Məhkəmə qərarları › İş №e-16(3-6)-652/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-652/2026

25.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-652/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh adına rəsmiləşdirilmiş birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 41B, korpus 1, giriş A, mənzil *** saylı əmlak üzərində onun ½ (ikidə bir) payının müəyyən edilməsi, həmin əmlakların hərraca çıxarılıb satılaraq payına düşən hissənin pul formasında verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin e-2(5-104)- ****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildən onun istifadəsinə qoyulmuş məhdudiyyətlərin və maneələrin aradan qaldırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh ilə arasında mövcud olmuş nikah münasibətləri dövründə tərəflərin birgə vəsaitləri hesabına ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak əldə edilmişdir. Tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə ##.##.2026-cı il tarixdə müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq adıçəkilən dövlət orqanı tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş məlumatdan aydın olur ki, qeyd olunan mənzil ## ####### 2020-ci il tarixdə cavabdeh Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Cavabdeh ilə arasında mövcud olmuş nikah münasibətləri dövründə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tərəflərin birgə ailə yaşayış yeri kimi istifadə edilmişdir və həmin əmlak nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq birgə mülkiyyət hesab olunmalıdır. Buna baxmayaraq, hazırda cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ərizəçinin həmin mənzilə daxil olmasına və ondan istifadə etməsinə qəsdən maneələr yaradılır, mənzilə giriş və çıxış imkanları məhdudlaşdırılır və nəticə etibarilə o faktiki olaraq öz yaşayış yerindən kənarlaşdırılmış vəziyyətə salınmışdır. Cavabdehin davranışları nəticəsində onun mənzilə sərbəst daxil olmaq, orada yaşamaq və gündəlik həyatını təşkil etmək imkanları aradan qaldırılmış, bu isə onun həm mülki hüquqlarının, həm də yaşayış hüququnun pozulmasına səbəb olmuşdur. Mövcud vəziyyət onu göstərir ki, cavabdeh tərəfindən yaradılmış bu məhdudiyyətlər davamlı xarakter daşıyır və Ərizəçi hüquqlarının bərpası yalnız işə mahiyyəti üzrə baxıldıqdan sonra mümkün ola bilər. Lakin işin məhkəmə baxışı müəyyən zaman tələb etdiyindən, həmin müddət ərzində ərizəçinin hüquqlarının müdafiəsiz qalması onun vəziyyətini daha da ağırlaşdıra bilər və gələcəkdə hüquqlarının bərpasını çətinləşdirə bilər. Bu baxımdan, mübahisə yekun həllini tapana qədər mövcud vəziyyətin hüquqi cəhətdən tənzimlənməsi və ərizəçinin hüquqlarının müvəqqəti olaraq qorunması zəruridir. Göründüyü kimi, ərizəçi mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququndan irəli gələn istifadə və sahiblik hüquqlarına malik olsa da, cavabdeh tərəfindən yaradılmış süni maneələr nəticəsində bu hüquqları faktiki olaraq həyata keçirə bilmir. Lakin hazırkı vəziyyətdə ərizəçi mənzilə daxil ola bilmədiyindən, orada yerləşən şəxsi əşyalarına çıxış əldə edə bilmədiyindən və həmin əmlak üzərində faktiki hakimiyyətini həyata keçirə bilmədiyindən onun sahiblik hüququ da açıq şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində ərizəçi həm mülkiyyət hüququnun əsas elementlərindən olan istifadə hüququndan, həm də sahiblik hüququndan məhrum edilmişdir. Göründüyü kimi, qeyd olunan mənzil tərəflərin ümumi istifadəsində olmuş və ərizəçi həmin yaşayış sahəsində faktiki olaraq yaşamış, oradan istifadə etmişdir. Lakin cavabdehin bu cür davranışı onun qanunla qorunan hüquqlarının açıq şəkildə pozulmasına səbəb olur və onun mənzildən istifadə etmək imkanını tamamilə aradan qaldırır. Əlavə olaraq bildirilməlidir ki, tərəflərindən cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, qeyd olunan iddia işinin mahiyyəti və prosedur xüsusiyyətləri nəzərə alındıqda, həmin prosesin uzun müddət davam etməsi qaçılmazdır və bu müddət ərzində ərizəçinin mübahisəli əmlakdan istifadəsinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin davam edəcəyi real və əsaslı ehtimal kimi çıxış edir. Məlumdur ki, mülki mübahisələrin bu kateqoriyası üzrə məhkəmə baxışı, xüsusilə əmlakın hüquqi statusunun müəyyən edilməsi, qiymətləndirilməsi, hərrac prosedurlarının həyata keçirilməsi və əldə olunan vəsaitin bölüşdürülməsi kimi mərhələləri əhatə etdiyindən, müəyyən zaman tələb edir və bu müddət ərzində tərəflərin hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud vəziyyətdə onun həmin əmlakdan istifadədən məhrum edilməsi onun hüquqlarının davamlı şəkildə pozulmasına gətirib çıxarır və bu halın aradan qaldırılması üçün təxirəsalınmaz müdaxilə zəruridir. Eyni zamanda nəzərə alınmalıdır ki, gələcəkdə əmlakın hərraca çıxarılması zamanı onun həmin əmlakı əldə etmək hüququ mövcuddur və bu halda mübahisəli mənzil üzərində mövcud vəziyyətin qorunması, eləcə də həmin əmlakdan istifadə imkanlarının təmin edilməsi gələcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Belə ki, mübahisə predmeti olan əmlak üzərində faktiki vəziyyətin dəyişdirilməməsi, istifadəyə süni məhdudiyyətlərin aradan qaldırılması və tərəflərin hüquqlarının balanslı şəkildə qorunması sonradan qəbul ediləcək məhkəmə qərarının effektiv və problemsiz icrasına xidmət edir. Bu səbəbdən, onun mənzilə giriş və çıxışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış məhdudiyyətlər aradan qaldırılmış, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix ##.##.2026-cı il müəyyən edilmişdir. Tərəflərindən ##.##.2026-cı il saat 16:23-də iddia ərizəsi elektron qaydada e-məhkəmə sistemi vasitəsilə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Məhkəmə tərəfindən baş verən texniki nasazlığa görə vəkil tərəfindən göndərilmiş iddia ərizəsi məhkəmə sistemində qəbul edilməmişdir. 887 çağrı mərkəzi ilə əlaqə saxlanmış, nasazlığın məhkəmə tərəfindən olduğu bildirilmişdir. Bu səbəbdən müvəqqəti təminat tədbirinin uzadılmasına dair ərizənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən tərəflərindən yenidən iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin müraciətə dair mülki iş Yasamal Rayon Məhkəməsinin e-2(5-104)- 2829/2026 iş nömrəsi ilə icraatındadır. Odur ki, Yasamal Rayon Məhkəməsinin qızının e- *(*-***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbirinin qəbul edilməsini xahiş edir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək e-*(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ərizəçi ünvan 1 ünvanında yerləşən mənzildən istifadəsinə Cavabdeh tərəfindən maneələrin yaradılması qadağan edilsməsiqərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Belə olan halda nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya qüvvədədir. Yəni prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Hazırda məhkəməni icraatında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə baxılır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(5-104)-310/2026 saylı, ## #### 2026cı il tarixli qərardadından narazı qalan cavabdeh Cavabdeh şikayət vermişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, mənzil birgə nikah dövründə alınsa da, tərəflərin birgə vəsaiti hesabına deyil, maraqlı şəxsin nikahadək malik olduğu şəxsi vəsait və atasının ona hədiyyə etdiyi vəsait hesabına alınmışdır. Mənzilin tərəflərin birgə vəsaiti hesabına alınmasını qeyd etməmiş və buna dair məhkəməyə heç bir sübt da təqdim etməmişdir. Belə olan halda, tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməyən mənzilə ərizəçinin istifadə hüququnun tanınması əsassız və qanunvericiliyə ziddir. MTT-ni təmin edərək məhkəmə mübahisəni faktiki olaraq qabaqcadan həll etmişdi. Lakin hazırkı halda məhkəmə ərizəçiyə mənzildən istifadə etmək hüququ verməklə əsas mübahisəni faktiki olaraq əvvəlcədən həll etmişdir. Halbuki tərəflər arasında mənzil üzərində hüquq münasibətləri ayrıca iddianın predmitini təşkil etməlidir. Qərardadda ərizəçinin mənzildən istifadə etməsinə maraqlı şəxs tərəfindən məhdudiyyət qoyulduğu qeyd olunsa da, bu hal hər-hansı bir sübutla təsdiq olunmamışdır. Ümumiyyətlə iddia tələbi mənzilin hərracdan satılması olan ərizəçinin mənzildən istifadə hüququnun təmin edilib-edilməməsinin onun bu iddia tələbi üzrə hüquqların qorunmasının mümkünsüz və ya ciddi çətinləşəcəyinin nədən ibarət olması da açıqlanmamışdır. Lakin bunlara baxmayaraq məhkəmə MTT barədə ərizən təmin etmişdir. Ərizəçi bildirmişdir ki, iddia tələbi mənzilin ½ hissəsinə pay hüququnun tanınması və mənzilin hərracdan satılması olacaq. Belə olan halda iddia tələbi ilə əlaqəsi olmayan mənzildən istifadə hüququnun təmin edilməsinə dair MTT-nin təmin edilməsi qanunvericiliyə ziddir. Ərizəçi tərəfindən “təxirəsalınmaz zərurət” sübut edilməmişdir. Ərizəçi yalnız ümumi iddialar irəli sürmüş, guya maneələrin yaradıldığını bildirmiş, lakin bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. MPM-in 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbiri yalnız hüquqların qorunmasının mümkünsüz və ya ciddi çətinləşəcəyi hallarda tətbiq edilir. Məhkəmə belə halların mövcud olmadığını nəzərə almamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə almamışdır ki, ərizəçi mənzildən istifadə hüququna dair mediasiyaya da müraciət etməmiş və bu tələb mediasiyanın predmeti olmamışdır. İş materiallarında da göstərildiyi kimi, mənzil dövlət reyestrində maraqlı şəxsin adına qeydiyyatdadır. Mülkiyyət hüququ qüvvədə olduğu halda, həmin hüququ məhdudlaşdıran tədbirin tətbiqi üçün yüksək sübut standartı tələb olunur. Lakin, məhkəmə bunu da nəzərə almamışdır. Tərəflər arasında ailə və əmlak mübahisəsi mövcuddur. Belə ərizəçinin mənzilə daxil olmasına şərait yaradılması tərəflər arasında gərginliyi artıra, yaşayış qaydasını poza və yeni hüquq pozuntularına səbəb ola bilər. Bu isə onun səhəti və həyatı üçün təhlükəlidir. Bundan başqa, məhkəmə onu da nəzərə almamışdır ki, ərizəçi uzun müddətdir özünə xas mənzildə yaşayır və onun Mənzilə köçərək burada yaşaması arzuolunmazdır. Prosessual tarazlıq prinsipi pozulmuşdur. Məhkəmə tərəflərin maraqlar balansını qorumamış, yalnız ərizəçinin birtərəfli iddialarına əsaslanmışdır. Onun etiraz və mövqeyini araşdırılmadan belə ciddi nəticə doğuran qərardad qəbul edilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*- ***)-***/**** saylı qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

10. 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

11. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

12. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

13. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər.

14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına

16. hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

17. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Məhkəmə də öz növbəsində müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına

18. dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.

19. Məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilməsi tələb olunan müvəqqəti təminat tədbirinin irəli sürülmüş iddia ilə obyektiv əlaqənin mövcudluğu aşkardır və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Ərizəçi həmçinin verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğunu əsaslandırmış, iddia tələbinin əsaslılığına dair müvafiq ilkin sübutları ərizəyə əlavə etmişdir.

20. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası isə qeyd edir ki, şikayətdə göstərilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadaının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz, formal əsaslar kimi qiymətləndirilməlidir. Təminat tədbirinin tətbiq edilməsi nəticəsində maraqlı şəxsin və ya üçüncü şəxslərin hər hansı əşya hüquqları və digər maraqları həddindən artıq yükə məruz qaldığı da müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki məhdudiyyətin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur.

21. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.

22. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-104)- 310/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar