Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-680/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi barədə Əmanətlərin Sığortalanması Fondu və Üçüncü şəxs tərəfindən verilmiş şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdehlər və üçüncü şəxslərə qadağa olunması və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin satışı ilə bağlı keçirilmiş ##.##.2026-cı il tarixli, ****************** saylı hərracdan irəli gələn digər hərəkətlərin görülməsi də cavabdehlər və üçüncü şəxslərə qadağa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlillərinə görə Ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı, üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin satışı məqsədilə keçirilmiş ##.##.2026-cı il tarixli, ****************** saylı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və ## ###### 2013-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. (e-*(*-**)-****/**** saylı iş) Qeyd etmək lazımdır ki, sözügedən əmlak ipoteka predmeti olmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən 2020-ci ildə ipoteka saxlayan tərəfindən təkrar hərracın baş tutmamasından sonrakı 30 günlük müddət ərzində əmlakın əldə edilməməsi səbəbindən ipotekaya artıq xitam verilməli olduğundan icra icraatı ##.##.2020-ci il tarixdə icra orqanına geri qaytarılmışdır. Buna baxmayaraq, 7 il sonra, 2026- cı ildə əmlak yenidən, qanunun tələblərini kobud şəkildə pozmaqla hərraca çıxarılmış və ##.##.2026-cı il tarixdə üçüncü şəxs Üçüncü şəxs satılmışdır. Hərracın keçirilməsi barədə iddiaçıya heç bir bildiriş göndərilməmiş, əmlak bazar qiymətinə uyğun yenidən qiymətləndirilmədən, 2017-ci ildə müəyyən olunmuş 450.000 manat ilkin qiymətlə (hazırkı bazar dəyərinin təxminən yarısına) satışa çıxarılmış, qanunla müəyyən olunmuş müddətlərə riayət olunmamış, iştirakçıların əmlakla qabaqcadan tanış olması təmin edilməmiş və hərrac qalibinin beh, habelə satış məbləğini icra xidmətinin depozit hesabına köçürdüyünə dair icra materiallarında heç bir sənəd yoxdur. Lakin ərizəçinin məlumatı olmadan ## #### 2026-cı il tarixində hərrac keçirilərək Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində istifadədə olan 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evi hərracda satılmışdır. Hərracın qalibi isə Üçüncü şəxs olmuşdur. İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı elektron sifariş ##.##.2026-cı il tarixində formalaşmışdır. İlkin hərracın keçirilməsi ilə bağlı bildiriş isə ##.##.2026-cı il tarixində göndərilmişdir. Maraqlısı budur ki bildirişdə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin ******/****-**-** saylı, ##.##.2026-cı il tarixli sifariş məktubuna istinad olunmuşdur. Lakin iş materiallarında elektron sifariş məktubunun tarixi ##.##.2026- cı il olmuşdur. İlkin hərrac ##.##.2026-cı il tarixində keçirilmiş və iştirakçı olmadığından ##.##.2026cı il tarixli hərrac bildirişi göndərilmiş və təkrar hərrac ## #### 2026-cı il tarixində başlamış və ## #### 2026-cı il il tarixində başa çatmışdır. Qeyd olunan halda isə sifariş formalaşdıqdan 3 ay sonra ilkin hərrac keçirilmişdir. Təkrar hərrac qanunvericiliklə müəyyən olunmuş tələbləri pozularaq baş tutmuşdur. Həmçinin Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurov tərəfindən ##.##.2025-ci ildə sözügedən əmlakın qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması barədə qərar qəbul etsə də, ##.##.2026-cı il tarixində “xxxx” MMC-yə məktub ünvanlayaraq icra vərəqəsi üzrə ilkin satış qiymətinin mövcud olması səbəbindən əmlakın yenidən bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac qalmadığı və bu səbəbdən qiymətləndirilmə məsələsinə baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Yuxarıda göstərilən hallar əsas iddia tələbinin əsaslı olduğunu göstərməklə yanaşı, həmçinin onu deməyə əsas verir ki, iş üzrə məhkəmə aktı qəbul edilənədək müvafiq müvəqqəti təminat tədbirləri görülmədiyi təqdirdə, mübahisə predmeti olan əmlak üçüncü şəxs tərəfindən özgəninkiləşdirilə, yenidən ipoteka və ya girov qoyula, yaxud barəsində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilər ki, bu da gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını qeyri-mümkün və ya xeyli çətinləşdirə bilər. Cavabdeh və üçüncü şəxsin hərracla bağlı hüquqazidd hərəkətləri artıq bir dəfə ərizəçinin məlumatı olmadan həyata keçirildiyindən, əmlakın taleyi ilə bağlı analoji hərəkətlərin təkrarlanması riski real və mövcuddur. Hərrac nəticələrinin ləğv olacağı halında ərizəçinin əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədilə hərrac predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli ünvanda yerləşən əmlakın üzərinə həbs qoyulması zərurəti vardır. Həmçinin hərrac nəticələri mübahisələndirildiyi üçün hesab edirik ki, hərracdan irəli gələn digər hərəkətlərin görülməsi də cavabdeh və üçüncü şəxslərə qadağa olunmalıdır. X1 müvəqqəti təminat tədbiri barədə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həmçinin fərdi yaşayış evinin boşaldılmasının cavabdehlər və üçüncü şəxslərə qadağa olunması barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında *(*- **)-****/**** saylı mülki iş yekunlaşanadək Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabdehlər və digər şəxslərə qadağan olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında *(*-**)-****/**** saylı mülki iş yekunlaşanadək Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin satışı ilə bağlı keçirilmiş ##.##.2026-cı il tarixli, ****************** saylı hərracdan irəli gələn məcburi icra hərəkətlərinin aparılması və həmin fərdi yaşayış evinin boşaldılması cavabdehlər və digər şəxslərə qadağan olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunmuş ərizə üzrə iddianın prima facie (ilkin baxışdan) əsaslı olmasına dair kifayət qədər ehtimal yaradan – ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyi təqdim edilmişdir və belə ki həmin rəydən görünür ki, sözügedən daşınmaz əmlakın dəyəri 916000 manat təşkil edir. Lakin hərrac 2017-ci il tarixdə müəyyən edilmiş 450000 manat ilkin qiymətləndirilmə satışa çıxarılmışdır. Eyni zamanda ərizəçinin ipoteka müqaviləsinə xitam verilməsinə dair dəlilləri mövcuddur. Bu isə ərizəçinin mübahisəli əmlakla bağlı real hüquqi marağının mövcudluğunu təsdiq edə bilər. Buna baxmayaraq bu hallar məhkəmə mübahisəsi predmetidir. Həmçinin məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən ərizəçinin xeyrinə yekun qərar qəbul olunarsa, daşınmaz əşya özgəninkiləşdiriləcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (vicdanlı alıcının hüquqlarının qorunması, məhkəmə aktlarının icrası, əşyanın cavabdehin hesabına sökülməsi və bu kimi hallar baxımdan) əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimal olunur. Bu isə məhkəmə müdafiəsinin effektivliyini və iddiaçının hüquqlarının real bərpasını təhlükə altına qoya bilər. Bu baxımdan ərizəçinin tələbi ilə müvəqqəti təminat tədbirinin tətbiqinə təcili ehtiyac yaranmış və ərizəçi tərəfindən Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmışdır. Həmin qərardad ilə razılaşmayan Əmanətlərin Sığortalanması Fondu və Üçüncü şəxs ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Əmanətlərin Sığortalanması Fondu şikayəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi və onun ilkin satış qiymətinin 450.000 manat müəyyən edilməklə açıq hərracdan satılması barədə Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2017-ci il tarixli *(***)****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə iddia ərizəsinə əlavə olunmuş “xxxx” MMC-nin qiymətləndirməyə dair hesabatına əsaslanaraq daşınmaz əmlakın bugünkü real bazar dəyərinin əhəmiyyətli şəkildə artdığını qeyd edir. MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İpoteka predmetinin ilkin satış qiyməti ümumiyyətlə hazırki iddia icraatında mübahisə predmeti deyildir. Qeyd olunan səbəbdən Binəqədi Rayon Məhkəməsinin bu mövqeyini MPM-in 82.3-cü maddəsinin kobud pozuntusu hesab edirlər. MPM-nin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri müəyyən olunmuş məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Binəqədi Rayon Məhkəməsi öz qərardadında hər nə qədər tətbiq etdiyi müvəqqəti təminat tədbirinin tərəflər arasında mütənasibliyi pozmadığını əsaslandırmağa çalışsa da, hesab edirik mütənasiblik əsaslı şəkildə pozulmuşdur. Mübahisəli əmlak ##.##.2026-cı il tarixli qanuni elektron hərracda satılmış və üçüncü şəxs Üçüncü şəxs hərracın qalibi olmuşdur. Hərrac baş tutduğu halda, icraatın dondurulması həm qanuni alıcının sərəncam hüququnu qanunsuz məhdudlaşdırır, həm də Fondun bank əmanətçiləri (kreditorlar) qarşısındakı dövlət əhəmiyyətli öhdəliklərini yerinə yetirməsinə mane olur. İddiaçı icra prosesini 2017-ci ildən bəri müxtəlif bəhanələrlə uzatmışdır. Bu təminat tədbiri hüquqdan suiistifadə deməkdir. Üçüncü şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadın 10-cu bəndində açıq şəkildə qeyd edir ki, iddianın kifayət qədər əsaslı olub-olmaması yalnız əsas mülki iş üzrə tərəflərin təqdim edəcəyi sübutların araşdırılması və qiymətləndirilməsi nəticəsində müəyyən edilə bilər. Eyni zamanda məhkəmə özü bildirir ki, müvəqqəti təminat tədbiri mərhələsində geniş sübutların araşdırılması tələb olunmur və yalnız iddianın ilkin baxışdan əsaslı olubolmaması qiymətləndirilməlidir. Lakin qərardadın sonrakı hissəsindən görünür ki, məhkəmə faktiki olaraq hərracın qanuniliyi, əmlakın qiyməti, ipoteka müqaviləsinə xitam verilməsi və hərrac nəticələrinin gələcəkdə etibarsız hesab edilib-edilməməsi məsələlərinə dair ilkin, lakin mahiyyət etibarilə əsas mübahisəni qabaqlayan qiymətləndirmə aparmışdır. Halbuki hərrac qalibi kimi hüquqi vəziyyətə təsir edən bu məsələlər əsas iddia icraatı çərçivəsində hərtərəfli, obyektiv və çəkişmə prinsipi əsasında araşdırılmalıdır. 2) Məhkəmə bir tərəfdən həmin məsələlərin əsas mülki işdə araşdırılacağını qəbul etdiyi halda, digər tərəfdən həmin məsələlərə əsaslanaraq əldə etilmiş hüquqların həyata keçirilməsini məhdudlaşdırmışdır. Bu isə müvəqqəti təminat tədbirinin mahiyyətinə uyğun deyildir. 3) Qərardadın özündə müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə keçirilmiş hərracın qalibi Üçüncü şəxs olmuşdur. Beləliklə, mübahisələndirilən hərrac nəticəsində o üçüncü şəxs kimi deyil, bilavasitə hərracın qalibi kimi hüquqi vəziyyət əldə etmişdir.Məhkəmə isə həmin hüquqi vəziyyəti nəzərə alaraq onun mənafeləri ilə ərizəçinin mənafeləri arasında real balans yaratmalı olduğu halda, müvəqqəti təminat tədbirinin şəxsin hüquqlarına təsirini yalnız formal şəkildə qiymətləndirmişdir. Məhkəmə yalnız əmlakın özgəninkiləşdirilməsi halında gələcək məhkəmə aktının icrasının çətinləşə biləcəyini qeyd etmişdir. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi avtomatik olaraq qarşı tərəfin hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz. Tədbirin konkret olaraq hansı hüquqi təhlükəni aradan qaldırdığı və həmin təhlükənin başqa, daha az məhdudlaşdırıcı vasitə ilə aradan qaldırılmasının mümkün olub-olmadığı da əsaslandırılmalıdır. 4) Ərizəçinin əsas iddia tələbi ##.##.2026-cı il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və ## ###### 2013-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Deməli, hərracın nəticələrinin etibarlı olub-olmaması hazırda əsas mülki işin predmetidir. Məhkəmə isə həmin əsas mübahisəni həll etmədən hərracdan irəli gələn məcburi icra hərəkətlərinin aparılmasını və əmlakın boşaldılmasını qadağan etmişdir. Bu halda müvəqqəti təminat tədbiri faktiki olaraq hərrac qalibinin əldə etdiyi hüquqların həyata keçirilməsinin dondurulmasına səbəb olmuşdur. Yəni məhkəmə hərracın qanuniliyini müəyyən etmədən hərracdan sonraki hüquqi hərəkətləri qadağan etmişdir. 5) Qərardadın 2- ci bəndində ərizəçinin mövqeyi kimi göstərilir ki, ipoteka saxlayan tərəfindən təkrar hərracdan sonra qanunda nəzərdə tutulmuş müddətdə əmlak əldə edilmədiyinə görə ipotekaya artıq 2020-ci ildə xitam verilməli olmuşdur. Lakin məhkəmə özü qərardadın 11- ci bəndində ərizəçinin ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı dəlillərinin mövcud olduğunu qeyd etdikdən sonra bildirir ki, bu məsələlər məhkəmə mübahisəsinin predmetidir.Deməli, ipotekaya xitam verilib-verilməməsi barədə hazırda qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud deyildir.Belə olan halda bu məsələnin hərrac qalibinin hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi qəbul edilməsi ehtiyatla və yalnız müvəqqəti tədbirin tətbiqi üçün zəruri həddə mümkün ola bilər.Əsas mübahisənin mahiyyəti üzrə hüquqi qiymət isə yalnız işə mahiyyəti üzrə baxılarkən verilə bilər. 6) Məhkəmə qərardadın 18-ci bəndində müvəqqəti təminat tədbirinin mütənasib olduğunu hesab etmişdir.Lakin mütənasiblik yalnız ərizəçinin hüquqlarının qorunması baxımından deyil, bütün maraqlı şəxslərin hüquqları nəzərə alınmaqla qiymətləndirilməlidir. O hərracda qalib gəlmiş şəxs kimi qanuni prosedurun nəticəsinə əsaslanaraq hüquqi vəziyyət əldə etmişdir. Hərracın nəticələri qüvvədə olduğu halda həmin nəticələrdən doğan hüquqların həyata keçirilməsinin tamamilə dayandırılması onun hüquqlarını ciddi şəkildə məhdudlaşdırır.Məhkəmə isə bu məhdudiyyətin onun üçün yarada biləcəyi nəticələri konkret olaraq araşdırmamışdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 62-1.1-ci maddəsinə əsasən hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlak borclu (sahiblik edən digər şəxs) tərəfindən alıcıya (əldə edənə) təhvil verilməlidir. Həmin Qanunun 62-1.2-ci maddəsində isə qeyd edilir ki, əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunulan digər şəxslər arasında mübahisə yarandıqda daşınmaz əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir. Yəni qərardad qəbul edilərkən məhkəmə hərrac qalibi olan Üçüncü şəxs əmlakın ona təhvil verilməsi ilə bağlı qanundan irəli gələn hüququnu nəzərə almamışdır. Qanunun 62-1.1ci maddəsinə əsasən hərracda satılmış daşınmaz əmlak borclu və ya sahiblik edən digər şəxs tərəfindən alıcıya təhvil verilməlidir. Əmlakın təhvil verilməsi ilə bağlı mübahisə yarandıqda isə 62-1.2-ci maddəyə əsasən əlavə məhkəmə qərarının qəbul edilməsinə ehtiyac yoxdur və əmlak alıcının tələbi ilə icra məmuru tərəfindən boşaldılaraq ona təhvil verilir. Buna baxmayaraq, məhkəmə mübahisələndirilən qərardadla məhz həmin daşınmaz əmlakın boşaldılmasını və hərracdan irəli gələn məcburi icra hərəkətlərinin aparılmasını iş yekunlaşanadək qadağan etmişdir. Beləliklə, məhkəmə hərrac qalibinin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini faktiki olaraq dayandırmışdır. Halbuki 62-1.2-ci maddənin mahiyyətindən açıq şəkildə görünür ki, qanunverici daşınmaz əmlakın hərrac qalibinə təhvil verilməsi məsələsində əlavə məhkəmə qərarı tələb etməmiş, bu məsələnin icra məmuru tərəfindən həll olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin müvəqqəti təminat tədbiri haqqında qərardadı ilə həmin qanuni mexanizmin tətbiqinin tamamilə dayandırılması üçün isə qərardadda 62-1.1 və 62-1.2-ci maddələrin Üçüncü şəxs hüquqlarına münasibətdə niyə tətbiq edilmədiyi ümumiyyətlə əsaslandırılmamışdır. 7 ) Qərardadla tədbirin qüvvəsi *(*-**)-****/**** saylı mülki iş yekunlaşanadək müəyyən edilmişdir. Eyni zamanda yalnız özgəninkiləşdirmə deyil, hərracdan irəli gələn məcburi icra hərəkətləri və yaşayış evinin boşaldılması da qadağan edilmişdir. Belə geniş məhdudiyyətin tətbiqi zamanı məhkəmə hər bir tədbirin konkret zəruriliyini ayrıca əsaslandırmalı idi. Xüsusilə hərrac qalibinin hüquqi vəziyyəti nəzərə alınmaqla, hansı konkret icra hərəkətinin və hansı səbəbdən dayandırılmasının zəruri olduğu ayrıca göstərilməli idi. Ümumi xarakterli və geniş qadağaların tətbiqi isə müvəqqəti təminat tədbirinin məqsədini aşaraq əsas mübahisənin həllinə qədər tərəflərdən birinin hüquqlarının faktiki olaraq dondurulmasına gətirib çıxara bilər. 8) Müvəqqəti təminat tədbirinin əsas məqsədi gələcək məhkəmə qərarının icrasının mümkünsüzləşməsinin qarşısını almaqdır. Hazırkı halda məhkəmə ərizəçinin gələcəkdə hüquqlarının bərpasının çətinləşə biləcəyini əsas gətirərək mənim hərrac qalibi kimi əldə etdiyi hüquqların həyata keçirilməsini dayandırmışdır. Məhz buna görə müvəqqəti təminat tədbiri ilə əsas iddianın mümkün nəticəsi arasında sərhəd qorunmalı, müvəqqəti tədbir əsas mübahisənin mahiyyətinin faktiki həllinə gətirib çıxarmamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026- cı il tarixli qərardadından Əmanətlərin Sığortalanması Fondu və Üçüncü şəxs tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, şikayətlər baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Müvəqqəti təminat tədbirinin tətbiqi əsasları üç əsas meyara uyğun olmalıdır. - bu tədbirlər onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir. - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır. - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ərizəyə baxılarkən iddianın kifayət qədər əsaslılığı tam şəkildə müəyyən edilə bilməz və yalnız iş üzrə iddia icraatı çərçivəsində, tərəflər tərəfindən təqdim ediləcək sübutların araşdırılması və qiymətləndirilməsi nəticəsində müəyyən edilə bilər. Lakin müvəqqəti təminat tədbirinin tətbiqi üçün geniş sübutlar tələb olunmur. Bu mərhələdə məhkəmə yalnız iddianın ilkin baxışdan əsaslı olub-olmamasını və ərizəçinin hüquqlarının gələcəkdə real təhlükə altına düşüb-düşmədiyini qiymətləndirir. Çünki müvəqqəti təminat tədbirinə dair ərizə üçün təcili ehtiyac tələb olunur və məhkəmə tərəfindən tərəflər dinlənilmədən, ərizənin daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq yazılı icraat qaydasında baxılaraq qərar qəbul olunur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən ərizəçinin xeyrinə yekun qərar qəbul olunarsa, daşınmaz əşya özgəninkiləşdiriləcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (vicdanlı alıcının hüquqlarının qorunması, məhkəmə aktlarının icrası, əşyanın cavabdehin hesabına sökülməsi və bu kimi hallar baxımdan) əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimal olunur. Bu isə məhkəmə müdafiəsinin effektivliyini və iddiaçının hüquqlarının real bərpasını təhlükə altına qoya bilər. Bu baxımdan ərizəçinin tələbi ilə müvəqqəti təminat tədbirinin tətbiqinə təcili ehtiyac yaranmış və ərizəçi tərəfindən Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. - 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. - 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. - 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. - 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. - 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Bundan başqa ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. İşin materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin məhkəmə baxışı müddətində digər şəxslərin adına rəsmiləşdirilməsi, satılması və ya digər formada özgəninkiləşdirilməsi riski mövcuddur. Sözügedən daşınmaz əmlakın özgəninkiləşdirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edə biləcəyi üçün, ərizəçinin qanuni mənafelərinin qorunması və mübahisə predmeti olan əmlakın mövcud vəziyyətinin saxlanılması məqsədilə təxirəsalınmaz qadağanetmə tədbirinin görülməsi zəruri hesab olunur. Məhkəmə qeyd olunanları mövcud təhlükə baxımından əsaslı hesab edərək, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, *C nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsini cavabdehlər və digər şəxslərə qadağan edilməsi qənaətinə gəlir. Həmçinin qeyd edilməlidir ki, tətbiq edilən tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu təminat tədbirinin tətbiq edilməsi nəticəsində cavabdeh tərəfin hər hansı maraqlarının həddindən artıq yükə məruz qaldığı müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki müvəqqəti təminat tədbirinin təmin edilməsinin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam hüquqlarını ehtiva edir, özgəninkiləşdirmənin qadağan olunması yetərli və məqsədəmüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası bu hissədə ərizəçi ilə razılaşır və özgəninkiləşdirmənin qadağan olunmasını yetərli və məqsədəmüvafiq hesab edir. Nəzərə alınsa ki, məhkəmədə qaldırılmış e-*(*-**)-****/**** saylı mülki iş üzrə iddia tələbi – “keçirilmiş hərrac protokolunun etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” ilə bağlıdır, əgər ərizəçinin xeyrinə qərar qəbul olunsa belə, özgəninkiləşdirmənin qadağan olunması yetərli və məqsədəmüvafiq olduğundan məhkəmə kollegiyası hesab edir ki, ərizənin “hərracdan irəli gələn digər hərəkətlərin görülməsinin, habelə həmin fərdi yaşayış evinin boşaldılmasının cavabdehlər və üçüncü şəxslərə qadağa olunması” hissəsində təmin edilməməlidir. Belə ki, İş materiallarından görünür ki, mübahisəli əmlaka münasibətdə icra icraatı artıq mövcud məhkəmə aktları əsasında həyata keçirilir. Həmin məhkəmə aktları qanuni qüvvəyə minmiş və məcburi icra olunmalı aktlardır. Belə aktların icrası ilə bağlı həyata keçirilən hərəkətlər isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusi hüquqi mexanizm çərçivəsində həyata keçirilir. “İcra haqqında” Qanunun müddəalarından irəli gəldiyi kimi, icra sənədinin icrası, icra tədbirlərinin seçilməsi və həyata keçirilməsi, habelə onların dayandırılması və ya davam etdirilməsi həmin Qanunla müəyyən edilmiş əsas və qaydalar üzrə həll edilir. Bu baxımdan iddianın təmin edilməsi institutu vasitəsilə artıq mövcud olan və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının davam etdirilməsinin qadağan edilməsi ayrıca hüquqi əsaslandırma tələb edir. Belə bir tədbirin tətbiqi üçün yalnız mübahisəli əmlakla bağlı yeni iddianın verilməsi kifayət etmir. Məhkəmə müəyyən etməlidir ki, konkret icra tədbirinin davam etdirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasını hansı şəkildə real olaraq çətinləşdirir və həmin təhlükənin qarşısını almaq üçün məhz icra tədbirlərinin qadağan edilməsi zəruri və mütənasibdir. Hazırkı iş üzrə belə əsaslandırılmış zərurət müəyyən edilmir. Əksinə, icra icraatının davam etdirilməsinin qadağan edilməsi nəticə etibarilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına müdaxilə yaradır. Halbuki məhkəmə aktının icrasının dayandırılması və ya icra hərəkətlərinin aparılmasına maneə yaradılması yalnız prosessual qanunvericilikdə və “İcra haqqında” Qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda mümkündür. Burada həmçinin nəzərə alınmalıdır ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə icra tədbirlərinin davam etdirilməsinin qadağan edilməsi arasında zəruri səbəbnəticə əlaqəsi mövcud deyil. Birinci tədbir mübahisə predmetinin hüquqi vəziyyətinin qorunmasına xidmət etdiyi halda, ikinci tədbir qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası üzrə həyata keçirilən icra hərəkətlərinə birbaşa müdaxilə edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin hər iki tədbiri eyni əsasla tətbiq etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi gələcək məhkəmə aktının icrasının təmin edilməsi baxımından kifayət edən və daha az müdaxilə xarakterli təmin tədbiridir. Buna görə də icra tədbirlərinin davam etdirilməsinin qadağan edilməsinə əlavə olaraq ehtiyac olmadığı halda, həmin tədbirin tətbiqi tərəflərin hüquqi vəziyyətinə zəruri olmayan məhdudiyyət yaradır. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı “hərracdan irəli gələn digər hərəkətlərin görülməsinin, habelə həmin fərdi yaşayış evinin boşaldılmasının cavabdehlər və üçüncü şəxslərə qadağa olunması” hissəsində ləğv edilməli, həmin hissədə ərizə təmin edilməməli, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə nəticə isə qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyasında işə baxılarkən təmin tədbirinin tətbiqinin qanuni və əsaslı olub-olmaması işin mahiyyəti üzrə yekun nəticənin əvvəlcədən müəyyən edilməsi demək deyildir. Təmin tədbirinin saxlanılması yalnız mübahisə predmetinin qorunmasına və gələcək məhkəmə aktının icrasının real təmin edilməsinə xidmət edir.Odur ki, şikayətlər qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayətlər qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı qismən, yəni “hərracdan irəli gələn digər hərəkətlərin görülməsinin, habelə həmin fərdi yaşayış evinin boşaldılmasının cavabdehlər və üçüncü şəxslərə qadağa olunması” hissədə ləğv edilsin. Ərizə həmin hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-16(3-6)-680/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-680/2026
09.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver