Məhkəmə qərarları › İş №e-16(3-6)-640/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-640/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-640/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəçi Ərizəçi ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4-11)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Iddiaçı Ərizəçi onun şəxsi vəsaiti hesabına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 187B ünvanında cavabdehə məxsus ərazidə inşa edilmiş, təmir edilmiş ofis binasına icarə müqaviləsi bağlanılması, bu mümkün olmasa ofis binasının tikintisi, bərpası, təmiri və saxlanılmasına çəkilmiş 90000 manat məbləğində vəsaitin cavabdehdən tutulub ona ödənilməsi, iddiaçının 15 ildən artıq müddətdə faktiki ofis kimi istifadə etdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 187B ünvanında yerləşən həmin ofisdə qalmış iddiaçıya və onun müştərilərinə məxsus iş dosyelərinin, müqavilələrin, qəbzlərin, hüquqi sənədlərin, vətəndaşların pasportlarının, şəhadətnamələrin, çıxarışların və digər əmlak və sənədlərin siyahı üzrə cavabdeh tərəfindən iddiaçıya qaytarılması, Ofisdə qalmış əmlak və sənədlərin qaytarılmasının məhkəmə icraçısının iştirakı ilə, təhvil-təslim aktı tərtib olunmaqla həyata keçirilməsi, Iddia üzrə ödənilmiş 460 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Qeyd edilən e-*-*(*-**)-****/**** nömrəli iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Pərviz Zamanlı).

3. Ərizəçi daha sonra Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC-nin xxxx Elmi-Istehsalat Müəssisəsi tərəfindən Bakı şəhəri, Atatürk prospekti 187A ünvanında xxxx MMC-nin istifadəsindəki ofis sahəsinə girişin qarşısını alan, maneə yaradan hər hansı hərəkətin – o cümlədən qaynaqlanmış qapıların bağlı saxlanılmasının, elektrik enerjisinin kəsilmiş vəziyyətdə qalmasının və yaradılmış digər məhdudiyyətlərin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Ərizəçi sözügedən qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ofis ərizəçinin rəhbəri olduğu "xxxx" MMC tərəfindən 15 ildən artıq müddətdə fasiləsiz olaraq hüquqi xidmət fəaliyyəti üçün istifadə edilmişdir. Həmin ünvan yalnız müəssisənin fəaliyyət göstərdiyi bina deyil, həm də illərlə formalaşmış müştəri bazasının tanıdığı, hüquqi xidmətlərin göstərildiyi əsas mərkəz olmuşdur. Müəssisənin işgüzar nüfuzu, müştərilərlə münasibətləri və peşəkar fəaliyyəti məhz həmin ünvanda formalaşmışdır. Ərizəçi uzun illər ərzində cavabdeh müəssisəyə hər ay 750 manat məbləğində ödəniş etmiş, bu ödənişlər cavabdehin möhürü və imzası ilə təsdiq olunmuş kassa mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Bundan əlavə, istifadəyə verilən obyekt tam yararsız vəziyyətdə olduğundan ərizəçi öz şəxsi vəsaiti hesabına təxminən 90.000 manat məbləğində əsaslı təmir və bərpa işləri apararaq onu hüquqi xidmət göstərilməsi üçün tam yararlı vəziyyətə gətirmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan yeni müqavilə bağlamaqdan imtina etmiş, sonradan isə daha kobud hərəkətlər edərək ## ##### 2026-cı il tarixində müəssisənin giriş qapılarını qaynaq etdirmiş, elektrik enerjisinin verilməsini dayandırmış və ərizəçinin ofisə daxil olmasının qarşısını almışdır. Bunun nəticəsində ofisdə qalmış yüzlərlə hüquqi sənəd, məhkəmə işlərinə dair kağızlar, vətəndaşlara məxsus pasportlar, şəhadətnamələr, çıxarışlar və digər sənədlər götürülə bilməmiş, müəssisənin fəaliyyəti isə faktiki olaraq iflic vəziyyətinə düşmüşdür. Bu qanunsuz vəziyyət davam etdiyi üçün ərizəçi iddia ilə yanaşı müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ayrıca ərizə ilə də məhkəməyə müraciət etmiş və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını, ofisə giriş imkanının bərpa edilməsini və məhkəmə araşdırması başa çatanadək ofisdən istifadəsinə maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməmişdir. Məhkəmə qərarında əsasən ərizəçinin güya mübahisəli əmlak üzərində hüququnu təsdiq edən kifayət qədər sübut təqdim etmədiyi və müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı göstərilmişdir. Hesab edirik ki, həmin nəticə iş materiallarına, təqdim olunmuş sübutlara və faktiki vəziyyətə uyğun deyildir. Ən mühüm məqam ondan ibarətdir ki, məhkəmə müvəqqəti təminat tədbirinə baxarkən artıq əvvəlki müraciət dövründən tamamilə fərqli faktiki vəziyyət yaranmışdır. Əvvəlki mərhələdə ehtimal edilən zərər artıq gerçəyə çevrilmişdir. Belə ki, mübahisəli ofisdən qanunsuz olaraq uzaqlaşdırıldığımız gündən etibarən müəssisənin fəaliyyəti demək olar ki, tam dayanmışdır. Uzun illər ərzində bütün müştərilərimiz bizi yalnız həmin ünvanda tanımış, bütün əlaqələr, qəbul və hüquqi xidmət prosesi həmin ofisdə qurulmuşdur. Cavabdehin qəfil və qanunsuz hərəkətləri nəticəsində bizə müştərilərimizi əvvəlcədən məlumatlandırmaq, yeni fəaliyyət ünvanını bildirmək və ya fəaliyyətimizi normal şəkildə başqa ünvana köçürmək imkanı verilməmişdir. Müştərilərimizin əksəriyyəti müəssisənin fəaliyyətini dayandırdığını hesab etmiş, nəticədə yeni müraciətlər kəskin şəkildə azalmışdır. Mövcud vəziyyətdən çıxmaq məqsədilə başqa ünvanda yeni ofis icarəyə götürülmüşdür. Lakin həmin ünvan uzun illər formalaşmış fəaliyyət məkanı olmadığından müştərilər tərəfindən tanınmamış, faktiki olaraq fəaliyyət bərpa edilməmişdir. Gəlirlərin tamamilə azalması səbəbindən yeni ofisin aylıq icarə haqqını ödəmək mümkün olmamış, nəticədə həmin ofis də bağlanmağa məcbur olmuşdur. Hazırda ərizəçi və rəhbərlik etdiyi müəssisə faktiki olaraq fəaliyyətsiz vəziyyətə düşmüşdür. Müəssisənin gəlirləri olmadığından işçilərə əməkhaqqı ödənilməsi mümkünsüz olmuş, uzun illər həmin müəssisədə çalışan əməkdaşlar işsiz qalmış, onların ailələrinin yeganə gəlir mənbəyi itirilmişdir. Bu vəziyyət hər gün daha da ağırlaşır və müəssisənin uzun illər ərzində formalaşdırdığı işgüzar nüfuzun tamamilə məhv olması təhlükəsini yaradır. Beləliklə, hazırkı iş üzrə artıq söhbət gələcəkdə yarana biləcək ehtimal olunan zərərdən deyil, artıq baş vermiş, davam edən və hər keçən gün daha da dərinləşən real zərərdən gedir. Məhz bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiqi hazırkı mərhələdə əvvəlkindən də artıq zəruri olmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinə etiraz

8. Şikayətə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

11. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

14. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

15. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.

17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

21. Qeyd olunmalıdır ki, ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz - ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Belə olan halda məhkəmədən gözlənilən odur ki, o, ərizəçinin təqdim (istinad) etdiyi sübutların onun iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət edib-etmədiyini aydınlaşdırsın və həmin araşdırma əsasında gəldiyi qənaət çərçivəsində müvafiq qərar versin.

22. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Beləliklə, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada kollegiyanın qənaətinə görə, ərizəçinin görülməsini istədiyi müvəqqəti təminat tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən (qeyrimümkün23. edə bilən) halların aradan qaldırılması, yaxud hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədinə xidmət edən tədbir kimi qiymətləndirilə bilməz.

24. Kollegiya hesab edir ki, məhkəmə şərh olunan meyarları və ərizəçinin dəlillərini araşdırmış, zəruri əsaslandırma apararaq müvafiq nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən “xxxx” MMC-nin direktoru qismində ərizəçiyə ünvanlanmış ##.##.2025-ci il tarixli, */**/*** saylı məktubda qeyd edilir ki, cavabdeh QSC-nin “xxxx” Elmi-Istehsalat Müəssisəsinin balansında olan dövlətə məxsus Bakı şəhəri, Atatürk prospekti 187A ünvanında yerləşən əmlakın “xxxx” MMC-yə icarəyə verilməsi ilə bağlı hər hansı icarə müqaviləsi bağlanmamışdır. Bu əsasla sözügedən zəbt edilmiş dövlətə məxsus əmlakın boşaldılmasını xahiş edir.

26. Ərizəçi ##.##.2025-ci il tarixli, */**/*** saylı məktuba cavab məktubu yazaraq bildirmişdir ki, 15 ildən artıqdır ki, ona məxsus “xxxx” MMC faktiki olaraq Atatürk prospekti 187A ünvanında yerləşir. Cavabdeh təşkilatla uzun illərdir aralarında olan xidməti müqavilə deyilən razılaşma mövcuddur və həmin razılaşmaya əsasən qeyd edilən ofisə aylıq 750 manat icarə haqqı ödəyir.

27. Cavabdehə məxsus kassa mədaxil orderinin qəbzlərindən görünür ki, ərizəçi tərəfindən xidmət haqqı əsası ilə hər dəfə 750 manat olmaqla cavabdehə pul ödənilmişdir. Qəbzlər cavabdeh tərəfindən imza və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa, ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, sözügedən ofisə məxsus qapılar qaynaqlanmış və giriş məhdudlaşdırılmışdır.

28. Mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız iddia tələbinin mövcudluğu və ya borcun yaranması faktının olması kifayət etmir. Ərizəçi konkret olaraq əsaslandırmalıdır ki, tələb olunan müvəqqəti təminat tədbiri görülmədiyi təqdirdə cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişə bilər və bunun nəticəsində gələcəkdə onun hüquqlarının müdafiəsi və ya qəbul ediləcək məhkəmə aktının icrası mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Bununla yanaşı, tələb olunan tədbirin konkret iş üzrə zəruri və mütənasib olması da müəyyən edilməlidir.

29. Ərizəçi şikayətində ofisdən uzun müddət istifadə etməsini, cavabdehə aylıq 750 manat məbləğində ödənişlər etməsini, həmin ödənişlərin kassa mədaxil orderləri ilə rəsmiləşdirilməsini, habelə ofisdə təmir və bərpa işləri aparmasını müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini təsdiq edən hallar kimi irəli sürmüşdür.

30. Məhkəmə kollegiyası həmin halların ərizəçinin mövqeyinin əsaslandırılması baxımından müəyyən əhəmiyyət daşıdığını nəzərə alsa da, onların özlüyündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan şərtlərin mövcudluğunu təsdiq etmədiyi qənaətindədir.

31. Belə ki, ərizəçinin mübahisəli obyektdən uzun müddət faktiki istifadə etməsi, müəyyən ödənişlər həyata keçirməsi və obyektə təmir xərcləri çəkməsi məsələləri hazırda tərəflər arasında mövcud olan əsas mübahisənin predmetini təşkil edir. Həmin halların hüquqi nəticələrinin, o cümlədən tərəflər arasında icarə və ya digər hüquqi münasibətin yaranıb-yaranmadığının, ərizəçinin həmin obyektdən istifadə hüququnun olub-olmamasının, çəkilmiş xərclərin cavabdehdən tutulması üçün hüquqi əsasların mövcudluğunun müəyyən edilməsi işə mahiyyəti üzrə baxılarkən həll edilməlidir.

32. Müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən isə məhkəmənin vəzifəsi mübahisənin mahiyyəti üzrə yekun hüquqi qiymət vermək və tərəflərdən birinin mübahisəli əmlakdan istifadə hüququnu əvvəlcədən müəyyən etmək deyildir.

33. Bu baxımdan, ərizəçinin təqdim etdiyi kassa mədaxil orderləri onun tərəfindən cavabdehə müəyyən məbləğlərdə ödənişlərin həyata keçirildiyini təsdiq etsə də, həmin sənədlər tərəflər arasında konkret hüquqi əsasla icarə münasibətlərinin yaranmasını və ərizəçinin mübahisəli daşınmaz əmlaka münasibətdə hazırda istifadə hüququnun mövcudluğunu birmənalı şəkildə müəyyən etmir.

34. Digər tərəfdən, məhkəmə kollegiyası ərizəçinin təqdim etdiyi fotoşəkillərdən ofisin giriş qapılarının qaynaqlandığının və girişin məhdudlaşdırıldığının göründüyünü nəzərə alır. Lakin bu halın müəyyən edilməsi də həmin məhdudiyyətlərin hüquqa zidd olması və ərizəçinin mübahisəli obyektə daxil olmaq hüququnun mövcudluğu barədə nəticəyə gəlməyə əsas vermir. Bu məsələlərin həlli tərəflərin həmin əmlaka dair hüquq və vəzifələrinin, habelə aralarındakı hüquqi münasibətlərin mahiyyəti üzrə müəyyən edilməsini tələb edir.

35. Ərizəçinin şikayətində mübahisəli vəziyyətin davam etməsi nəticəsində onun rəhbəri olduğu “xxxx” MMC-nin fəaliyyətinin dayanması, müştərilərin itirilməsi, gəlirlərin azalması, işçilərə əməkhaqqının ödənilməsinin çətinləşməsi və müəssisənin işgüzar nüfuzuna zərər dəyməsi barədə göstərilənlər də müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət edən əsaslar kimi qəbul edilə bilməz.

36. Belə ki, MPM-in 157.2-ci maddəsinin məqsədi tərəfin hazırda üzləşdiyi hər hansı əlverişsiz vəziyyətin aradan qaldırılması deyil, məhz müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi nəticəsində gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi real riskinin qarşısının alınmasıdır.

37. Ərizəçinin istinad etdiyi hallardan isə gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının məhz tələb olunan müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi səbəbindən mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi nəticəsi çıxmır.

38. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, müvəqqəti təminat tədbiri mahiyyət etibarilə mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək tərəflərdən birinin hüquqi vəziyyətini faktiki olaraq dəyişdirən və ya bərpa edən vasitəyə çevrilməməlidir. Əks halda, müvəqqəti təminat tədbiri işin mahiyyəti üzrə həllindən əvvəl tərəflərdən birinin mübahisəli əmlakdan istifadə imkanının təmin edilməsi nəticəsini doğura və bununla da məhkəmənin yekun araşdırmasının predmetinə qabaqcadan hüquqi qiymət verilmiş olar.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

40. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara a l d ı:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar