Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-609/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi MMC-nin ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə ## ###### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Iddiaçı Ərizəçi MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 407174,36 manat əsas borcun, 634056 manat cərimə məbləğinin toplamda 1041230,36 manat pul məbləğinin və 1310,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçı Ərizəçi MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya banklarında və onların filiallarında olan cari və digər hesablarındakı pul vəsaitlərinin və digər əmlaklarının üzərinə 407174,36 manat əsas borcun, 634056 manat cərimə məbləğinin toplamda 1041230,36 manat pul məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddia tələbinin əsas borc məbləği həcmində (407174,36 manat) “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialına (VÖEN: **********) məxsus bank hesablarının üzərinə (işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulsun, cavabdehin bank hesablarında kifayət qədər vəsait olmadığı halda qalan borc məbləği həcmində cavabdehə məxsus daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır.
4. Cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış MTT barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı (bundan sonra “Cavabdeh”) ərizəçi Ərizəçi MMC (bundan sonra “Ərizəçi”) tərəfindən “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizə (bundan sonra “MTT”) e-16(4-11)-920/2026 nömrə ilə qeydə alınaraq icraata qəbul edilmişdir. Həm MTT barədə tələbdə, həm də 1-ci instansiya məhkəməsinin qərardadında “əsaslandırma” arayışına çıxdığda “əsaslandırma” adına sadəcə aşağıdakı cümləyə rast gəlirik: iddiaçının tələbindəki əsaslandırması: “Məlumdur ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, icraatın məhkəmə və icra qaydasında qısa müddət ərzində həll olunması reallıqdan uzaqdır, bu səbəbdən hazırki mübahisənin uzun müddətli olacağı ərizəçinin işgüzar nüfuzuna xələl gətirərək, maliyyə imkanlarını məhdudlaşdırır. Hər bir istehsal müəssisəsi aldığı xammaldan istehsal məqsədi ilə istifadə edərək müəyyən miqdarda gəlir əldə edəcəyini planlaşdırır və buna əsasən sonrakı fəaliyyətini qurur. Planlaşdırılmış xammal resurslarının əldə edilməməsi ərizəçinin fəaliyyətinə öz mənfi təsirini göstərir. Maraqlı şəxsə qarşı müvəqqəti təminat tədbirinin həyata keçirilməsinin onu daha məsuliyyətli və adekvat edəcəyi qənaətindəyik. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməsi, işin obyektiv və operativ həllinə nail olunması və iddiaçıya dəymiş ziyanın daha tez aradan qaldırılmasına müsbət təsir etmiş olar. Çünki bank hesablarının üzərinə həbs qoyulmuş maraqlı şəxs öhdəliklərinin yerinə yetirilməsi üçün operativ tədbirlər görməyə başlayar”...; Birinci instansiya məhkəməsinin tələbi təmin üçün əsaslandırması: “Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən borcun könüllü qaydada ödənilməməsi, tərəflər arasında aparılmış danışıqların nəticəsiz qalması cavabdehin gələcəkdə də öhdəliyin icrasından yayınma ehtimalını artırır. Bu şəraitdə cavabdehin öz əmlakı və pul vəsaitləri üzərində sərbəst sərəncam vermək imkanının saxlanılması, həmin vəsaitlərin dövriyyədən çıxarılması və ya digər şəxslərə ötürülməsi yolu ilə qətnamənin icrasının çətinləşdirilməsi riskini real və əsaslı edir.” 1-ci instansiya məhkəməsi sadəcə yuxarıdakı əsaslandırmalar ilə “Cavabdehin” konstitusion hüquqlarından məhkəmə müdafiəsi hüququnu (Kons. M. 60), mülkiyyət hüququnu (Kons. M. 29) və azad sahibkarlıq hüququnu (Kons. M. 59) kobud sürətdə pozan qərar qəbul etmişdir. Apellyasiya instansiyasının nəzərinə xüsusilə çatdıraq ki, a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə 2021-ci ildə edilmiş dəyişikliklə “iddianı təmin etmək haqqında” sözləri “müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış” sözləri ilə əvəz edilmişdir. Qanunvericinin bu dəyişikliklə məqsədi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizələr üçün daha yüksək əsaslandırma standartı müəyyən etmək olmuşdur. Çünki müvəqqəti təminat tədbirləri cavabdehin mülkiyyət hüququna və sahibkarlıq fəaliyyətinə ciddi müdaxilə təşkil edən müstəsna prosessual institutdur. Belə olan halda, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə yalnız formal deyil, konkret faktlara, sübutlara və hüquqi əsaslara söykənən əsaslandırılmış ərizə olmalıdır. Hazırkı işdə isə ərizəçi gələcəkdə məhkəmə qətnaməsinin icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən hər hansı obyektiv sübut təqdim etməmiş, yalnız ehtimallara və subyektiv mülahizələrə istinad etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin əsaslandırılmamış ərizəni təmin etmişdir ki, bu da MPM-in 159.1-ci maddəsinin məqsəd və mahiyyətinə ziddir. b ) Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri tətbiq edilərkən MPM-in 157.2-cimaddəsində nəzərdə tutulmuş ikinci mühüm şərti – təminat tədbiri görülmədiyi halda gələcək məhkəmə aktının icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən halların mövcudluğunu araşdırmamışdır. Məhkəmə yalnız iddia tələbinin ilkin baxışdan əsaslı görünməsini kifayət hesab etmiş, lakin müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən risklərin real mövcudluğunu müəyyən etməmişdir. Ərizəçinin yalnız “narahatlıq” xarakterli ehtimallarına əsaslanaraq cavabdehin əmlakı üzərinə həbs qoyulması və daşınar, daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi nə MPM-in 157-ci maddəsinin tələblərinə, nə də Konstitusiya Məhkəməsinin bu institutla bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğundur. Müvəqqəti təminat tədbiri subyektiv ehtimallara deyil, obyektiv və inandırıcı sübutlara əsaslanmalıdır. Hazırkı iş üzrə məhkəmə baxışı yazılı icraat qaydasında keçirildiyindən cavabdehin etirazlarını təqdim etmək və ərizəçinin dəlillərinə münasibət bildirmək imkanları da əhəmiyyətli dərəcədə məhdud olmuşdur. Belə şəraitdə məhkəmənin yalnız ərizəçinin təqdim etdiyi birtərəfli məlumatlara əsaslanaraq müvəqqəti təminat tədbiri tətbiq etməsi çəkişmə prinsipinin və tərəflərin prosessual bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi zamanı məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazı və 59000 manat məbləğində ödənişin həyata keçirildiyini təsdiq edən ödəniş tapşırığını nəzərə almamış, həmin sübutlara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, göstərilən ödəniş öhdəliyin qismən könüllü icra olunduğunu təsdiq edir və cavabdehin öhdəliyin icrasından yayınması barədə məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edir. Eyni zamanda, məhkəmənin istinad etdiyi Üzləşmə Aktında onun tərtib edilmə tarixi göstərilməmiş, sənədin hansı tarixdə tərtib edildiyi müəyyən olunmamışdır. Buna baxmayaraq, məhkəmə həmin sənədin mötəbərliyini və sübutetmə qabiliyyətini araşdırmadan onu iddia tələbinin ilkin əsaslılığını təsdiq edən əsas sübutlardan biri kimi qəbul etmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddia tələbinin məbləği, hesablamaların düzgünlüyü və borcun həcmi ilə bağlı irəli sürülmüş etirazlar da qiymətləndirilməmiş, iddia tələbinin mübahisəli hissəsi nəzərə alınmadan müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad cavabdehin təqdim etdiyi sübut və etirazlar hərtərəfli araşdırılmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qəbul edilmiş, nəticədə işin faktiki halları tam və obyektiv qiymətləndirilməmişdir. Bu hal qərardadın qanuniliyi və əsaslılığı barədə ciddi şübhələr yaradır. Beləliklə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri institutunu tənzimləyən MPM-in 157–159-cu maddələrinin tətbiqi şərtlərini düzgün qiymətləndirməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin buinstitutun tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeni nəzərə almamış, habelə Ali Məhkəmənin müvafiq hüquqi yanaşmalarından kənara çıxaraq formalaşmış məhkəmə təcrübəsini tətbiq etməmişdir. Nəticədə qəbul edilmiş qərardad qanunilik, əsaslandırılmışlıq və mütənasiblik tələblərinə cavab vermədiyindən ləğv edilməlidir. Məhkəmə qərardadında cavabdeh tərəfindən borcun könüllü qaydada ödənilmədiyi, aparılmış danışıqların nəticəsiz qaldığı və bu səbəbdən gələcəkdə öhdəliyin icrasından yayınma ehtimalının artdığı qənaətinə gəlsə də, həmin nəticə iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə etirazla birlikdə məhkəməyə təqdim edilmiş ödəniş tapşırığı öhdəliyin artıq 59000 manat məbləğində könüllü qaydada icra olunduğunu təsdiq edir. Buna baxmayaraq, məhkəmə həmin sübuta ümumiyyətlə hüquqi qiymət verməmiş, onu araşdırmadan cavabdehin öhdəliyin icrasından yayındığı barədə nəticəyə gəlmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına deyil, yalnız iddiaçının birtərəfli arqumentlərinə əsaslandığını göstərir. Bundan əlavə, öhdəliyin qismən könüllü icra edilməsi cavabdehin öhdəlikdən yayınmaq niyyətində olmadığını, əksinə, borcun mərhələli qaydada icrası istiqamətində real hərəkətlər etdiyini göstərən mühüm haldır. Belə olan halda, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş, gələcək məhkəmə aktının icrasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsi riski konkret sübutlarla əsaslandırılmadan yalnız ehtimallara söykənərək müvəqqəti təminat tədbirinin tətbiqi qanunun məqsədinə uyğun hesab edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə qərardadda iddia tələbinin ilkin əsaslılığını qiymətləndirərkən yalnız iddiaçının təqdim etdiyi üzləşmə aktına, maliyyə arayışına və digər sənədlərə istinad etmiş, cavabdehin təqdim etdiyi etirazı və ödəniş tapşırığını isə ümumiyyətlə qiymətləndirməmişdir. Nəticədə qərardad tərəflərin prosessual bərabərliyi və çəkişmə prinsiplərinə riayət edilmədən, yalnız bir tərəfin təqdim etdiyi sübutlar əsasında qəbul edilmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin ilkin əsaslılığını qiymətləndirərkən istinad etdiyi üzləşmə Aktının sübut kimi qəbul edilməsinin hüquqi əsaslarını ümumiyyətlə araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş həmin Üzləşmə Aktında onun tərtib edilmə tarixi göstərilməmişdir. Sənədin hansı tarixdə tərtib edildiyi müəyyən edilmir. Bu isə həmin sənədin mötəbərliyini və sübutetmə qabiliyyətini ciddi şəkildə şübhə altına alır. Bundan başqa, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiqi zamanı iddia tələbinin həqiqi həcmini və onun mübahisələndirilən hissəsini də nəzərə almamışdır. Belə ki, təqdim edilmiş etirazda iddiaçının irəli sürdüyü tələblərin əhəmiyyətli hissəsinin hüquqi və faktiki əsaslardan məhrum olduğu, hesablamaların düzgün aparılmadığı, tələb olunan məbləğin şişirdildiyi və bu barədə ətraflı hüquqi əsaslandırma təqdim edildiyi halda, məhkəmə həmin arqumentlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki mərhələdə Cavabdehin əmlakı üzərinə həbsin qoyulmasıvə əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi heç bir hüquqi zərurətdən doğan ehtiyac olmamaqla bərabər, bu hal sonuncunun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini olduqca ciddi təhlükə altına qoyur, mülkiyyət hüququnu önəmli komponenentlərindən olan sərəncam vermək hüququnu kobud sürətdə pozur. Belə ki, Cavabdeh öz kommersiya fəaliyyətini mülki iddia üzrə məhkəmə prosesinin davam etdiyi müddət ərzində hər zamanki kimi lazimi qaydada davam etdirməkdədir; şirkət nə ona məxsus əmlakları, nə də maliyyə vəsaitlərini özgəninkiləşdirmək və ya mülki iddianın məhkəmədə baxılması prosesini süni şəkildə uzatmaq niyyətində deyildir, Cavabdeh tərəfindən bunun əksinin iddia edilməsinə rəvac verəcək hər hansı hərəkətlər (və ya hərəkətsizlik) də etməmişdir. Nəzərə alsaq ki, MTT-nin tətbiq edilməsi üçün əsas verən hallardan biri də əsassız vəsatətlər vermək, üzrsüz səbəblərdən iclası təxirə salmaq və sair yollarla Cavabdeh tərəfindən iclasın gedişatına mane olması, mahiyyəti üzrə qətnamə qəbul edilməsini suni şəkildə gecikdirməsidir. Halbuki, iş üzrə sadəcə MTT-nin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilmişdir, yəni Cavabdeh tərəfindən suni surətdə mülki icraatın uzadılmasından ümumiyyətlə söhbət gedə bilməz. Qeyd edilən əsaslar olmadan MTTnin tətbiq edilməsi bu institutun mahiyyətinə zidd getmək və həqiqətən haqlı hüquqi mənafelərin müdafiəsi üçün MPM-ə yer almaqda olan, işi mahiyyəti üzrə həll eləməyən müvəqqəti təminat tədbiri institutundan sui-istifadə etmək, nəticədə qarşı tərəfin mülkiyyət hüquqlarını hüquqi zərurət olmadan məhdudlaşdırmaq deməkdir. MTT-nin tətbiqedilməsi barədə qərardadda bu qeyd edilmiş xüsusatların heç birinə toxunulmamış, ərizənin təmin edilməsi üçün iş üzrə vacib əhəmiyyət kəsb edən hallar nəzərə alınmamışdır. Ərizənin “həbs qoyulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, həbs geniş məfhum olduğundan, ərizədə qeyd olunmuş həddə bank hesablarının üzərinə həbsin qoyulması mülkiyyətçinin mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır. Bu isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin qanunvericiliklə müəyyənləşdirilmiş məqsədinə mütənasib hesab olunmur. Ərizə təmin edilməməli idi. “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı istər ölkə daxili, istərsə də ölkə xaricində müxtəlif xarakterli layihələr icra etməkdədir. Həmin Layihələrin icrası ilə əlaqədar Filialın sahibkarlıq fəaəliyyətini həyata keçirilməsi ilə əlaqədar müxtəlif xarakterli daşınar və daşınmaz, müəssisə daxilində mövcud olan bütün əmlaklar bu fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar əldə edilmişdir. Haqlı olaraq digər sahibkarlıq subyektlərindən fərqli olaraq Filialı tikinti sahəsində apardığı işləri nəzərə alaraq, məhz əldə edilən əmlakın istifadəsinə bu formada məhdudiyyətin gətirilməsi, yəni özgəninkiləşdirmənin qadağan edilməsi və bank hesabına həbsin qoyulması birbaşa olaraq Filialın sahibkarlıq fəaliyyətini iflic vəziyyətə salaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini olduqca ciddi təhlükə altına qoyur. Son olaraq birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, MTT mülki işi mahiyyəti üzrə həll edən məhkəmə aktı deyildir, buna görə də, yalnız iddiaçının iddiasının uğurla nəticələnəcəyinə əsas verən sübutların və MTT-nin tətbiq olunmayacağı halda Iddiaçının hüquqlarının müdafiəsinin sonradan əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən faktların mövcudluğu halında tətbiq edilə bilər. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdehin fəaliyyətini, maliyyə intizamını və kommersiya nüfuzunu xarakterizə edən mühüm halları ümumiyyətlə nəzərə almamışdır. Belə ki, hazırda “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialının iştirakı ilə müxtəlif kommersiya mübahisələri üzrə məhkəmə işləri baxılmaqdadır. Həmin işlərin əhəmiyyətli hissəsində Filial üzərinə düşən müqavilə və digər hüquqi öhdəlikləri könüllü qaydada və tam həcmdə icra etmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasından yayınmamış, əksinə, onların icrasını təmin etmişdir. Bu hallar məhkəmə informasiya sistemində mövcud olan məhkəmə işləri üzrə materiallar vasitəsilə də asanlıqla müəyyən edilə və birinci instansiya məhkəməsi tərəfindən araşdırıla bilərdi. Başqa sözlə, cavabdehin indiyədək hər hansı məhkəmə aktının icrasından qəsdən yayındığını, əmlakını özgəninkiləşdirməyə cəhd etdiyini və ya gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını mümkünsüz etmək niyyətində olduğunu göstərən heç bir obyektiv hal mövcud deyildir. Əksinə, cavabdehin əvvəlki məhkəmə işləri üzrə davranışı onun vicdanlı sahibkarlıq fəaliyyəti həyata keçirdiyini və üzərinə götürdüyü hüquqi öhdəlikləri yerinə yetirdiyini təsdiq edir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinə etiraz
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim ediıməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
15. Maddə 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
16. Maddə 158.4. Cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır.
17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
19. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
21. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).
23. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər.
24. Iş materiallarından görünür ki, ərizəçi tərəfindən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar iddia ərizəsinə əlavə edilmişdir.
25. Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.
26. Iş materiallarından görünür ki, iddiaçı Ərizəçi MMC ilə cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı arasında ##.##.2022-ci il tarixli ********/ATL/*** nömrəli alqı-satqı müqaviləsi üzrə mübahisə yaranmış, iddiaçı tərəfindən cavabdehdən 407174,36 manat əsas borc və 634056 manat cərimə olmaqla, ümumilikdə 1041230,36 manat məbləğin tutulması tələb edilmişdir. Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə alqı-satqı müqaviləsini, üzləşmə aktını, maliyyə arayışını və digər sənədləri əlavə etmişdir.
27. Birinci instansiya məhkəməsi həmin sənədləri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar kimi qiymətləndirməklə yanaşı, cavabdeh tərəfindən borcun tam həcmdə könüllü olaraq ödənilmədiyini, tərəflər arasında aparılmış danışıqların nəticəsiz qaldığını və mövcud vəziyyətin dəyişdirilməsi, o cümlədən pul vəsaitlərinin və ya əmlakın digər şəxslərə ötürülməsi ehtimalının gələcək məhkəmə aktının icrasını çətinləşdirə biləcəyini nəzərə almışdır.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti təminat tədbirləri gələcək məhkəmə aktının icrasını təmin etmək məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin tam sübuta yetirilməsi tələb olunmur, ilkin baxış zamanı iddianın kifayət qədər əsaslı görünməsi və gələcək icranın çətinləşməsi riskinin mövcudluğu kifayət hesab edilir. Ərizəçinin təqdim etdiyi ilkin sübutlar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə baxılması mərhələsində iddia tələbinin prima facie əsaslı hesab edilməsi üçün kifayət etmişdir.
29. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
30. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz bu halı nəzərə alaraq müvəqqəti təminat tədbirini iddiaçının tələb etdiyi 1041230,36 manat məbləğinin tam həcmində deyil, yalnız 407174,36 manat əsas borc məbləği həddində tətbiq etmişdir.
31. Bundan başqa, məhkəmə cavabdehin daşınar və daşınmaz əmlakına bilavasitə həbs qoymamış, bank hesablarında kifayət qədər vəsait olmadığı halda qalan borc məbləği həddində həmin əmlakların yalnız özgəninkiləşdirilməsini qadağan etmişdir. Eyni zamanda bank hesablarına tətbiq edilmiş həbs əmək haqlarının və məcburi dövlət ödənişlərinin, o cümlədən vergi və sosial ödənişlərin həyata keçirilməsinə mane olmamaq şərti ilə müəyyən edilmişdir.
32. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin hüquq və qanuni mənafeləri ilə iddiaçının gələcək məhkəmə aktının icrasının təmin edilməsində olan marağı arasında balans yaratmağa çalışmış, daha ağır müdaxilə təşkil edən tədbirləri tətbiq etməmişdir. Məhz bu səbəbdən tətbiq edilmiş tədbirin cavabdehin hüquqlarının lüzumsuz və həddindən artıq məhdudlaşdırılması ilə nəticələndiyi barədə şikayətin dəlilləri əsaslı hesab edilə bilməz.
33. Kollegiya həmçinin qeyd edir ki, şikayətdə sadalanan halların bir qismi iş üzrə iddia tələbinin mahiyyətinə, borcun həqiqi məbləğinə, cərimənin hesablanmasına və təqdim edilmiş sübutların yekun sübutetmə qüvvəsinə aid olmaqla, mübahisənin mahiyyəti üzrə həll edilməli məsələlərdir. Həmin məsələlərin müvəqqəti təminat tədbiri barədə qərardadın yoxlanılması çərçivəsində qəti həll edilməsi isə müvəqqəti təminat tədbirinin prosessual mahiyyəti ilə uzlaşmır.
34. Belə olan halda cavabdeh tərəfindən şikayətdə qeyd edilmiş hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
36. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.