Məhkəmə qərarları › İş №e-16(3-6)-682/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-682/2026

15.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-682/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X5 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən təmin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh və qeyrisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair e-*(*-**)-****/**** saylı işə baxılıb yekun qətnamə qanun qüvvəsini alanadək cavabdeh Cavabdeh adına qeydiyyata alınmış “Toyota Land-Cruiser” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla onun özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Orxan Baxışovla dost olmuşdur. O da onun etibarından istifadə edərək bu vəziyyəti onun başına gətirmişdir. Onunla aralarında olan bütün məsələlər iş materiallarına əlavə etdiyi X7 aparılmış və onun barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Məsələnin xülasəsi belədir ki, o, bəyəndiyi torpaq sahəsini almağı üçün qohumun dayı oğlu X6 mülkiyyətində olan lakin faktiki olaraq ona məxsus ** DS *** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” avtomobili lizinqə salaraq pul verməyə söz verdi. Bununla bağlı birlikdə guya o avtomobili ona satır və o da pulu çatmadığı üçün lizinq götürmək niyyətini gerçək göstərmək üçün dilindən kağız yazdı. Məqsədi guya aralarında süni alqı-satqı etmək və lizinq şirkətinin aralarında olan münasibətlərə inandırmaq olmuşdur. Bundan sonra ## ##### 2026-cı il tarixdə ona baş etibarnamə verdi ki, o maşını lizinqə qoyub pul götürsün. Pul götürmə ərəfəsi maşının nasaz yerləri olduğu üçün o, təmir üçün pul da göndərmişdir. Aralarında olan razılığa əsasən, o, lizinqdən pul çıxardıqdan sonra verdiyi təmir pulunu puldan geri verəcəkdi. ## ##### 2026-cı il tarixdək o, ona 5000 manat civarı pul göndərdi. Ondan lizinqdən çıxarılmalı digər pulun qalığını tələb etdikdə, o heç bir məbləğ verməyəcəyini guya onun avtomobili ona əl yazısı ilə göstərdiyi müqavilə ilə satdığını, əslində onun guya əvvəllər ona borclu olduğunu maşını da borcla əvəzləşdirdiyini bildirdi. Sonradan öyrəndi ki, o avtomobili ona etibarnaməni ## ##### 2026-cı il tarixdə verən kimi elə həmin gün, yəni ## ##### 2026-cı il tarixdə qeyri-rəsmi nikahda yaşadığı Cavabdeh adına rəsmiləşdirmiş və avtomobilin nömrəsini də dəyişərək ** FX *** kimi qeydiyyata saldırmışdır. Bunu xəbər tutan kimi mülkiyyətçi dayı oğlu Orxan Şükürov həmin gün yəni, ## ##### 2026-cı il tarixdə etibarnaməni ləğv etdirmişdir. Onların aralarında heç bir real alqı-satqı müqaviləsi olmamış heç bir ödəmə baş verməmişdir. O, Nərimanov polis şöbəsinə bununla bağlı müraciət etdikdən sonra şöbədə olarkən Samirə ilə söhbət zamanı avtomobilin Orxan tərəfindən onun adına rəsmiləşdirildiyi, ona həmin avtomobilin lazım olmadığı, Orxan razı olarsa avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. Həmin faktla bağlı səs yazıları mövcuddur. Həmin etibarnamədə onunla niyyəti avtomobili onun vasitəsilə tanışı olan lizinq şirkətində lizinqə salıb torpaq sahəsi almaq olmuşdur. Həqiqətən ona avtomobil satsaydı rəsmi qaydada notariat kontoruna gedər onunla alqı-satqı edərdi. Ona verdiyi etibarnamə ## ##### 2026-cı il tarixdə qeydiyyata alınan kimi elə həmin gün tez-tələsik o ailə münasibətlərində olduğu Samirə adlı şəxsin adına qeydiyyata aldırmışdır. Halbuki o etibarnamə ilə o, onun mənafeyinə uyğun, onun tapşırığına uyğun hərəkət etməli idi. O isə öz mənafeyinə, xeyrinə uyğun olaraq öz yaxının adına qeydiyyata aldırmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. Cinayət işinin başlanmasının rədd qərarında Orxan gah onun əl yazması müqaviləsi ilə ona avtombili satdığını, əvvəlcə 3000 dollar pul ödədiyini sonradan isə yerdə qalan məbləği tam ödədiyini gahda onun guya əvvəllər ona borclu olduğu pulu qarşılığı olaraq maşını ona verdiyii bildirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Əgər həqiqətən aralarında elə bir razılaşma olsa idi nə o, dərhal etibarnamə alan kimi gedib maşını başqasının adına rəsmiləşdirməz nə də o, bunu bilən kimi dərhal polisə müraciət etməzdi. Aralarında onun dediyi kimi heç bir razılaşma baş verməmişdir. Göründüyü kimi cavabdehlər əmlakı bir günün içində qeydiyyatı dəyişməklə nömrəsini dəyişmişlər.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh adına qeydiyyata alınmış “Toyota Land-Cruiser” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Lakin hazırki vəziyyətdə ərizənin tam təmin olunması mülkiyyətçinin mülkiyyətində olan əmlakdan sahiblik və istifadə hüququnun lüzumsuz məhdudlaşdırılması, həmçinin avtomobilin müvəqqəti dayanacağa yerləşdirilməsi nəticəsində iddia tələbi üzrə yekun qərar qanuni qüvvəyə minənədək istismar olunmaması onun dəyərinin aşınması və istifadəyə yararsız vəziyyətə düşməsi ilə nəticələnəcəkdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(5-93)-453/2026 saylı, ## #### 2026-cı il tarixli qərardadından narazı qalan maraqlı şəxs Cavabdeh şikayət vermişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil pulu ödənilməklə və bu barədə alıcı ilə satıcı arasında yazışma yazılmaqla alınmışdır. İddiaçının “guya borc əvəzi həmin avtomobili Orxanın götürməsi, lizinqə salmaq adı ilə guya götürməsi” kimi fərziyyələrinin heç bir hüquqi əsası yoxdur. Baxışov Orxan avtomobilin pulunu verməklə iddiaçıdan baş etibarnamə almış və təbii ki, öz adına keçirə bilmədiyindən onun adına avtomobili rəsmiləşdirmişdir. İlk növbədə, iddiaçı özü məhz ərizəsində də qeyd edir ki, Orxandan pul almışdır. Lakin bu pulları başqa adla don geyindirərək məhkəməni aldatmaq niyyətindədir. Avtomobilə dair Orxanla Rüstəm arasında alqı satqı barədə ilkin razılaşma olmuş və buna görə də X2 1300 manat beh göndərmiş və sonra ##.##.2026-da baş etibarnamə verməklə qalan pulu almaqla avtomobili Baxışov Orxana satmışdır. İddiaçı qeyd edir ki, guya lizinqə salmaq adı ilə ona etibarnamə verib və o da ondan sui-istifadə edib. Burda belə sual çıxır ki, Lizinqə salmaq üçün niyə X3 etibarnamə verib buna nə lüzum vardır. Avtomobili lizinqə salmaq üçün özünün baş etibarnaməsi ola ola bunu Orxan niyə etməlidir? Yəni əgər Rütəmin dediyi kimidirsə lizinqlə bağlı əməliyyatları Rüstəm özü də edə bilirdi. Yəni iddiaçının lizinqə görə etibarnamə vermişdir kimi atmacaları heç bir həqiqətə uymur. Həmçinin Polisdə olan digər izahatında qeyd edir ki, guya bu haqq-hesab aralarında olan borca görə olmuşdur. Yaxşı iddiaçı özü qeyd edir ki, onun Orxana borcu yoxdur. Borcu yoxdursa onda necə deyə bilər avtomobili borca görə götürübdür. Özünün qeyd etdikləri belə ziddiyət təşkil edir. Nərimanov Polis İdarəsinin cinayət işinin rədd edilməsi barədə qərarında avtomobilin Orxan və onun tərəfindən 45.000 manat ödənilməklə alınması öz təsdiqi tapmış və həmçinin iddiaçının ərizədə qeyd etdikləri xüsusatlar heç biri təsdiqi tapmamışdır. Yaxşı lizinqə salınırdısa bəs bir neçə gün qabaq niyə 1.300 manat behi alırdı? Həmçinin lizinqə salınırdısa niyə etibarnamə verəndə Orxandan pul alırdı? Ən maraqlı məqam isə ondan ibarətdir ki, özü ərizədə yazır ki, ##.##.2026-da Baxışov Orxana verdiyi etibarnamə ləğv etdirmişdir. Ancaq 2 gün sonra ##.##.2026-da niyə Orxan Baxışovdan avtomobilin satışından qalan 5.000 manatı qəbul etmişdir? Bu faktı özü olduğu kimi öz ərizəsində etiraf etmişdir. Həmçinin iddiaçının iddia ərizəsində və ərizəsində Polis İdarəsində verilmiş izahatlarla bağlı qeyd etdikləri təhrif olunmuş və olduğu kimi deyil məhz Rüstəmə sərf edilən kimi yazılmışdır. Belə ki, X4 nə borca görə, nə də lizinqə görə avtomobili adına keçirtdiyini etiraf etməmiş və bunun əksinə avtomobili 45.000 manat ödəməklə aldığına dair izahat vermiş və həmçinin bunu təsdiq edən sübutlar (video görüntünü, aralarında olan yazışmanı) təqdim etmişdir. Hazırda avtomobilə həbs qoyulmaqla onun mülkiyyət hüquqları pozulur və avtomobilə dair sərəncam vermə hüququ məhdudlaşdırılır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından verilmiş şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

9. 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

10. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

11. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər.

13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14.Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına

15. hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir. 16.Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Məhkəmə də öz növbəsində müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına

17. dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun. 18.Məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilməsi tələb olunan müvəqqəti təminat tədbirinin irəli sürülmüş iddia ilə obyektiv əlaqənin mövcudluğu aşkardır və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin olunduğu təqdirdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə bilər. Ərizəçi həmçinin verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğunu əsaslandırmış, iddia tələbinin əsaslılığına dair müvafiq ilkin sübutları ərizəyə əlavə etmişdir. 19.Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası isə qeyd edir ki, şikayətdə göstərilən dəlillər mülahizə xarakterli olmaqla yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadaının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz, formal əsaslar kimi qiymətləndirilməlidir. Təminat tədbirinin tətbiq edilməsi nəticəsində maraqlı şəxsin və ya üçüncü şəxslərin hər hansı əşya hüquqları və digər maraqları həddindən artıq yükə məruz qaldığı da müəyyən edilməmişdir. Bu səbəbdən də hazırki məhdudiyyətin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb kimi nəzərə alınması üçün əsas yoxdur. 20.Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 21.Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 22.Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 23.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-93)- 453/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar