Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-611/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Firması tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi Firması cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ##### 2026-cı il tarixli № ##/##/2026 nömrəli müqavilə əsasında yaranmış 66.614,40 manat əsas borc, 11.990,50 manat ƏDV məbləği, 500,00 manat hüquqi yardım haqqı və 326,00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir (iş № e-2-2(4-11)-4202/2026). Ərizəçi (iddiaçı) həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-**(*-**)-****/**** nömrəli kommersiya işi üzrə yekun məhkəmə qərarı çıxarılana qədər cavabdeh Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə (işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan)) iddia tələbini təşkil edən əsas borc məbləği - 78604.9 manat həddində həbs qoyulmuşdur. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh MMC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət dövlət rüsumunun Abşeron Rayon Məhkəməsinin hesabına ödənilməsi səbəbindən geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh yenidən şikayət təqdim edərək məhkəmənin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmiş, eyni zamanda elektron sistemə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə əlavə etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: -Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri tam olaraq yoxlamamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrinin cavabdeh tərəfindən və ya sistem tərəfindən təsdiq olunmamasına baxmayaraq, məhkəmə iddianın əsaslılığına dair ilkin sübutların iddiaçı tərəfindən ərizəyə əlavə edilməsini müəyyən etmişdir. Hesab edir ki, ərizəyə yetərli qədər ilkin mötəbər sübutlar əlavə edilməmişdir, ərizəçi tərəfindən təqdim edilmiş MT2605 seriyalı ******** №-li ##.##.2026 tarixli elektron qaimə-fakturadan göründüyü kimi, bu sənəd nə cavabdeh tərəfindən, nə də ki sistem tərəfindən təsdiq edilməməmişdir, bu yanlız ərizəçi tərəfindən birtərəfli qaydada tərtib olunanaraq göndərildiyi e-qaimədir. Ərizəçi tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli qiymət razılaşma protokolu və ## ### 2026-cı il tarixli təhvil-təslim aktı ərizəçinin əməkdaşları tərəfindən cavabdehin əməkdaşlarının etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əldə edilmiş sənədlərdir. “xxxx" Firması tərəfindən bu sənədlərdə əks olunan hər hansı mal Cavabdeh MMC-yə təqdim edilməmişdir. Şikayətə qoşma kimi əlavə edilmiş Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən X3 və Cavabdeh MMC-də Ofis meneceri vəzifəsində çalışan X1 izahatlarından görünür ki, “xxxx" Firmasının təsisşisi olan Sərdar bəy tərəfindən Cavabdeh MMC-nin ofisinə orta yaşlı bir kişi göndərərək bu sənədlərin imzalanmasına nail olmuşdur. Məhkəmə işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına diqqət yetirməmişdir yəni, məhkəmə “müvəqqəti təminat tədbiri barədə ərizənin ərizəçi tərəfindən kifayət qədər əsaslandırıldığını” ərizəçi tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən etmək əvəzinə, ərizəçinin ərizəsində göstərdiyi etimalları əsasında müəyyən etmişdir. Cavabdeh hesab edir ki, ərizəçi tərəfindən müvəqqəti təminat tədbirləri üçün tədbirlərin görülməsi zərurəti ümumiyyətlə əsaslandırmamış və ərizənin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim edilməmişdir. Cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalıdır. Yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, əmlak üzərinə həbs qoyulmasının indiki mərhələdə cavabdeh üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi sual doğurmasın. Ərizəçinin tətbiq edilməsini xahiş etdiyi müvəqqəti təminat tədbirinin həmin tədbirinin tətbiq edilməsi məqsədləri baxımından zəruri, eləcə də mütənasib tədbir hesab edilməsi üçün əsas yoxdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyasiyanın həddlərinə münasibətdə qeyd edir ki, birinci instansiyas məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş və həmin qərardad yalnız cavabdeh tərəfindən ərizənin təmin edilmiş hissəsində mübahisələndirilmişdir, odur ki, məhkəmə tərəfindən qərardadın əsaslılığı ərizənin təmin edilmiş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: - Ərizəçi Firması və Cavabdeh MMC arasında bağlanmış ## ##### 2026-cı il il tarixli ##/##/2026 nömrəli müqaviləyə əsasən “icraçı” “sifarişçinin” sifarişi əsasında qeyd olunan mal-material, xidmət və işləri vaxtında yerinə yetirməsini təmin edir. “Sifarişçi” isə “icraçının” göstərdiyi xidmətin əvəzində ona xidmət haqqı ödəyir. -Ərizəçi Firması və Cavabdeh MMC arasında bağlanmış ## ##### 2026-cı il il tarixli ##/##/2026 nömrəli müqaviləyə əsasən tərtib olunmuş və hər iki hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq edilən ## ### 2026-cı il tarixli malların, işlərin və xidmətlərin təhvil-təslim aktı üzrə yekun məbləğ 75678.69 manat, ## ##### 2026-cı il tarixli malların,işlərin və xidmətlərin təhvil-təslim aktı üzrə isə yekun məbləğ 5852.80 manat təşkil etmişdir. -Ərizəçi Firması tərəfindən Cavabdeh MMC-yə ## ##### 2026-cı il il tarixli ##/##/2026 nömrəli müqaviləyə əsasən göndərilmiş MT2605 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaimə üzrə yekun məbləğ 75678.59 manat, MT2604 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli elektron qaimə üzrə yekun məbləğ 5852.80 manat təşkil edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.4-cü maddələrinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda ərizəçi Ərizəçi Firması məhkəmədə qaldırdığı iddianın əsaslılığı ilə bağlı ilkin sübutları (“faktlar” hissəsində göstərilmişdir) məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği yüksək olduğundan, digər tərəfdən cavabdehin ona məxsus bank hesabındaki pul vəsaitlərini xərclənməsi, bununla da gələcəkdə ərizənin təmin edildiyi halda qətnamənin icrasında, yəni ərizəçinin pozulmuş hüquqlarının bərpa edilməsində çətinliklər yaranması ehtimalı mövcud olduğundan cavabdeh Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə (işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan)) iddia tələbini təşkil edən əsas borc məbləği - 78604.9 manat həddində həbs qoyulması növündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Arqumentlər: -Cavabdehin arqumentlərinə gəldikdə, kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi elektron qaimənin cavabdeh və ya elektron sistem tərəfindən təsdiq edilib-edilməməsi, ##.##.2026-cı il tarixli qiymət razılaşma protokolunun və təhvil-təslim aktının həqiqiliyi və etibarlılığı, habelə malların faktiki olaraq təhvil verilib-verilməməsi mübahisənin mahiyyətinə aid olan və sübutların hərtərəfli araşdırılmasını və qiymətləndirilməsini tələb edən hallar olmaqla müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxılması mərhələsində tam və hərtərəfli araşdırıla bilməz. -Digər tərəfdən, müvəqqəti təminat tədbirinin gələcəkdə qətnamənin icrasının çətinləşəcəyini və ya mümkünsüz olacağının iddiaçı tərəfindən sübuta yetirilməməsi barədə cavabdehin arqumentinə qiymət verilərkən nəzərə alınmalıdır ki, cavabdeh mübahisəli müqavilə üzrə borcun əsaslılığını mübahisələndirməklə onun ödənilməsindən imtina edir. Göstərilən davranış isə gələcəkdə iddia təmin edildiyi halda cavabdehin qətnamənin icrasından yayınması riskinin mövcudluğunu göstərir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddianı təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, sözügedən dəlillər formal mülahisə kimi dəyərləndirilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-16(3-6)-611/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-611/2026
21.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver