Məhkəmə qərarları › İş №e-16(3-6)-605/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-605/2026

26.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-605/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçılar ərizəçi1 və ərizəçi2 “cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq” növündə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdeh Babayev Firudin Məmmədsadıq oğlunun mülkiyyətinə keçirilmiş ünvan 1 ünvanında (yeni qaydalarla: Əhmədağa Əhmədov küç 11) yerləşən 271 m2 qeyri-yaşayış sahəsinin (reyestr nömrəsi 005011004219-06301, qeydiyyat nömrəsi 1122139950) üzərinə həbs qoyularaq: satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka qoyulması, digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddiaçılar ərizəçi1 və ərizəçi2 Məmməd-sadıq oğlunun cavabdehlər Babayev Firudin Məmməd-sadıq oğluna və Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ünvan 1 ünvanında (yeni qaydalarla: Əhmədağa Əhmədov küç 11) yerləşən 271 m2 qeyri-yaşayış sahəsinin (reyestr nömrəsi 005011004219-06301, qeydiyyat nömrəsi 1122139950) özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının tam ləğv edilməsi, iddiaçılar ərizəçi1 və ərizəçi2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi, qərardad əsasında mübahisəli əmlak barəsində tətbiq edilmiş özgəninkiləşdirmə qadağasının aradan qaldırılması üçün aidiyyəti icra və qeydiyyat orqanlarına müvafiq məlumatın göndərilməsinin təmin edilməsi, şikayət üzrə zəruri hesab edildiyi halda, buraxılmış prosessual müddətin bərpası barədə eyni vaxtda təqdim edilmiş vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla, iddiaçıların ərizəsində göstərilən hallar hazırkı mərhələdə yalnız iddiaçı tərəfin iddialarıdır. Əmlakın guya ümumi birgə əmlak olması, ərizəçi1 razılığının alınmaması, ərizəçi2 “icarə müqaviləsi bağlamaq üçün etibarnamə” adı ilə aldadılması, bağışlama prosesinin gizli aparılması, əmlakın internet resurslarında satılması və satış qiymətinin guya 1.200.000 manatdan 600.000 manata endirilməsi barədə fikirlər məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmamış, sübut olunmuş fakt kimi müəyyən edilməmişdir. Müvəqqəti təminat tədbiri iddiaçıların sübut olunmamış mövqeyinə əsaslanaraq mübahisənin əvvəlcədən həlli vasitəsinə çevrilə bilməz. Ikincisi, Cavabdeh ##.##.2022-ci il tarixli bağışlama müqaviləsində əmlakı əldə edən şəxs deyil. O, yalnız etibarnamə əsasında təmsilçi qismində hərəkət etmiş şəxs kimi göstərilir. Onun mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququ, sərəncam vermək hüququ və faktiki özgəninkiləşdirmə imkanı yoxdur. Bu halda əmlakın özgəninkiləşdirilməsinin məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verəcəyi barədə məhkəmənin nəticəsi əsaslandırılmamışdır. Üçüncüsü, müvəqqəti təminat tədbirinin predmeti kimi göstərilən əmlakın qərardad qəbul edilən tarixə olan hüquqi statusu aydınlaşdırılmamışdır. ##.##.2026-cı il tarixində Babayev Firudin Məmməd-sadıq oğlu tərəfindən X1 geniş səlahiyyətli etibarnamə verilmiş, ##.##.2026-cı il tarixdə isə həmin əmlak X2 bağışlanmışdır. Bu tarixlər həm iddia ərizəsinin verilməsindən, həm də müvəqqəti təminat qərardadının qəbulundan əvvəl olmuşdur. Bu halda məhkəmə əmlakın hazırkı reyestr vəziyyətini və hazırkı mülkiyyətçisini aydınlaşdırmadan qadağa tətbiq etmişdir. Dördüncüsü, qərardad faktiki olaraq işdə iştirak etməyən şəxsin, yəni əmlakın hazırkı mülkiyyətçisi kimi görünən şəxsin hüquqlarına təsir edir. Əgər əmlak ##.##.2026-cı il tarixli bağışlama müqaviləsi əsasında artıq X2, həmin şəxs işdə iştirak etmədən, mövqeyi dinlənilmədən və hüquqi statusu müəyyən edilmədən onun əmlakı üzərində qadağa qoyulması prosessual baxımdan yolverilməzdir. Beşincisi, MPM-in 157.2-ci maddəsinin məzmununa görə müvəqqəti təminat tədbiri yalnız real və əsaslandırılmış risk olduqda tətbiq edilə bilər. Hazırkı işdə iddiaçılar risk kimi sadəcə öz ehtimalarını və internet elanına dair məlumatları göstərmişlər. Lakin həmin elanın kim tərəfindən yerləşdirilməsi, qərardad tarixinə aktiv olub-olmaması, əmlakın hazırkı mülkiyyətçisinin kim olması, satışa çıxarma hərəkətinin cavabdehlərlə əlaqəsi və qətnamənin icrasını real olaraq mümkünsüz edəcək təhlükənin mövcudluğu məhkəmə tərəfindən yoxlanılmamışdır. Altıncısı, MPM-in 157.6cı maddəsinə görə müvəqqəti təminat tədbiri məqsədə mütənasib olmalı və əks tərəfin, habelə digər şəxslərin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Qərardadla mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilmişdir. Hazırkı mərhələdə iddiaçıların hüququnun pozulması sübut edilmədiyi, əmlakın hazırkı mülkiyyətçisi müəyyən olunmadığı və real risk əsaslandırılmadığı halda belə geniş məhdudiyyət mütənasib hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıların iddialarını sübut olunmuş fakt kimi qəbul etmiş, müvəqqəti təminat tədbirinin zəruriliyini, real riskin mövcudluğunu, tədbirin subyekt dairəsini, əmlakın hazırkı hüquqi statusunu və tədbirin mütənasibliyini tam və obyektiv araşdırmamışdır. Bu səbəbdən ##.##.2026-cı il tarixli qərardad tam ləğv edilməli, iddiaçıların müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməməlidir. Müvəqqəti təminat tədbiri yalnız mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi halda tətbiq oluna bilər. Hazırkı işdə belə real risk sübut edilməmiş, məhkəmə iddiaçıların ehtimalarını kifayət hesab etmişdir. Təminat tədbirinin mütənasibliyi yoxlanılmamışdır. Əmlakın hazırkı mülkiyyətçisi və hüquqi statusu müəyyən olunmadan yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgəninkiləşdirmə qadağası tətbiq edilməsi əks tərəfin və digər şəxslərin hüquqlarını lüzumsuz məhdudlaşdırır. Qərardadda iddiaçıların aldatma, gizli bağışlama, razılığın olmaması və əmlakın təcili satılması barədə iddiaları sübut edilmiş fakt kimi qəbul edilmişdir. Bu yanaşma müvəqqəti təminat tədbirinin işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olması prinsipinə ziddir. Məhkəmə tətbiq olunan tədbirin iddia tələbinə uyğunluğunu və cavabdehlərin əmlak üzərində real sərəncam imkanını araşdırmamışdır. Qadağa faktiki olaraq işdə iştirak etməyən şəxsin hüquqlarına da təsir edə biləcək şəkildə tətbiq edilmişdir. Müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən yalnız ərizəçinin mövqeyi təkrar edilmiş, tədbirin zəruriliyi, riskin reallığı, sübutların aidiyyəti və mötəbərliyi, habelə əmlakın hazırkı hüquqi vəziyyəti araşdırılmamışdır. Qərardad əsaslandırılmış olmalı, məhkəmənin gəldiyi nəticələr işin halları ilə bağlı olmalıdır. Hazırkı qərardadda isə təminat tədbirinin tam tətbiqini əsaslandıran konkret faktlar və sübutlar göstərilməmişdir. Məhkəmə aşağıdakı mühüm halları aydınlaşdırmamışdır: 1. Mübahisəli əmlakın ##.##.2026-cı il tarixinə dövlət reyestrində kimin adına qeydə alınması; 2. ##.##.2026cı il tarixli bağışlama müqaviləsindən sonra əmlakın hazırkı mülkiyyətçisinin kim olması; 3. Əmlakın hazırkı mülkiyyətçisi işdə iştirak etmirsə, onun hüquqlarına toxunan qadağanın tətbiqinin mümkün olub-olmaması; 4. Cavabdeh mübahisəli əmlak üzərində hər hansı mülkiyyət və ya sərəncam hüququnun olubolmaması; 5. Internet elanının kim tərəfindən yerləşdirilməsi, həmin elanın hazırkı mülkiyyətçi və ya cavabdehlərlə əlaqəsinin sübut edilib edilməməsi; 6. Satış qiymətinin azaldılması və əmlakın təcili satılması barədə iddiaların hansı mötəbər sübutlarla təsdiq olunması; 7. Müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcək məhkəmə aktının icrasının real olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağına dair konkret riskin mövcudluğu; 8. Tətbiq edilmiş qadağanın iddia tələbinə və tərəflərin hüquqi vəziyyətinə mütənasib olub-olmaması. Birinci instansiya məhkəməsi iddiaçıların təqdim etdiyi aşağıdakı halları faktiki olaraq sübut edilmiş kimi qəbul etmişdir, halbuki həmin hallar hazırkı mərhələdə sübut olunmamışdır: 1. Mübahisəli əmlakın mütləq qaydada iddiaçıların ümumi birgə əmlakı olması; 2. ərizəçi1 razılığının hüquqi baxımdan tələb olunması və belə razılığın olmaması; 3. ərizəçi2 “icarə müqaviləsi bağlamaq üçün etibarnamə” adı ilə aldadılması; 4. Bağışlama prosesinin iddiaçılardan gizli həyata keçirilməsi; 5. Əmlakın cavabdehlər tərəfindən internet resurslarında satışa çıxarılması; 6. Əmlakın satış qiymətinin 1.200.000 manatdan 600.000 manata endirilməsi; 7. Cavabdehlərin əmlakı sürətli şəkildə əldən çıxarmağa çalışması; 8. Təminat tədbiri tətbiq edilmədiyi halda gələcək qətnamənin icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağı. Qeyd olunan hallar yalnız iddiaçıların iddia və ərizəsində irəli sürdükləri mövqedir. Məhkəmə isə bu mövqelərin mötəbər, aid və kifayət edən sübutlarla təsdiqlənibtəsdiqlənmədiyini araşdırmadan qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi işin halarına uyğun deyil. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi gələcək məhkəmə aktının icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Lakin bu nəticə üçün zəruri olan əsas hallar müəyyən edilməmişdir. Əvvəla, əmlakın qərardad qəbul edilən tarixə hansı şəxsin mülkiyyətində olması yoxlanılmamışdır. Ikincisi, Cavabdeh əmlak üzərində sərəncam hüququnun olmaması nəzərə alınmamışdır. Üçüncüsü, ##.##.2026-cı il tarixli sonrakı bağışlama müqaviləsi nəticəsində əmlakın işdə iştirak etməyən şəxsin mülkiyyətinə keçmiş olması ehtimalı nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmənin “qadağa zəruridir” nəticəsi real riskə və müəyyən edilmiş hüquqi vəziyyətə deyil, iddiaçıların sübut olunmamış ehtimalarına əsaslanır. Belə qərardad müvəqqəti təminat tədbirinin məqsədinə uyğun deyil və tam ləğv edilməlidir. Şikayətə əlavə edilən yeni sübutlar: 1. Babayev Firudin Məmməd-sadıq oğlunun ##.##.2026-cı il tarixli etibarnaməsinin surəti; 2. ##.##.2026-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surəti; Bu sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Belə ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən Cavabdeh mövqeyi dinlənilməmiş, qərardaddan sonra isə hüquqi yardım yalnız 06- ##.##.2026-cı il tarixlərində rəsmiləşdirilmişdir. Bundan əlavə, müvəqqəti təminat tədbirinin özü tərəflərin iştirakı olmadan baxılan prosessual məsələ olduğundan həmin sənədlərin apellyasiya mərhələsində təqdim edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehlərin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə Ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir; Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını, əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəyini araşdırmalıdır. Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunur ki, müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, müvəqqəti xarakter daşımalıdır, iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzumsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə də nəticələnməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədəmüvafiqdir. Əmlakların üzərinə həbs qoyulması bütövlükdə əmlaklardan istifadəyə qadağan yaratdığından və mülkiyyətçilərin hüquqlarının bu qaydada məhdudlaşdırılması yolverilməz olduğundan məhkəmə əmlakların yalnız özgəninkiləşdirilməsi əməliyyatlarının qadağan edilməsini əsaslı hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qərardadı qanuni və əsaslı hesab edir. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, mübahisə predmetini təşkil edən əmlakın hüquqi vəziyyətinin qorunub saxlanması baxımından müvəqqəti təminat tədbirinin tətbiqi əsaslı hesab edilməlidir. Əmlakın ilkin mərhələdən digər şəxsin mülkiyyətinə keçməsi iddia tələbinin əsasını təşkil etdiyindən həmin özgəninkiləşmədən sonrakı mərhələdə yeni mülkiyyətçilərin meydana gəlməsi həmin şəxslərin hüquq və mənafelərinin qorunması baxımından icraata cəlb edilmələrini zəruri hala çevirir. Lakin mübahisəli əmlakın üçüncü şəxslərin mülkiyyətinə keçməsi mübahisəni aradan qaldırmadığı kimi həmin əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın da bir qayda olaraq ləğv edilməsini şərtləndirmir. Hazırki şikayətdə irəli sürülən dəlillər iddia tələbinin mahiyyəti üzrə həllində araşdırılması zəruri olan hallardır və məhkəmə araşdırmasının predmetini təşkil edir. Lakin müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olub, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlir və özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar