mahiyyətinə və proporsionallıq prinsipinə uyğun olmazdı. Məhkəmə nəzərə almışdır ki, hazırkı mərhələdə iş üzrə qətnamə qəbul olunsa da, həmin qətnamə qanuni qüvvəyə minməmişdir. Bununla belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinin məzmunundan irəli gəlir ki, müvəqqəti təminat tədbiri yalnız iddia ərizəsinə baxılması mərhələsində deyil, həm də gələcəkdə icra olunacaq məhkəmə qətnaməsinin real və səmərəli icrasını təmin etmək məqsədilə tətbiq oluna bilər. Başqa sözlə, bu institutun hüquqi təyinatı gələcək icranın mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsi riskini qabaqlamaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi artıq iddia tələbinin müəyyən hissəsinin əsaslılığına dair ilkin məhkəmə qənaətinin formalaşdığını göstərir. Bu isə hazırkı prosessual mərhələdə iddianın əsaslılığına dair kifayət qədər ilkin hüquqi ehtimalın mövcud olmasını təsdiq edir və gələcəkdə qanuni qüvvəyə minə biləcək məhkəmə aktının effektiv icrasının təmin edilməsi üçün müvəqqəti təminat tədbirinin tətbiqini hüquqi baxımdan zəruri edir. Lakin məhkəmə eyni zamanda nəzərə alır ki, müvəqqəti təminat tədbiri cavabdehə münasibətdə cəza xarakteri daşımamalı, onun məqsədi yalnız mümkün icranı təmin etməkdən ibarət olmalıdır. Bu baxımdan tətbiq edilən tədbir iddiaçının hüquqlarının müdafiəsi ilə cavabdehin və üçüncü şəxslərin qanuni mənafeləri arasında ədalətli tarazlığı qorumalıdır. Hazırkı halda üzərinə həbs qoyulması tələb olunan bank hesabları hüquqi şəxs olan Cavabdeh MMC-yə məxsusdur. Məhkəməyə məlum olan ümumi iqtisadi dövriyyə nəzərə alındıqda, həmin hesablar vasitəsilə əməkhaqlarının ödənilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi, məcburi dövlət sosial sığorta haqlarının və qanunvericiliklə müəyyən edilmiş digər məcburi ödənişlərin həyata keçirilməsi ehtimalı kifayət qədər realdır. Bu hesabların tam şəkildə bloklaşdırılması yalnız cavabdehin deyil, həm də işçilərin, dövlətin fiskal maraqlarının və digər üçüncü şəxslərin hüquq və qanuni mənafelərinin əsassız məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da müvəqqəti təminat tədbirinin məqsədi və proporsionallıq prinsipi ilə uzlaşmır. Məhkəmə hesab etmişdir ki, gələcəkdə qanuni qüvvəyə minə biləcək məhkəmə aktının icrasının təmin edilməsi məqsədilə cavabdehə məxsus bank hesabları üzərinə 159.795,29 manat məbləğində həbs qoyulması zəruri və kifayət edən tədbirdir. Bununla yanaşı, tətbiq edilən həbs qanunvericiliklə müəyyən edilmiş əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta haqları və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olmamaq şərti ilə icra edilməlidir. Məhz belə yanaşma həm gələcək məhkəmə aktının icrasının təmin edilməsinə, həm də tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli tarazlığın qorunmasına xidmət edir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsini və cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaiti üzərinə qoyulmuş həbsin tam götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçicavabdeh Cavabdeh MMC-yə qarşı ## ###### 2023-cü il tarixli “Təmir-quraşdırma işlərinin həyata keçirilməsi”nə dair müqavilədən irəli gələn tələblərlə iddia qaldırmış, sonradan dəqiqləşdirilmiş iddia tələblərinin ümumi məbləği 165.255 manat təşkil etmişdir. Həmin tələbin 102.755,10 (yüz iki min yeddi yüz əlli beş manat on qəpik) manat hissəsini müqavilə üzrə dəbbə pulu tələbi təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən qüsurlu görülmüş və yarımçıq qalan işlərə görə 46.040,19 manat, işçi heyətinə əlavə ödənilmiş 11.000 manat və 102.755,10 manat dəbbə pulu olmaqla, cəmi 159.795,29 manat əsas məbləğin, habelə məhkəmə xərclərinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir. Cavabdeh qətnamə ilə razı deyildir və ondan qanunla müəyyən edilmiş müddətdə apellyasiya qaydasında şikayət verəcəkdir. Həmin şikayətdə əsas dəlillərdən biri kimi tutulmuş dəbbə pulunun Mülki Məcəllənin 467-ci maddəsi baxımından açıq-aşkar qeyrimütənasibliyi göstəriləcəkdir. Cavabdehin qənaətinə görə, qətnamənin əsasına qoyulmuş tələblərin böyük hissəsi ümumiyyətlə əsassızdır. Tutulmuş 102.755,10 manat açıq-aşkar qeyrimütənasib dəbbə puludur. 11.000 manat isə iddiaçının öz mülahizəsi ilə üçüncü şəxslərə, cəlb etdiyi işçi heyətinə ödədiyi vəsaitdir. Bu ödənişlərin edilməsi barədə cavabdehin razılığı olmamışdır, onların cavabdehə aidiyyəti, zəruriliyi və müqavilə ilə səbəb əlaqəsi hər hansı əsaslı dəlillərlə təsdiq edilməmişdir. Beləliklə, təminat tədbiri ilə əhatə olunan 159.795,29 manatın 113.755,10 manatı (71,2 faizi) ciddi şəkildə mübahisələndirilən tələblərə düşür. Qüsurlu işlərin dəyəri kimi tutulmuş hissə isə cəmi 46.040,19 manatdır. Qanunsuz qətnamənin qəbulu qanunsuz həbsə yol aça bilməz, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya əhəmiyyətli dərəcədə dəyişdirilməsi ehtimalı yüksəkdir. Qətnamədən cəmi iki gün sonra, ##.##.2026-cı il tarixdə, iddiaçının vəkilinin ərizəsi əsasında məhkəmə, cavabdehin iştirakı təmin edilmədən və mövqeyi öyrənilmədən, qərardad qəbul edərək cavabdehin bank hesablarında olan pul vəsaiti üzərinə iddia tələbinin tam həcmində, 165.255 manat məbləğində həbs qoymuş və qərardadın dərhal icrasını müəyyən etmişdir. Cavabdeh həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət yalnız qismən təmin edilmiş, həbsin məbləği 165.255 manatdan 159.795,29 manata endirilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmış və onun dərhal icra edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə yalnız təminat məbləği ilə qətnamə ilə tutulmuş məbləğ arasındakı hesab uyğunsuzluğunu aradan qaldırmış, şikayətin mahiyyət təşkil edən dəlillərini isə, icra riskinin bir dənə də olsun sübutla təsdiq edilməməsini, tədbirin qeyri-mütənasibliyini, daha az məhdudlaşdırıcı alternativlərin ümumiyyətlə müzakirə olunmamasını və təmin edilən məbləğin əsas hissəsinin (64,3 faizinin) açıq-aşkar qeyri-mütənasib dəbbə pulundan ibarət olmasını mahiyyəti üzrə cavabsız qoymuşdur. Bank hesabları üzərindəki həbs hazırda da qüvvədədir və cəmiyyətin cari təsərrüfat fəaliyyətini faktiki olaraq iflic etməkdə davam edir. Mübahisələndirilən qərardad cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hazırkı şikayət qanunla müəyyən edilmiş 10 günlük müddətə riayət edilməklə verilir. Təminat tədbiri ilə əhatə olunan 159.795,29 manatın 102.755,10 manat hissəsi, yəni 64,3 faizi dəbbə puludur. Tərəflərin müqavilə ilə razılaşdırdıqları dəbbə pulunun məbləği iddiaçının müqavilənin lazımınca icra edilməməsi nəticəsində dəydiyini iddia etdiyi zərərin məbləği ilə üst-üstə düşür, yəni faktiki olaraq öhdəliyin tam dəyəri həcmindədir və qətnamə ilə tutulmuş real zərəri (46.040,19 + 11.000 = 57.040,19 manat) təqribən 1,8 dəfə üstələyir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaiti üzərinə qoyulmuş həbsin tam götürülməsini xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, iddiaçının iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qismən təmin edilməklə, cavabdeh Cavabdeh MMC-dən cəmi 159.795,29 manat məbləğində pul vəsatınin və məhkəmə xərclərinin tutulması qət edilmişdir. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi ilkin sübutlar əsasında cavabdehə məxsus hesabların tam şəkildə bloklaşdırılmasının yalnız cavabdehin deyil, həm də işçilərin, dövlətin fiskal maraqlarının və digər üçüncü şəxslərin hüquq və qanuni mənafelərinin əsassız məhdudlaşdırılmasına səbəb ola biləcəyini, bunun isə müvəqqəti təminat tədbirinin məqsədi və proporsionallıq prinsipi ilə uzlaşmamasını nəzərə alarkən düzgün nəticəyə gəlmiş, şikayətin işə apellyasiya instansiyasında mahiyyəti üzrə baxılarkən araşdırılaraq sübut edilməli olan dəlilləri isə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar