Məhkəmə qərarları › İş №e-16(3-6)-603/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-603/2026

21.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-603/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, **(*-**)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan İbrahimov Eynur Rövşən oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İbrahimova Günel Kamil qızı cavabdeh İbrahimov Eynur Rövşən oğluna qarşı “nikahın pozulması, aliment və əmlakın bölünməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılması gedişində iddiaçı ayrı-ayrı əmlaklarla bağlı iddia tələblərini dəqiqləşdirərək, onların birgə nikah dövründə əldə edilmiş ümumi əmlak hesab olunmasını, habelə həmin əmlakların özgəninkiləşdirilməsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişdir. İş materiallarında olan dövlət orqanlarının sorğulara cavabları əsasında iddia tələbləri dəqiqləşdirilmiş, mübahisəli əmlakları əldə etmiş şəxslərin də işə cavabdeh qismində cəlb edilməsi məsələsi də öz əksini tapmışdır. İddiaçı həmçinin “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən irəli sürülmüş “əmlak bölgüsü və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, aşağıda göstərilən mübahisə predmetlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir: - Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində “ABC-İnşaat” MTK-nın binasında yerləşən, ümumi sahəsi 56,84 kv.m olan 1 otaqlı *** nömrəli mənzil; - Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilmiş ** saylı, 6 mərtəbəli yaşayış binasında yerləşən, ümumi sahəsi 56,6 kv.m olan 1 otaqlı ** nömrəli mənzil; - Quba rayonu, Xucbala kəndində yerləşən 0,3000 ha torpaq sahəsinin 0,05 ha hissəsi; - həmin kənddə yerləşən fərdi yaşayış evi; - Quba rayonu, Xucbala kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; - ünvan 1 ünvanında yerləşən 133,40 kv.m fərdi yaşayış evinin və 0,02 ha torpaq sahəsi; - Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 16 mərtəbəli binadakı *** nömrəli mənzil; - 0,0424 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi; - “VAZ 21214” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil; - “Mercedes Benz S400” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil; - “X1 Rover” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Eynur İbrahimov arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə mübahisəsi mövcuddur, iddiaçı cavabdehin adına rəsmiləşdirilmiş bir sıra daşınmaz əmlakların onun razılığı olmadan üçüncü şəxslərə özgəninkiləşdirildiyini bildirərək həmin əqdlərin etibarsızlığını da mübahisələndirmişdir. İddiaçının mövqeyinə görə, mübahisəli əmlakların hüquqi vəziyyətinin yenidən dəyişdirilməsi əsas iş üzrə qəbul ediləcək məhkəmə aktının icrasını çətinləşdirə bilər. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini, ərizədə göstərilən əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlakların hazırkı hüquqi vəziyyətinin qorunması gələcək məhkəmə aktının icrasının təmin edilməsi üçün zəruridir. Həmin əmlakların yenidən özgəninkiləşdirilməsi yeni hüquqi münasibətlərin yaranmasına, mübahisənin mürəkkəbləşməsinə və gələcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Cavabdeh Eynur İbrahimov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən işin faktiki halları tam nəzərə alınmamışdır. Belə ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 16 mərtəbəli binadakı *** nömrəli mənzil ilə H.Z.Tağıyev küçəsində “ABC-İnşaat” MTK-nın binasında yerləşən, ümumi sahəsi 56,84 kv.m olan *** nömrəli mənzil eyni əmlakdır. Quba rayonu, Xucbala kəndində yerləşən 0,3000 ha torpaq sahəsinin 0,05 ha hissəsi və həmin kənddə yerləşən fərdi yaşayış evi Eynur İbrahimova atasından vərəsəlik qaydasında keçmişdir. Buna görə də həmin əmlaklar ər-arvadın ümumi əmlakının bölgüsünün predmetini təşkil edə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin qismən təmin edilməsini, ##.##.2026-cı il tarixli qərardadın qismən ləğv edilməsini, “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizənin qismən təmin edilməsini, H.Z.Tağıyev küçəsində “ABC-İnşaat” MTK-nın binasında yerləşən *** nömrəli mənzilin, AAAF Park yaşayış massivində yerləşən ** nömrəli mənzilin, Quba rayonu Xucbala kəndində yerləşən 0,05 ha torpaq sahəsinin və fərdi yaşayış evinin, həmin kənddə yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Rövşən Əliyev küçəsi 122 ünvanındakı fərdi yaşayış evinin və 0,02 ha torpaq sahəsinin, 0,0424 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin, habelə yuxarıda qeyd edilən hər 3 avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsini qərara almışdır. Eynur İbrahimov ##.##.2026-cı il tarixli qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək, qərardadın qismən, yəni müvəqqəti təminat tədbirinin tətbiq edildiyi hissədə ləğv edilməsini və həmin hissədə də “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizənin rədd edilməsini xahiş etmişdir. Əsasları, Eynur İbrahimov tərəfindən daha əvvəl verilmiş şikayətin əsasları ilə eynilik təşkil edən hazırkı şikayətdə əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi ##.##.2026cı il tarixli qərardaddan verilmiş şikayətə baxarkən onu yalnız qismən əsaslı hesab etmiş və eynilik təşkil edən *** nömrəli mənzillərdən biri üzrə qadağanı aradan qaldırmış, qalan əmlaklar üzrə isə müvəqqəti təminat tədbirini saxlamışdır. Şikayətçinin mövqeyinə görə, vərəsəlik qaydasında əldə edilmiş, habelə daha əvvəl üçüncü şəxslərə özgəninkiləşdirilmiş əmlaklara münasibətdə özgəninkiləşdirmə qadağasının saxlanılması əsaslı deyildir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə ilk növbədə nəzərə alır ki, hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edildiyi əsas mübahisə yalnız ər-arvadın ümumi əmlakında payların müəyyən edilməsi və həmin əmlakın bölünməsi ilə məhdudlaşmır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı müxtəlif dövlət orqanlarından daxil olmuş məlumatlar əsasında iddiaçı ayrı-ayrı əmlaklara dair tələblərini dəqiqləşdirərək, həmin əmlakların birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmasını, habelə onların üçüncü şəxslərə özgəninkiləşdirilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişdir. Beləliklə, mübahisəli əmlakların hüquqi rejimi ilə yanaşı, onların özgəninkiləşdirilməsinə dair əqdlərin hüquqi qüvvəsi də əsas mülki iş üzrə bilavasitə araşdırma predmetidir. Bu baxımdan, şikayətçinin – cavabdeh Eynur İbrahimovun əmlakların bir qisminin artıq üçüncü şəxslərə satılması səbəbindən həmin əmlaklar üzrə müvəqqəti təminat tədbirinin əhəmiyyətini itirməsi barədə dəlili əsaslı sayıla bilməz. Çünki iddiaçı həmin özgəninkiləşdirmələrə əsas olmuş əqdlərin özünü mübahisələndirir. Həmin əqdlərin etibarsız hesab edilməsi barədə tələb təmin ediləcəyi halda, onların hüquqi nəticələrinin aradan qaldırılması və əmlakların əvvəlki hüquqi vəziyyətinin bərpası məsələsi yarana bilər. Belə şəraitdə mübahisəli əmlakların məhkəmə araşdırması davam etdiyi müddətdə yenidən özgəninkiləşdirilməsi yeni hüquq sahiblərinin yaranmasına, mübahisənin iştirakçı dairəsinin genişlənməsinə və nəticə etibarilə əsas iş üzrə qəbul edilə biləcək məhkəmə aktının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdeh Eynur İbrahimovun Quba rayonu, Xucbala kəndində yerləşən 0,3000 ha torpaq sahəsinin 0,05 ha hissəsinin və fərdi yaşayış evinin vərəsəlik qaydasında əldə edilmiş ayrıca əmlak olması barədə dəlili də hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin aradan qaldırılması üçün əsas vermir. Həmin əmlaklar iddiaçının əmlak bölgüsünə dair tələbinin predmetinə daxil edilmiş və onların hüquqi rejimi tərəflər arasında mübahisələndirilmişdir. Buna görə həmin əmlakların Ailə Məcəlləsinin 34.1ci maddəsinin təsiri altına düşüb-düşməməsi, həqiqətən vərəsəlik qaydasında əldə edilmiş ayrıca əmlak olub-olmaması və bölgünün predmetini təşkil edib-etməməsi işə mahiyyəti üzrə baxılarkən sübutların tədqiqi və qiymətləndirilməsi nəticəsində müəyyən edilməlidir. Müvəqqəti təminat tədbirinə baxılması mərhələsində bu məsələnin qəti həlli əsas mübahisənin qabaqcadan həll edilməsi mahiyyəti daşıyardı. Eyni yanaşma şikayətçinin “Mercedes Benz S400” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ildə satılması barədə dəlilinə də aiddir. Çünki, həmin avtomobilin özgəninkiləşdirilməsinə əsas olmuş əqdin etibarsızlığı əsas iddia üzrə mübahisələndirildiyindən, avtomobilin daha əvvəl satılması özlüyündə onun hüquqi vəziyyətinin əsas mübahisənin həllinədək qorunmasına ehtiyacı aradan qaldırmır. Onun növbəti dəfə özgəninkiləşdirilməsi mümkün məhkəmə aktının icrasını çətinləşdirə və mübahisəli hüquq münasibətlərini daha da mürəkkəbləşdirə bilər. Şikayətçinin mübahisəli əmlakları əldə etmiş üçüncü şəxslərin hüquqlarının pozulmasına dair dəlili də əsaslı deyildir. İş materiallarından görünür ki, həmin şəxslər əsas mülki iş üzrə cavabdeh qismində iştirak edirlər və mübahisələndirilən əqdlərin etibarlılığına dair öz mövqelərini bildirmək, sübutlar təqdim etmək və digər prosessual hüquqlarını həyata keçirmək imkanına malikdirlər. Məhkəmə, həmçinin nəzərə alır ki, ##.##.2026-cı il tarixli qərardadla tətbiq edilmiş tədbir mübahisəli əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını məhdudlaşdırmır, yalnız onların özgəninkiləşdirilməsini qadağan edir. Buna görə tətbiq edilmiş tədbir iddia tələbi ilə birbaşa əlaqəli olmaqla, əsas mübahisə həll edilənədək mövcud hüquqi vəziyyətin saxlanılmasına yönəlmiş və qarşıya qoyulan məqsədə mütənasib xarakter daşıyır. Məhkəmə, həmçinin nəzərə alır ki, Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla əvvəl tətbiq edilmiş müvəqqəti təminat tədbirinin həcmini yenidən qiymətləndirmiş və eynilik təşkil edən əmlaklardan biri üzrə qadağanı aradan qaldırmışdır. Bu hal da tətbiq edilmiş tədbirin avtomatik deyil, konkret mübahisənin predmeti və faktiki vəziyyət nəzərə alınmaqla müəyyən edildiyini göstərir. Beləliklə, mübahisəli əmlakların hüquqi rejiminin və onlara dair bağlanmış özgəninkiləşdirmə əqdlərinin etibarlılığının əsas iş üzrə araşdırma predmeti olması nəzərə alındıqda, həmin əmlakların hüquqi vəziyyətinin mübahisə həll edilənədək dəyişdirilməsinin qarşısının alınması gələcək məhkəmə müdafiəsinin səmərəliliyinin təmin edilməsi baxımından zəruridir. Şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin saxlanılması üçün mövcud olan əsasları aradan qaldırmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır (maddə 157.5.). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək müvəqqəti təminat tədbirlərindən biri kimi tətbiq edilə bilər (maddə 158.1.2.). Qeyd edilən prosessual hüquq normalarının tələblərindən hazırkı işin müəyyən edilmiş hallarına yanaşdıqda Məhkəmə hesab edir ki, mübahisəli əmlakların özgəninkiləşdirilməsinin müvəqqəti olaraq qadağan edilməsi MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə uyğundur. Belə ki, həmin əmlakların birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmaması və onların özgəninkiləşdirilməsinə dair əqdlərin etibarlılığı hazırda əsas mülki iş üzrə araşdırılır. Bu əmlakların mübahisə həll edilənədək yenidən özgəninkiləşdirilməsi isə iddia təmin olunduğu halda iddiaçının hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Eyni zamanda, tətbiq edilmiş tədbirlə mübahisəli əmlakların yalnız özgəninkiləşdirilməsi qadağan edilmiş, onlardan sahiblik və istifadə imkanları məhdudlaşdırılmamışdır. Buna görə də tədbir əsas iddianın predmeti ilə əlaqəli, onun təmin edilməsinə yönəlmiş və qarşıya qoyulmuş məqsədə mütənasibdir. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İbrahimov Eynur Rövşən oğlunun şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar