Məhkəmə qərarları › İş №e-16(3-6)-623/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-623/2026

28.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-623/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, **(*-***)-***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan Bakı şəhəri Yasamal rayon *** saylı Tam orta məktəbin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Yasamal rayonu *** saylı Tam orta məktəbə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Məktəbin Pedaqoji Şurası tərəfindən onun övladı X1 barəsində qəbul edilmiş “təkrar təhsilə cəlb edilməsi haqqında” qərarın əsassız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı 2025-2026-cı tədris ilində cavabdeh Məktəbin 10-cu sinfində təhsil almış, lakin tədris ili ərzində yaranmış davamiyyət və qiymətləndirmə məsələləri ilə əlaqədar Məktəbin Pedaqoji Şurası tərəfindən iddiaçının övladı barəsində “təkrar təhsilə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərar əsassızıdır. Çünki iddiaçının övladı tam müntəzəm olmasa da dərslərdə iştirak etmiş, davamiyyəti kafi olmuş, buna baxmayaraq o, qış imtahanlarına buraxılmamışdır. İddiaçı eyni zamanda “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, övladının 2025–2026-cı tədris ili üzrə 10-cu sinfin müvafiq imtahanlarında iştirak etməsinə şərait yaradılması və onun yenidən həmin imtahanlara buraxılması vəzifəsinin cavabdeh Məktəbin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddianın əsaslı olmasını təsdiq edən ilkin sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddia tələbinin təmin edilməsi ehtimalı çoxdur. İşin baxılması, tədris və qiymətləndirmə prosesi müəyyən zaman çərçivəsində həyata keçirildiyindən, əsas mübahisəyə baxılan müddətdə iddiaçının övladının müvafiq imtahanlarda iştirak etmək imkanını itirməsi gələcəkdə iddianın təmin ediləcəyi halda onun hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya mümkünsüz edə bilər. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədris və qiymətləndirmə prosesinin zamanla məhdud olması nəzərə alındıqda, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda iddiaçının gələcəkdə hüquqlarının bərpası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Eyni zamanda, şagirdin imtahanlarda iştirakına şərait yaradılması onun yuxarı sinfə keçirilməsi və ya əsas iddia tələbinin qabaqcadan təmin edilməsi mənasına gəlmir, yalnız əsas mübahisə həll edilənədək mövcud hüquqi vəziyyətin qorunmasına xidmət edir. Cavabdeh Məktəb həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin edilməməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının övladı 2025-2026-cı tədris ilində nəzərdə tutulmuş 1251 dərs saatından 821 saatında üzrsüz səbəbdən iştirak etməmiş, 8 fənn üzrə illik “2” qiyməti almış, 7 fənn üzrə isə onun biliyi və bacarıqları qiymətləndirilməmişdir. Bu hallar elektron jurnal məlumatları, fənn müəllimlərinin təqdim etdikləri məlumatlar, sinif rəhbərinin hesabatı və direktor müavininin məruzəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Müvəqqəti Qaydalarına” görə, belə olan halda şagird, Pedaqoji Şuranın qərarına əsasən təkrar sinifdə saxlanılmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, 2025–2026-cı tədris ili başa çatmış, illik qiymətləndirmə yekunlaşdırılmış və Pedaqoji Şura tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bu səbəbdən Məktəbin üzərinə şagirdin həmin tədris ili üzrə yenidən imtahanlara buraxılması vəzifəsinin qoyulması hüquqi və texniki baxımdan icrası mümkün olmayan öhdəlik yaradır. Eyni zamanda qeyd edilməlidir ki, Rayon Məhkəməsi müvəqqəti təminat tədbirini tətbiq etməklə əsas mübahisənin mahiyyətinə qabaqcadan qiymət vermiş, Pedaqoji Şuranın qərarının qanuniliyini və şagirdin imtahanlara buraxılmaq hüququnun olub-olmamasını işə mahiyyəti üzrə baxılmadan faktiki olaraq həll etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır (maddə 157.5.). Müvəqqəti təminat tədbiri onun tətbiqi barədə ərizədə göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (maddə 157.6). Müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (maddə 157.7). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və sair növdə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər (maddə 158.1.). Qeyd edilən prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni təmin etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında iddiaçının övladının təkrar təhsilə cəlb edilməsinə dair Pedaqoji Şuranın qəbul etdiyi qərarın əsaslılığı ilə bağlı mübahisə mövcuddur və həmin mübahisəyə dair mülki iş Rayon Məhkəməsinin icraatında olmaqla mahiyyəti üzrə həll edilməmişdir. Tədris və qiymətləndirmə prosesinin müəyyən zaman çərçivəsində həyata keçirilməsi nəzərə alındıqda, əsas mübahisə həll edilənədək iddiaçının övladının 2025–2026-cı tədris ili üzrə müvafiq imtahanlarda iştirak etmək imkanını itirməsi gələcəkdə iddianın təmin ediləcəyi halda onun hüquqlarının real şəkildə bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu baxımdan, iddiaçının övladının müvafiq imtahanlarda iştirakına şərait yaradılması mübahisə yekun həll edilənədək yarana biləcək və sonradan aradan qaldırılması çətin olan nəticələrin qarşısının alınmasına yönəlmiş olmaqla, əsas iddia tələbi ilə əlaqəli və onun təmin edilməsi məqsədinə mütənasib müvəqqəti tədbirdir. Məktəbin qərardaddan verdiyi şikayətin iddiaçının övladının 1251 dərs saatından 821 saatında üzrsüz iştirak etməməsi, 8 fənn üzrə illik “2” qiyməti alması və 7 fənn üzrə biliyinin qiymətləndirilməməsi ilə bağlı dəlillərinə gəldikdə, Məhkəmə hesab edir ki, həmin hallar hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqini istisna etmir. Belə ki, qeyd olunan davamiyyət və qiymətləndirmə göstəricilərinin Pedaqoji Şuranın qəbul etdiyi qərar üçün yetərli hüquqi əsas olub-olmaması, həmin qərarın təhsil qanunvericiliyinin tələblərinə uyğunluğu və nəticə etibarilə iddiaçının tələbinin əsaslı olub-olmaması əsas mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırılmalı və qiymətləndirilməlidir. Müvəqqəti təminat tədbiri mərhələsində həmin hallara yekun hüquqi qiymət verilməsi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi ilə nəticələnərdi. Bu səbəbdən, Məktəbin, Azərbaycan Respublikası Təhsil Nazirinin ## ######## 2010cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydaların” 8, 51 və 59-cu bəndlərinə istinad etməsi də qərardadın ləğvi üçün əsas yaratmır. Həmin normaların iddiaçının övladının konkret vəziyyətinə tətbiqinin düzgünlüyü, o cümlədən onun təkrar sinifdə saxlanılması üçün qanuni əsasların mövcud olub-olmaması məhz əsas iddia üzrə həll edilməli məsələdir. Məhkəmə şikayətin tətbiq edilmiş tədbirin əsas mübahisəni qabaqcadan həll etməsi barədə dəlilini də əsaslı hesab etmir. Rayon Məhkəməsinin qərardadı ilə Pedaqoji Şuranın qərarı ləğv edilməmiş, iddiaçının övladının yuxarı sinfə keçirilməsi müəyyən olunmamış və onun təhsil göstəricilərinə hər hansı yekun qiymət verilməmişdir. Qərardadla yalnız əsas mübahisəyə baxılan müddətdə şagirdin müvafiq imtahanlarda iştirak etmək imkanının itirilməsinin qarşısının alınması məqsədilə onun həmin imtahanlara buraxılması müəyyən edilmişdir. Odur ki, tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşımaqla əsas iddia üzrə qəbul ediləcək yekun məhkəmə aktının məzmununu qabaqcadan müəyyən etmir. Şikayətin 2025–2026-cı tədris ilinin artıq başa çatması və bu səbəbdən qərardadın hüquqi və texniki baxımdan icrasının mümkün olmaması barədə dəlili də qərardadın ləğvinə əsas vermir. Belə ki, məhz tədris və qiymətləndirmə prosesinin müəyyən müddətlə məhdudlaşması müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən hallardan biridir. Əsas mübahisəyə baxılması başa çatanadək şagirdin müvafiq qiymətləndirmədə iştirak imkanının aradan qalxması, iddianın gələcəkdə təmin ediləcəyi halda onun hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu səbəbdən tədris ilinin başa çatması barədə dəlil müvəqqəti təminat tədbirinin məqsədini aradan qaldırmır. Eyni zamanda, şikayətdə məktəbin üzərinə qoyulmuş öhdəliyin icrasının hüquqi və texniki baxımdan mümkün olmadığını təsdiq edən elə bir hal göstərilməmişdir ki, həmin hal hazırkı mərhələdə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini zəruri etsin. Beləliklə, Məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmış, tətbiq edilmiş tədbir əsas iddia tələbi ilə əlaqəli və qarşıya qoyulmuş məqsədə mütənasib olmuşdur. Şikayətdə göstərilən dəlillər Rayon Məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Buna görə də, Rayon Məhkəməsi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizəni təmin etməkdə haqlı olmuşdur. Barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal rayonu *** saylı Tam orta məktəbin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar