Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-616/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, **(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan ərizəçi Ərizəçi verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması tələbi barədə” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılması zamanı iddiaçı “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 3 uşaqdan birinin –##.##.2013-cü il təvəllüdlü Yaqubun yetkinlik yaşana çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 260 manat sabit pul məbləğində alimentin müvəqqəti olaraq tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından doğulmuş Yaqub faktiki olaraq atasının – iddiaçının yanında, digər uşaqlar - ##.##.2017-ci il təvəllüdlü Məryəm və ##.##.2019-cu il təvəllüdlü Əbəlfəz analarının – cavabdehin yanında qalmışlar. Cavabdehin müraciət əsasında Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla hazırkı iş üzrə iddiaçıdan ##.##.2026-cı il tarixdən başlayaraq hər 3 uşağın saxlanılması üçün hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli miqdarında sabit pul məbləğində müvəqqəti alimentin tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Lakin həmin qərardaddan verilmiş şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli qərardadla (iş № **(3-6)-457/2026) Rayon Məhkəməsinin həmin qərardadının qismən, yəni ##.##.2013-cü il təvəllüdlü Yaqubun saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulması hissəsində ləğv edilməsini və həmin hissədə cavabdehin müraciətinin rədd edilməsini qərara almışdır. Çünki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası müəyyən etmişdir ki, Yaqub anasının deyil, atasının yanındadır. Göstərilənlərə əsasən iddiaçı hazırkı “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət etmiş və hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməlidir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizəsinin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 3 uşaqdan birinin –Yaqubun hazırda atasının – iddiaçının yanında qalması onun daimi yaşayış yerinin atası ilə müəyyən edildiyini təsdiq etmir, uşağın yaşayış yeri ilə bağlı mövcud vəziyyət əsas mübahisə həll edilənədək dəyişə bilər. Digər 2 uşağın ananın yanında yaşaması və onların saxlanılması ilə bağlı xərclərin də nəzərə alınmalı olması şəraitində cavabdehdən əlavə olaraq müvəqqəti aliment tutulması hazırkı mərhələdə mütənasib hesab edilə bilməz. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadının ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əsasları “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəsinin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Aliment tutulması barədə mübahisəyə baxılarkən məhkəmə alimentin tutulması barədə qətnamə çıxarılanadək cavabdehdən aliment tutulması barədə qərar çıxara bilər (maddə 101.1.). Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək, əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək müvəqqəti təminat tədbirləri kimi tətbiq edilə bilər (maddə 158.1.). Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər (maddə 158.2.). Göstərilən maddi və prosessual hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən tətbiq edilməsi təklif olunan müvəqqəti təminat tədbirinin tətbiqi üçün hazırkı mərhələdə kifayət qədər əsas yoxdur. Belə ki, iş materiallarından 3 uşaqdan birinin – Yaqubun hazırda atasının – iddiaçının yanında qalması müəyyən edilsə də, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların kimin yanında saxlanılması məsələsi üzrə mübahisə yekun həll edilməmişdir. Bundan əvvəl Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə atanın uşaqlardan ayrı yaşadığı nəzərə alınaraq onun uşaqlarla sərbəst görüşünə şərait yaradılması müəyyən edilmişdir. Buna görə Yaqubun sonradan atasının yanında qalması özlüyündə uşağın daimi yaşayış yerinin atanın yanında müəyyən edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflərin digər yetkinlik yaşına çatmayan uşaqları ananın yanında qalmaqda davam edir və onların gündəlik saxlanılması ilə bağlı xərclər də cavabdehin üzərindədir. Belə vəziyyətdə uşaqların yaşayış yeri ilə bağlı əsas mübahisə həll edilmədən cavabdehdən Yaqubun saxlanılması üçün əlavə olaraq aylıq 260 manat müvəqqəti aliment tutulması hazırkı mərhələdə tərəflərin mənafeləri arasında ağlabatan tarazlığa və mütənasiblik tələbinə uyğun hesab edilə bilməz. Məhkəmə şikayətin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına istinad edilən dəlilini də əsaslı hesab etmir. Çünki həmin məhkəmə aktı, mübahisəni mahiyyəti üzrə həll etmiş və qanuni qüvvəyə minmiş qətnamə deyil. Buna görə də, göstərilənlərə əsasən hesab edilməlidir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyin nəticə qanuni və əsaslıdır; şikayətin dəlili əsassızdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-616/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-616/2026
28.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver