Məhkəmə qərarları › İş №e-16(3-6)-692/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-692/2026

14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-692/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli işi üzrə ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Ərizəçi nümayəndəsi Nümayəndə İbrahim oğlu müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, müvəqqəti olaraq Ərizəçi işləmədiyi üçün çətin maddi durumda olmağını, hazırda 2 uşaqla qaldığını, uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini nəzərə alaraq cavabdehdən onun məhkəməyə ərizə verdiyi ##.##.2025-ci il tarixindən hesablanmaqla boşanma haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə qədər olan müddətdə uşaqlar üçün nəzərdə tutulmuş minimum yaşayış məbləğinin hər uşaq üçün 100% miqdarında alimentin müvəqqəti tutulması haqqında qərardad qəbul edilməsini, cavabdehin işlədiyi müəssisədə əmək haqqının az olması, yəni formal əmək haqqı ilə işləməsi nəzərə alınaraq cavabdehdən alimentin sabit miqdarda tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh ##.##.2026-cı il tarixdən başlayaraq birgə nikahdan olan ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutularaq Ərizəçi ödənilməsi müəyyən edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.6, 157.7, 160.1, 163.1; 157.6; Ailə Məcəlləsinin 101.1, 100.2-ci maddələrinə ; “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının Qanununa; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamına istinadən qeyd edilmişdir ki, “Elekton məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mağazada satıcı vəzifəsində çalışır, aylıq 250 manat əmək haqqı alır. Həmçinin, Cavabdeh X3″ Məhdud Məsuliyyətli Cəmiyyətində tur operatoru vəzifəsində çalışır, aylıq 200 manat əmək haqqı alır. Göründüyü kimi, Cavabdeh ayda cəmi 450 manat əmək haqqı alır, tərəflərin və uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin qismən təmin edilərək hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulması ədalətli və ağlabatandır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Maraqlı şəxs Cavabdeh şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162 və 163-cü maddələrinin tələbləri nəzərə alınaraq müvəqqəti təminat tədbirinin ləğv edilməsinin xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında iş üzrə cavabdeh Ərizəçi ilə bağlanmış nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair qaldırdığı iddia üzrə 2(008)- 4780/2025 № - li iş vardır. Hazırda xeyli müddətdir ki, o, uşaqları Ayla və Yusiflə nə əlaqə yarada, nə ünsiyyət qura bilir. Cavabdeh aralarında olan məhkəmə mübahisəsi ilə bağlı uşaqları ondan soyutmaq və ünsiyyəti kəsmək üçün qəsdən, bilə-bilə uşaqları gizlədərək onlarla görüşməyinə və ünsiyyət qurmağına mane olur. Bununla əlaqədar tərəfindən məhkəmənin yekun qərarı qəbul edilənədək uşaqların onunla ünsiyyətdə olmasına maneə yaradılmasının Ərizəçi və üçüncü şəxslərə qadağan edilməsi haqqında qərardad çıxarılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edilmiş və ərizə təmin edilərək hər həftənin şənbə - bazar günləri görüş verilməsi ilə əlaqədar e-**(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardad çıxarılmışdır. Ərizəçi bilərəkdən uşaqları ondan uzaqlaşdıraraq məhkəmənin təyin etdiyi görüş günlərində belə onunla görüşmələrinə maneələr yaradır. Hətta ## ###### 2026-cı il tarixdə (şənbə günü) uşaqlarını götürməyə gedəndə ona qarşı fiziki zor tətbiq edərək yaşadığı evin həyətində (küçədə) döyərək ona bədən xəsarətləri yetirmişdir. Bununla əlaqədar 102 xidmətinə müraciət etdi və hazırda döymə faktı üzrə təhqiqat işi açılmışdır. Ona yetirilmiş bədən xəsarətlərinə görə müayinədən keçməyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndəriş verilmiş və müayinədən keçmiş, təhqiqatçı tərəfindən izahatı da alınıbdır. Ərizəçi bu kimi hərəkətləri törətdiyi halda, uşaqları ondan oğurlayaraq apardığı bir halda, uşaqlardan bir vasitə kimi istifadə edərək ona qarşı qeyri-qanuni, zorakı hərkətlər törətdiyi bir halda ona tərəfindən alimentin ödənilməsini tam əsassız və ədalətsiz hesab edir. Onun ərizəsində yazdığı məlumatlar belə təhrif olunmuş, yalan məlumatlardır. Belə ki, o, uşaqları atıb getməmiş, uşaqlar onun yanında olduqları zaman 2025-ci ilin avqust ayında Ərizəçi onu aldadaraq uşaqları görmək adı ilə onları qaçırtmışdır. O gündən etibarən də göstərmir. Ərizəsində qeyd edir ki, uşaqları saxlamaqda çətinlik çəkir, əgər belədirsə onun uşaqları bu dərəcədə məcbur saxlamaqda məcburiyyəti nədir, versin məhkəmənin yekun qərarı qəbul edilənədək özü saxlayar. Onun heç yerdə işləmədiyi bir halda ona aliment ödətdirməkdə məqsədi nədir? Belə çıxır ki, o, işləyib ailəni dolandırmış indi də uşaqlara baxa bilmir və bu səbəbdən aliment tələb edir. Aliment pulunu uşaqları bəhanə edərək öz məqsədləri üçün, özə ehtiyaclarını ödəmək üçün istəyir. Ərizəsində yazır ki, guya işləyir formal əmək haqqı alır, bu necə ola bilər. Məhkəmə bu hal üzrə heç bir araşdırma aparmadan qərardad çıxarmışdır. Bir daha qeyd edir ki, o, uşaqlarını atıb getməmiş, uşaqlarına ailə kimi yaşadığı dövrdə də o, baxıb, ehtiyaclarını o, işləyib ödəmiş, indi də baxmağa hazırdır. Ərizəçi o zaman da işsiz, indi də işsiz olduğu üçün heç vaxt uşaqlarının ehtiyaclarını ödəməmişdir. Hazırda da özünün etiraf etdiyi kimi çətinliyi varsa, uşaqları versin özünə məhkəmə qərarı çıxana qədər ondan heç bir aliment tələb etmədən özü baxar. Onda aliment adı ilə, bəhanəsi ilə tələb etdiyi pulun ona verilməsini məhkəmə tərəfindən çox ədalətsiz bir qərar olduğu hesab edir. Bildirir ki, məhkəmə tərəfindən ilkin təyin edilmiş ekspertiza zamanı iş materialları Nəsimi Rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik komissiyası”na göndərildikdə komissisya tərəfindən verilmiş rəyə əsasən də uşaqların onun yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Lakin Ərizəçi öz zorakılıq əməllərindən əl çəkməyərək ona qarşı həm fiziki, həm psixoloji təzyiqlər göstərməkdə davam edir. Hörmətli Hakim, alimentlə bağlı ərizə ilə müraciət etməzdən bir müddət əvvəl ona manipulyaedici mesajlar göndərərək guya uşaqlarını görmək istəmir, onlarla maraqlanmır məzmunlu mesajlar göndərərək özünə sübut toplayırdı. Halbuki, o, uşaqlarla görüşmək istəyəndə hər bir vəchlə maneələr törədib. Sonuncu dəfə də ## ###### 2026-cı il tarixdə gedəndə onu döyəndən sonra utanmaz şəkildə 16 avqust tarixdə “uşaqları niyə görməyə gəlmirsən” məzmunlu mesajlar yazaraq elə bil sanki “qurbanı” ilə oynamaq kimi hərəkətlər edir, bu kimi hərəkətləri ilə, yəni ona qarşı həm psixoloji, həm fiziki təsirlər göstərdiyinə görə hesab edir ki, bu insanın psixoloji durumunda müəyyən problemlər var və belə olduğu təqdirdə bu kimi insana nəinki aliment ödənilməsini, uşaqların onun yanında saxlanılmasını təhlükəsiz hesab edir. Uşaqlara qarşı da psixoloji təsir olduğunu istisna etmir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Cavabdeh şikayətə etiraz etmiş və etiraz ərizəsində qeyd etmişdir ki, qarşı tərəf baxılan məsələyə aid olmayan, tamamilə başqa əsaslarla baxılmalı olan hadisələri sadalayaraq bunun vasitəsilə aliment ödənişi haqqında məhkəmə qərardadının ləğv edilməsini istəyir. Bildirir ki, guya uşaqları onun əlindən alıblar, lakin iş materiallarında video çəkiliş var ki, borclu uşaqları və ailəsini atıb 8 ay evdən getmiş, geri qayıdanda isə əri kamera ilə onu çəkib soruşur ki, 8 aydı harada idin, cavab verir ki, başımı xarab etmişdin, düzəltməyə getmişdim. Tək bu hal sübut edir ki, borclu körpə uşaqların taleyini heç zaman fikirləşməmişdir, uşaqlar yalnız ona aliment kəsiləndə onun yadına düşmüş və bundan sonra böyük canfəşanlıqla işə düşmüş, o müxtəlif bəhanələrlə şikayətlər edir, ərinin evinə gəlib qəsdən təxribatlar törədir, sonra da şikayət edir ki, əri məni döydü. Bu etiraza qadının öz əri Ərizəçi sinəsini al-qana boyaması şəkillərini və buna görə Ərizəçi Səbail Rayon İcra hakimiyyəti tərəfindən verilmiş mühafizə orderini əlavə edir. Yəqin bu şəkillər ümumi vəziyyəti daha aydın təsəvvür etməyə kömək edəcəkdir. Birinci instansiya məhkəməsinin borcludan aliment tutulması haqqında qərardadı tam qanuni və əsaslıdır. Çünki uşaqlar hansı valideynin yanında qalmırsa, həmin valideyn digər valideynə uşaqları saxlamaq üçün aliment ödəməlidir. Bu aksiomadır, bunun sübuta ehtiyacı yoxdur. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu; 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli (№ *-2/2016) qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əməkqabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə: 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, hesab edir ki, hər iki valideyn uşağa münasibətdə bərabər hüquqa malikdirlər və onlar uşağa münasibətdə vəzifələrini də uşağın mənafeyinə uyğun icra etməlidirlər. Tərəflər arasında münasibətin pozulması və ailənin dağılması heç bir halda uşağın mənafeyinə zidd istifadə olunmamalıdır. Aralarındakı ziddiyyətləri uşağın mənafeyinə toxunmadan həll etmək hər iki valideynin vəzifəsidir. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Belə ki, müvəqqəti təminat tədbiri barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Bu tədbir mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, elektron məhkəmə sistemindən görünür ki, tərəflər hər ikisi təxmini eyni gəlirə malikdir. Elektron məhkəmə sistemindən edilən sorğulamaya əsasən, Ərizəçi anbardar vəzifəsində çalışır və 500 manat əmək haqqı alır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İki tərəfin də eyni səviyyədə gəlir əldə etməsi fonunda məhkəmə tərəfindən qəti qərar çıxaranadək birtərəfli qaydada müvəqqəti olaraq ödəniş yükünün tərəflərdən birinin üzərinə qoyulması müvəqqəti təminat tədbirinin mütənasiblik prinsipini pozur. Qeyd edilən məsələyə dərin araşdırma nəticəsində iddia tələbinin baxılması həddində qiymət verilməsi daha uyğundur. Belə ki, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar