Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-604/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsi ilə bağlı icraat üzrə (Açar sözlər: icarə müqaviləsi üzrə müəyyən hərəkətlərin qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddiaçı həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “xxxx” Kommersiya Istehsalat Şirkətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xxxx Plaza mehmanxanasının icarəyə verilməsindən faktiki olaraq əldə edilən aylıq icarə haqqının “xxxx” Kommersiya Istehsalat Şirkətinə, Cavabdeh və ya onların göstərişi ilə üçüncü şəxslərə ödənilməsinin qadağan edilməsini, icarəçi “xxxx” MMC-nin üzərinə hər ay icarəyə verənə ödənilən faktiki icarə haqqını məhkəmənin müəyyən edəcəyi depozit hesaba köçürmək və ödənişi təsdiq edən sənədləri məhkəməyə təqdim etmək vəzifəsinin qoyulmasını, məhkəmə depozit hesabına köçürülmə üsulunu hazırkı mərhələdə mümkün və ya məqsədəuyğun hesab etmədiyi halda, həmin icarə haqqının iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qorunmasını təmin edən, məhkəmənin uyğun hesab etdiyi digər qaydada saxlanılması barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmışdır ki, tərəflər arasında hazırda nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə ilə bağlı ailə mübahisəsi vardır. Iş üzrə mübahisənin predmetinə cavabdehə məxsus birgə nikah dövründə formalaşmış əmlaklar, ona məxsus olan aktivlər, hüquqi şəxslərdəki təsis payları və həmin aktivlərdən əldə edilən iqtisadi faydalar daxildir. Cavabdeh “xxxx” Kommersiya Istehsalat Şirkətinin 100% təsisçisi və qanuni təmsilçisidir. Həmin hüquqi şəxsə məxsus əmlak və onun fəaliyyəti nəticəsində formalaşan iqtisadi dəyər isə hazırkı əmlak bölgüsü mübahisəsi baxımından mühüm əhəmiyyət daşıyır. Mübahisələndirilən əmlaklar, o cümlədən cavabdehin həmin şirkətdəki təsis payı və həmin payın real iqtisadi dəyəri məhkəmə baxışının predmetinə aid olduğundan, bu əmlakların və onlardan əldə olunan gəlirlərin məhkəmə baxışı başa çatanadək qorunması zəruridir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
5. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin bütün mədaxili avtomatik olaraq cavabdehin şəxsi gəliri hesab edilməsə də, cavabdehə şirkət tərəfindən əmək haqqı, dividend, avans, borcun qaytarılması, xidmət haqqı və digər adlarla edilən ödənişlər, eləcə də onun tam nəzarətində olan şirkətin real iqtisadi göstəriciləri cavabdehin faktiki maddi imkanlarının qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Şirkətin faktiki icarə gəlirlərinin tam və şəffaf şəkildə müəyyən edilməməsi cavabdehin real gəlir mənbələrinin və maddi vəziyyətinin olduğundan aşağı göstərilməsi ilə nəticələnir ki, bu da alimentin məbləğinin düzgün müəyyən edilməsinə birbaşa təsir edir. Buna görə həm cavabdehə məxsus iştirak payının real iqtisadi dəyərinin qorunması, həm ümumi əmlakın həqiqi tərkibinin müəyyən edilməsi, həm də aliment tələbinin cavabdehin faktiki gəlir və maddi imkanlarına uyğun həll olunması məqsədilə icarə haqqının real məbləğinin, ödəniş üsullarının və vəsaitlərin sonrakı istiqamətinin müəyyən edilməsinə yönəlmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi zəruridir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Cavabdeh şikayətə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçının əsas fərziyyəsi ondan ibarətdir ki, müqavilədə aylıq 10.000 manat + ƏDV kimi göstərilən icarə haqqı guya faktiki ödənişi əks etdirmir. Lakin iş materialarında daha yüksək məbləğdə ödənişi təsdiqləyən bank çıxarışı, kassa sənədi, vergi bəyannaməsi, elektron qaiməfaktura,9.mühasibat qeydiyyatı, qarşılıqlı hesablaşma aktı, icarəçinin etirafı və ya ekspert rəyi yoxdur. Açıq elan platformalarındakı təklif qiymətləri konkret obyektin faktiki icarə haqqını sübut etmir. Obyektlərin sahəsi, vəziyyəti, doluluğu, tələbatı, təmir səviyyəsi, avadanlığı, brendi, icarə müddəti, təmir öhdəliyi, kommunal ödənişləri, vergi yükü, investisiya və digər müqavilə şərtləri fərqli ola bilər. Elan qiyməti bağlanmış müqavilənin real şərtlərini və ya gizli ödəniş faktını əvəz edə bilməz. Beləliklə, ərizəçi MPM-in 157.5-ci maddəsində nəzərdə tutulan ilkin sübut yükünü yerinə yetirməmiş, yalnız ehtimal üzərində şirkətin müntəzəm pul axınının bloklanmasını istəmişdir. Ehtimal olunan, lakin sənədlə təsdiqlənməyən risk müvəqqəti təminatın tətbiqi üçün yetərli əsas deyil. Mülki Məcələnin 43-cü maddəsinin mənasına görə hüquqi şəxs ayrıca əmlaka malik olan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edən, öhdəliklər daşıyan müstəqil hüquq subyektidir. Mülki Məcələnin 52.1–52.2-ci maddələrinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir; ümumi qayda üzrə iştirakçı hüquqi şəxsin, hüquqi şəxs də iştirakçının öhdəliklərinə görə cavabdeh deyil. Bu səbəbdən şirkətə məxsus mehmanxana, şirkətin icarə üzrə tələb hüququ və icarə mədaxili cavabdehin şəxsi əmlakı, eləcə də ər-arvadın birbaşa ümumi birgə mülkiyyəti sayıla bilməz. Əsas işdə cavabdehin şirkətdə iştirak payının taleyi mübahisələndirilirsə, bu fakt şirkətin ayrıca əmlakının və cari dövri gəlirlərinin avtomatik olaraq ailə əmlakına çevrilməsi demək deyildir. Ailə Məcələsinin 32-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlaka dair prezumpsiya müəyyən edir. Lakin bu prezumpsiyanın tətbiqi üçün konkret aktivin nikah dövründə, əvəzli qaydada və ya ümumi vəsait hesabına əldə edilməsi barədə sübutlar olmalıdır. Hazırkı materialarda təsis payının nə vaxt, hansı əsasla və hansı vəsait hesabına əldə edilməsini, habelə onun nikah dövründə birgə əmlak hesabına formalaşdığını təsdiqləyən yetərli sübut təqdim olunmamışdır. Hətta gələcəkdə iştirak payının dəyərinin müəyyən hissəsinin birgə əmlak kimi qiymətləndirilməsi ehtimal edilsə belə, bu, hüquqi şəxsin mülkiyyətinə, müqavilə üzrə tələb hüquqlarına və onun dövri gəlirlərinə birbaşa sərəncam verilməsi üçün əsas yaratmır. Iştirak payının dəyərinin qiymətləndirilməsi ilə şirkətin əmlakına və cari mədaxilinə faktiki həbs və ya bloklama tətbiqi hüquqi baxımdan fərqli məsələlərdir. Icarə haqqının şirkətə ödənilməsinin qadağan olunması şirkətin yeganə və ya mühüm cari pul axınının qarşısını alır. Bu vəsait əməkhaqqı, vergi və sosial ödənişlər, kommunal xərclər, təhlükəsizlik, təmir, təchizat, müqavilə öhdəlikləri və mehmanxananın istismarı üçün zəruri ola bilər. “xxxx”lə ümumi mədaxil eyni deyil; icarə gəlirinin tam bloklanması şirkətin normal təsərrüfat dövriyyəsini, eləcə də üçüncü şəxslər qarşısındakı öhdəliklərini pozmaq riski yaradır. “xxxx” MMC-ni müqavilədə nəzərdə tutulmayan depozit hesabına ödəniş etməyə məcbur etmək ##.##.2026-cı il tarixli icarə müqaviləsinin icra mexanizmini dəyişdirir. Bu, müvəqqəti təminat adı altında üçüncü şəxsin müqavilə azadlığına və şirkətin sərəncam hüququna müdaxilədir; həm də əsas mübahisə həl edilməmişdən əvvəl faktiki nəticə yaradır. Üçüncü tələb — “məhkəmənin uyğun hesab etdiyi digər qaydada” vəsaitin saxlanılması hüquqi müəyyənlik və icraolunma tələblərinə cavab vermir. Hansı məbləğin, hansı hesabda, kim tərəfindən, hansı xərclər çıxılmaqla və hansı hüquqi rejimdə saxlanılacağı göstərilmədiyindən, tələb qeyri-müəyyəndir və qanunsuz məhdudiyyət yaradır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Eyni zamanda, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
13. Işdən görünür ki, iddiaçının tələbi birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi barədədir.
14. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə iddiaçının müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı tələbi 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib deyil və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
15. Eyni zamanda cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi də müəyyən edilmir.
16. Nəzərə alınmalıdır ki, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsinin təmin edilməsi kommersiya hüquqi şəxsin fəaliyyətinin lüzumsuz məhdudlaşdırılması, onun üçüncü şəxslər qarşısında öhdəliklərinin icra edilməsinin, o cümlədən vergi, sosial, kommunal və s. ödənişlərin həyata keçirilməsinin mümkünsüzlüyü ilə nəticələnə bilər.
17. Şərh olunanlara əsasən məhkəm kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.