Məhkəmə qərarları › İş №e-16(3-6)-631/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-631/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-631/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) nizamnamə kapitalındakı paylarının (hissələrin) Cavabdeh cavabdeh2 tərəfindən üçüncü şəxslərə satılmasının, girov qoyulmasının, bağışlanmasının və ya hər hansı başqa formada özgəninkiləşdirilməsinin qarşısının alınması üçün ona bu hərəkətlərin edilməsi qadağan olunması, faktiki olaraq Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 36 ünvanında yerləşən zavodun daxilində olan və iddiaçı tərəfindən gətirilmiş 1 220 000 manat dəyərində 21 ədəd salfetka dəzgahının (istehsalat avadanlığının) və anbarda mövcud olan 280 000 manat dəyərində xammalın yerinin dəyişdirilməsi, sökülməsi, başqa şəhərə (Gəncəyə və s.) daşınması, satılması və ya gizlədilməsi cavabdeh cavabdeh2 və hər hansı üçüncü şəxslərəqəti olaraq qadağan edilməsi və üzərinə təcili həbs qoyulması, "xxxx" MMC-nin balansında və ya istifadəsində olan, ümumi dəyəri 60 000 manat təşkil edən 2 ədəd ** MU *** qeydiyyat nişanlı, Istehsalat tarixi 2008 olan və **RV*** qeydiyyat nişanlı Istehsalat tarixi 2007 "Mercedes Sprinter" markalı yük avtomobilinin respublika ərazisində qeydiyyat hərəkətlərinin aparılmasına, özgəninkiləşdirilməsinə, girov qoyulmasına və daşınmaqla gizlədilməsinə qadağa qoyulması məqsədilə Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinə müvafiq icra göstərişinin göndərilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə məhkəmədə iddia ərizəsi verilənədək verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) nizamnamə kapitalındakı payların (hissələrin) girov qoyulması, satılması, bağışlanması və ya hər hansı digər formada özgəninkiləşdirilməsi cavabdeh2 qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən zavodun daxilində olan 1 220 000 manat dəyərində 21 ədəd salfetka dəzgahının (istehsalat avadanlığının) və anbarda mövcud olan 280 000 manat dəyərində xammalın yerinin dəyişdirilməsi, sökülməsi, başqa şəhərə daşınması, satılması və ya gizlədilməsi cavabdeh2 və üçüncü şəxslərə qadağan edilməsi, “xxxx” MMCnin balansında və ya istifadəsində olan, ümumi dəyəri 60 000 manat təşkil edən 2 ədəd ** MU *** dövlət qeydiyyat nişanlı, istehsalat tarixi 2008 olan və **RV*** dövlət qeydiyyat nişanlı, istehsalat tarixi 2007 olan “Mercedes Sprinter” markalı yük avtomobillərinin özgəninkiləşdirilməsi, girov qoyulması və daşınmaqla gizlədilməsi cavabdeh cavabdeh2 və üçüncü şəxslərə qadağan edilməklə, müvəqqəti təminat tədbiri 1 ay müddətinə, yəni ##.##.2026-cı il tarixədək tətbiq edilməsi qərara alınmışdır.

4. Cavabdeh cavabdeh2 qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadına Bakı Kommersiya Məhkəməsi tərəfindən yenidən baxılaraq ünvan 1 ünvanında yerləşən zavodun daxilində olan avadanlıqların və xammalın yerinin dəyişdirilməsinin, sökülməsinin və daşınmasının qadağan edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və ərizəçi Ərizəçi bu tələblər üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədikdə isə işin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qərardada əsasən, ərizə qismən təmin edilərək, "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların özgəninkiləşdirilməsinə, eləcə də zavodun daxilində olan 21 ədəd salfetka dəzgahının və anbarda mövcud olan 280 000 manat dəyərində xammalın yerinin dəyişdirilməsinə, sökülməsinə, daşınmasına qadağa qoyulmuşdur. Həmçinin müəssisəyə məxsus 2 ədəd "Mercedes Sprinter" markalı yük avtomobilinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu qərardadın icrası çərçivəsində Abşeron Icra Şöbəsinin icra məmurları zavoda gələrək sözügedən qadağanı əsas gətirmiş və faktiki olaraq bütün fabrikin, bütün sexin fəaliyyətini dayandırmışlar. Hazırda müəssisənin qapıları bağlanmış və istehsalat prosesi tamamilə iflic vəziyyətinə salınmışdır. Məhkəmənin xüsusilə istehsalat avadanlıqları və xammalla bağlı qəbul etdiyi qadağa tədbiri tamamilə əsassızdır, qanunauyğun deyil və ləğv edilməlidir. Məhkəmə qərardadında 21 ədəd salfetka dəzgahının və xammalın hərəkətinə qoyulan qadağanın müəssisənin iqtisadi fəaliyyətini necə iflic edəcəyi aydınlaşdırılmamışdır. Artıq bu qərardadın icrası çərçivəsində Abşeron Icra Şöbəsinin icra məmurları tərəfindən faktiki olaraq bütün fabrikin, bütün sexin fəaliyyət göstərməsinə qadağa qoyulmuş və müəssisənin işi tamamilə dayandırılmışdır. Müəssisənin fəaliyyətinin dayanması orada çalışan 7 nəfər əməkdaşın işsiz qalmasına səbəb olur ki, bu da dövlətin sosial-iqtisadi, xüsusən də sahibkarlığın inkişafı və işsizliyin aradan qaldırılması siyasətinə tamamilə ziddir. Ərizəçinin guya ona hədə-qorxu gəlinməsi barədə iddiaları tamamilə əsassızdır və öz təsdiqini tapmamışdır. Ərizəçi DIN orqanlarına və məhkəməyə bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Təsdiqini tapmayan fərziyyələr əsasında zavodun fəaliyyətini dayandıran qərar çıxarılması qanunsuzluqdur. Əksinə, ərizəçinin və atasının cavabdehə borcu vardır və bununla bağlı video sübutlar mövcuddur. Həmçinin, ərizəçi və atası tərəfindən bankdan götürülmüş kredit müqaviləsində və təsisçi qərarında cavabdehin adından saxta imza atılması faktı ilə bağlı Nəsimi RPI-yə müraciət edilmiş və araşdırma aparılır. Təsisçi qərarındakı imzanın vizual olaraq cavabdehin imzasına oxşamadığı da aydındır. Məhkəmə qərardadında 21 ədəd salfetka dəzgahının və xammalın hərəkətinə qoyulan qadağanın müəssisənin iqtisadi fəaliyyətini necə iflic edəcəyi aydınlaşdırılmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiya məhkəməsindəki icraat

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

11. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

16. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı

Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya baxışının həddi

20. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ərizənin təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə ərizə təmin edilməməlidir.

22. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

24. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

26. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.”

27. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçinin iddiasının tam sübut edilməsinə ehtiyac olmasa da, bu hal məhkəməni müvafiq tədbirin tətbiqi üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərin mövcudluğunu yoxlamaq və tədbirin zəruri, münasib və mütənasib olduğunu əsaslandırmaq vəzifəsindən azad etmir.

28. Cavabdehin şikayətində qeyd edilmişdir ki, tətbiq edilmiş qadağa nəticəsində icra məmurları zavoda gələrək qərardadda nəzərdə tutulmuş məhdudiyyəti müəssisənin bütün fəaliyyətinə şamil etmiş, nəticədə zavodun və istehsal sexinin fəaliyyəti faktiki olaraq dayandırılmış, istehsalat prosesi iflic vəziyyətinə düşmüş və müəssisədə çalışan 7 nəfərin əmək fəaliyyətinin həyata keçirilməsi mümkün olmamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili müvəqqəti təminat tədbirinin mütənasibliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki müvəqqəti təminat tədbirinin məqsədi mübahisənin predmetinin və gələcək məhkəmə aktının icrasının qorunması olduğu halda, tətbiq edilən qadağa həmin məqsəddən kənara çıxaraq hüquqi şəxsin normal təsərrüfat və istehsal fəaliyyətinin faktiki olaraq dayandırılmasına səbəb olmamalı, onun hüquq və qanuni mənafelərinin lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Əks halda müvəqqəti xarakter daşımalı olan prosessual tədbir faktiki olaraq tərəfin sahibkarlıq və təsərrüfat fəaliyyətinə müdaxilə vasitəsinə çevrilmiş olar.

30. Xüsusilə nəzərə alınmalıdır ki, avadanlıqların yerinin dəyişdirilməsi, sökülməsi və daşınması anlayışlarının geniş şəkildə qadağan edilməsi yalnız həmin əmlakın özgəninkiləşdirilməsinin qarşısını almaqla məhdudlaşmır, onun istehsalat prosesində istifadəsinə də faktiki maneə yarada bilər. Bu isə müvəqqəti təminat tədbirinin məqsədindən daha geniş nəticələr doğurur.

31. Bu baxımdan, birinci instansiya məhkəməsinin mübahisəli avadanlıqlar və xammal üzrə qadağanı tətbiq edərkən müvəqqəti təminat tədbirinin zəruriliyi ilə yanaşı, onun cavabdehin hüquqlarına təsirini və müəssisənin normal fəaliyyətinə mümkün nəticələrini lazımi qaydada qiymətləndirmədiyi müəyyən edilir.

32. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, təqdim edilmiş materiallardan və birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi, tərəflər arasında əsas mübahisə Ərizəçi ilə cavabdeh2 arasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı təsis paylarının hüquqi taleyi və tərəflərin həmin paylarla bağlı hüquqları ətrafında yaranmışdır. Belə ki, ərizəçinin istinad etdiyi müqavilələr məhz onun “xxxx” MMC-nin nizamnamə kapitalındakı paylarının cavabdeh2 keçirilməsi ilə bağlıdır.

33. Lakin qeyd olunan əsas mübahisənin tərəfləri fiziki şəxslər Ərizəçi və cavabdeh2 olduğu halda, müvəqqəti təminat tədbiri qismində “xxxx” MMC-yə məxsus olduğu göstərilən istehsalat avadanlıqlarının və xammalın istifadəsi faktiki olaraq məhdudlaşdırılmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxsin nizamnamə kapitalında iştirak payı ilə bağlı təsisçilər arasında mövcud olan mübahisə ilə həmin hüquqi şəxsin müstəqil əmlakının istifadəsinin məhdudlaşdırılması arasında birbaşa və zəruri əlaqənin mövcudluğu konkret şəkildə əsaslandırılmalıdır. Hüquqi şəxsin əmlakı ilə onun iştirakçısının nizamnamə kapitalındakı payı eyni hüquqi obyekt təşkil etmir. Iştirakçının cəmiyyətin nizamnamə kapitalındakı payına dair mübahisənin mövcudluğu özlüyündə həmin cəmiyyətin mülkiyyətində olan əmlakın istifadəsinin məhdudlaşdırılmasına əsas vermir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gəlinməsi tələb olunmasa da, ərizəçinin irəli sürdüyü iddiaların müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən ilkin əsaslarla dəstəklənməsi tələb olunur. Əks halda, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla cavabdehin təsərrüfat fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması MPM-in 157.5-ci maddəsində nəzərdə tutulan tələblərlə uzlaşmır.

36. Kollegiya hesab edir ki, ərizəçinin gələcəkdə həmin əmlaklarla bağlı hüquqlarının müdafiəsinin çətinləşə biləcəyi barədə ümumi ehtimal, konkret olaraq 21 ədəd salfetka dəzgahının və xammalın yerinin dəyişdirilməsi, sökülməsi və daşınmasının tamamilə qadağan edilməsini əsaslandırmaq üçün kifayət deyildir. Belə tədbirin tətbiqi üçün həmin hərəkətlərin törədilməsinin real və əsaslandırılmış risk təşkil etməsi, bu riskin aradan qaldırılması üçün məhz tələb olunan qadağanın zəruri olması və daha az məhdudlaşdırıcı tədbirlə eyni nəticənin əldə edilməsinin mümkün olmaması göstərilməlidir.

37. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, ərizənin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə ərizə təmin edilməməlidir.

38. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı qismən, ərizənin təmin edildiyi hissədə ləğv edilsin. Ərizəçi Ərizəçi ərizəsi təmin olunmasın. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) nizamnamə kapitalındakı payların (hissələrin) girov qoyulması, satılması, bağışlanması və ya hər hansı digər formada özgəninkiləşdirilməsinin cavabdeh2 qadağan edilməsi; ünvan 1 ünvanında yerləşən zavodun daxilində olan 1 220 000 manat dəyərində 21 ədəd salfetka dəzgahının (istehsalat avadanlığının) və anbarda mövcud olan 280 000 manat dəyərində xammalın yerinin dəyişdirilməsi, sökülməsi, başqa şəhərə daşınması, satılması və ya gizlədilməsinin cavabdeh2 və üçüncü şəxslərə qadağan edilməsi; “xxxx” MMC-nin balansında və ya istifadəsində olan, ümumi dəyəri 60 000 manat təşkil edən 2 ədəd ** MU *** dövlət qeydiyyat nişanlı, istehsalat tarixi 2008 olan və **RV*** dövlət qeydiyyat nişanlı, istehsalat tarixi 2007 olan “Mercedes Sprinter” markalı yük avtomobillərinin özgəninkiləşdirilməsi, girov qoyulması və daşınmaqla gizlədilməsinin cavabdeh cavabdeh2 və üçüncü şəxslərə qadağan edilməsi” barədə tətbiq edilmiş müvəqqəti təminat tədbirləri ləğv edilsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar