Məhkəmə qərarları › İş №e-16(3-6)-619/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-619/2026

31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-619/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair İbrahimov Əhliman Polad oğlunun ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından İbrahimov Əhliman Polad oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İbrahimov Əhliman Polad oğlu (iddiaçı) İbrahimova Ülviyyə Polad qızına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan torpaq sahəsi üzəriində dövlət qeydiyyatı hüququnun mövcudluğunun müəyyən olunması və hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

2. İbrahimov Əhliman Polad oğlu müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edərək, cavabdehin ##.##.2008-ci il tarixli *** nömrəli Sərəncama (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ****/**** saylı qətnaməsində istinad olunan sənəd) əsaslanaraq mülkiyyətində olan ** saylı torpaq sahəsində yerləşən tikilidən istifadə etməsinin hüquqi əsaslarının mövcudluğunun ilkin qaydada qiymətləndirilməsi, məhkəmə cavabdehin mübahisəli obyektdə müvəqqəti qalmasını zəruri hesab etdiyi halda, yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin faktiki istifadəsinə icazə verilən hissənin yaşayış üçün yararlılıq, yaşayış və sanitar normaları nəzərə alınmaqla, eyni zamanda onun mübahisəli obyektin qalan hissəsindən sərbəst istifadə hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Ülviyyə İbrahimova hüquqlarının əsası kimi Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin ##.##.2008-ci il tarixli *** nömrəli Sərəncamına (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ****/**** saylı qətnaməsində istinad edilmişdir) istinad edir. Lakin həmin sərəncam mülki hüquqların yaranması üçün müstəqil hüquqi əsas hesab edilə bilməz. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə və Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsasən, 2006-cı ilin iyul ayından sonra rayon icra hakimiyyətləri tərəfindən verilmiş bu xarakterli sərəncamlar daşınmaz əmlak üzərində hüququn yaranması üçün müstəqil hüquqi qüvvəyə malik deyildir. Bundan əlavə, qeyd olunan sərəncamda söhbət ** saylı torpaq sahəsindən getsə də, mütəxəssis Ayaz Naibovun rəsmi rəyi təsdiq edir ki, mübahisəli tikili faktiki olaraq mülkiyyətində olan ** saylı torpaq sahəsinin koordinatları daxilində yerləşir. Bu baxımdan, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində hüquqi əsas olmadan istifadə etməsinin mövcudluğu müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxılarkən ilkin qiymətləndirilməlidir. Yaşayış sahəsinin müvəqqəti müəyyənləşdirilməsi Məhkəmə cavabdehin mübahisəli obyektdə qalmasının müəyyən hüquqi əsaslara söykənə biləcəyi qənaətinə gələrsə (o cümlədən cavabdehin irəli sürdüyü "gözlənti" arqumenti nəzərə alınarsa), iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək tərəflərin hüquqlarının balansının qorunması məqsədilə cavabdehin faktiki istifadə etdiyi yaşayış sahəsinin yaşayış və sanitar normaları nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən ediləcək otaqlarla məhdudlaşdırılması məqsədəuyğun olardı. Belə müvəqqəti tədbir mülkiyyətçi kimi torpaq sahəsinin və tikilinin qalan hissəsindən istifadə etmək, şəxsi əmlakına (o cümlədən sənədlərinin saxlandığı çantaya və digər şəxsi əşyalarına) sərbəst çıxış əldə etmək, həmçinin ikinci mərtəbədən və qarajdan istifadə etmək hüququnun tamamilə aradan qalxmamasını təmin edər və tərəflərin maraqları arasında müvəqqəti balans yaradar.

4. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.

5. Məhkəmə, gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.1-ci, 157.2-ci, 157.5-ci, 158-ci, 159-cu maddələrinə istinadla belə əsaslandırmışdır ki, Əhliman İbrahimov iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməmişdir.

6. Həmin qərardaddan Əhliman İbrahimovun verdiyi şikayət məhkəmənin ## #### 2026cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, qərardadın motivasiya hissəsi ilə nəticə hissəsi arasında aradan qaldırılmamış daxili ziddiyyət yaranmışdır. Qərardadda göstərilmişdir ki, “ərizəçi maneənin hansı formada olduğunu sübut etməmişdir" və "iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin nəticəyə gəlmək mümkün deyildir." Lakin MPM-in 157.5.2-ci maddəsi iddia tələbinin tam sübut olunmasını deyil, iddianın kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu tələb edir. Məhkəmə isə bu prosessual mərhələdə tətbiq edilməli olan ilkin sübut standartını faktiki olaraq işin mahiyyəti üzrə tətbiq olunan tam sübutetmə standartı ilə əvəz etmişdir. Bu isə MPM-in 157.2 və 157.5-ci maddələrinin düzgün tətbiq edilməməsi deməkdir. Müvəqqəti təminat tədbirlərinin məqsədi iddianı əvvəlcədən həll etmək deyil. Onun məqsədi iş üzrə yekun qərar qəbul edilənədək mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının müdafiəsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaqdır. Hazırkı işdə: ikinci mərtəbədən istifadə edə bilmirəm; qaraja daxil ola bilmirəm; şəxsi sənədlərimə və əmlakıma çıxışım məhdudlaşdırılmışdır. Bu hallar MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş riski açıq şəkildə təsdiq edir. cavabdehin yaşayış yerindən çıxarılmasını tələb etməmişəm. Ərizəmdə yalnız iş üzrə yekun qərar qəbul edilənədək: cavabdehin istifadə edə biləcəyi yaşayış hissəsinin müəyyən edilməsini; tikilinin qalan hissəsindən mənim maneəsiz istifadə hüququmun təmin edilməsini xahiş etmişəm. Belə təminat tədbiri tərəflərin hüquqları arasında balans yaratmağa yönəlmiş və MPM-in 157.6-cı maddəsinə tam uyğun olmuşdur. Məhkəmə həmin tədbirin hansı səbəbdən qeyri-mütənasib hesab edildiyini əsaslandırmamışdır. ##.##.2026-cı il tarixli əvvəlki təminat tədbiri nəzərə alınmamışdır. İş üzrə əvvəllər qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadla mənim ** saylı torpaq sahəsinə sərbəst giriş və çıxışımın dərhal bərpası təmin dilmişdir. Hazırkı qərardadda isə "maneənin sübut olunmaması" göstərilmişdir. Məhkəmə əvvəlki qərardadın qəbulundan sonra hansı yeni halların yarandığını və əvvəlki hüquqi qiymətləndirmədən hansı əsaslarla fərqli nəticəyə gəldiyini izah etməmişdir. Bu isə hüquqi müəyyənlik və məhkəmə qərarlarının ardıcıllığı prinsiplərinə uyğun deyildir. ##.##.2026-cı il tarixli mütəxəssis rəyində: tikilinin yerləşməsi; torpaq sahəsinin faktiki 1335 kv.m olması; əlavə istifadə olunan 135 kv.m sahə barədə mühüm nəticələr göstərilmişdir. Lakin məhkəmə həmin rəyin yalnız "arakəsmənin mövcudluğu" hissəsinə istinad etmiş, qalan hüquqi əhəmiyyətli nəticələri isə ümumiyyətlə qiymətləndirməmişdir.”

Apellyasiya baxışı

8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

11. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

14. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

15. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

21. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir.

22. İşdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müxtəlif sənədlər təqdim olunsa da, həmin sənədlər hazırkı mərhələdə iddia tələbinin kifayət qədər əsaslılığı nəticəsinə gəlməyə imkan vermir.

23. Kollegiyanın qənaətinə görə, təqdim olunan sənədlərin mötəbərliliyi tam aydınlaşdırılmadan (sorğular verilməklə, izahatlar alınmaqla, ekspertiza keçirilməklə və s. yollarla) düzgün nəticəyə gəlinə bilməz – hazırkı icraat çərçivəsində isə bu mümkün deyildir.

24. Həmçinin qeyd olunmalıdır ki, ərizəçinin iddia tələbi üzrə qəbul olunacaq qətnamənin (iddia tələbinin təmin olunacağı təqdirdə) icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar da məhkəməyə təqdim olunmamışdır.

25. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizənin təmin edilməməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün əsas ola bilməz.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar