Məhkəmə qərarları › İş №e-16(3-6)-625/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-625/2026

31.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-625/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, İddiaçı Ərizəçi İsmayıl oğlu cavabdehlər Cavabdeh və X3 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikintinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi İsmayıl oğlu cavabdehlər Cavabdeh və X3 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikintinin aparılmasına olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı Ərizəçi İsmayıl oğlu müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə cavabdeh Cavabdeh özünün daxil olmasının və **-UY-*** DQN olan “DAF XF 105” nəqliyyat vasitəsinin saxlanmasının müvəqqəti təminat tədbiri olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C, yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbsi, Şəhər Şossesi, giriş 120 ərazisində yerləşən 0.038380 ha torpaq sahəsi daşınmaz əmlakın 005013030787-10301 reyestr nömrəsi ilə iddiaçı Ərizəçi İsmayıl oğlunun adına qediyyatdan keçmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsinin üzərində xüsusi mülkiyyət hüququ ilə 316 kv.m mənzil mövcud olmuş, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının ## ###### 2026-cı il tarixli ** nömrəli sərəncamı alınmış və eynilə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş müvafiq eskiz layihə əsasında tikinti quraşdırma və hasarlanma işlərinin icrasına başlanılmışdır. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, giriş 120 ərazisində yerləşən 0.038380 ha torpaq sahəsinin kordinatları daxilində Cavabdeh qanunsuz olaraq özünə məxsus olan **-UY-*** dövlət qeydiyyat nişanı olan “DAF XF 105” markalı nəqliyyat vasitəsini (ağır tonnajlı) ərizəçinin torpağında saxlayır və ona edilmiş xəbərdarlıqlara baxmayaraq, həmin əşyaların çıxarılmasını təmin etməkdən imtina edir. Ona dəfələrlə teleqram vurularaq, şifahi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir şəkildə həmin xəbərdarlıqlara məhəl qoymur. Hazırda həmin nəqliyyat vasitəsinin orada yerləşdirilməsinin 2 aya yaxın vaxtı tamam olur, bu isə o deməkdir ki, iddiaçı öz tikintisini tamamlaya bilmir. 1) iddiaçı əraziyə armatur setka çəkib, üzərini betonlaya bilmir, çünki beton pompasından çıxan qırıntıların həmin yük maşınının təkərlərinə zərər yetirəcəyi qaçınılmazdır; 2) iddiaçının həmin maşını saxladığı sahə mülkiyyətçinin torpağıdır, bunu təsdiq edən DƏDRX-dan olan koordinatlar var; 3) foto şəkildən də göründüyü kimi iddiaçı öz sahəsini hasarlaya bilmir, çünki hasarın yerində bu maşın dayanıb və cavabdeh həmin maşını oradan çəkməyəcəyini bildirir. Beləliklə, hazırda cavabdeh öz qanunsuz hərəkətləri və müdaxiləsi ilə tikinti işlərinin aparılmasını iflic etmişdir. İddiaçının əlində son 2 ayın hər bir gününə aid kamera qeydləri vardır və görüntülərdən də, görünür ki, tikinti işləri məhz cavabdehin bu cür özbaşına hərəkətləri nəticəsində mümkün deyildir. Cavabdeh qanunsuz olaraq ərizəçi Ərizəçiaya məxsus torpaq sahəsi üzərində aparılan tikinti işlərinə maneələr yaradır. Sözügedən ərazidə ərizəçi tərəfindən inşa edilən qeyri-yaşayış sahəsidir və onun təyinatı un məmulatlarının pişinti sexi kimi fəaliyyət göstərəcəkdir və mövcud layihə də bu fəaliyyət istiqamətinə uyğun layihələndirilmişdir. Hazırki vəziyyətdə isə cavabdeh ərizəçinin əsas giriş çıxışı ilə yanaşı yanğın çıxışının yerləşdirilməsinə də mane olur. Yəni ərizəyə əlavə edilmiş fotodan da göründüyü kimi, əraziyə həm digər tikinti texnikasının girişi, həm də qeyri-yaşayış binasının arxa yanğın çıxışının yerləşdirilməsində çətinlik törədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-101) ***/**** nömrəli qərardadı ilə, ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olmasının maraqlı şəxs Cavabdeh qadağan edilməsi və həmin torpaq sahəsinin giriş-çıxış hissəsində Cavabdeh məxsus olan “**-UY-***” dövlət qeydiyyat nişanlı “DAF XF 105. 510 YÜK” markalı avtomobilin saxlanılmasının qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüquq tətbiq etmədə səhvə yol verərək müəyyən etməmişdir ki, iddiaçının torpaq sahəsinə daxil olmasına qadağa qoyulması və nəqliyyat vasitəsinin saxlanılmasının qadağan edilməsi ilə bağlı onun hər hansı bir hərəkəti nəticəsində vəziyyətin dəyişməsi ehtimalını məhkəmə qarşısında sübuta yetirə bilməmişdir. Müvəqqəti təminat tədbiri mövcud vəziyyəti qoruyub saxlamağa xidmət edir, onun dəyişdirilməsinə deyil. Məhkəmə araşdırmamışdır ki, nəqliyyat vasitəsi aylardır ki, həmin mövqe və yerdə dayanmaqdadır. Məhkəmə bu vəziyyətdə nəqliyyat vasitəsinin saxlanmasını qadağan etməklə, dolayısı ilə nəqliyyat vasitəsinin oradan götürülməsinə göstəriş vermiş olur. Məhkəmə araşdırmalı idi ki, nəqliyyat vasitəsi mütəmadi olaraq oradadır, yoxsa, ara-sıra orada saxlanılır və hazırda orada deyildir. İkinci variantda qeyd olunan tələb müstəqil MTT ərizəsinin predmeti ola bilərdi, bir şərtlə ki, iddianın predmeti də həmin tələb olmasın. İndiki halda iş materialları ilə müəyyən edilir ki, nəqliyyat vasitəsi gedən çəkişməli proseslər boyunca orada daimi qalmaqdadır. Həmçinin, məhkəmə iş üzrə MTT tətbiq edərkən onun zəruriliyini müəyyən edən halları da araşdırmamışdır. Çünki qeyd olunan nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə daxil olmayan torpaq sahəsində sərhəd zolağı boyunca saxlanılmışdır və iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə, girib-çıxmasına heç bir maneəçilik törətmir. Bu hal aparılan icra hərəkətləri ilə də aydın şəkildə müəyyən edilmişdir. Göründüyü kimi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin predmeti iddianın predmetinin bir neçəsi ilə eynilik təşkil edir. Məhkəmə bu xüsusata diqqət etmədən ərizəni təmin etməklə sanki iddianın özünə öncədən münasibət bildirmişdir. Halbuki, bu hal yol verilməzdir və Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə ziddir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyəti etibarı ilə, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. İş materiallarından görünür ki, sahəsi 316 m2 olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı evə (yeni qaydalarla AZ 1034 ünvan 1) və 0,038380 ha torpaq sahəsinə dair Ərizəçi İsmayıl oğlunun xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə qeydə alınmışdır. Bununla yanaşı, iş materialları ilə müəyyən edilmişdir ki, “**-UY-***” dövlət qeydiyyat nişanlı “DAF XF 105. 510 YÜK” markalı yük avtomobilin mülkiyyətçisi Cavabdeh həmin yük avtomobili barədə nəqliyyat vasitəsinin istifadə edilməsi ilə bağlı X1 etibarnamə vermişdir. Göründüyü kimi, hazırda tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olmuş və ərizəçi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədini məhkəməyə təqdim etmişdir. Cavabdeh şikayətində ilk növbədə müvəqqəti təminat tədbirinin tətbiqi üçün mövcud vəziyyətin dəyişdirilməsi ehtimalının iddiaçı tərəfindən sübuta yetirilmədiyini bildirmişdir. Lakin Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Eyni zamanda, 157.5-ci maddəyə əsasən ərizəçi tədbir tətbiq edilmədən həmin məqsədə nail olmağın mümkün olmadığını və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu əsaslandırmalıdır. Hazırkı işdə iddiaçının əsas tələblərindən biri cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə daxil olmasının qadağan edilməsi, digər tələblərindən biri isə həmin torpaq sahəsinin giriş-çıxış hissəsində cavabdehə məxsus nəqliyyat vasitəsinin saxlanılmasına yol verilməməsidir. Beləliklə, tətbiq edilmiş müvəqqəti təminat tədbirləri mübahisənin predmetindən kənar və təsadüfi xarakter daşımamış, birbaşa mübahisə edilən əmlakdan istifadə və həmin əmlaka müdaxilə ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ərizəyə əlavə edilmiş fotoşəkil qiymətləndirilərək yük avtomobilinin torpaq sahəsinin yola açılan, giriş-çıxış hissəsində saxlanıldığı müəyyən edilmişdir. Bu hal öz-özlüyündə avtomobilin həmin ərazidə saxlanmasının mübahisəli torpaq sahəsindən istifadə imkanına təsir göstərə biləcəyi barədə ilkin qənaət formalaşdırmağa imkan verir. Müvəqqəti təminat tədbiri mərhələsində məhkəmədən əsas iddianın bütün faktiki hallarının yekun və tam sübut edilməsini tələb etmək düzgün deyil. Çünki bu mərhələdə məhkəmənin qarşısında duran məsələ mübahisəni mahiyyəti üzrə həll etmək deyil, hüququn gələcəkdə səmərəli müdafiəsini təmin etməkdir. Cavabdehin “nəqliyyat vasitəsi aylardır həmin yerdə dayanır və mövcud vəziyyət artıq dəyişməyib” dəlili də müvəqqəti təminat tədbirinin tətbiqini avtomatik olaraq istisna etmir. Əksinə, yük avtomobilinin uzun müddət həmin yerdə saxlanılması iddiaçının torpaq sahəsindən istifadə hüququna müdaxilənin davamlı xarakter daşıması barədə ilkin qiymətləndirməyə əsas verə bilər. Məhkəmə tərəfindən yük avtomobilinin həmin ərazidə saxlanmasının qadağan edilməsi isə yekun olaraq onun hüquqi vəziyyətini müəyyən etmir. Tədbir iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti xarakter daşıyır. Bu baxımdan, cavabdehin “məhkəmə nəqliyyat vasitəsinin oradan götürülməsinə göstəriş vermiş olur” arqumenti də əsaslı deyildir. Qərardadın məzmunundan görünür ki, məhkəmə yük avtomobilinin mülkiyyətçidən alınması, özgəninkiləşdirilməsi və ya müəyyən müddətdə mütləq başqa ünvana aparılması barədə sərəncam verməmiş, yalnız iddiaçıya məxsus olduğu ilkin sübutlarla müəyyən edilən torpaq sahəsinin giriş-çıxış hissəsində həmin yük avtomobilinin qadağan etmişdir. Bu iki hal hüquqi nəticələrinə görə fərqlidir. Həmçinin, cavabdehin “məhkəmə avtomobilin hazırda həmin yerdə olub-olmamasını və mütəmadi saxlanılıb-saxlanılmadığını araşdırmalı idi” dəlili müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılmasının mahiyyətinə uyğun deyildir. Müvəqqəti təminat tədbiri haqqında icraat çərçivəsində məhkəmə işin bütün hallarını yekun şəkildə araşdıraraq avtomobilin həmin ərazidə saxlanılmasının qanunsuzluğunu qəti müəyyən etmir. Məhkəmə ilkin sübutlar əsasında tədbirin tətbiq edilməsinə zərurət olub-olmadığını və tədbirin mütənasibliyini qiymətləndirir. Cavabdehin “nəqliyyat vasitəsi iddiaçıya məxsus olmayan torpaq sahəsində saxlanılır” dəlilinə gəldikdə isə, bu məsələ iş üzrə əsas mübahisənin predmetini təşkil edir. İddiaçı məhz həmin torpaq sahəsinin öz mülkiyyətində olduğunu və cavabdehlərin həmin sahəyə müdaxilə etdiyini iddia etmişdir. Buna görə də müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən məhkəmənin torpaq sahəsinin hüquqi statusuna dair təqdim edilmiş ilkin sübutları nəzərə alması kifayətdir. Əmlak üzərində mülkiyyət hüququnun tam və yekun şəkildə müəyyən edilməsi isə artıq işin mahiyyəti üzrə həllinə aiddir. Nəqliyyat vasitəsinin iddiaçının torpaq sahəsindən istifadə etməsinə faktiki maneə törədib-törətməməsi barədə cavabdehin dəlilləri də əsas iddianın mahiyyəti üzrə qiymətləndirilməli olan məsələlərdəndir. Belə ki, iddiaçının tələblərindən biri məhz torpaq sahəsindən istifadəyə olan maneələrin aradan qaldırılmasıdır. Məhkəmənin müvəqqəti təminat tədbiri tətbiq etməsi isə həmin tələbin yekun təmin edilməsi anlamına gəlmir. Cavabdehin müvəqqəti təminat tədbirinin iddianın predmetlərindən biri ilə eynilik təşkil etməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Bu səbəbdən müvəqqəti təminat tədbiri ilə əsas iddia tələbinin müəyyən əlaqəsinin olması öz-özlüyündə belə tədbirin qanunsuzluğunu göstərmir. Əsas məsələ tətbiq edilmiş tədbirin yekun məhkəmə aktını qabaqcadan müəyyən edib-etməməsidir. Hazırkı halda məhkəmə yalnız cavabdehin iddiaçıya məxsus olduğu ilkin sübutlarla müəyyən edilən torpaq sahəsinə daxil olmasını və həmin sahənin giriş-çıxış hissəsində konkret nəqliyyat vasitəsini saxlamasını müvəqqəti olaraq qadağan etmişdir. Bu tədbirlər iddianın son nəticəsini əvvəlcədən müəyyən etmir və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu və ya cavabdehin həmin torpaq sahəsinə dair hüquqlarının olub-olmadığını yekun şəkildə həll etmir. Hazırkı halda tətbiq edilmiş qadağaların məqsədi iddiaçının mübahisəli torpaq sahəsindən istifadə vəziyyətinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qorunması və cavabdehin həmin sahəyə müdaxiləsinin davam etdirilməsi nəticəsində iddiaçının hüquqlarının müdafiəsinin və ya bərpasının çətinləşməsinin qarşısının alınması olmuşdur. Digər tərəfdən, tətbiq edilmiş tədbirlər cavabdehin hüquqlarının qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına da səbəb olmur. Cavabdehə mülkiyyətində olan nəqliyyat vasitəsinə dair mülkiyyət hüququndan məhrum olmaq və ya həmin nəqliyyat vasitəsindən ümumiyyətlə istifadə etməmək vəzifəsi qoyulmamışdır. Yalnız mübahisəli torpaq sahəsinin giriş-çıxış hissəsində həmin avtomobilin saxlanılması qadağan edilmişdir. Bu isə konkret mübahisənin predmetindən irəli gələn, müvəqqəti və məhdud xarakterli tədbirdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 157.6-cı maddəsi müvəqqəti təminat tədbirlərinin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmasını və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamasını tələb edir. Hazırkı işdə tətbiq edilmiş tədbirin əhatə dairəsi məhz mübahisəli torpaq sahəsinə giriş və həmin sahənin giriş-çıxış hissəsində konkret avtomobilin saxlanılması ilə məhdudlaşdığından, onun mütənasiblik tələbinə cavab verdiyi qənaətinə gəlmək mümkündür. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizəyə əlavə edilmiş ilkin sübutları, o cümlədən fotoşəkili qiymətləndirərək mübahisəli torpaq sahəsinə müdaxilənin və giriş-çıxış hissəsində nəqliyyat vasitəsinin saxlanılmasının davam etdirilməsi ehtimalını nəzərə almaqda haqlı olmuş, tətbiq etdiyi tədbirlərlə iddiaçının mübahisə predmeti olan hüquqlarının iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qorunmasını təmin etməyə çalışmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar