Məhkəmə qərarları › İş №e-16(3-6)-633/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-633/2026

03.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-633/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi MMC tərəfindən İbrahimov İsax Mübariz oğluna və İbrahimov Mübariz İsax oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə baxılması başa çatanadək və kommersiya mübahisəsi üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddia tələbinin gələcəkdə real icrasının təmin edilməsi məqsədilə cavabdehlərə məxsus 300.000 manat dəyərində əmlakın üzərinə həbs qoyulması, həmin əmlakların cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin, yüklülük yaradılmasının və ya hər hansı digər formada onlara dair sərəncam verilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Ərizəçinin nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini, əks təqdirdə iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: -Bakı Kommersiya Məhkəməsinin e-16(4-11)- 618/2026nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə müvvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş, Cavabdeh İbrahimox İsax Mübariz oğluna məxsus77 KY 507 dövlət qeydiyyat nişanlı Ford Transit yük avtomobilin (Dövlətqeydiyyat nişanı: **-KY-***, markası: FORD TRANSIT yük avtomobili, buraxılışili: 2011, ban (VIN) nömrəsi: WF0XXXTTFXBY62510) İbrahimov İsax Mübaroizğluna məxsus Abşeron Rayonu, Hökməli Qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakın (anbar)) özgəninkiləşdirilməsi qadağan edilmişdir. - Qeyd edir ki, cavabdeh tərəfin qanunsuz əməlləri nəticəsində ərizəçiyə 500.000 manata yaxın real maddi zərər dəymişdir. Bununla bağlı məhkəmədə iddia qaldırılmış və müvəqqəti təminat tədbiri barədə ərizəyə iddia ərizəsi və digər sübutedici sənədlər əlavə edilmişdir. Lakin əlavə edilmiş sübutedici sənədlər məhkəmə tərəfindən düzgün araşdırılmamış, təhlil edilməmişdir ki, məhkəmə bu nəticəyə gəlmişdir ki, real zərərlərlə bağlı hazırkı mərhələdə mötəbər sübut təqdim olunmamışdır. Qeyd etmək istəyir ki, məhkəməyə ilk müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edilərkən ərizəçi tərəfindən ümumilikdə 500.000 manata yaxın iddia tələbi barədə məlumat verilsə də, bəzi sübutlar əlavə edilmədiyindən məhkəmə yalnız beh müqaviləsi üzrə ərizəçiyə dəymiş zərəri əsaslı hesab edərək Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadını qəbul etmişdir. Qərardadda da bu hal xüsusi olaraq vurğulanmışdır: "Ərizəçi tərəfindən iş materiallarına əlavə edilən ilkin sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə 70 000 manat məbləğlə bağlı ilkin sübut əlavə edildiyindən, həmçinin icarə müqaviləsinin İsax İbrahimovlabağlandığını nəzərə alaraq, cavabdehin hərəkətləri nəticəsində dəymiş zərər olaraq və gələcəkdə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı olduğuna görə İbrahimov İsaxMübariz oğlunun 70 000 manat məbləğində əmlakının özgəninkiləşdirilməsi qadağan edilməlidir." -Hazırkı halda ərizəçidən ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edilmiş, artıq iddia ərizəsinin məhkəməyə təqdim olunduğu bildirilməklə cavabdeh tərəfin digər əmlakları üzərinə də təminat tədbirlərinin qoyulması xahiş edilmişdir. Əsaslandırıcı sübutlar qismində anbarın təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən şəkillər, ərizəçidən quraşdırılmış xüsusi təchizat avadanlıqlarını göstərən materiallar, ərizəçini zərərə uğradan malların ərizəçidən xüsusi qablaşdırılmadan, xammal formasında satıldığını təsdiq edən təhviltəslim aktları, tərəflər arasındakı WhatsApp yazışmaları və polis orqanlarından əldə olunmuş qərarlar məhkəməyə təqdim edilmişdir. Qeyd edir ki, burada məhkəmənin təqdim etdiyi sənədləri araşdırmadığını göstərən aşkar fakt da mövcuddur. Belə ki, məhkəmə həmin ərizəni MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyini əsas gətirərək geri qaytarmışdır. Məhkəmə tərəfindən iş materiallarına nəzər salınmamış, ilk müvəqqəti təminat tədbiri barədə ərizə ilə ikinci ərizə arasındakı obyektlərin eyni olmadığı, iddia ərizəsinin artıq məhkəməyə təqdim olunduğu, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verilməmişdir. 887 Məhkəmə Çağrı Mərkəzi vasitəsilə məhkəməyə müvafiq hal barədə məlumat verilərək yenidən üçüncü dəfə müvəqqəti təminat tədbiri barədə ərizə məhkəməyə təqdim olunmuşdur. Bu dəfə də məhkəmə təqdim olunmuş sübutları əsaslı qiymətləndirməyərək, ərizədə qeyd etdiyi hər bir halı təsdiq edən sübutlara nəzər salmadan ərizəni rədd etmiş və bunu cəmi üç cümlə ilə əsaslandırmağa çalışmışdır. Qeyd etmək istəyir ki, məhkəmə qərardadı qəbul edərkən qanunsuzluğa yol vermiş, nəticədə ədalətsiz və qanunsuz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində işçilərin bir gün ərzində əmək müqavilələrinə xitam verilməsinə dair əsaslı sübutlardan tutmuş, malların qarşı tərəfin qanunsuz nəzarətində saxlanıldığını və xammal şəklində anbardan çıxarılaraq satıldığını göstərən hər iki tərəf tərəfindən imzalanmış təhvil-təslim aktları da daxil olmaqla, əsaslı WhatsApp yazışmaları (hansı ki, qarşı tərəfin birbaşa etirafları mövcuddur), anbarın əvvəlki və sonrakı vəziyyətini əks etdirən şəkillər də iş materiallarına əlavə edildiyi halda, məhkəmə 70.000 manatlıq sübutlarla əsaslandırılmış tələb ilə bu qədər əlavə sübut təqdim edilmiş 300.000 manatlıq tələb arasında heç bir fərq qoymadan ərizəni rədd etmişdir. Bu isə heç bir şəkildə əsaslı hesab edilə bilməz. Qeyd etmək istəyir ki, 300.000 manatlıq tələbin heç bir hissəsi məhkəmə tərəfindən təmin edilməmiş, tamamilə rədd edilmişdir. Bu isə öz-özlüyündə mütənasiblik prinsipinin pozulması olmaqla yanaşı, digər qərardadlarla birlikdə məhkəmə prosesinin əsassız olaraq uzadılmasına səbəb olmuşdur. Bu isə gələcəkdə iddia tələbinin təmin ediləcəyi və qətnamənin qanuni qüvvəyə minəcəyi halda, həmin məhkəmə aktının icrası prosesində ciddi problemlərin yaranmasına, habelə qətnamənin real icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb olacaqdır. Xüsusilə vurğulamaq istəyir ki, qarşı tərəfin qanunazidd hərəkətləri nəticəsində bazara çıxarılması mümkün olmayan və xammal şəklində satılmağa məcbur qalan yağ məhsullarını bazarın qabaqcıl məhsulları olan "Milla" və "Atena" markalı kərə yağlarıilə eyni keyfiyyətdə olmuşdur. Həmin məhsulların hazırkı bazar satış qiyməti təxminən 22 manat təşkil edir. Qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində məhsulların qablaşdırılmış hazır məhsul kimi deyil, xammal şəklində realizə olunduğundan ərizəçiyə əhəmiyyətli məbləğdə maddi zərər dəymişdir. Bu halları təsdiq edən gömrük çıxarışları, məhsulların maya dəyəri və bazar qiymətini əks etdirən sənədlər, habelə supermarketlərdə analoji məhsulların satış qiymətlərini göstərən materiallar məhkəməyə təqdim ediləcəkdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktiki hallar: - İddia Ərizəçi MMC-nin İbrahimov İsax Mübariz oğlu ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etdiyi istehsalat sahəsinə cavabdehlər tərəfindən qanunsuz müdaxilə edilərək obyektin qıfıllanması, şirkətin anbar və oradakı mallar və avadanlıqlardan istifadədən məhrum edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdehlərdən müştərək qaydada ümumilikdə 491.717 manat, o cümlədən 211.717 manat əldən çıxmış fayda, 200.000 manat anbarın təmiri, avadanlıqlarla təchiz edilməsi və fəaliyyətin dayanması ilə bağlı real zərər, 70.000 manat beh müqaviləsi üzrə real zərər və 10.000 manat fəaliyyətin bərpası, işçi qüvvəsinin cəlb edilməsi, reklam və digər tədbirlərlə bağlı xərclər tələb edir. - İş materiallarına ödəniş tapşırıqları, whatsapp yazışmaları, əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər, fotoşəkillər, habelə malların dəyəri göstərilmədən tərtib edilmiş təhvil-təslim aktları əlavə edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Hazırkı halda ərizəçi gələcəkdə hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağının və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə nail olmaq üçün müvəqqəti təminat tədbirinin tətbiq edilməsinin zəruri olmasını kifayət qədər əsaslandırmamışdır. Kollegiya göstərməyi zəruri sayır ki, ərizəçi tərəfindən irəli sürülən əsas tələblər maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi ilə bağlı olub, həmin halların mövcudluğu, zərərin konkret məbləği, yaranma səbəbləri və cavabdehlərin hərəkətləri ilə səbəbli əlaqəsi mübahisənin mahiyyəti üzrə araşdırılmalı və müvafiq sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Hazırkı halda tələbin əsaslılığına dair ilkin qənaətə gəlmək üçün kifayət edən ilkin sübutlar ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız iddia tələbinin mövcudluğu və ya zərər dəydiyi barədə mülahizələrin irəli sürülməsi kifayət etmir. Tədbirin təcili tətbiq edilməsini zəruri edən, yəni təminat tədbiri görülmədiyi təqdirdə gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının çətinləşməsi və ya mümkünsüzləşməsi ilə nəticələnə biləcək real təhlükə əsaslandırılmalıdır. Hazırkı halda isə ərizəçi cavabdehlərin əmlakı özgəninkiləşdirə, yüklülük yarada və ya digər formada sərəncam verə biləcəklərini ümumi şəkildə bildirsə də, hazırkı mərhələdə v belə təhlükənin mövcudluğunu təsdiq edən konkret hallar və sübutlar göstərilməmişdir. Həmçinin, ərizəçinin istinad etdiyi ##.##.2026-cı il tarixli qərardadla 70.000 manat məbləğində müvəqqəti təminat tədbirinin tətbiq edilmiş olması digər iddia tələbinin təminatı olaraq) öz-özlüyündə hazırkı ərizə üzrə 300.000 manat məbləğində təminat tədbirinin tətbiq edilməsini şərtləndirmir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, gələcəkdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə zərurət mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar