Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-637/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından İsgəndərov Həsən Nadir oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyətinin yazılı razılığı və ya HORECA (hotellər, publar, restoranlar, kafelər və sairə kommersiya obyektləri) üçün bağlanılmış sublisenziya müqaviləsi olmadan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin UEFA Avropa Liqasının 2026-2027 mövsümünün təsnifat mərhələsindəki oyunlarının ünvan 1 ünvanda yerləşən “X1“ ictimai-iaşə obyektində kommersiya məqsədilə nümayiş etdirilməsi 1 (bir) ay müddətinə İsgəndərov Həsən Nadir oğluna (VÖEN **********) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə, ərizə təmin edilmişdir. İsgəndərov Həsən Nadir oğlu qeyd edilən qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(***)-***/**** saylı qərardadını ləğv edərək müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə qoşma qismində əlavə edilmiş Instagram sosial şəbəkəsindəki idarə etdiyi ictimai-iaşə obyektinin səhifəsindəki paylaşımlar araşdırıldıqda müəyyən edilir ki, həmin paylaşımların əksəriyyəti X2 UEFA Avropa Liqasının oyunlarına deyil, UEFA Çempionlar Liqasında digər komandalar arasında keçirilmiş oyunlara aiddir. Halbuki ərizəçi həmin oyunlar üzrə hər hansı müstəsna və ya eksklüziv yayım hüququna malik olduğunu nə iddia etmiş, nə də bunu təsdiq edən hər hansı sübut təqdim etmişdir. Deməli, həmin paylaşımlar hazırkı mübahisənin predmeti ilə bağlı hüquq pozuntusunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Paylaşımlar arasında yalnız bir paylaşım X2 UEFA Avropa Liqasının oyununa aiddir. Lakin həmin oyunun nümayiş etdirilməsi nəticəsində tərəfindən hər hansı kommersiya gəliri əldə olunması, oyuna baxılması üçün giriş haqqı müəyyən edilməsi, ayrıca ödəniş alınması və ya yayımın kommersiya fəaliyyəti kimi həyata keçirilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Əksinə, fəaliyyət göstərdiyi "X1" ictimai iaşə obyektidir və müəssisəyə gələn müştərilər futbol oyunlarını izləmək üçün deyil, təqdim olunan yemək, içki və digər iaşə xidmətlərindən istifadə etmək məqsədilə müraciət edirlər. Müştərilər tərəfindən ödənilən vəsait yalnız göstərilən xidmətlərin dəyəridir. Restoranda nümayiş etdirilən oyunlar isə Azərbaycan Respublikasında açıq yayımlanan televiziya kanalının qanuni siqnalı vasitəsilə göstərilmişdir. Cavabdeh UEFA oyunlarına giriş bileti satmır, oyunların izlənilməsi üçün ayrıca ödəniş almır və heç bir kommersiya yayımı həyata keçirmir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: - Ərizəçi MMC ilə “X2” MMC arasında bağlanmış ##.##.2026-cı il tarixli müqavilədən görünür ki, “X2” MMC televiziya kanalları və Youtube kanalı vasitəsilə ərazi daxilində, azərbaycan dilində, eksklüziv HORECA hüquqlarını canlı yayımlamaq və satış üçün Ərizəçi MMC-yə verir. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu lisenziya müqaviləsi çərçivəsində verilən hüquqlar HORECA (hotellor, restoranlar, kafelər və s. kommersiya obyektləri) yayım və satış hüquqları UEFA Avropa Liqasının 2026/2027 mövsümünün təsnifat mərhələsi çərçivəsindəki oyunları əhatə edir. -İş materiallarına əlavə edilmiş “Instagram” sosial şəbəkəsində “aresnewpub” adlı istifadəçi tərəfindən futbol oyunlarının nümayiş etdirilməsi ilə bağlı xəbərlər və reklamlar paylaşılmışdır. Həmçinin, “Qarabağ” – “Vestri” futbol oyununa baxışın təşkili ilə bağlı reklam paylaşılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.4-cü maddələrinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda ərizəçi Ərizəçi MMC məhkəmədə qaldırdığı iddianın əsaslılığı ilə bağlı ilkin sübutları (“faktlar” hissəsində göstərilmişdir) məhkəməyə təqdim etmişdir. Sadalanan qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla, Ərizəçi MMC-nin yazılı razılığı və ya HORECA obyektləri üçün bağlanılmış sublisenziya müqaviləsi olmadan qeyd olunan futbol oyunlarının kommersiya məqsədilə nümayiş etdirilməsinin davam etdirilməsi nəticəsində ərizəçinin müqavilə ilə əldə etdiyi yayım və satış hüquqlarının pozulması ehtimalı mövcuddur. Eyni zamanda, belə nümayişlərin davam etdirilməsi ərizəçinin hüquqlarının sonradan bərpasını çətinləşdirə və ya müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi halında yarana biləcək pozuntuların qarşısının alınmasını mümkünsüz edə bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyəti üzrə yekun qərar qəbul edilənədək mövcud vəziyyətin qorunması və ərizəçinin hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin yazılı razılığı və ya HORECA obyektləri üçün bağlanılmış sublisenziya müqaviləsi olmadan UEFA Avropa Liqasının 2026/2027 mövsümünün təsnifat mərhələsindəki oyunlarının ünvan 2 ünvanında yerləşən “X1” ictimai-iaşə obyektində kommersiya məqsədilə nümayiş etdirilməsinin 1 ay müddətinə İsgəndərov Həsən Nadir oğluna (VÖEN **********) qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əsaslıdır. Arqumentlər: -Kollegiya əvvəla qeyd edir ki, adıçəkilən ictimai-iaşə obyektinin fəaliyyəti ilə bağlı paylaşımların çox hissəsinin X2 oyunlarına deyil, UEFA Çempionlar Liqasının digər oyunlarına aid olması barədə cavabdehin apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar hazırkı iş üzrə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb etmir, belə ki, cavabdehin bir dəfə olsa belə, X2 UEFA Avropa Liqasının 2026-2027 mövsümünün təsnifat mərhələsindəki oyunlarını da nümayiş etdirməsi həmin oyunların gələcəkdə də nümayiş etdirələcəyinə dair riskinin olmasını müəyyən etmək üçün yetərli hesab edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh İsgəndərov Həsən Nadir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-16(3-6)-637/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-637/2026
03.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver