Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-638/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi "xxxx" Dövlət Tarix- Memarlıq Qoruğu Idarəsi X2 ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Əzizov Nazim Əzizağa oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Ərizəçi "xxxx" Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi X2 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, (1) Əzizov Nazim Əzizağa oğluna və digər şəxslərə “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin balansında olan ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 61) yerləşən 115,5m² sahədə ictimai iaşə obyektinin istifadəsinin dayandırılması və digər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, həmin məqsədlərlə müştəri qəbul edilməsi, xidmət göstərilməsi, mal və avadanlıq gətirilməsi qadağan edilsin; (2) müvəqqəti qadağanın faktiki icrasının təmin edilməsi və mübahisəli sahədə ictimai iaşə obyektinin fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması məqsədilə obyektin giriş qapısı bağlanılaraq həmin sahəyə sahibkarlıq fəaliyyəti məqsədilə giriş məhdudlaşdırılması barədə müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə məhkəmədə iddia ərizəsi verilənədək verilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin balansında olan ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 61) yerləşən 115,5 m² sahədə ictimai iaşə obyektindən istifadə, həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, müştəri qəbul edilməsi, xidmət göstərilməsi, mal və avadanlıq gətirilməsi və girişi Əzizov Nazim Əzizağa oğluna və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
4. ##.##.2026-cı il tarixində cavabdeh Əzizov Nazim Əzizağa oğlu şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadını ləğv edərək, müvəqqəti təminat tədbirinin tətbiqi barədə verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi "xxxx" DTMQI-nin ərizəsini qismən təmin edərək, ünvan 1 ünvanında (yeni ünvan: giriş 61) yerləşən 115,5 m² sahədən istifadəni, orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini, müştəri qəbulunu, xidmət göstərilməsini, mal və avadanlıq gətirilməsini və girişi cavabdehə qadağan etmişdir. Hesab edilir ki, qərardad qanunsuz və əsassızdır, aşağıdakı əsaslarla ləğv edilməlidir. 1. Müqavilənin xitamı barədə bildiriş qanuni müddətdə göndərilməmişdir — Müqavilə əslində növbəti dövr üçün uzadılmış hesab olunmalıdır Tərəflər arasında ##.##.2026-cı il tarixli ASM **/** nömrəli Müqavilənin 5.2-ci bəndinə əsasən, Müqavilə imzalandığı tarixdən etibarən 6 (altı) ay müddətinə bağlanmış və bu müddət ##.##.2026-cı il tarixində başa çatmışdır — bu fakt həm ərizəçi, həm də iş materialları tərəfindən təsdiqlənir. Müqavilənin 5.3-cü bəndinə əsasən: “Müqavilə müddətinin bitdiyi günədək Idarə və ya fərdi sahibkar bu müqaviləyə xitam vermək niyyətini yazılı olaraq bildirmədiyi təqdirdə, bu müqavilənin müddəti eyni şərtlərlə növbəti 6 (altı) ay üçün uzadılmış hesab olunur.” Bu bənddə göstərilən “müddətin bitdiyi günədək” ifadəsi məntiqi və hüquqi baxımdan yalnız müddətin bitmə günündən əvvəlki günü əhatə edə bilər — əks halda bildirişin nəyə xidmət etdiyi mənasını itirir. Belə ki, müddət ##.##.2026-cı il tarixində başa çatdığına görə, xitam niyyəti barədə bildiriş ən geci ##.##.2026-cı il tarixinədək qarşı tərəfə çatdırılmalı idi ki, Müqavilənin ##.##.2026-cı il tarixində, yəni onun son günündə, artıq növbəti dövr üçün uzadılıb-uzadılmadığı qabaqcadan müəyyən olsun. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin xitam bildirişi məhz ##.##.2026-cı il tarixində, yəni Müqavilənin bitdiyi günün özündə göndərilmişdir. Bu tarixdə artıq Müqavilənin 5.3-cü bəndində nəzərdə tutulan avtomatik uzadılma mexanizmi hüquqi baxımdan işə düşmüş sayılmalıdır, çünki bildiriş “müddətin bitdiyi günədək” deyil, məhz həmin günün özündə verilmişdir və bu, tərəfə əvvəlcədən heç bir reaksiya vaxtı buraxmamışdır. Nəticədə, Müqavilə 5.3-cü bənd əsasında növbəti 6 (altı) ay müddətinə uzadılmış hesab olunmalıdır, ərizəçinin bu barədəki əks iddiası isə hüquqi əsasdan məhrumdur. Bu isə ərizəçinin əsas iddiasının (müqavilənin xitamı və obyektin təhvili) mahiyyət etibarilə mübahisəli və ilkin baxışdan əsassız olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 157.5.2-ci maddəsinə əsasən, MTT-nin tətbiqi üçün iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu zəruridir. Müqavilənin xitamı faktının özü ciddi hüquqi mübahisə predmeti olduğundan, ilk instansiya məhkəməsi bu şərtin yerinə yetirildiyini əsaslandıra bilməmişdir. Məhkəmə qərardadında bildirişin verilmə tarixi ilə Müqavilənin bitmə tarixi arasındakı bu ziddiyyəti heç bir təhlilə cəlb etməmişdir. Bildirilir ki, cavabdeh yuxarıda göstərilən əsaslarla Müqavilənin 5.3-cü bənd əsasında növbəti dövr üçün uzadılmış hesab edilməsinin təsdiqi və müqavilə münasibətlərinin davam etdirilməsi tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Bu, cavabdehin mövqeyinin yalnız müdafiə xarakterli olmadığını, əksinə öz hüququnu fəal şəkildə müdafiə etdiyini göstərir və hazırkı MTT-nin ilkin əsaslılıq tələbinə (MPMmaddə 157.5.2) daha ciddi yanaşılmasını zəruri edir.
2. Ərizəçinin təxirəsalınmazlıq və zərər arqumentləri əsassızdır — cavabdehin heç bir borcu yoxdur və icarə haqqını ödəməyə hazırdır Qərardadın özündə də təsdiqləndiyi kimi, N. Əzizov ##.##.2026-cı il tarixində əvvəllər yaranmış borcunu tam ödəmişdir (“N. Əzizov ## #### 2026-cı il tarixində uzun müddətdir ödəmədiyi borcunu ödəmiş...”). Deməli, ərizəçinin MTT tələbini əsaslandırdığı maliyyə zərəri artıq mövcud deyil — bu, məhkəmənin öz qərardadında etiraf etdiyi bir fakt olaraq, ərizəçinin “borcun artması” və “gəlirdən məhrum olma” barədə əsas dəlilini kökündən inkar edir. Bundan əlavə, bildirirəm ki, cavabdeh mübahisəli sahədən istifadə etdiyi müddət üçün müvafiq istifadə haqqını (icarə haqqını) ödəməyə hazır olduğunu bəyan edir və hazırkı anda ərizəçi qarşısında heç bir borcu yoxdur. Bununla, ərizəçinin iddia etdiyi — gələcəkdə əldə edə biləcəyi gəlirdən məhrum qalma — riski real deyil, çünki bu gəlir mübahisə başa çatanadək toplanacaq və ödəniləcəkdir. Mülki Məcəllənin 157-ci maddəsinə görə də qanunsuz sahiblikdən istifadə haqqı geriyə tələb oluna bilən predmetdir, yəni ərizəçinin əmlak mənafeyi pul vasitəsilə tam bərpa edilə bilər və artıq bərpa mexanizmi mövcuddur. Bu şəraitdə MPM-nin 157.2-ci maddəsində nəzərdə tutulan — hüquqların qorunmasının “mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi” — şərti təsdiqini tapmır, çünki ərizəçinin bütün maddi mənafeyi pul kompensasiyası ilə tam təmin edilə bilər və faktiki olaraq borcun ödənilməsi ilə artıq qismən təmin edilmişdir. Fəaliyyətin tam dayandırılması kimi kəskin tədbirə ehtiyac yoxdur, çünki daha yumşaq tədbir (istifadə haqqının davamlı ödənilməsi) mövcud və kifayətdir. 3. Tətbiq edilmiş MTT əslində iddianın mahiyyətini qabaqcadan həll edir və mütənasiblik prinsipini pozur MPM-nin 157.7-ci maddəsinə əsasən, MTT-nin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. MPM-nin 157.6-cı maddəsinə görə isə MTT tələb olunan qorunma məqsədinə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Tətbiq edilmiş qadağan yalnız formal “status-kvonun saxlanması” xarakteri daşımır — o, faktiki olaraq mübahisəli obyektdə hər hansı sahibkarlıq fəaliyyətinin tam və qeyri-müəyyən müddətə dayandırılmasını, müştəri qəbulunun, xidmətin, mal və avadanlıq daxil olmasının qadağan edilməsini nəzərdə tutur. Bu, mahiyyət etibarilə ərizəçinin bir ay ərzində veriləcəyini bildirdiyi əsas iddianın (obyektin boşaldılması) nəticəsini məhkəmənin əsas iddiaya baxılmasından əvvəl təmin edir. Tərəflərin mənafeyi müqayisə edildikdə, məhkəmə yalnız ərizəçinin fərziyi gəlir itkisini əsas götürmüş, lakin (a) bu itkinin artıq borcun ödənilməsi və davamlı istifadə haqqının ödənilməsi öhdəliyi ilə kompensasiya olunduğunu, (b) cavabdehin tam fəaliyyət qadağası nəticəsində çəkəcəyi geri qaytarıla bilməyən zərəri (müştəri bazasının itirilməsi, işçi heyətin buraxılması, kommersiya reputasiyasının pozulması) qiymətləndirməmişdir. Bu, mütənasiblik tələbinin açıq pozulmasıdır. Bundan əlavə, cavabdeh mübahisəli obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 20.000-30.000 manat həcmində əsaslı təmir işləri həyata keçirmiş və bu məbləğdə xərc çəkmişdir. Bu sərmayə obyektə əlavə dəyər qatmış və onun ictimai iaşə obyekti kimi istismarını təmin etmişdir. Fəaliyyətin tam və qeyrimüəyyən müddətə dayandırılması nəticəsində bu sərmayə səmərəsiz qalır, cavabdeh üçün faktiki geri qaytarılması mümkün olmayan itki yaranır. Məhkəmə mütənasiblik qiymətləndirməsi apararkən bu amili nəzərdən tamamilə kənarda saxlamışdır, halbuki tərəflərin mənafeyinin həqiqi müqayisəsi məhz belə hallar nəzərə alınmaqla aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən: 1. Xitam bildirişi qanunla tələb olunan müddətdə (##.##.2026-cı ilədək) deyil, Müqavilənin bitdiyi günün özündə (##.##.2026) göndərilmişdir, bu səbəbdən Müqavilə növbəti dövr üçün uzadılmış hesab olunur və ərizəçinin əsas iddiası ilkin baxışdan əsassızdır (MPMmaddə 157.5.2); 2. Cavabdeh Müqavilənin uzadılmış hesab edilməsinin təsdiqi tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir, bu da onun hüququnu fəal şəkildə müdafiə etdiyini göstərir; 3. Cavabdehin borcu yoxdur, istifadə haqqını ödəməyə hazırdır, ərizəçinin maddi mənafeyi pul kompensasiyası ilə tam təmin oluna bilər — deməli MPM-nin 157.2-ci maddəsində göstərilən təxirəsalınmazlıq şərti mövcud deyil; 4. Cavabdeh obyektdə 20.000-30.000 manat həcmində təmir xərci çəkmişdir və fəaliyyətin dayandırılması bu sərmayənin geri qaytarılmaz itkisinə səbəb olur, bu da mütənasiblik qiymətləndirilməsində nəzərə alınmamışdır; 5. Tətbiq edilmiş tədbir öz həcminə görə iddianın mahiyyətini qabaqcadan həll edir və mütənasiblik prinsipini pozur (MPM maddə 157.6, 157.7).
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Apellyasiya instansiya məhkəməsindəki icraat
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
11. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
14. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
15. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
16. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.
17. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı
Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya baxışının həddi
20. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad qismən, ərizənin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə ərizə təmin edilməməlidir.
22. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.
24. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
26. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “Iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.”
27. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin şikayətində göstərdiyi müqaviləyə xitam verilməsi barədə bildirişin vaxtında verilməməsi ilə bağlı dəlili əsaslı hesab edir.
28. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında # ###### 2026-cı il tarixli ASM **/** nömrəli “Sahibkarlıq fəaliyyətinin Inkişafına şərait yaradılmasına dair” müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndinə əsasən onun 6 ay müddətinə bağlandığı müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndində isə müqavilə müddətinin bitdiyi günədək Idarə və ya fərdi sahibkar tərəfindən müqaviləyə xitam vermək niyyətinin yazılı bildirilmədiyi halda müqavilənin eyni şərtlərlə növbəti 6 ay müddətinə uzadılmış hesab olunacağı nəzərdə tutulmuşdur.
29. Ərizəçi tərəfindən cavabdehə müqavilənin müddətinin uzadılmaması barədə bildirişin # #### 2026-cı il tarixində göndərildiyi iş materialları ilə təsdiq olunur. Başqa sözlə, bildiriş müqavilənin qüvvədə olduğu sonuncu gün göndərilmişdir. Belə olan halda cavabdeh apellyasiya şikayətində əsaslı olaraq göstərmişdir ki, müqavilənin 5.3-cü bəndində istifadə edilmiş “müddətinin bitdiyi günədək” ifadəsi tərəfə müqavilənin növbəti müddətə uzadılıbuzadılmayacağı barədə əvvəlcədən məlumat verilməsini nəzərdə tutur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə müqavilənin 5.3-cü bəndinin hansı qaydada təfsir edilməli olması və # #### 2026-cı il tarixli bildirişin müqavilə münasibətlərinə xitam vermək üçün vaxtında verilib-verilməməsi məsələsinin qəti həlli mübahisənin mahiyyəti üzrə araşdırılmasını tələb edir. Lakin məhz bu məsələnin mövcudluğu ərizəçinin gələcək iddiasının ilkin əsaslılığının qiymətləndirilməsi zamanı nəzərə alınmalı mühüm haldır.
31. Bundan əlavə, cavabdeh şikayətində mübahisəli obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 20.000-30.000 manat həcmində təmir və digər xərclər çəkdiyini, fəaliyyətin dayandırılmasının onun müştəri bazasının, kommersiya fəaliyyətinin və çəkdiyi investisiyanın itirilməsinə səbəb ola biləcəyini göstərmişdir. Bu hallar özlüyündə tətbiq edilən tədbirin cavabdehin hüquq və qanuni mənafelərinə müdaxiləsinin ağırlığının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
32. Birinci instansiya məhkəməsi isə tərəflərin mənafelərini bu aspektdən müqayisə etməmiş, ərizəçinin hüquqlarının qorunması ilə cavabdehin sahibkarlıq fəaliyyətinin tam dayandırılması nəticəsində üzləşəcəyi nəticələr arasında balans yaratmamışdır.
33. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçinin iddiasının tam sübut edilməsinə ehtiyac olmasa da, bu hal məhkəməni müvafiq tədbirin tətbiqi üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərin mövcudluğunu yoxlamaq və tədbirin zəruri, münasib və mütənasib olduğunu əsaslandırmaq vəzifəsindən azad etmir.
34. Bununla yanaşı, ərizəçinin istinad etdiyi borcun cavabdeh tərəfindən ödənilməsi, cavabdehin gələcək istifadə haqqını ödəməyə hazır olması, ərizəçinin iddia etdiyi əmlak mənafeyinin pul tələbi ilə müdafiə edilə bilməsi və tətbiq edilmiş tədbirin cavabdehin sahibkarlıq fəaliyyətini tam dayandırması nəzərə alındıqda, müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi halında ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas müəyyən edilmir.
35. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, müvəqqəti təminat tədbiri mahiyyət etibarilə mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək tərəflərdən birinin hüquqi vəziyyətini faktiki olaraq dəyişdirən və ya bərpa edən vasitəyə çevrilməməlidir. Əks halda, müvəqqəti təminat tədbiri işin mahiyyəti üzrə həllindən əvvəl tərəflərdən birinin mübahisəli əmlakdan istifadə imkanının təmin edilməsi nəticəsini doğura və bununla da məhkəmənin yekun araşdırmasının predmetinə qabaqcadan hüquqi qiymət verilmiş olar.
36. Göründüyü kimi, tətbiq edilmiş tədbir cavabdehin həmin obyektdə sahibkarlıq fəaliyyətini bütövlükdə dayandırmışdır.
37. Halbuki ərizəçinin gələcəkdə irəli sürəcəyi əsas tələblərdən birinin obyektdən istifadənin dayandırılması və onun boşaldılaraq Idarəyə təhvil verilməsi olduğu nəzərə alındıqda, həmin nəticənin müvəqqəti təminat tədbiri ilə əvvəlcədən faktiki olaraq əldə edilməsi müvəqqəti təminat tədbirinin xarakterinə uyğun hesab edilə bilməz.
38. Məcəllənin 157.7-ci maddəsində müvəqqəti təminat tədbirinin müvəqqəti xarakter daşıdığı və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsinə səbəb olmamalı olduğu nəzərdə tutulur. Bu norma məhkəmənin tətbiq etdiyi tədbirin gələcəkdə həll edilməli olan mübahisənin predmetini faktiki olaraq aradan qaldırmamasını tələb edir.
39. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, qərardad qismən, ərizənin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə ərizə təmin edilməməlidir.
40. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh Əzizov Nazim Əzizağa oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı qismən, ərizənin təmin edildiyi hissədə ləğv edilsin. “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi X2 ərizəsi təmin olunmasın. “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin balansında olan ünvan 1 ünvanında (yeni ünvan: Kiçik Qala küçəsi, giriş 61) yerləşən 115,5 m² sahədə ictimai iaşə obyektindən istifadə, həmin obyektdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, müştəri qəbul edilməsi, xidmət göstərilməsi, mal və avadanlıq gətirilməsi və girişinin Əzizov Nazim Əzizağa oğluna və digər şəxslərə qadağan edilməsi” barədə tətbiq edilmiş müvəqqəti təminat tədbirləri ləğv edilsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.