Məhkəmə qərarları › İş №e-16(3-6)-622/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-622/2026

27.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-622/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI X2 Şamxal qızının müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: əmək haqqı hesabından tutulmaların qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X2 Şamxal qızının “əmək haqqı hesabından tutulmaların cavabdehə qadağan edilməsi” ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sevdalıyeva Aynur Şamxal qızı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən onun əmək haqqı hesabından akseptsiz (razılıqsız) qaydada pul vəsaitlərinin tutulması hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə kredit borcuna görə onun əmək haqqı hesabından akseptsiz qaydada tutulmaların aparılmasının cavabdeh banka qadağan edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının gedişində Sevdalıyeva Aynur Şamxal qızı müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, e-*(*-**)-****/**** saylı mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, onun əmək haqqı hesabından tutulmaların aparılmasının cavabdeh Cavabdeh ASC-yə qadağan edilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə X2 Şamxal qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Sevdalıyeva Aynur Şamxal qızı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək məhkəmədən həmin qərardadın ləğv edilməsi və müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi, X2 Şamxal qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin qismən təmin edilməsi, e-*(*-**)-****/**** nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Cavabdeh ASC-yə X2 Şamxal qızının əmək haqqı hesabından 10 (on) faizdən artıq hissədə pul vəsaitinin tutulmasının həyata keçirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən müxtəlif tələbkarların xeyrinə verilmiş dörd icra sənədi üzrə hər biri 10 faiz olmaqla əmək haqqından tutulmaların aparılması barədə işəgötürənə müraciətlər göndərilmişdir. xxxx bank hesabından çıxarışdan görünür ki, əmək haqqının hesabına köçürülməsindən sonra cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən akseptsiz qaydada əlavə tutulmalar aparılmış, bəzi aylarda əmək haqqı hesabına daxil olmuş vəsaitin əhəmiyyətli hissəsi, ayrı-ayrı hallarda isə demək olar ki, tam məbləği silinmiş, sonradan müəyyən hissəsi geri qaytarılmışdır. Göstərilən hallar müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri etsə də, ərizəçinin xahiş etdiyi kimi cavabdeh bank tərəfindən əmək haqqı hesabından istənilən tutulmaların tam qadağan edilməsi müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətinə uyğun deyildir. Belə bir tədbirin tətbiqi iş üzrə iddia tələbinin mahiyyəti üzrə baxılmasından əvvəl onun faktiki olaraq tam təmin edilməsinə gətirib çıxarar və cavabdehin kredit müqaviləsindən irəli gələn hüquqlarını zəruri həddən artıq məhdudlaşdırmış olar. Bununla yanaşı, müvəqqəti təminat tədbirinin ümumiyyətlə tətbiq edilməməsi də iş materialları ilə təsdiq olunan hallar nəzərə alınmaqla iddiaçının Əmək Məcəlləsinin 176-cı maddəsi ilə qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, iddiaçının əmək haqqından artıq dörd icra sənədi üzrə ümumilikdə 40 faiz tutulmalar aparıldığı şəraitdə cavabdeh bank tərəfindən əmək haqqı hesabına daxil olmuş vəsaitdən əlavə tutulmaların həyata keçirilməsi nəticəsində əmək haqqından aparılan ümumi tutulmaların qanunvericilikdə müəyyən edilmiş həddi aşması ehtimalı mövcuddur. Məhkəmə hesab etmişdir ki, mübahisənin predmeti, işin faktiki halları, müvəqqəti təminat tədbirinin məqsədi, habelə tərəflərin hüquq və qanuni mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi baxımından cavabdeh Cavabdeh ASC-yə, e-*(*-**)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçının əmək haqqı hesabından 10 faizdən artıq hissədə tutulmaların həyata keçirilməsinin qadağan edilməsi zəruri və mütənasib müvəqqəti təminat tədbiri hesab edilməlidir. Bu halda, bir tərəfdən digər icra sənədləri üzrə həyata keçirilən 40 faiz tutulmalar nəzərə alınmaqla əmək haqqından aparılan ümumi tutulmaların Əmək Məcəlləsinin 176-cı maddəsində nəzərdə tutulmuş həddi aşmasının qarşısı alınır, digər tərəfdən isə cavabdehin kredit müqaviləsindən irəli gələn hüquqları tam məhdudlaşdırılmır. Ona görə də şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinə dair ərizə isə yuxarıda göstərilən həddə qismən təmin edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh ASC şikayət verərək, şikayətin təmin edilməsini, buna əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, X2 Şamxal qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsini, əks halda isə şikayətin baxılması üçün Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən işlə birlikdə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı maddi və prosessual hüquq normalarının pozulması səbəbindən qanuni və əsaslı olmadığına görə ləğv edilməli və ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsindəki xahişi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Tərəflər arasında bağlanmış ##.##.2025ci il tarixli PL********* nömrəli istehlak krediti müqaviləsinin 11.5-ci bəndindən görünür ki, kredit üzrə ödəniş gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun, bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə razılıq vermişdir. Yəni, tərəflər aralarında bağlanmış müqavilədə müştərinin sərəncamı olmadan bank tərəfindən hesabdan pul vəsaitlərinin silinməsi əsası barədə razılığa gəlmişlər. Müqavilənin bu şərti Mülki Məcəllənin 964.2ci bəndinə əsasən banka akseptsiz silinmə hüququ vermiş, bank da müştəri tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini nəzərə alaraq bu hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipləri sırasında həmin Məcəllənin 6-cı bəndində öz əksini tapmışdır. Belə ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf – kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarı). Hazırki halda isə akspetsiz silinmələrin aparılmasının dayandırılması heç bir qanuni əsas olmadan müqavilə münasibətləri iştirakçısının hüququnun məhdudlaşdırılması olacaqdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı bankla bu münasibətə öz sərbəst iradəsi ilə daxil olmuş və daxil olduğu münasibətlərin məzmunu barədə də yetərincə məlumatlı olmuş – kredit üzrə ödəniş cədvəli (aylıq ödəməli olduğu vəsait) barədə məlumatlı olmuş və razılığını vermişdir. Bundan sonra kreditdən öz məqsədləri üçün istifadə edib hüququnu tam realizə etmiş şəxsin bu münasibətin digər iştirakçısının hüququnun realizəsinə maneələr yaratması və məhkəmə tərəfindən şəxsin bu istiqamətdə olan əsassız tələblərinin təmin edilməsi mülki qanunvericiliyin təbiətinə tam ziddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarına əsasən məhkəmələr müvəqqəti təminat tədbirləri barədə ərizələrə baxarkən aşağıdakı tələblərə riayət etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir: işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli; ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli; iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı; tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını təmin etməli; işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməli; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır. Ərizəçi əmək haqqından digər kreditorların xeyrinə tutma aparıldığını qeyd etsə də, buna dair sübutlar təqdim etməmişdir. İcra məmurunun işəgötürənə yazdığı məktub tutma aparılması, aparılan tutmaların tarixi və məbləği barədə məqamları sübut etmir. Məktubu yazan icra məmuru ikinci bir məktubla bu tutulmaların dayandırılmasını da tələb edə bilər. Yəni iddiaçı tutmaların olduğunu deyir, lakin hansı tarixlərdə, hansı məbləğlərdə tutulmaların olmasını təsdiq edən birbaşa sübutlar təqdim etmir. O da nəzərə alınmalıdır ki, MTT barədə ərizənin aid olduğu mülki işin mahiyyəti məhz tutmaların hansı kreditorun xeyrinə ilkin olaraq həyata keçirilməli olması təşkil edir. Bu halda müvvəqqəti də olsa qanuni əsaslar göstərilmədən digər kreditorlara mənafelərinin xidmət edən şəkildə məhz “xxxx” ASC-nin xeyrinə tutmaların dayandırılması, yalnız ərizəçinin mülahizəsinə görə qərar qəbul edilməsi mülki hüququn tələblərinin pozuntusudur. Ərizəçinin mənafeyi nəzərə alınmalıdırsa, o zaman əksinə, digər kreditorların xeyrinə tutmaların dayandırılması daha ədalətlidir, çünki digər kreditorların xeyrinə tutmalar icra sənədi üzrə aparılır və həmin icra sənədlərində cəmi ödənilməli borc məbləği öz əksini tapmışdır, həmin məbləğə əlavə olaraq hər hansı faiz və cərimə hesablanmır. Lakin “xxxx” ASC ilə müştəri arasında kredit müqaviləsi qüvvədədir və ödənişlər dayandırıldığı halda, hər gecikən borc məbləğinə əlavə faiz hesablanacaqdır bu da müştərinin MTT barədə ərizə verərək əsas götürdüyü halları səhv çıxararaq, onun vəziyyətini daha da ağırlaşdıracaqdır. Yuxarıda qeyd edilənlərin məzmunundan göründüyü kimi müvəqqəti təminat tədbirləri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Yekun olaraq bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi əsaslı arqumentlər olmadan ərizəçinin (iddiaçının) ərizəsini qismən təmin etməklə mülki prosessual qanunvericiliyin normalarının tələblərini pozmuşdur. Beləliklə, Cavabdeh ASC tərəfindən verilən şikayətin təmin edilməsini, buna əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, X2 Şamxal qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsini, əks halda isə bu şikayətin baxılması üçün Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən işlə birlikdə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən, maraqlı şəxs Cavabdeh ASC-nin nümayəndəsi X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından verdiyi şikayətin təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Tədqiq olunan ilkin sübutlardan müəyyən olunur ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən onun əmək haqqı hesabından akseptsiz (razılıqsız) qaydada pul vəsaitlərinin tutulması hərəkətlərinin qanunsuz hesab edilməsi, gələcəkdə kredit borcuna görə onun əmək haqqı hesabından akseptsiz qaydada tutulmaların aparılmasının cavabdeh banka qadağan edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, e-*(*-**)-****/**** saylı mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni-qüvvəsini alanadək, onun əmək haqqı hesabından tutulmaların aparılmasının cavabdeh Cavabdeh ASC–yə qadağan edilməsi ilə bağlı qərardad qərardad çıxarılmasını xahiş etmişdir. İlkin sübutlardan eyni zamanda müəyyən olunur ki, iddiaçının əmək haqqından icra sənədləri üzrə mövcud olan borcları ilə bağlı artıq 40 faiz tutmalar aparılır. Konstitusiya Məhkəməsi Plenumunun müvəqqəti təminat tədbirləri ilə bağlı hüquqi mövqeyinə görə, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərar). Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizəni qismən təmin edən birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi ilkin sübutlar əsasında düzgün nəticəyə gəlmiş, şikayətin işə mahiyyəti üzrə baxılarkən araşdırılaraq sübut edilməli olan dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, əmək haqqının hüquqi təyinatı işçinin maddi və mənəvi ehtiyaclarının qarşılanmasını təmin etməklə yanaşı, həm də, məhz dövlətin Əsas Qanun ilə müəyyən edilmiş ali məqsədinə, hər bir vətəndaşın rifahı, layiqli həyat səviyyəsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin icrasına nail olmaqdan ibarətdir. Çünki hər bir insan faydalı əməklə (fəaliyyətlə) məşğul olduğu təqdirdə bunun müqabilində əmək haqqı almalıdır ki, bununla da özünün və ailəsinin maddi və mənəvi tələbatlarını (ehtiyaclarını) ödəmiş, dövlətin isə xalqın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaqla bağlı öhdəliyinin icrası təmin edilmiş olsun. Əmək haqqının hüquqi mühafizəsinin formalarından biri əmək haqqının toxunulmazlığıdır. Əmək haqqının toxunulmazlığı, ilk növbədə, əmək haqqından tutmanın məhdudlaşdırılması vasitəsi ilə təmin olunur. X3 “Əmək haqqının mühafizəsi haqqında” ** nömrəli Konvensiyasının 8-ci maddəsinin birinci hissəsinə əsasən, əmək haqqından tutulmalara yalnız həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş və ya kollektiv müqavilələrlə və ya arbitraj qərarları ilə təyin olunmuş şərtlərə riayət edildikdə və ölçülərdə (hədlərdə) icazə verilir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsində təsbit edilmişdir ki, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Həmin maddənin 2-ci hissəsində məhz işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulan ödənişlər (məsələn, müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr, işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği və s.) müəyyən edilmişdir. Əmək Məcəlləsinin 176-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, maraqlı şəxs tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar